Məhkəmə qərarları › İş №2-1(116)-483/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-483/2020

03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-483/2020 03.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X2, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə qarşı “01.09.1990-ci il tarixdən 27.02.1993-cü il tarixinə qədər X3 əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. 29.07.2019-cu il tarixdə ona ümumi xəstəlikdən ikinci qrup əlillik dərəcəsi təyin olunmuşdur. 02.08.1993-cü il tarixdən hal-hazıradək işləyir. Həmçinin 1990-1993-cü illərdə əyani təhsil almışdır. Ona əlilliyə görə əmək pensiyası təyin olunması üçün sənədlərini Şəki Regional «Asan Xidmət» Mərkəzi vasitəsilə ƏƏSMN yanında DSMF Şəki şəhər şöbəsinə təqdim etmişdir. Lakin şöbə tərəfindən göndərilmiş məktubda əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilmədiyi üçün tələb olunan pensiya kapitalı olmadığından əlilliyə görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. Lakin o imtinanı qanunsuz hesab edir. Şöbə tərəfindən göndərilmiş məktubda onun 21 il 9 ay stajı və 13457.23 manat pensiya kapitalının olduğu qeyd olunmuşdur. 01.09.1990-cı il tarixdən 27.02.1993-cü il tarixədək X3 əyani təhsil aldığı 2 il 5 ay 26 gün müddət sığorta stajına əlavə olunduqda, 24 il 3 ay təşkil edər. Belə olduğu təqdirdə onun cəmi pensiya kapitalı 15263.48 manat təşkil edər. Bu məbləğ isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən ona əmək pensiyası təyin olunması üçün hüquq yaradır. (15263,48 / 93 = 164.120 manat) Cavabdeh 26.09.2019-cu il tarixli imtinasında bildirmişdir ki, 01.07.2017-ci il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə istinadən İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, tələb olunan sığorta stajı olduqda təyin edilir. Təqdim olunan əmək kitabçası və 4 №-li əlavəyə əsasən 21 il 9 ay sığorta stajınız və 13457,23 manat pensiya kapitalınız müəyyənləşdirilmişdir. Əlillik təyin olunarkən 46 yaşınız tamam olduğu üçün sizə əmək pensiyası təyin olunması üçün 10 il 4 ay sosial sığorta stajı və 14880,0 manat pensiya kapitalı tələb olunur. Əlavə olaraq bildirik ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Yuxarıdakıları nəzərə alaraq, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə istinadən tələb olunan pensiya kapitalınız olmadığı üçün Sizin əlilliyə görə əmək pensiyası almaq hüququnuz yoxdur. Cavabdehin etirazı: İddiaçı əlilliyə görə əmək pensiyası təyin olunması üçün müracət etmişdir. İddiaçıya əlillik təyin olunarkən 46 yaşı tamam olduğu üçün əmək pensiyası təyin olunması üçün 10 il 4 ay sosial sığorta stajı və 14880,0 manat pensiya kapitalı tələb olunur. Vətəndaşın təqdim etdiyi əmək kitabçası və 4 №-li əlavəyə əsasən 21 il 9 ay sığorta stajı və 13457,23 manat pensiya kapitalı müəyyənləşdirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi qanunvericiyə uyğun olmadığından sosial sığorta stajına daxil edilməmişdir. İddiaçının Məhkəmə qərarı əsasında 01.09.1990-cı il tarixdən 27.02.1993-cü il tarixədək X3 əyani təhsil aldığı 2 il 5 ay 26 gün müddət sığorta stajına daxil edilərsə, 01.01.2006-cı il tarixədək sosial sığorta stajı 14 il 11 ay təşkil edər. Belə olduqda isə vətəndaşın cəmi pensiya kapitalı 15263.48 manat təşkil edər və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə istinadən tələb olunan 14880,0 pensiya kapitalı tamamlanar. (15263,48 / 93 = 164.120 manat). İddiaçının 29.07.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyası almaq hüququ yaranar. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli Şəxsiyyət Vəsiqənin surəti, Cavabdeh 26.09.2019-cu il tarixli **********1 nömrəli imtina məktubu, 10.01.2020-ci il tarixli etirazı, MT-İ seriyalı 291170 nömrəli diplomun təsdiqlənmiş surəti, 10.04.1993-cü il tarixli əmək kitabçasının təsdiqlənmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. İddiaçının 01.09.1990-ci il tarixdən 27.02.1993-cü il tarixinə qədər X3 əyani təhsil alması MT-İ seriyalı 291170 nömrəli diplomun surəti ilə öz təsdiqini tapır və bu işin mübahisələndirilməyən halıdır. Cavabdeh 10.01.2020-ci il tarixli **********0 nömrəli məktubundan görünür ki, iddiaçının 01.09.1990-cı il tarixdən 27.02.1993-cü il tarixədək X3 əyani təhsil aldığı 2 il 5 ay 26 gün müddət sığorta stajına daxil edilərsə, 01.01.2006-cı il tarixədək sosial sığorta stajı 14 il 11 ay təşkil edər. Belə olduqda isə vətəndaşın cəmi pensiya kapitalı 15263.48 manat təşkil edər və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə istinadən tələb olunan 14880,0 pensiya kapitalı tamamlanar. (15263,48 / 93 = 164.120 manat). İddiaçının 29.07.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyası almaq hüququ yaranar. İddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı təhsil illərinin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə 29.07.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyası almaq hüququnun yaranmasından ibarətdir. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçının 01.09.1990-ci il tarixdən 27.02.1993-cü il tarixinə qədər X1 təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı01.09.1990-ci il tarixdən 27.02.1993-cü il tarixinə qədər X3 əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi, 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar