Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-482/2022 30.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayon Padar kənd sakini üçüncü şəxs X7 və onun əri X8 adına hazırlanmış 20 aprel 2006-cı il tarixli JN-517A KOD 40506018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi, Oğuz rayonu Padar kəndində yerləşən fərdi yaşayış evinə, həmin evin yerləşdiyi 0.67 hektar həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Oğuz rayon Padar kənd sakini üçüncü şəxs X7 və onun əri X8 adına hazırlanmış 20 aprel 2006cı il tarixli JN-517A KOD 40506018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi, Oğuz rayonu Padar kəndində yerləşən fərdi yaşayış evinə, həmin evin yerləşdiyi 0.67 hektar həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçı, tələbində qeyd etmişdir ki, iddiaçının Oğuz rayonunun Padar kəndində fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.67 hektar həyətyanı torpaq sahəsi var. Həmin evi iddiaçı 18 sentyabr 2001-ci il tarixli 3m-l/68 nömrəli notariat qaydada təsdiq olunmuş müqavilə əsasında üçüncü şəxs X2 almışdır. Lakin ona məlum olmayan səbəbdən üçüncü şəxs X7 və onun mərhum əri X8 adına 20 aprel 2006-cı il tarixli JN-517A KOD 40506018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə hazırlanmışdır. Bu yaxınlarda iddiaçı evinə mülkiyyət sənədi almaq üçün müraciət edən zaman məlum olmuşdur ki, üçüncü şəxs X4 və onun mərhum əri X8 adına hazırlanmış 20 aprel 2006-cı il tarixli JN-517A KOD 40506018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ləğv edilməlidir. Həmin Şəhadətnamənin ləğv edilməsinə üçüncü şəxs X7 da etiraz etmir. Bundan sonra iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan şəhadətnamənin ləğv edilməsinin onların səlahiyyətində olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli iddia tələbinə etirazını ilkin imtina dəlillərinə uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - 255 inventar №-li, Qeydiyyat vəsiqəsindən görünür ki, Oğuz kəndində Padar kəndində iki otaqlı yaşayış otaqdan ibarət yaşayış evi X5 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. - JN-217A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 61 nömrəli qərarı ilə X9 və X6 fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı məqsədilə 0.67 ha torpaq sahəsi verilmişdir. - xx.xx.2001-ci il tarixli müqavilədən görünür ki, X7 1963-cü ildə tikilmiş, ümumi sahəsi 50,0 kv.m olan, iki otaqdan ibarət yaşayış evini İddiaçı satmışdır. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Oğuz rayon Padar kəndində torpaq islahatı aparılan zaman həyətyanı torpaq sahəsi verrilmiş subyektlərin siyahısında X11 və X6 aid hissədə çıxarışda adları qeyd olunmuşdur. - İ-HA 562355 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2000ci il tarixdə vəfat etmişdir. - xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X7, X8 vərəsəsi olmuşdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İddiaçı, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 61 saylı qərarını yox, cavabdeh orqanın, müvafiq şəhadətnamənin hazırlanmasında ifadə olunan faktiki xarakterli hərəkətlərini mübahisələndirir. Belə ki, iddiaçı bildirir ki, tələbdə qeyd edilmiş torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini alqı-satqı müqaviləsi bağlamaqla torpaqla birgə üçüncü şəxsdən almış, lakin cavabdeh orqan, hazırda mübahisələndirdiyi şəhadətnaməni üçüncü şəxsin və onun mərhum həyat yoldaşının adına tərtib etmişdir. Yəni, iddiaçı, həmin fərdi yaşayış evi və torpaq sahəsinin xx.xx.2001-ci il tarixli müqavilə ilə özünə satılmasını, buna görə də həmin əmlak üzərində mülkiyyət hüququnun özünə məxsus olmasını iddia edir. İddiaçı hesab edir ki, üçüncü şəxslə aralarında müvafiq alqı-satqı müqaviləsi bağlandığından həmin evin yerləşdiyi torpaq sahəsinə şəhadətnamə onun özünün adına adına hazırlanmalı idi. İş materialları ilə müəyyən edilir ki, iddia tələbində ləğvi tələb edilən JN-217A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi üçüncü şəxs və onun mərhum həyat yoldaşına Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 61 nömrəli qərarı ilə verilmişdir. Müvafiq şəhadətnamənin hansı tarixdə tərtib edilməsindən asılı olmayaraq, müvafiq torpaq sahəsinin ayrılması ilə bağlı qərar 1998-ci ildə verilmişdir. xx.xx.2001-ci il tarixdə iddiaçı ilə üçüncü şəxs arasında alqı-satqı müqaviləsi bağlanarkən sözügedən daşınmaz əmlak X4 mülkiyyətində olmuş və o, mülkiyyətində olan həmin əmlakla bağlı sərəncam verərək, yaşayış sahəsini iddiaçıya satmışdır. Nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsi bağlanarkən artıq X11 vəfat etmiş və xx.xx.2001-ci il tarixdə X6 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Odur ki, mirası qəbul etmiş vərəsə olaraq X7 fərdi yaşayış evi ilə bağlı bütövlükdə sərəncam vermək hüququna malik olmuşdur. İstinad olunan xx.xx.2001-ci il tarixli müqavilədə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə bağlı hər hansı qeyd yoxdur. Lakin, Torpaq Məcəlləsinin 88-ci maddəsi və Mülki Məcəllənin 245-ci maddəsinin tələbləri baxımından, müvafiq fərdi yaşayış evinin özgəninkiləşdirilməsi həmin evin yerləşdiyi torpaq sahəsinin də iddiaçının mülkiyyətinə keçməsinə səbəb olmuşdur. Belə ki, Torpaq Məcəlləsinin 88-ci maddəsinin xx.xx.2001-ci il tarixli müqavilə bağlanarkən qüvvədə olan redaksiyası: (Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri)
1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. ... Xüsusi mülkiyyətdə olan tikiliyə (fərdi və çoxmənzilli yaşayış evlərindən başqa), qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə (şəxslərə) keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ, bağışlanma halları istisna olaraq torpağın dəyəri ödənilməklə, həmin şəxsə (şəxslərə) daşınmaz əmlak üzərində mülkiyyət paylarına uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir (çıxarılıb). ... Sadalan normaların hazırkı işə tətbiqi onu deməyə əsas verir ki, iddia olunan 0.67 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçıya keçməsi üçün, üçüncü şəxs Vəzifə Əliyeva, həmin torpaq sahəsinin tam mülkiyyətçisi olmalı idi. Yəni, həmin torpaq sahəsi üzərində bütün hüquqlar Vəzifə Əliyevaya məxsus olmalı idi ki, sonrakı alqı-satqı müqaviləsi ilə həmin hüquqlar iddiaçıya keçsin. Yuxarıda qeyd edilmiş işin hallarından göründüyü kimi, Vəzifə Əliyeva mərhum ərindən qalmış miras əmlakı qəbul etdiyindən artıq torpaq sahəsi üzərində də tam mülkiyyət hüququna malik idi. Odur ki, iddiaçıya da torpaq sahəsi üzərində mülkiyyət hüququ tam həcmdə keçmişdir. Torpaq Məcəlləsinin 88-ci maddəsinə 17 aprel 2007-ci il tarixli 315- İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş, 88-ci maddənin 3-cü bəndinin ikinci abzası çıxarılmış, 88-ci maddənin 3-cü bəndinin birinci abzası aşağıdakı yeni redaksiyada verilmişdir:
3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Torpaq Məcəlləsinin 88-ci maddəsin 3-cü bəndinin yeni redaksiyada verilmiş birinci abzasının tələbləri baxımından da, iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçıya keçməsi üçün, həmin torpaq sahəsinin mülkiyyətçisinin (yəni tam həcmdə) üçüncü şəxs olması tələb olunurdu. Qeyd oluna şərt hazırkı işdə üçüncü şəxsə münasibətdə yerinə yetirilir. Mülki Məcəllənin 245-ci maddəsində də (Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi) qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Göründüyü kimi MM-nin 245-ci və Torpaq Məcəlləsinin 88-ci maddəsində mülkiyyət hüququ ilə bağlı “əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə” və ”torpaq sahəsinin mülkiyyətçisi” ifadələrinin işlədilməsi onu deməyə əsas verir ki, qanunverici, özgəninkiləşdirilən tikiliyə (fərdi yaşayış evinə) mülkiyyət hüququnun əldə edənə keçməsini, həmin torpaq sahəsini özgəninkiləşdirən şəxsin mülkiyyətində olması şərtindən və hüquqların ona məxsus olan həcmindən asılı edir və xüsusi olaraq qeyd edir ki, “bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir”. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, xx.xx.2001ci il tarixli alqı-satqı müqaviləsi iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranmasına əsas olduğundan, cavabdeh orqan, JN-217A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsindən, həmçinin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyatına alınmasından imtina etməkdə haqlı olmamışdır Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Oğuz rayon Padar kənd sakini üçüncü şəxs X7 və onun əri X8 adına hazırlanmış 20 aprel 2006-cı il tarixli JN-517A KOD 40506018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi, Oğuz rayonu Padar kəndində yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.67 hektar həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.