Məhkəmə qərarları › İş №2-1(116)-481/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-481/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-481/2022 10.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “mülkiyyətində olan Yevlax şəhəri Xəqani küçəsi ev 27 ünvanından üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “mülkiyyətində olan Yevlax şəhəri Xəqani küçəsi ev 27 ünvanından üçüncü şəxslər X21, X22, X13, X18, X11, X19, X20, X23, X32, X12, X24 və X14 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Yevlax şəhəri Xəqani küçəsi ev 27 ünvanında yerləşən fərdi yaşayış evi tam xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı özünə məxsus yaşayış sahəsindən həmin fərdi yaşayış evilə bağlı heç bir əmlak hüququ olmayan və orada yaşamayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan heç bir əsas gətirmədən müraciətin təmin olunmasından imtina etmişdir. İddiaçı tələb hüququnu fərdi yaşayış evinin onun xüsusi mülkiyyətində olması, üçüncü şəxslərin həmin fərdi yaşayış evidə faktiki olaraq yaşamaması və heç bir əmlak hüququnun olmaması ilə əsaslandırmışdır. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Yevlax ŞİHB-nın 1 №-li Sahə İƏD üzrə nümayəndəliyinin 21.12.2021-ci il tarixli 397 nömrəli məktubundan görünür ki, üçüncü şəxslər qeydiyyatda olduğu ünvanda yaşamadıqlarından məhkəmə sənədlərinin çatdırılması mümkün olmamışdır. - ********** qeydiyyat nömrəli, 25.10.2021-ci il tarixli DƏDR-dən çıxarışdan görünür ki, Yevlax şəhəri Xəqani küçəsi ev 27 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. - cavabdehin 06.11.2021-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh, iddiaçıya məxsus fərdi yaşayış evidən üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı müraciətin təmin olunmasından imtina etmişdir. - cavabdehin 24.01.2022-ci il tarixli məktubundan görünür ki, üçüncü şəxslərdən X21 28.09.2005-ci il, X22 15.03.2004-cü il, X13 21.11.2019-cu il, X18 12.10.2004-cü il, X11 06.11.2004-cü il, X19 06.11.2004-cü il, X20 20.08.2009-cu il, X23 18.11.2011-ci il, X32 21.06.2013-cü il, X12 04.08.2017-ci il, X25 20.07.2020-ci il tarixdən Yevlax şəhəri Xəqani küçəsi ev 27 ünvanında pasport qeydiyyatındadırlar. X24 barəsində heç bir məlumat yoxdur - üçüncü şəxs X4 keçmə məlumatlarına dair “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, o, 29.08.2018-ci il tarixdə ölkə hüdudlarını tərk etmişdir. - üçüncü şəxs X5 keçmə məlumatlarına dair “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, o, 13.11.2018-ci il tarixdə ölkə hüdudlarını tərk etmişdir. - üçüncü şəxs X3 keçmə məlumatlarına dair “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, o, 20.09.2019-cu il tarixdə ölkə hüdudlarını tərk etmişdir. - üçüncü şəxs X2 keçmə məlumatlarına dair “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, o, 28.12.2019-cu il tarixdə ölkə hüdudlarını tərk etmişdir. - üçüncü şəxs X1 keçmə məlumatlarına dair “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, o, 22.08.2019-cu il tarixdə ölkə hüdudlarını tərk etmişdir. - üçüncü şəxs X17 məlumatlarına dair “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, o, 02.04.2014-cü il tarixdə vəfat etmişdir. - AN-İ ******* nömrəli, 08.10.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcılar X29 və X6 şəhəri Xəqani küçəsi ev 27 ünvanında yerləşən fərdi yaşayış evini alıcı İddiaçı satmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, ********** qeydiyyat nömrəli, 25.10.2021-ci il tarixli DƏDR-dən çıxarışa əsasən Yevlax şəhəri Xəqani küçəsi ev 27 ünvanında yerləşən yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər hazırda həmin fərdi yaşayış evində pasport qeydiyyatındadırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 4cü bəndinə əsasən öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Odur ki, X24 02.04.2014-cü il tarixdə vəfat etdiyindən və qeyd edilən əsas üzrə şəxsin qeydiyyatdan çıxarılması birbaşa qanunvericiliklə tənzimləndiyindən cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən Səadət Babayevaya aid hissədə imtina etməsi tamamilə əsassız olmuşdur. Belə ki, “İnzibati İcraat haqqında” Qanunun 24-cü maddəsində qeyd olunur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göründüyü kimi inzibati orqanın işin bütün hallarının araşdırılması vəzifəsi birbaşa Qanundan irəli gəlməsinə baxmayaraq o, üçüncü şəxslərlə bağlı məlumatların araşdırılmasına səthi yanaşmış, Səadət Babayeva 2014-cü ildə vəfat etdiyi halda iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu digər üçüncü şəxslərə münasibətdə hazırki iş üzrə faktiki hallar əsasında onların iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləməsə də, Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarında qərara almışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Fərdi yaşayış evi Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarda qeyd edilmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Müvafiq qərarın hazırkı işə tətbiqi ilə bağlı məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçının fərdi yaşayış eviində iddiaçının razılıq ərizəsi əsasında qeydiyyata alınması, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində hər hansı bir əmlak hüquqlarının olması və qeydiyyatda olduqları ünvanda yaşamaları müəyyən olunmur. İşin halları ilə müəyyən edilir ki, üçüncü şəxs Şakir Babayev həmin fərdi yaşayış evini 08.10.2021-ci il tarixdə iddiaçıya satmış və bununla da həmin fərdi yaşayış evi üzərində bütün hüquqlarını itirmişdir. Digər üçüncü şəxslər: X22, X18, X8 Babayevin ailə üzvüləridir və fərdi yaşayış evinin özgəninkiləşdirilməsindən sonra onların də həmin ünvan üzrə heç bir əmlak hüquqları qalmamışdır. Digər üçüncü şəxslər iddiaçıya münasibətdə ailə üzvü sayılmırlar və onların iddiaçıya məxsus fərdi yaşayış evində heç bir əmlak hüquqları yoxdur, həmçinin faktiki olaraq həmin ünvanda yaşamırlar. İddiaçının isə həmin fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ əldə etməsi işin mübahisəsiz halıdır. Üçüncü şəxs 1304.2004-cü il təvəllüdlü X7 hazırda 17 yaşı vardır və onun yaşayış yeri qanuni nümayəndələri olan valideynlərinin razılığı ilə müəyyən edilməlidir. Leyla ismayılovanın valideynləri iddiaçıya məxsus mənzildə yaşamadıqlarından və həmin mənzildə əmlak hüquqları olmadığından onun da həmin mənzildə qeydiyyatda qalmasının heç bir hüquqi əsası olmur. Belə ki, özləri həmin mənzildə faktiki yaşamayan və əmlak hüquqları olmayan valideynlər övladının yaşayış yerinin sözügedən mənzil olması barədə razılığa gələ bilməzlər. Bundan başqa üçüncü şəxslərdən : X21, X22, X18, X13 və X7 faktiki olaraq 2018- 2019-cu ildən etibarən ölkə hüdudlarından kənarda yaşaması da iş materialları ilə sübut olunur. Belə olan halda məhkəmə hesab edir ki, üçüncü şəxslərin həmin fərdi yaşayış evində qeydiyyatı hər hansı əmlak hüququnun yaranmasına səbəb olmur və qeydiyyat tamamilə formal xarakter daşıyır. Bu o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxslərin iddiaçının evində qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox iddiaçının evində yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini təmin etmir. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçının fərdi yaşayış eviində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Bundan başqa, qeydiyyat məsələsi həm də iddiaçının mülkiyyət hüququnun tanınması və müdafiə olunması ilə əlaqəlidir. Belə ki, üçüncü şəxslərin iddiaçının evində qeydiyyatı iddiaçı üçün bəzi hallarda məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərlərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxsin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi də mülkiyyətçinin məhz bu kimi hüquqlarından irəli gəlir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə İddiaçı mülkiyyətində olan Yevlax şəhəri Xəqani küçəsi ev 27 ünvanında yerləşən fərdi yaşayış evindən üçüncü şəxslər X21, X22, X13, X18, X11, X19, X20, X23, Həmidli (Əsgərova) İpək Adil qızı, X12, X24 və X14 qeydiyyatdan çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar