Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-482/2025 27.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya əlillik dərəcəsi təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya xx.xx.2023-cü il tarixli göndəriş əsasında “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı 27 yanvar 2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “iddiaçıya əlillik dərəcəsi təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinə əsasən iddiaçı Şəki rayon Hərbi Komissarlığı tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, döyüş zonasında xidmət keçərkən 1993-cü ildə yaralanmışdır. xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək Dəmiryolu xəstəxanasında müayinə və müalicə olunmuşdur. Diaqnozu “Başın alın nahiyyəsinin və sağ gicgah nahiyyəsinin yumşaq alın toxumalarının dəlib keçən güllə yarasıdır. Sözügedən diaqnozla iddiaçıya sonuncu dəfə xx.xx.2016-cı ildən xx.xx.2021-ci ilədək İİ dərəcəli əlillik təyin edilmişdir. Müddət bitdikdən sonra cavabdehə dəfələrlə müraciət etsə də, əlilliyi təkrar bərpa olunmamış və son müraciətinə cavab verilməmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyətinə Şəki rayon Mərkəzi Xəstəxanasının xx.xx.2010-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S09 - Başın digər və dəqiqləşdirilməmiş travmaları => S09.8 - Diaqnozun mətni: baş beynin travmatik xəstəliyi, alın gicgah nahiyyəsini dəlib keçən güllə yarası.; meyar: 2.3. üçüncü dərəcə əlillik => digər: baş beynin travmatik xəstəliyi, alın gicdah nahiyyəsini dəlib keçən güllə yarası” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Şəki rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndəriş əsasında baxılmış və X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S09 - başın digər və dəqiqləşdirilməmiş travmaları => s09.8 - diaqnozun mətni: baş beynin travmatik xəstəliyi, alın gicdah nahiyyəsini dəlib keçən hüllə yarası; meyar:: 2.2. ikinci dərəcə əlillik => digər: baş beynin travmatik xəstəliyi, alın gicgah nahiyyəsini dəlib keçən güllə yarası;” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Şəki rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndəriş əsasında baxılmış və X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 -; Diaqnozun mətni: baş beynin travmatik xəstəliyi, alın-gicdah nahiyyəsini dəlib keçən güllə yarası; meyar: 2.2. ikinci dərəcə əlillik => digər: baş beynin travmatik xəstəliyi, alın-gicdah nahiyyəsini dəlib keçən güllə yarası;” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Diaqnoz “Başın alın nahiyyəsinin və sağ gicgah nahiyyəsinin yumşaq alın toxumalarının dəlib keçən güllə yarasıdır. Sözügedən diaqnozla iddiaçıya sonuncu dəfə xx.xx.2016-cı ildən xx.xx.2021-ci ilədək İİ dərəcəli əlillik təyin edilmişdir. Vətəndaş xx.xx.2024-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, ‘‘Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ gicgah nahiyəsində, başında, gözündə olan ağrılardan, ayağlarında gıcolma olduğunu, medikamentoz dərman preparatlarından “Depakin” gəbul etdiyi ifadə etmişdir. Obyektiv baxış zamanı nevroloji ocaglı patologiya müəyyən edilməmişdir. Anamnestik məlumatlarda cəngolma tutmaları barədə məlumat verilsə də, ekspertiza üçün əhəmiyyətli EEQ dalğalarını təgdim etməmiş, epitutmaların xarakterini izah edə bilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. MN-in Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-ci il tarixli 1708 nömrəli Qərarı.
2. İddiaçı barəsində Əlillik Altsistemindən çıxarışdan görünür ki,xx.xx.2010-cu il tarixindən 1 il müddətində ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİİ dərəcə əlillik təyin edilmişdir.
3. İddiaçı barəsində Əlillik Altsistemindən çıxarışdan görünür ki,xx.xx.2014-cü il tarixindən 1 il müddətində ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə əlillik təyin edilmişdir.
4. İddiaçı barəsində Əlillik Altsistemindən çıxarışdan görünür ki,xx.xx.2015-ci il tarixindən 1 il müddətində ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə əlillik təyin edilmişdir.
5. İddiaçı barəsində Əlillik Altsistemindən çıxarışdan görünür ki,xx.xx.2016-cı il tarixindən 5 il müddətində ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə əlillik təyin edilmişdir.
6. İddiaçı barəsində Əlillik Altsistemindən çıxarışdan görünür ki,xx.xx.2021-ci il tarixli göndəriş əsasında ona əlilliyin təyin edilməsindən imtina edilmişdir.
7. İddiaçı barəsində Əlillik Altsistemindən çıxarışdan görünür ki,xx.xx.2022-ci il tarixli göndəriş əsasında ona əlilliyin təyin edilməsindən imtina edilmişdir.
8. İddiaçı barəsində Əlillik Altsistemindən çıxarışdan görünür ki,xx.xx.2022-ci il tarixli göndəriş əsasında ona əlilliyin təyin edilməsindən imtina edilmişdir.
9. İddiaçı barəsində Əlillik Altsistemindən çıxarışdan görünür ki,xx.xx.2023-cü il tarixli göndəriş əsasında ona əlilliyin təyin edilməsindən imtina edilmişdir.
10. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEK-in xx.xx.2024-cü il tarixli Qərarı ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir.
11. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-2114/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
12. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsi xx.xx.2024-cü il tarixli 5668 nömrəli rəyindən görünür ki,M.Sadıqov xx.xx.2024-cü il tarixdə mütəxəssis nevroloqun müayinəsindən keçirilərkən ona “Keçirilmiş güllə yarasından sonrakı vəziyyət (1993). Posttravmatik ensefalopatiya. Asteno-nevrotik sindrom.” diaqnozu və müəyyən edilmişdir. Onun iş materiallarındakı tibbi sənədlərə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün “Şəki Rayon Mərkəzi Xəstəxanası” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli F00001989CFİ saylı Forma 088 göndərişində qeyd olunan “T90.5-Kəllədaxili travmaların nəticələri, keçirilmiş güllə yaralanmasından sonrakı posttravmatik ensefalopatiya, başın alın nahiyəsinin yumşaq toxumalarının dəlib-keçən güllə yaraslanmasından sonrakı vəziyyət (1993).; Ağırlaşmalar: G40.8- Epilepsiyanın digər formaları. Anamnezində Gekson tipli tutmalar; G93.2- Xoşxassəli kəllədaxili hİpertenziya. Hipertenzion saefalgik sindrom; Yanaşı xəstəliklər: Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. Bel və oma fəqərəarası disklərinin radikulopatiya ilə nəticələnən zədələnməsi” diaqnoz stasionarda müayinə və müalicəsi zamanı müəyyən edilsə də, onun DTSERA-da 01,02.2024-cü il tarixdə əyani müayinəsi zamanı nevroloii ocaqlı patologiya müəyyən edilməmişdir. Nevroloq tərəfindən 28.11,2024-cü il tarixdə müəyyən edilmiş “Keçirilmiş güllə yarasından sonrakı vəziyyət (1993). Posttravmatik ensefalopatiya. Asteno- nevrotik sindrom.” diaqnozla əlaqədar şəxsin əlilliyin təyini məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının səlahiyyətlərinə aiddir.
Əsaslandırma hissəsi:
İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Məhkəmə işin hallarını araşdıraraq,aşağıdakı normaları işin hallarına tətbiq edərək mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlillik səbəbinin “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” olaraq dəyişiklik edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı iddiaçıya xx.xx.2023-cü il tarixli göndəriş əsasında “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsindən ibarətdir. İşin hallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2016-ci il tarixindən etibarən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilmişdir. Əliliyin təyin edilməsi zamanı diaqnoz “Başın alın nahiyyəsinin və sağ gicgah nahiyyəsinin yumşaq alın toxumalarının dəlib keçən güllə yarasıdır” kimi qeyd edilmişdir.Eyni diaqnoz sonrakı qiymətləndirmə zamanı da təsdiqlənərək xx.xx.2021-ci il il tarixədək qüvvədə olmuş əlilliyin təyin edilməsi əsası olmuşdur. MN-in Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli 1708 nömrəli Qərarında da iddiaçının xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Dəmiryolu xəstəxanasında müayinə və müalicə olunduğu qeyd edilmiş,yaralanma diaqnozu “Başın alın nahiyyəsinin və sağ gicgah nahiyyəsinin yumşaq alın toxumalarının dəlib keçən güllə yarasıdır” kimi göstərilmişdir. Göründüyü kimi digər sübutlarla təsdiq olunur ki,hazırkı əliliyin təyin edilmə diaqnozu “Başın alın nahiyyəsinin və sağ gicgah nahiyyəsinin yumşaq alın toxumalarının dəlib keçən güllə yarası”ndan ibarətdir. Həmin xəsarətin yaranma səbəbi isə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ” olması MN-in Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli 1708 nömrəli Qərarı, eləcə də iddiaçı barəsində 2010-2016-cı illərdə dəfələrlə qiymətləndirilmə zamanı cavabdehin təyin etmiş olduğu təyinatlarla təsdiq olunur. Təqdim edilmiş ekspert rəyinə əsasən də müəyyən edilir ki,iddiaçıya əvvəllər qoyulmuç T90.5-Kəllədaxili travmaların nəticələri, keçirilmiş güllə yaralanmasından sonrakı posttravmatik ensefalopatiya, başın alın nahiyəsinin yumşaq toxumalarının dəlib-keçən güllə yaraslanmasından sonrakı vəziyyət (1993) diaqnozu öz təsdiqini tapmış, bundan əlavə bir sıra ağırlaşmalar: G40.8- Epilepsiyanın digər formaları. Anamnezində Gekson tipli tutmalar; G93.2- Xoşxassəli kəllədaxili hİpertenziya. Hipertenzion saefalgik sindrom; Yanaşı xəstəliklər: Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. Bel və oma fəqərəarası disklərinin radikulopatiya ilə nəticələnən zədələnməsi” faktiki müşahidə edilməkdədir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra– Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra– Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra– Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra– göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” : 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur.
3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- Başın travmalarının nəticələri T90. 6.1.4. psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası; Orqanizmin funksiyalarının pozulması faizi 65-80; Orqanizmin funksiyalarının pozulması müddəti- 2 il İddiaçıya əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə o halda təyin oluna bilər ki, əlilliyin müəyyən edilməsinin meyarı kimi çıxış edən xəstəliyin, travmanın Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə səbəb əlaqəsi Hərbi Həkim Komissiyası tərəfindən müəyyən edilmiş olsun. Buna görə də, iddianın əsaslılığı barədə nəticəyə gələrkən iddiaçıya “ümumi xəstəlik” səbəbi ilə təyin edilmiş əlilliyin meyarı kimi çıxış edən xəstəliyin (diaqnozun) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçıya verilmiş Şəhadətnamədə göstərilən diaqnozun “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirildiyinə əmin olmalı, bunun üçün isə həmin sənədi bilavasitə tədqiq etməli və qiymətləndirməlidir. Azərbaycan Respublikasının Ali məhkəməsinin 2-1(102)-2437/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasında qeyd edilmişdir ki, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Beləliklə, Qaydalardan da göründüyü kimi əlilliyin təyini və ya bundan imtina yalnız bu barədə müvafiq qərarın qəbul edilməsi nəticəsində öz hüquqi qüvvəsini müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-368/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe) Yuxarıda qeyd olunanlardan da görünüdüyü kimi iddiaçı barəsində xxxxxxx0008 nömrəli forma 88 göndərişi əsasında iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilmiş,onun barəsində 23 oktyabr 2023-cü il tarixli “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Bundan sonra iddiaçının şikayəti əsasında onun yenidən müayinəsi həyata keçirilmiş, 21 fevral 2024-cü il tarixli yeni qərar qəbul edilmişdir.Həmin qərar xxxxxxx0008 nömrəli forma 88 göndərişi əsasında qəbul edildiyindən cavabdehin imtina qərarı,eləcə də mübahisə predmeti əslində 23 oktyabr 2023-cü il tarixli imtinadır.Sonuncu qərar faktiki olaraq həmin qərarın qüvvədə saxlanılmasından ibarət olduğundan mübahisə predmeti deyildir. Məhkəmə işin hallarına və yuxarıdakı normalara əsaslanaraq hesab edir ki,iddia təmin edilməli, 23 oktyabr 2023-cü il tarixindən iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 2 il müddətində İİ dərəcə əlilliyin (orqanizm funksiyalarının pozulmasının 61-80 faiz müəyyən edilməsi) təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilir. İddiaçı 23 oktyabr 2023-cü il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 2 il müddətində İİ dərəcə əlilliyin (orqanizm funksiyalarının pozulmasının 61-80 faiz müəyyən edilməsi) təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə.