Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-480/2025 02.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “27 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın torpaq sahəsi qrafasında 0.344 ha torpaq sahəsinin ölçüsünü dəyişdirilərək mövcud vəziyyətinə uyğun faktiki istifadə edilən şəkildə 0.50 ha kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “27 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın torpaq sahəsi qrafasında 0.344 ha torpaq sahəsinin ölçüsünü dəyişdirilərək mövcud vəziyyətinə uyğun faktiki istifadə edilən şəkildə 0.50 ha kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Qax Rayon Dövlət Arxivindən verilən Arxiv Çıxarışlarında qeyd edilib ki, Sarıbaş kolxozundan torpaq payı alacaq subyektlərə norma olaraq 0.65 ha torpaq payı müəyyən edilmişdir. Həmçinin Qax Rayon Dövlət Arxivindən verilən Arayışlara əsasən qeyd edir ki, Arxivdə mühafizə olunan Qax rayon Sarıbaş ƏİNnin 1996-2000-ci illər üzrə təsərrüfatlarının əlifba kitabında iddiaçının təsərrüfatı 6 №-li təsərrüfatbaşına kitabda 415 N° li şəxsi hesabda qeydiyyata alınmış, Sarıbaş ƏİN-nin 1996-2000-ci illər üzrə 2 №-li təsərrüfatbaşına kitabda 78 nömrəli təsərrüfatda X7 ailə başçısı olmaqla ailə üzvləri qeyd edilmişdir. Bundan əlavə Qax rayon Cəlayir bələdiyyəsindən verilən və iddia ərizəyə əlavə edilən Arayışlarda qeyd edilmişdir ki, Qax Rayon AİK-nın xx.xx.1998-cl il tarixli 18 nömrəli qərarı ilə aparılan torpaq islahatı zamanı X4 Dövlət Aktı JN 264 olan 2.23 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Bundan başqa həmin Aqrar islahat Komissiyasının qərarına əsasən birgə mülkiyyətdə olan vətəndaşlar - X7, İddiaçı, X1 Kafyat Molla qızı X9 və X2 mülkiyyətində 2 ayrı ərazidə yerləşən 0,50 ha + 0.50 ha olmaqla cəmi 0.100 ha bağ torpaq sahələri ayrılmışdır. Bu günə qədər həmin torpaqdan istifadə edirlər və torpaq vergilərini ödəyirlər. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, ailə başçısı mərhum X3 və ailəsinin təsərrüfatına ümumilikdə 0.100 ha torpaq sahəsindən çox sahə ayrılmasına baxmayaraq həmin torpaq sahələrindən 0.23 ha hissəyə mərhum X2 adına JN 264 saylı Dövlət Aktı verilmiş, iddiaçıya ayrılan 0.50 ha torpaq sahəsinin 0.34 ha hissəsinə iddiaçının adına xx.xx.2022-ci ildə ********** qeydiyyat nömrəli Reyestrdən çıxarış verilmiş, 0.16 ha hissəyə isə istifadəsində və sahibliyində olmasına baxmayaraq sənəd verilməmişdir. Bunun səbəbi isə təsərrüfatlar ayrılarkən sənədlərdə səhvə yol verilmiş və Qax Rayon AİK-nın xx.xx.1998-ci il tarixli 18 nömrəli qərarında təsərrüfatbaşına 0.65 ha torpaq sahəsi verilməli olduğu halda torpaq sahəsi reyestrdən çıxarışda 0.50 ha yox, səhvən 0.34 ha olaraq qeyd edilmişdir. Bununla əlaqədar cavadbeh orqana rəsmi olaraq müraciət etsə də, oradan iddiaçıya xx.xx.2024-cü il tarixli məktubla məndən pay torpaq sahəsinin norması haqqında sənəd tələb edilmişdir. Halbuki iddiaçı həmin sənədi cavabdeh orqana təqdim etmiş, lakin iddiaçının kəsir torpağının qeydə alınmasından formal olaraq imtina edilmişdir. Bu səbəblə də məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaya münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. İddiaçı iclasına gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Qax rayon Cəlayir Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 3 nömrəli və xx.xx.2024-cü il tarixli 2 nömrəli arayışları.
3. Qax rayon dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışlarının surəti.
4. ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 0.344 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.
5. A 829369 seriya nömrəli torpaq sahəsinin planə və ölçüsü sənədinin surətindən görünür ki, 0.344 ha torpaq sahəsinin hüquqi subyekti İddiaçıdur.
6. A 126663 seriya nömrəli torpaq sahəsinin planə və ölçüsü sənədinin surətindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 18 nömrəli qərarı ilə X5 3440.37 ha torpaq sahəsin verilmişdir.
7. Qax rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş, Qax rayon Sarıbaş kəndi İnzibati Ərazi Nümayəndəliyinin 1991-1995, 1996-2000, 2001- 2005-ci illərinə aid Təsərrüfatbaşına kitablarında X3 adı qeyd edilmişdir
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki ərazi idarəsinin 3-21-3-39/2-1098/2025 saylı, 2 aprel 2025 -ci tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddia olunan 0.50 ha torpaq sahəsinin naturada sahəsi-0.5386 ha, təyinat-Kənd təsərrüfatı təyinatlı, uqodiyası-Çoxillik əkmə, Mülkiyyətçisi- 344ha hissəsi-İddiaçı, X7, X8, X13, X10, X2 mülkiyyətində, yerdə qalan 0.1946 ha hissəsi bələdiyyə mülkiyyətində, Faktiki istifadəçisi-İddiaçı olub, döngə nöqtələri və yerləşmə vəziyyəti baradə sxem tərəfimizdən tərtib olunmuş yerquruluşu planında göstərilmişdir.Faktiki istifadə olunan torpaq sahəsi JN-264 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş 2.23 ha torpaq sahəsi üst-üstə düşmür. JN-264 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş 2.23 ha torpaq sahəsi və ya faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür.
9. Qax rayon Sarıbaş Kolxozunun xx.xx.1996-ci il tarixli,07 saylı iclas protokolunun surəti.
Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddiaçı iddia tələbini “27 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətində olan 0.344 ha torpaq sahəsinin ölçüsünü 0.50 ha kimi dəyişdirilməsi kimi” ifadə etmişdir. İfadə tərzindən asılı olmayaraq iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı faktiki iddia etdiyi 0,50 ha torpaq sahəsinin mülkiyyətə verilməmiş hissəsi,yəni 0,156 ha üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. İddiaçı tələbini sözügedən torpaq sahəsinin təsərrüfatbaşına kitaba əsasən qeydiyyatda olması və adambaşına düşən pay normasına əsasən torpaq sahəsinin əskik ayrılması ilə əlaqələndirir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qax Rayon AİK-nın xx.xx.1998-ci il tarixli 18 nömrəli qərarı ilə A seriyalı 126663 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 0.344 ha həyətyanı torpaq sahəsi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.Həmin sənəd əsasında ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmişdir. Lakin, iddia olunan 0.50 pay torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd tərtib edilməmişdir.İddiaçı iddia olunan 0,50 ha torpaq sahəsinin təsərrüfatbaşına kitabda qeydiyyatına istinad edərək həmin qeyd əsasında mülkiyyət hüququnun qeydə alınmasını tələb edir.İddiaçının sübutuna münasibətdə məhkəmə aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı :
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; Yuxarıda qeyd olunan normalardan göründüyü kimi “təsərrüfatbaşına kitablardan çıxarış” ifadəsi bütün torpaq sahələrini deyil,yalnız yaşayış məntəqəsi təyinatlı torpaq sahələrinin mülkiyyətə verilməsini nəzərdə tutmuşdur.Həmin torpaq sahələrinə dair isə yalnız iki əsas nəzərdə tutulmuşdur:
1. 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə;
2. yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2017-ci il tarixli 22/05 №-li qərarı ilə təsdiq edilmiş “Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına” dair göstərişə əsasən təsərrüfatbaşına uçotun ilkin sənədləri şəhər, qəsəbə, kənd inzibati ərazi dairələri tərəfindən aparılır. Şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üçün 1 №-li formanın İV.bölməsində təsərrüfatın xüsusi mülkiyyətində və (və ya) istifadəsində olan torpaq sahələrinə dair faktiki vəziyyətə dair qeydlərin aparılmasını nəzərədə tutur. Məhkəmə qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Beləliklə, iddia olunan torpaq sahəsinin ayrılması ilə bağlı hüquqmüəyyənedici sənədlər mövcud olmadığından,habelə iddia olunan torpaq sahəsinə dair iddiaçının istinad etdiyi “təsərrüfatbaşına kitablardan çıxarış” iddia olunan torpaq sahəsinə münasibətdə mülkiyyət hüququ yaratmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “27 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın torpaq sahəsi qrafasında 0.344 ha torpaq sahəsinin ölçüsünü dəyişdirilərək mövcud vəziyyətinə uyğun faktiki istifadə edilən şəkildə 0.50 ha kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə