Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-480/2021 27.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və Yusifova (Yaqubova) Aygül Vidadi qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25.09.2003-cü il tarixli, 110 nömrəli qərarı ilə Zaqatala rayonunun Muxax kəndindən ailə üzvlərinə verilmiş 0.45 ha və 0.27 ha pay torpağının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədinin və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və Yusifova (Yaqubova) Aygül Vidadi qızı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25.09.2003cü il tarixli, 110 nömrəli qərarı ilə Zaqatala rayonunun Muxax kəndindən ailə üzvlərinə verilmiş 0.45 ha və 0.27 ha pay torpağının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədinin və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 07.01.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25.09.2003-cü il tarixli, 110 nömrəli qərarı ilə Zaqatala rayonunun keçmiş Şəfəq, Özbəkistan, Bakı fəhləsi, Şapayev, K.Marks, Muxax, Azərbaycan, Dan Ulduzu, İ.Şamil, Mosul, Sovet Dağıstanı, 1 nömrəli Fındıqçılıq, Kommunizm yolu, Bəhmətli, Sabir, S.Vurğun, Talabinələr, 1 May, Nizami, Qafqaz, Əzizbəyov, 2 nömrəli Fındıqçılıq təsərrüfatlarında aparılan aqrar islahat zamanı İddiaçı1 və ailə üzvülərinə 0.45 ha "Bostantala" çölündə, 0.27 ha torpaq isə "Gər bağı" çölündə pay torpağı verilmişdir. Lakin həmin torpaq sahələrinə hazırkı vaxtadək hüquqmüəyyənedici sənədlər hazırlanıb iddiaçılara verilməmişdir. İddiaçı1 cavabdeh orqana müraciət edərək, 0.45 ha və 0.27 ha pay torpaq sahələrinə dair dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 26.02.2021-ci il tarixli, **********68 nömrəli etiraz məktubunda qeyd edilir ki, iddia ərizəsi ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, Zaqatala rayonu, Muxax kəndi üzrə Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən idarəyə təqdim olunmuş elektron baza məlumatlarında (Zaqatala rayonu Aqrar islahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarı ilə vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinə dair elektron siyahılarda (DBF siyahılarında)), elektron xəritələrdə və arxiv fondunda iddiaçıya və ailə üzvlərinə pay torpaq sahələrinin verilməsi barədə məlumat yoxdur. Elektron baza məlumatlarına və arxiv fondunda əsasən iddiaçının və ailə üzvlərinin adına pay torpaq sahələri aşkar edilməmişdir. İddiaçının adında olan fərdi yaşayış evi və onun yerləşdiyi həyətyanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətləri təqdim olunur. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, o cümlədən torpaq sahələrinin dövlət reyestrində qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinin tələblərinə uyğun olaraq mövcud hüququmüəyyənedici sənədlər (Dövlət Aktı, Şəhadətnamə, Torpaq sahəsinin planı və ölçüsü və digər sənədlər) əsasında aparılır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən 18 saylı Zaqatala Ərazi İdarəsi mövcud hüququmüəyyənedici sənədlərə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı hüquq və vəzifələri Zaqatala və Balakən rayonları üzrə həyata keçirən ixtisaslaşdırılmış hüquqi şəxsdir”. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına iddiaçı tərəfindən əlavə edilən Zaqatala Rayon Dövlət Arxivinin İddiaçı1 ünvanladığı 12.10.2020-ci il tarixli, 278 nömrəli məktubundan müəyyən edilir ki, Muxax kənd İƏD-nin 1996-2000-ci illərin təsərrüfatbaşına kitablarına əsasən İddiaçı1 ailə başçısı olmaqla ailə üzvləri arvadı İddiaçı2 və qızı X1 ibarətdir. İş materiallarında olan Zaqatala rayon Muxax bələdiyyəsinin İddiaçı1 ünvanladığı 23.10.2020-ci il tarixli, 773 nömrəli məktubdan müəyyən edilir ki, Muxax kəndi ərazisində “Bostantala” çölündən ilkin islahat zamanı İddiaçı1 və ailə üzvlərinə 0.70 ha torpaq sahəsi pay torpağı kimi verilmişdir. 2003-cü ildə torpaqların dəqiqləşməsi zamanı özü və ailə üzvləri qeydiyyatda olmadıqlarına görə adları siyahıdan çıxarılmışdır. İddiaçıları adları siyahıdan çıxarılsa da, həmin torpaq sahəsi onların istifadəsində qalmış, İddiaçı1 atası X7 tərəfindən istifadə edilmişdir. Torpaq sahəsini 2014-cü ilə qədər istifadə etdiyinə görə pulunu torpaq payı kimi İddiaçı1, 2014-cü ildən sonra isə atası X7 bələdiyyənin büdcəsinə ödəmişdir. İş materiallarına cavabdeh orqan tərəfindən təsdiq edilmiş surətləri əlavə edilən sənədlərdən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın 21.05.1998-ci il tarixli, 69 nömrəli qərarı ilə 1165.43 kv.m həyətyanı torpaq sahəsi A seriyalı, 246729 nömrəli plan və ölçü sənədinə əsasən İddiaçı1 mülkiyyətinə verilmişdir. İddiaçı1 qeyd olunan torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Daşınmaz əmlak ailə üzvlərinin yazılı razılığına əsasən MA seriyalı, ******* nömrəli, 14.07.2011-ci il tarixli çıxarışla İddiaçı1 tam mülkiyyətin verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 06.04.2021-ci il tarixli, **********84 nömrəli məktubuna əlavə edilən Siyahının təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı1 və onun ailə üzvlərinin (cəmi 3 nəfər) mülkiyyətinə 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məktuba əlavə edilən mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və X3 naturada istifadə etdikləri 0.69 ha torpaq sahəsi Elektron Baza məlumatlarında öz əksini tapan Zaqatala rayonu, Muxax kəndinin Kompleks yerquruluşu layihələrinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. İddiaçıların istifadəsində olan 0.69 ha torpaq sahəsi Zaqatala rayonu, Muxax kənd sakini X2 və onun ailə üzvlərinə DƏDRX-nin tərtib etdiyi **********84 saylı reyestr nömrəli 1.25 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iddiaçıların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçı iddia ərizəsində Zaqatala rayon AİK-nın 25.09.2003-cü il tarixli, 110 nömrəli qərarı ilə kəntdə islahat aparılan zamanı ona və ailə üzvlərinə “Bostantala” çölündən 0.45 ha, “Gər bağı” çölündən isə 0.27 ha torpaq sahəsinin verildiyini qeyd etmiş, lakin ona bununla bağlı hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini bildirmişdir. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət edərək, qeyd olunan torpaq sahələrinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İş materialları və ona əlavə edilən mütəxəssis rəyindən müəyyən edilir ki, iddiaçıların istifadəsində olan 0.69 ha torpaq sahəsi Muxax kənd sakini X2 və onun ailə üzvlərinə verilən DƏDRX-nin tərtib etdiyi **********84 saylı reyestr nömrəli 1.25 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Qeyd olunanlardan göründüyü kimi iddiaçıların naturada istifadə etdiyi torpaq sahəsi əslində dövlət reyestrində digər şəxsin adına qeydiyyata alınmışdır. İddiaçılar isə həmin torpaq sahəsinin onlara verilməsini təsdiqləyən hüquqmüəyyənedici sənədlərə malik deyildirlər. Həmçinin məhkəmə araşdırması zamanı iddiaçılara pay torpaq sahəsinin verilməsini təsdiq edən hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və Yusifova (Yaqubova) Aygül Vidadi qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25.09.2003-cü il tarixli, 110 nömrəli qərarı ilə Zaqatala rayonunun Muxax kəndindən ailə üzvlərinə verilmiş 0.45 ha və 0.27 ha pay torpağının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədinin və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçılara aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 95 manat iddiaçılar İddiaçı1, İddiaçı2 və Yusifova (Yaqubova) Aygül Vidadi qızından tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X6 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-480/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-480/2021
27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver