Məhkəmə qərarları › İş №2-1(116)-48/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-48/2020

06.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-48/2020 06.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X6 qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının 25 fevral 2019-cu il tarixli 015əç nömrəli hərbi xidmətdən ehtiyata buraxılmağı barədə əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqının alınaraq ona ödənilməsi" barədə tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının 25 fevral 2019-cu il tarixli 015əç nömrəli hərbi xidmətdən ehtiyata buraxılmağı barədə əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqının alınaraq ona ödənilməsi" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 2016-ci ildə 988 saylı hərbi hissədə planşetçi vəzifəsində işləmiş, işlədiyi müddətdə hərbi nizamnaməsinin bütün tələblərinə əməl etmişdir. İddiaçı Gəncə Dövlət Universitetini bitirmiş, ali təhsilli riyaziyyatçıdır. O, işlədiyi müddətdə öz seçdiyi peşəsini sevmiş, iş yoldaşlarına və cəmiyyətə həmişə hörmətlə yanaşmışdır. İddiaçı bütün komandirlərin əmrlərini və göstərişlərini layiqincə, vicdanla yerinə yetirmişdir. Öz işi ilə vətənini sevən bir övlad olduğunu sübut etmişdir. İşlədiyi müddətdə onurğa sütununun bel nahiyyəsində xəsarət almış və bununla bağlı müalicə olunmuşdur. 15 dekabr 2018-ci il tarixdə X2 tərəfindən iddiçıdan 102 xidmətinə şikayət edilmiş, lakin həmin şikayət öz təsdiqini tapmadığından cinayət işinin başlanması 22 dekabr 2018-ci il tarixli qərarla rədd edilmişdir. Bundan sonra, Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri komandanının 25 fevral 2019-cu il tarixli 015əç nömrəli əmri ilə guya ki, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Lakin bildirmək istəyir ki, işlədiyi müddətdə heç zaman heçbir ciddi nöqsana yol verməmişdir. Heç bir nöqsana görə məsuliyyətə cəlb edilməmişdir. Ehtiyata buraxıldıqdan sonra Müdafiə Nazirliyinə müraciət edildikdə məlumatı olmuşdur ki, guya ki, iddiaçı avqust ayının 31-i, noyabr və dekabr aylarında 2018-ci il tarixdə, hərbi hissə komandiri tərəfindən şiddətli töhmət almışdır. Bildirmək istəyir ki, o, həmin müddətlər ərzində heç vaxt ciddi nöqsan almamış və ümumiyyətlə, şiddətli töhmət almağı barədə qərarlar ona təqdim edilməmiş və iddiaçıya bu barədə məlumat belə verilməmişdir. Hər bir hərbi hissədə intizam cəzalarının uçot kitabı var və bu kitaba baxış keçirilməklə əslində onun məsuliyyətə cəlb edilməməyi müəyyən oluna bilər. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 101-ci bəndinə əsasən, bölüklərdən başlayaraq bütün bölmələrdə, hissələrdə, birləşmələrdə, Silahlı Qüvvələrin idarələrində, müəssisələrində həvəsləndirmələrin və intizam cəzalarının uçotu aparılmalıdır. İddiaçı 27 sentyabr 2017-ci ildə əmaliyyat olmuşdur, 10 fevral 2018-ci il tarixdə döyüş növbəsinə çıxmışdır. Halbu ki, “Xəstəliklər cədvəli”nin 66c, 26c maddəsinin İİİ qrafasına əsasən döyüş növbəsinə çıxmalı deyildi, lakin vətəninə olan sevgisi və vətəni qarşısında öz vəzifələrini layiqincə yerinə yetirməyi ehdiyi cəhdlər nəticəsində iddiaçı buna etiraz edə biləcəyi halda etiraz etməmiş və vəzifələrini icra etmişdir. Yuxarıda da qeyd etdiyi kimi, iddiaçı hər zaman öz işinin öhdəsindən layiqincə gəlmiş, odur ki, onun işdən azad edilməyi qanuna uyğun deyil. İşdən azad edilməyinə dair əmr isə qanunsuz və əsassızdır. İddiaçı həmin əmrin ləğv edilməsi və onun günahsızlığı, yəni əslində həmin əmrdə göstərilənlərin həqiqətə uyğun olmaması barədə etdiyi müraciətlərə 11 aprel 2019-cu il tarixdə 2980 saylı cavab məktubunda qəti olaraq onun hərbi xidmətə qəbul olunmağının mümkün olmaması bildirilmişdir. Cavabdeh etirazında bildirmişdir ki, İddiaçı iddia tələbləri əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmasına əsas olan sənədlərlərə baxılmışdır. O, öz arzusu ilə müddətdən artıq hərbi xidmətə qəbul olunmaq üçün müvafiq hərbi hissəyə müraciyət etmiş və 24.08.2016-cı il tarixdə hərbi xidmətə qəbul olunmuşdur. İddiaçı xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız, xidməti vəzifəsinin öhtəsindən gələ bilməyən bir hərbi qulluqçu kimi göstərmişdir. Belə ki, İddiaçı xidmət müddətində hərbi xidmətə olan münasibətə və tutduğu əməllərə görə iki dəfə hərbi qulluqçuların şərəf məhkəməsinə çıxarılıb, birinci şərəf məhkəməsinin yekun qərarında ona ictimai töhmət elan olunmuşdur. Bölmə komandiri hərbi hissə komandirinə raportla müracirət edərək İddiaçı şərəf məhkəməsində dinlənilməsinə dair vəsadət qaldırmışdır. İddiaçı barəsində təqdimatın əsaslandırılmasında onun 30.11.2016-ci il tarixdən başlayaraq 4 dəfə “töhmət”, 1 dəfə “şiddətli töhmət” edilərək intizam qaydasında cəzalanmışdır. Həmin verilmiş cəzalar xidmət vərəqəsində təstiqini tapmışdır. Təqdimatında İddiaçı xidmətə özünü nizam intizamsız bir hərbi qulluqçu kimi göstərmişdir. İxtisasına uyğun bilik və hazırlıq səviyyəsi qeyri kafidir, işinə tənqidi və yaradıcılıqla yanaşma qabilliyyətinə malik deyil. Xidmət yerinə gecikmə, vəzifə borcunun icrasına səhlənkar yanaşmaq onun xarakterik xüsusiyyətinə çevrilmişdir. Səliqəsizdir, dözümsüzdür, ünsiyyət bacarığına malik deyil. Buna görə “Hərbi xidmətkeçmə haqqında əsasnamə”nin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) müqavilə müddəti bitməmiş ehtiyata buraxılmışdır. 23.09.1994-cü il tarixli 885 nömrəli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 98-ci maddəsinə (İntizam cəzalarının icra qaydası) əsasən hərbi qulluqçulara verilən intizam cəzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər. Hərbi intizam hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və Hərbi Nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Təbidir ki, Müdafiə Nazirliyi hərbi intizamı pozan və işinə səhlənkar yanaşan, hərbi qulluqçuların şərəfini ləkələyən hərbi qulluqçu Silahlı Qüvvələrin ehtiyaclarına cavab verməyən hərbi kadrların komplekləşdirilməsi yol verilməzdir. Silahlı Qüvvələrdə xidmət, hərbi intizamın, hərbi qulluqçuların yüksək şüurluğuna, vətənpərvərlik borclarını dərindən dərk etmələrinə və vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı intizamsızlıq etmiş müddətdən artıq xidmət etmiş hərbi qulluqçuları xidmət müddəti başa çatmamış ehtiyyata buraxmaq diskrison səlahiyyətə sahibdir. Bütun göstərilənləri nəzəra alaraq Müdafiə nazirliyin Hərbi Hava Qüvvələri komandanın əmrin ləğv edilərək İddiaçı xidmətə bərpası mümkün deyil. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iddiaçıya təqdim olunmuş bildirişdə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan DİN-nin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 06.02.2019-cu il tarixli 065-3153-1219 nömrəli iddiaçıya göndərilən məktubundan görünür ki, vətəndaşlarla düzgün ünsiyyət və nəzakətli davranış qaydalarına əməl olunması istiqamətində Səbail RPİ-nin əməkdaşı Roman Hacıyevlə fərdi profilakriki söhbətlər aparılmış, gələcəkdə də qeyd edilən nöqsanlara yol verməməsi onun nəzərinə çatdırılmışdır. Həmçinin bildiririk ki, hərbi xidmətdən xaric olunmağınız barədə məsələ ilə əlaqədar olaraq aidiyyatı qurumlara müraciət etməyiniz məqsədəmüvafiqdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdadiə Nazirliyinin N nömrəli hərbi hissənin komandirinin 15.02.2019-cu il tarixli 249 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin komanda məntəqəsinin rabitə və idarəetmə bölüyünün idarəetmə manqasının planşetçisi qadın hərbi qulluqçusu əsgər İddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsanamənin 156-cı maddəsinin «e» bəndinə müvafiq olaraq xidməti uyğunsuzluğa görə təqdimatını qərar qəbul edilməsi üçün N nömrəli hərbi hissənin komandirinə göndərilmişdir. İş materiallarında olan 15.02.2019-cu il tarixli təqdimatdan görünür ki, N nömrəli hərbi hissənin komandiri tərəfindən iddiaçı barəsində xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissənin MAHHXNQ-lərin şərəf məhkəməsinin 18.10.2018-ci il tarixli 12 nömrəli protokolundan görünür ki, hərbi hissənin rabitə və idatəetmə bölüyünün idarəetmə manqasının planşetçisi qadın hərbi qulluqçu əsgər İddiaçı məhkəmədə ona qarşı deyilən iradlara razı olduğunu, səhvlərini başa düşdüyünü və bir daha belə nöqsanlara yol verməyəcəyini bildirmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin MAHHXNQ-lərin şərəf məhkəməsinin 18.10.2018-ci il tarixli 12 nömrəli qərarından görünür ki, QNQ əsgər İddiaçı xidmət etdiyi müddət ərzində mütəmadi olaraq günün nizam qaydalarını pozduğuna, intizamsızlıq etdiyinə, qadın hərbi qulluqçu adına yaraşmayan hərəkətlər etdiyinə görə, bölüyün nizam-intizamının, mənəvi psixoloji vəziyyətinin aşağı düşməsinə səbəb olduğuna, digər qadın hərbi qulluqçulara mənfi örnək olduğuna görə aparılmış fərdi söhbətlərdən nəticə çıxartmadığına və xidmətində dönüş yarada bilmədiyinə görə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ordu sıralarından ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdadiə Nazirliyinin N nömrəli hərbi hissənin komandirinin 01.08.2019-cu il tarixli 61870 nömrəli arayışdan görünür ki, verilir ondan ötrü ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əzizova X5 Nazirinin müavini Hərbi Hava Qüvvələri komandanın 25 fevral 2019-cu il tarixli 15əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xiidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanın 25 fevral 2019-cu il tarixli 015əç nömrəli hərbi xidmətdən ehtiyata buraxılmağı barədə əmrin çıxarışından görünür ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ordu sıralarından ehtiyata buraxılmağı barədə əmr verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdadiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin 26.02.2020-ci il tarixli 1903 nömrəli arayışdan görünür ki, N nömrəli hərbi hissənin qadın hərbi qulluqçusu əsgər İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması barədə Müdafiə Nazirinin müavini Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanının 25 fevral 2019-cu il tarixli 015əç nömrəli əmri 04 mart 2019-cu il tarixdə çatdırılmış və həmin tarixdə “Göndərilən sənədlərin qeydiyyatı” kitabına imza çəkməklə SHÇDX-nin Mingəçevir Şəhər Şöbəsinə təqdim etmək üçün təyinat vərəqəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdadiə Nazirliyinin N nömrəli hərbi hissənin göndərilən xidməti sənədlərin uçotu jurnalından görünür ki, iddiaçıya həqiqətən 25 fevral 2019-cu il tarixli 015əç nömrəli əmri 04 mart 2019-cu il tarixdə çatdırılmış və həmin tarixdə göndərilən xidməti sənədlərin uçotu jurnalına imza çəkməklə qeydiyyata alınmışdır. İddiaçı hazırkı işdə mübahisə olunan Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanın 25 fevral 2019-cu il tarixli 015əç nömrəli hərbi xidmətdən ehtiyata buraxılmağı barədə əmrdən ən azından 04 mart 2019-cu il tarixindən xəbəri olmuş, lakin həmin vaxtdan 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etməmişdir. İddiaçı müddəti ötürdüyünə görə iddia mümkünsüz hesab edilir. Azərbaycan Respublikası İPM-nin: 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. 38.3-ci maddəsinə əsasən, inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: 38.3.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); 38.3.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. -35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin: -24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; -24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; -24.3-ci maddəsinə əsaəsn, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddələrin tələblərindən göründüyü kimi, prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin maraqlı şəxsin ərizəsi əsasında bərpa edilməsi və həmin ərizənin verilməsi müddəti buraxılmış prosessual hərəkətlə birlikdə aparılması nəzərdə tutulmuşdur. İddiaçıya münasibətdə bu maddələrinin tətbiqi onu ehtiva edir ki, inzibati aktın mübahisələndirilməsi barədə iddia ərizəsini verərkən, iddiaçı müəyyən edilmiş müddətin onun təqsiri olmadan buraxıldığını əsaslandırmaqla ərizə ilə onun bərpasını xahiş edə bilər. Lakin işin yuxarıda əks olunmuş prosessual vəziyyətindən göründüyü kimi, iddiaçı tərəfindən belə ərizə təqdim edilməmişdir. İddiaçıya mübahisələndirdiyi 25 fevral 2019-cu il tarixli əmr elan edilmiş, o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmısı barədə Azərbaycan Respublikası Müdadiə Nazirliyinin N nömrəli hərbi hissənin göndərilən xidməti sənədlərin uçotu jurnalından görünür ki, iddiaçıya həqiqətən 25 fevral 2019-cu il tarixli 015əç nömrəli əmri 04 mart 2019-cu il tarixdə çatdırılmış və həmin tarixdə göndərilən xidməti sənədlərin uçotu jurnalına imza çəkməklə qeydiyyata alınmış və 24.04.2019-cu il tarixində poçt vasitəsilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməklə (ərizə 02.05.2019-cu il tarixində məhkəməyə daxil olmuşdur) İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti üzürsüz səbəbdən ötürmüşdür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 3.1-ci maddəsinə əsasən, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. 72.5-ci maddəsinə əsasən, inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. İnzibati İcraat haqqında Qanunun 73-cü maddəsi qanunun “İNZİBATİ ŞİKAYƏTLƏR ÜZRƏ İCRAAT” adlı Vİİ-ci fəslində yer alır və fəsil qanunun 71-80-ci maddələrini əhatə edir. İddia tərəfinin istinad etdiyi 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Lakin Qanunun 72.4-cü maddəsinə əsasən, bu fəslin müddəaları inzibati qaydada verilən şikayətlərə şamil olunur. 2.0.5-ci maddəsinə əsasən isə inzibati şikayət hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 72.5-ci maddəsinə əsasən, inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. İnzibati İcraat Haqqında Qanunun müddəaları inzibati şikayətlərə şamil olunur və inzibati aktlardan məhkəmə qaydasında verilən şikayətlər isə başqa qanunvercilik aktları ilə tənzimlənir ki, hazırki halda sahəvi qanunvericlik aktı Azərbaycan Respublikasının İnzibati-Prosesual Məcəlləsidir və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01.01.2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır. İnzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi maddə-11.1). Qanun və məhkəmə qarşısında bərabərlik prinsipinə əsasən bütün inzibati işlərə işdə iştirak edən şəxslər üçün eyni olan qayda və prosessual formalarla baxılır. İşdə iştirak edən şəxslərin qanuni tələbləri bərabər olaraq təmin olunur, onlara öz mənafelərini məhkəmə qaydasında qorumaq üçün eyni imkanlar verilir. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən qanun və məhkəmə ilə təmin olunan istifadə etmək imkanına malikdirlər. Tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri də iddia müddətidir ki, iddiaçının hüquqlarının pozulduğunu bildiyi vaxt (ən geci 04.03.2019-cu il) qüvvədə olan qanunvericiliyin tələbi baxımından o, hazırda mübahisə predmeti olan əmri mübahisələndirmək hüququnu itirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında göstərmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Yuxarıda sadalanan normalardan da göründüyü kimi iddiaçıya inzibati akt elan edilməklə rəsmən təqdim olunmuş, əmrdən onun xəbəri olmuş, onun hərbi biletində müvafiq qeydlər aparılmışdır. İddiaçı qeyd olunan əmrdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq şikayət instansiyasına şikauyət etmədiyi üçün ona münasibətdə İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulan iddia müddətinin axımı dayanmamışdır. Onun tələbinin “işə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqının alınaraq ona ödənilməsi” hissəsi də tələbinin birinci hissəsi mümkün sayılmadığı üçün və tələbin birinci hissəsindən asılı olduğu üçün mümlün sayılmır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 38.1- ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının 25 fevral 2019-cu il tarixli 015əç nömrəli hərbi xidmətdən ehtiyata buraxılmağı barədə əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqının alınaraq ona ödənilməsi" tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar