Məhkəmə qərarları › İş №2-1(116)-48/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-48/2022

12.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-48/2022 12.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Hacı-X10, üçüncü şəxs X5, üçüncü şəxsin nümayəndəsi Nümayəndə və üçüncü şəxsin vəkili X11 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və onun altında yerləşən 0,0730 ha torpaq sahəsinin vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb X17 adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri Ş.Axundova küçəsi ev 8 ünvanında yerləşən fərdi yaşayış evini və onun altında yerləşən 0,730 ha torpaq sahəsini vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Şəki şəhəri Ş.Axundova küçəsi ev 8 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 0,1140 ha torpaq sahəsi X21 məxsus olmuşdur. Səkinə Qaffarova xx.xx.1973-cü il tarixdə vəfat etmişdir. X37 şəhəri Ş.Axundova küçəsi ev 8 ünvanında yerləşən 0,1140 ha torpaq sahəsinin 411 kv.m hissəsini X4 ayırmışdır. Firuzə Məhərrrəmova həmin torpaq sahəsinin 411 kv.m hissəsini X1. Zərxanım Nəbiyeva sağlığında sözügedən 411 kv.m torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini oğlu X18 bağışlamışdır. Niyazi Nəbiyev isə sözügedən əmlakı qızı X6 bağışlamışdır. Hal-hazırda Almaz Abdurahmanovanın adına ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Həmin çıxarışda evin yerləşdiyi torpaq sahəsinin ümumi ölçüsü 0,0411 ha göstərilmişdi. X28 Şəki şəhəri Ş.Axundova küçəsi ev 8 ünvanında yerləşən Səkinə Qaffarovaya məxsus fərdi yaşayış evinin yerləşdiyi 0,730 ha torpaq sahəsinin 0,3 ha hissəsini zəbt edərək hasara almışdır. İddia ərizəsini əlavə edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon 2 saylı Xüsusi notariat kontorunun ƏMDK DƏDRX ünvan 3 ünvanladığı məktubdan görünür ki, X17 vərəsələrindən biri İddiaçıdır. İddia ərizəsinə əlavə etdiyi 07 may 1938-ci il tarixli torpaq qeydindən görünür ki, ünvan 4, hazırkı Şəki şəhəri Ş.Axundova küçəsi ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsinin ümumi ölçüsü 0,1140 ha olmuşdur. Həmin torpaq sahəsinin 411 kv.m hissəsi bağışlama müqaviləsi əsasında X5 mülkiyyətindədir. Yerdə qalan 0,730 ha hissə isə Səkinə Qaffarovanın istifadəsində saxlanılmış və həmin hissədə ona məxsus fərdi yaşayış evi yerləşir. Bundan əlavə X24 Qaffarovaya məxsus fərdi yaşayış evinin giriş qapısını bağlayaraq fərdi yaşayış evinə giriş və çıxışa maneələr yaradır. Bu səbəbdən iddiaçı cavabdehə müraciət edərək, Səkinə Qaffarovaya məxsus fərdi yaşayış evini və onun altında yerləşən 0,730 ha torpaq sahəsini vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli **********47 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərazi idarəsinin arxiv materiallarında sözügedən ünvanda yerləşən fərdi yaşayış evinə Səkinə Qafar qızının adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 21 noyabr 1962-ci il tarixdə 2500 inventar nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport verilməsi barədə məlumat mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ lə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport yaşayış evləri, habelə onların altında olan torpaq sahələrinin qeydiyyatı üçün əsasdır. Sözügedən fərdi yaşayış evinin sənəd üzrə həyətyanı torpaq sahəsi 0,0626 ha, faktiki torpaq sahəsi 0,0432 ha olmaqla, sənəd üzrə sahədən az olduğundan, həmçinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 saylı Fərmanının 2.3.2-ci bəndinə əsasən torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda yeni hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin yazılı razılığı əsasında yol verildiyindən və notarial təsdiq edilmiş razılıq ərizəsi ərazi idarəsinə təqdim edilmədiyindən iddiaçının müraciətinin icrası mümkün olmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli **********42 nömrəli “iddiaya qarşı rəsmi münasibət bildirilməsi barədə” məktubunda imtina məktubunda qeyd olunanları əsas gətirmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək Şəki şəhəri Ş.Axundova küçəsi ev 8 ünvanında yerləşən fərdi yaşayış evini və onun altında yerləşən 0,0730 ha torpaq sahəsini vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb X17 adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(116)-630/2021 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iddia ərizəsində və digər ərizələrdə torpaq sahəsinin ölçüsünün kv.m-dən hektara çevrilməsi zamanı göstərilmiş rəqəmləri (0,730 ha əslində 0,0730 kimi qeyd olunmalıdır və s.) texniki səhv olaraq qəbul edir və formal yalnışlığın aradan qaldırılmasının zəruriliyi qənaətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin olunmasını xahiş etmiş, həmçinin ərizə təqdim edərək, iddia qaldırmaqda məqsədinin X17 adına istifadəsində olan 0,0431 ha, 112 kv.m, 0,0244 ha torpaq sahəsini və orada yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi olduğunu bildirmiş, yalnız 0,0431 ha torpaq sahəsi və evin qeydiyyata alınması ilə razı olmadığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs, üçüncü şəxsin nümayəndəsi və üçüncü şəxsin vəkili iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: 915237 nömrəli xx.xx.2018-ci il tarixli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X26 xx.xx.1973-cü ildə vəfat etmişdir. Şəki rayon 2 saylı Xüsusi notariat kontoru tərəfindən AR ƏMDK DƏDRX ünvan 3 ünvanlanmış xx.xx.2018-ci il tarixli 209 nömrəli məktubunda X17 vərəsələri qeyd edilmişdir ki, İddiaçı onun nəvəsi, vərəsələrindən biridir. Odur ki, iddiaçı hazırkl iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Cavabdehin xx.xx.2021-ci il tarixli iddiaya qarşı rəsmi münasibət bildirilməsi barədə məktubuna əlavə olunmuş: “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun təsdiq olunmuş surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi Səkinə Qaffar qızının mülkiyyətində olmuşdur. Texniki inventar nömrəsi 2500 olan xx.xx.1992-ci il tarixli “evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahiliyinin kartoçkası”nın surətindən görünür ki, Nuxa, Əzizbəyov küçəsi ev8 ünvanında yerləşən fərdi yşayış evi Səkinə Qaffar qızının mülkiyyətində olmuşdur. Cəmi tikinti sahəsi 176,2 kv.m, cəmi meydançanın sahəsi 1037,0 kv.m-dir. xx.xx.2016-cı ildə tərtib olunmuş 2500 inventar nömrəli, **********97-10301 reyestr nömrəli “Texniki pasport”un təsdiq olunmuş surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi X5 mülkiyyətindədir. Texniki pasportda sənəd üzrə torpaq sahəsi 0,0411 ha, faktiki 0,0655 ha, tikinti altı sahə 0,0147 ha qeyd edilmişdir. Texniki pasportun “Xüsusi qeydlər” bölümündə həyətyanı ərazidə 244 kv.m zəbt torpaq sahəsinin olması qeyd edilmişdir. Texniki pasportun tərtib olunmasına əsas DNK-nın xx.xx.2015-ci il tarixli 4Ə-452 saylı bağışlama müqaviləsi göstərilmişdir. X38 filialının xx.xx.2016-cı il tarixli 1362 nömrəli məktubundan görünür ki, Nuxa şəhər ZDS İcraiyyə Komitəsinin xx.xx.1964-cü il tarixli 13 saylı iclasının qərarı ilə X4 şəhərin Əzizbəyov küçəsi ev 8 ünvanında yerləşən 16,49 kv.m fərdi yaşayış evinə bir otaq əlavə olunmasına icazə verilmişdir. Nuxa şəhər ZDS İcraiyyə Komitəsinin xx.xx.1964-cü il tarixli 13 nömrəli iclas protokolundan çıxarış cavabdeh tərəfindən iş materiallarına təqdim edilmişdir. 9114/3193 nömrəli, xx.xx.1965-ci il tarixli “Torpaq qeydi”nin təsdiq olunmuş surətindən görünür ki, keçmiş Nuxa şəhəri Əzizbəyov küçəsi ev 8 ünvanında yerləşən fərdi yaşayış evi və 411 kv. torpaq sahəsi X3 mülkiyyətində olmuşdur. xx.xx.1965-ci il tarixli “Müqavilə”nin təsdiq olunmuş durətindən görünür ki, X2 Nuxa şəhəri, Əzizbəyov küçəsi ev 8 ünvanında yerləşən 21,80 kv.m fərdi yaşayış evini və 411 kv.m torpaq sahəsini X1. “Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi”nin 2500a inventar nömrəli, 38/24a nömrəli,xx.xx.2003-cü il tarixli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nun təsdiq olunmuş surətindən görünür ki, Əzizbəyov küçəsi 8a ünvanında yerləşən fərdi yaşayış evi Nəbiyeva Zərxanım və X15 mülkiyyətində olmuşdur. Sənəddə faktiki torpaq sahəsinin 733,70 kv.m olduğu göstərilmişdir. xx.xx.2003-cü il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Şəki 2 nömrəli notariat kontoru tərəfindən xx.xx.1996-cı il tarixdə təsdiq edilən və reyestrdə 2v-1/17 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2000-ci ildə vəfat etmiş X12 vərəsəsi X19r. Miras əmlak Şəki şəhər İnventar bürosunun xx.xx.2003-cü il tarixli 305 nömrəli arayışı və qeydəalma vəsiqəsinə əsasən 733,7 kv.m torpaq sahəsində yerləşən 21,8 kv.m yaşayış sahəsi, 15,6 kv.m köməkçi sahəsi, 37,4 kv.m ümumi sahəsi olan fərdi yaşayı evindən ibarətdir. 9114/3193 nömrəli “Qeydiyyat vəsiqəsi”nin təsdiq olunmuş surətindən görünür ki, Əzizbəyov küçəsi ev 8a ünvanında yerləşən fərdi yaşayış evi X15 mülkiyyətində olmuşdur. xx.xx.2015-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, X9 şəhəri, Əzizbəyov küçəsi 8a ünvanında yerləşən fərdi yaşayış evini X6 bağışlamışdır. RX seriyalı ******* nömrəli xx.xx.2015-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi X5 xüsusi mülkiyyətində, evin yerləşdiyi 0,0411 ha torpaq sahəsi isə dövlət mülkiyyətində olmuşdur, torpaq sahəsi üzərində hüquq növü istifadə kimi qeyd edilmişdir. RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,0411 torpaq sahəsi X5 xüsusi mülkiyyətindədir. İddiaçı tərəfindən iddia ərizəsini əsaslandırmaq üçün məhkəməyə təqdim edilmiş xx.xx.1938-ci il tarixli torpaq qeydinin surətində Səkinə Qaffar qızının övladları Məhərrəm, Lütfəli, Adil, Kamil, Firuzə və Firdosi ilə birlikdə istifadəsində ümumi 1140 kv.m. torpaq sahəsi olduğu qeyd edilmişdir. Lakin iş üzrə yuxarıda qeyd edilmiş sonrakı tarixlərə aid digər torpaq sənədlərində həmin ölçüyə rast gəlinməmiş, iş materialları ilə öz təsdiqini tapmamışdır. Üçüncü şəxs X5 xx.xx.2021-ci il tarixli məktubuna əlavə olunmuş Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(075)-5610/2017 nömrəli qətnaməsindən görünür ki, həmin iş üzrə iddiaçı X5 həmin iş üzrə cavabdehlər X14, İddiaçı, X30, X27 və DƏDRX 12 saylı ərazi idarəsinə qarşı “mülkiyyətində olan fərdi yaşayış evinin və torpaq sahəsinin sərhəd hasarının çəkilməsi ilə bağlı cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X5 mülkiyyətində lan Şəki şəhəri Ş.Axundova küçəsi 8a saylı fərdi yaşayış evinin və 0,0411 ha torpaq sahəsinin sərhəd hasarlarının çəkilməsi ilə bağlı cavabdehlər X14, İddiaçı, X30, X27 tərəfindən hasarın çəkilməsinə maneçiliklə bağlı edilən qanunsuz hərəkətlərinə son qoyulması qərara alınmışdır. Qətnamədən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(107)-838/2018 nömrəli qətnaməsi ilə təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(075)-5610/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)-68/2019 nömrəli qətnaməsindən görünür ki, həmin iş üzrə İddiaçı cavabdehlər X6 və DƏDRX 12 saylı şəki ərazi idarəsinə qarşı “tikilinin sökülməsi və qapının bərpası” tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)-2511/2019 nömrəli qətnaməsi ilə təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)-68/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli **********78 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur: xx.xx.1973-cü il tarixində vəfat etmiş X17 vəfat etdiyi tarixə qanuni istifadəsində (hüquqmüəyyənedici sənədlərə əsasən) 2500 inventar nömrəli xx.xx.1962-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirməsinə adi pasportunda qeyd edilənə əsasən 0,1037 ha torpaq sahəsi mövcud olmuşdur. Həmin pasportda döngə nöqtələrinin koordinatları qeyd edilmədiyindən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını təqdim etmək mümkün deyildir. 2500 inventar nömrəli xx.xx.1962-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirməsinə adi pasport əsasında S.Ağayevaya məxsus olmuş torpaq sahəsi ilə X6 məxsus ünvan 9 ünvanında yerləşən 0.0411 ha torpaq sahələrinin hansı hissədə üst-üstə düşmə olduğunu, 2500 inventar nömrəli xx.xx.1962-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirməsinə adi pasportunda həmin torpaq sahəsinə məxsus döngə nöqtələrinin koordinatları qeyd olunmadığından müəyyən etmək mümkün deyildir. 2500 invertar nömrəli xx.xx.1962-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə adi pasportunda yer alan torpaq sahəsinin sxeminin cizgi xətləri oxşarlıq təşkil etsə də, həmin torpaq sahəsinə dair heç bir döngə nöqtəsinin koordinatı mövcud olmadığından X6 məxsus ünvan 9 ünvanında yerləşən 0,0411 ha torpaq sahəsinin, S.Ağayevaya məxsus torpaq sahəsi ilə hansı hissədə üst-üst düşməsi və üst-üstə düşən hissələrin plana müvafiq ölçüdə çıxılaraq, yerdəqalan torpaq sahəsinin faktiki hansı hissələrdə və hansı ölçülərdə olmasının dəqiq göstərilməklə yerləşmə yerini dəqiq göstərmək mümkün olmamışdır. X8 adına tərtib edilmiş **********97-10301 reyestr nömrəli, torpaq sahəsinin planında göstərilən 0,0411 ha torpaq sahəsi ilə X12 adına tərtib edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasprotunun "torpaq sahəsinin planı” hissəsində göstərilən torpaq sahəsi və A.Abdurahmanovanın faktiki istifadəsində olan torpaq sahələrinin konfiqurasiyaları və cizgi xətləri uyğunluq təşkil edir. Lakin 2003-cü il tarixində X12 adına tərtib edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda həmin torpaq sahəsinə dair heçbir döngə nöqtəsinin koordinatları göstərilmədiyindən müqayisəli şəkildə göstərilmiş sxematik plan və 2003-cü il tarixində X12 adına tərtib edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda göstərilən torpaq sahəsinə dair döngə nöqtələrinin koordinatları qeyd edilmədiyindən həmin koordinatları təqdim etmək mümkün deyildir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 12 saylı Şəki ərazi idarəsi iddiaya qarşı xx.xx.2021-ci il tarixli rəsmi münasibətində bildirdiyi sözügedən fərdi yaşayış evinin sənəd üzrə həyətyanı torpaq sahəsinin 0,0626 ha, faktiki torpaq sahəsinin isə 0,0432 ha olduğu nəzərə alınarsa, X17 qanuni istifadəsində olmuş torpaq sahəsinə münasibətdə (1-ci sualın cavabalandırılması ilə əlaqədar əldə olunmuş nəticəyə müvafiq ölçülərdən) üçüncü şəxs X6 mülkiyyət hüququ əsasında məxsus olan 411 kv.m torpaq sahəsi çıxılmaqla, qalan torpaq sahəsinin faktiki yeri təqdim edilmiş sxemdə göstərilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş sxemə əsasən müəyyən edilmişdir ki, iddiaçının istifadəsində 0,0431 ha torpaq sahəsi vardır. A.Abdurahmanovanın mülkiyyətində 0,0411 ha torpaq sahəsi, zəbtində isə 0,0244 ha zəbt torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə bitişik A.Abdurahmanovanın torpaq sahəsinə aid hasar daxilində daha 112 kv.m. torpaq sahəsi mövcuddur. İddiaçının istifadəsində olan torpaq sahəsi ilə, A.Abdurahmanovanın zəbtində olan 0,0244 ha torpaq sahəsi və digər 112 kv.m torpaq sahəsi arasında heç bir birbaşa yol əlaqəsi yoxdur, qeyd olunan torpaq sahələri arasında üçüncü şəxsin mülkiyyətində olan 0,0411 ha torpaq sahəsi yerləşir, zəbt torpaq sahəsi və 112 kv.m. torpaq sahəsinin yol ilə birbaşa əlaqəsi mövcud deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı iə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab olunur: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı faktiki istifadəsində olan 0,0431 ha torpaq sahəsinin fərdi yaşayış evi ilə birlikdə qeydə alınmasından deyil, üçüncü şəxsin zəbtində və istifadəsində olan 0,0244 ha və 112 kv.m. ölçüdə müxtəlif ərazilərdə yerləşən və bir biri ilə birbaşa quru əlaqəsi, yəni keçid yolu olmayan, eyni zamanda yol ilə heç bir əlaqəsi olmayan (üç tərəfdən qonşu torpaq sahələri, bir tərəfdən isə A.Abdurahmanovun mülkiyyətində olan torpaq sahəsi ilə əhatə olunmuşdur) 3 hissədən ibarət torpaq sahəsinin və fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi S.Qaffarovanın adına qeydə alınmasından ibarətdir. Cavabdeh öz növbəsində iddiaçının istifadəsində olan 0,0431 ha torpaq sahəsinin fərdi yaşayış evi ilə qeydə alınmasına etiraz etməmiş, iddiaçı daşınmaz əmlakın qeyd olunan şəkildə dövlət qeydiyyatına alınmasına etiraz edərək, belə olan halda hüquqi maraqlarının təmin olunmayacağnı bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia tələbi və işin halları ilə S.Qaffarovanın üçüncü şəxsin istifadəsində olan 112 kv.m. torpaq sahəsinə hüququnu təsdiq edən hər-hansı sənəd müəyyən edilməmiş, 0,0244 ha torpaq sahəsinin isə torpaq qeydlərinə əsasən üçüncü şəxs A.Abdurahmanovanın zəbtində olması müəyyən edilmişdir. Digər tərəfdən isə qanunverici müxtəlif ərazilərdə yerləşən, yola çıxışı və bir-biri ilə bağlılığı olmayan torpaq sahələrinin vahid daşınmaz əmlak kimi qeydə alınmasına yol vermir. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və onun altında yerləşən 0,0730 ha torpaq sahəsini vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb X17 adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar