Məhkəmə qərarları › İş №2-1(116)-483/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-483/2022

22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-483/2022 22.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X31 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X22 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X31 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı ““Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Zaqatala rayon Gözbarax kəndində yerləşən daşınmaz əmlakla bağlı X19 adına 13 dekabr 2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə 24 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 22.04.2022-ci il tarixli, 2-1(116)-483/2022 nömrəli qərardadı ilə X30 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmənin 22.04.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X31 18 saylı Zaqatala Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, 26.07.1995-ci ildə vəfat etmiş, mərhum X14 istifadəsində Zaqatala rayonu Gözbarax kəndində 0.06 ha torpaq sahəsi və onun üzərində 1895-ci ildə inşa edilmiş fərdi yaşayış evi olmuş, 2012-ci ildə Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində fərdi yaşayış evi qəzalı vəziyyətə düşmüş və həmin yaşayış sahəsinin yerində Fövqaladə Hallar Nazirliyi tərəfindən yeni fərdi yaşayış evi tikilmişdir. Fərdi yaşayış evi tikildikdən sonra Gözbarax kəndində yerləşən, Fövqaladə Hallar Nazirliyi tərəfindən yeni inşa edilmiş fərdi yaşayış evlərinin sənədləşdirilməsi üçün Zaqatala rayon İcra Hakimiyyəti tərəfindən fərdi yaşayış evləri adlarına rəsmiləşdiriləcək şəxslərin siyahısı DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə göndərilmiş, müvafiq siyahıda həmin fərdi yaşayış evinə heç bir aidiyyəti olmayan Lətif İsayevin adı 253-cü sırada qeyd edilmişdir. Eyni zamanda Zaqatala rayon Məhkəməsinin 15.12.2017-ci il tarixli 2(033)- 944/2017 nömrəli, qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı mərhum anası X11 miras qalmış Zaqatala rayonu Gözbarax kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 1895-ci ildə inşa edilmiş, bir mərtəbəli, bir otaqlı fərdi yaşayış evini miras əmlak qismində qəbul etməsi və digər məsələlər müəyyən edilmişdir. Bundan sonra Zaqatala rayon İcra Hakimiyyəti tərəfindən DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə 25.04.2019-cu il tarixdə məktub ünvanlanaraq Fövqaladə Hallar Nazirliyi tərəfindən tikilmiş yeni fərdi yaşayış evilə bağlı RİH tərəfindən DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə təqdim olunmuş müvafiq siyahıda və aktda texniki səhv olaraq İddiaçı əvəzində X19 adının qeyd olunmasını bildirmişdir. İddiaçı müvafiq siyahıda və aktda texniki səhv olaraq Lətif İsayevin adının qeyd olunması barədə Zaqatala rayon İcra Hakimiyyətinin 25.04.2019-cu il tarixli məktubuna və Zaqatala rayon Məhkəməsinin 15.12.2017-ci il tarixli 2(033)-944/2017 nömrəli, qanuni qüvvəyə minmiş qətnaməsinə istinad edərək RX seriyalı ******* nömrəli çıxarışda fərdi yaşayış evinə münasibətdə üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh, iddia tələbinə etirazında qeyd etmişdir ki, iddia ərizəsi ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, Zaqatala rayonu, Gözbarax kəndində yerləşən fərdi yaşayış evi tam X19 və həmin evin yerləşdiyi 0,2014 ha torpaq sahəsi paylı mülkiyyət hüququ ilə digərlərinin adlarına vahid daşınmaz əmlak kimi 13.12.2016-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Həmin çıxarışın verilməsi üçün əsas Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 25.09.2003-cü il tarixli, 110 saylı qərarı ilə hazırlanmış AN 276950 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının məktubu ilə təqdim olunmuş FHN tərəfindən tikilmiş evlərin siyahısı (X19 adı 253 sırada göstərilmişdir) və digər sənədlər olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni mzəmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul olunması xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - ********** qeydiyyat nömrəli, 13.12.2016-cı il tarixli çıxarışdan görünür ki, Zaqatala rayonu Gözbarax kəndində 0.2014 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X23 tam mülkiyyət hüququ ilə Dövlət reyestrində qeydiyyata alınmışdır. - Zaqatala rayon İcra Hakimiyyətinin cavabdehə ünvanladığı 22.05.2014-cü il tarixli məktubdan və ona əlavə edilmiş siyahıdan görünür ki, Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş fərdi yaşayış evlərinin yerinə yeni inşa edilmiş evlər barədə məlumat cavabdehə təqdim edilmiş, Gözbarax kəndində FHN tərəfindən tikilmiş yaşayış evlərinin siyahısında 253 nömrəsinin qarşısında X19 adı qeyd edilmişdir. - Zaqatala rayon Məhkəməsinin 15.12.2017-ci il tarixli 2(033)-944/2017 nömrəli qətnaməsindən, 05.04.2022-ci il tarixli SDS-719 №-li məktubundan və Zaqatala rayon İcra Hakimiyyətinin 25.04.2019-cu il tarixdə cavabdehə ünvanladığı məktubdan görünür ki, məhkəmənin qanuni qüvvəsini almış, müvafiq qətnaməsinə əsasən İddiaçı 26 iyul 1995-ci il tarixdə vəfat etmiş anası X11 miras qalmış Zaqatala rayonu Gözbarax kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 1895-ci ildə inşa edilmiş, bir mərtəbəli, bir otaqlı fərdi yaşayış evin miras əmlak qismində qəbul edilməsi, qanun üzrə birinci növbə vərəsə kimi mülkiyyət hüququ üzrə həmin daşınmaz əmlaklara sahiblik, onlardan istifadə etmə və onların barəsində sərəncam verməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktlar müəyyən edilmişdir. Zaqatala rayon İcra Hakimiyyəti cavabdehə məlumat verərək, mərhum X16 məxsus Zaqatala rayonu Gözbarax kəndində yerləşən həyətyanı torpaq sahəsindəki fərdi yaşayış evinin rayonda baş vermiş məlum zəlzələ zamanı qəzalı vəziyyətə düşdüyü üçün yerində Fövqaladə Hallar Nazirliyi tərəfindən tikilmiş yeni fərdi yaşayış evilə bağlı RİH tərəfindən DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə təqdim olunmuş müvafiq siyahıda və aktda texniki səhv olaraq İddiaçı əvəzində X19 adının qeyd olunmasını bildirmişdir. - Zaqatala RİHB-nın Gözbarax kənd İƏD üzrə nümayəndəliyinin 04.02.2022-ci il tarixli 11 №-li və 06.04.2022-ci il tarixli 28 №-li məktublarından görünür ki, 26.07.1995-ci il tarixdə vəfat etmiş X14 istifadəsində olmuş 0.06 ha torpaq sahəsi ilə Zaqatala rayon AİKnın 25.09.2003-cü il tarixli 110 saylı qərarı əsasında X6 ayrılmış 2142,37 kv.m torpaq sahəsi eyni ərazilərdir. 2012-ci ildə yenidən inşa edilmiş yaşayış evi yuxarıda qeyd olunan torpaq sahəsində yerləşir. Yaşayış evi X19 adına tikilmişdir. X14 fərdi yaşayış evində onun yaşadığı müddət ərzində və vəfatından sonra oğlu X10 və oğlunun arvadı X15 yaşamışdır. Ailənin uşaqları olmamışdır. X10 26.11.2005-ci ildə, arvadı X15 isə 27.08.2011-ci ildə vəfat etmişdir. X3 Fatma Məhəmməd qızının bacısı oğludur. Onun həmin evdə yaşaması barədə nümayəndəlikdə məlumat yoxdur. 2012-ci ildə ərazidə baş vermiş zəlzələ nəticəsində yaşayış evlərinə dəymiş ziyanın qiymətləndirilməsi FHN-nin komissiyaları tərəfindən aparılmışdır. X14 fərdi yaşayış evi qəzalı hesab edilmiş və yerində sahəsi 131 kv.m olan 3 otaqlı, 1 mərtəbəli ev tikilmişdir. Yaşayış evini tikilməsindən indiyədək evdə heç kim yaşamır. - Zaqatala rayon Qeydiyyat şöbəsinin 15.04.2022-ci il tarixli məktubundan görünür ki, Ədliyyə Nazirliyi “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” informasiya sistemində yoxlama aparılaraq vətəndaşlar X12 ilə X10 arasında nikahın bağlanmasına dair akt qeydi aşkar olunmamışdır. - cavabdehin 15.02.2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Zaqatala rayon Məhkəməsinin 15.12.2017-ci il tarixli 2(033)-944/2017 nömrəli qətnaməsində qeyd olunan Zaqatala rayonu Gözbarax kəndində yerləşən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair arxiv qovluğunda hər hansı sənədlər və qeyd olunan qətnamənin icrası ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. Məktuba əlavə edilmiş siyahıda torpaq payı almış subyektlər siyahısından çıxarışda X10, X15, X24, X1 adları qeyd edilmişdir. - A 276950 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Zaqatala RAİK-nın 25.09.2003-cü il tarixli 110 saylı qərarı ilə Zaqatala rayonu Gözbarax kəndində yerləşən 2147.37 kv.m torpaq sahəsinin plan-ölçü sənədi X4 adına tərtib edilmiş və X32 kitabında 01.07.2010-cu il tarixdə 295 nömrə ilə uçota alınmışdır. - Zaqatala rayon Dövlət Arxivinin 07.02.2022-ci il tarixli, 11 №-li məktubuna əlavə edilmiş, 1985-2000-ci illərə aid təsərrüfatbaşına kitablardan X10 və X16 aid hissədən çıxarışlardan görünür ki, 185 və 186 №-li şəxsi hesab üzrə müvafiq təsərrüfatda X14, X13 və X9 adları, fərdi yaşayış evi və torpaq sahəsi (0.76, o cümlədən xüsusi mülkiyyətdə 0.20) ilə bağlı məlumatlar qeyd edilmişdir. X14 adına 1991-1995-ci illərin təsərrüfatbaşına kitabında ayrıca təsərrüfat qeyd edilmişdir. - cavabdehin 28.09.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AZ-İ 836307 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X25 26.07.1995-ci il tarixdə vəfat etmişdir. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı qyeri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19.05.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İddiaçı tərəfindən ********** qeydiyyat nömrəli, 13.12.2016-cı il tarixli çıxarışda - fərdi yaşayış evinə münasibətdə X30 ilə bağlı aparılmış qeydiyyat mübahisələndirildiyindən, məhkəmə araşdırması zamanı müvafiq çıxarışda adı qeyd olunan şəxslə bağlı aparılmış qeydiyyatın əsaslı olub-olmaması yoxlanılmış, ümumi sahəsi 107.10 kv.m olan fərdi yaşayış evi üzrə mülkiyyət hüququnun qeydə alınmasına əsas olmuş sənədlərin hüquqi təbiəti öyrənilərək, cavabdehin hərəkətlərinə hüquqi qiymət verilmişdir. İş materialları ilə müəyyən edilir ki, ********** qeydiyyat nömrəli, 13.12.2016-cı il tarixli çıxarışda - fərdi yaşayış evi üzərində X19 tam xüsusi mülkiyyət hüququnun qeydə alınmasına əsas Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 25.09.2003-cü il tarixli, 110 saylı qərarı ilə hazırlanmış AN 276950 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və Zaqatala Rayon İcra Hakimiyyəti başçısının məktubu ilə təqdim olunmuş FHN tərəfindən tikilmiş evlərin siyahısı olmuşdur. Belə ki, müvafiqi siyahıda Lətif İsayevin adı 253-cü sırada göstərilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi 2147.37 kv.m torpaq sahəsinə münasibətdə Lətif İsayevin adı torpaq payı almaq hüququ olan subyektər siyahısında olsa da, nəzərə alınmalıdır ki, 2012-ci ildə Gözbarax kəndində baş vermiş zəlzələ nəticəsində X14 təsərrüfatında olmuş fərdi yaşayış evi qəzalı hesab edilmiş və yerində sahəsi 131 kv.m olan 3 otaqlı, 1 mərtəbəli yeni fərdi yaşayış evi tikilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxsin həmin fərdi yaşayış evinə heç bir aidiyyəti olmamışdır. Belə ki, o, həmin fərdi yaşayış evinə heç bir aidiyyəti olmayan mərhum X7 bacısı oğludur. Gözbarax kəndi üzrə qeyd olunan təsərrüfatın 1985-2000-ci illərə aid təsərrüfatbaşına kitablarında üçüncü şəxsin adı ümumiyyətlə yoxdur. Mübahisəli fərdi yaşayış evinin isə təsərrüfat başçısı olmuş mərhum Mominət Həsənovanın istifadəsində olması işin mübahisəsiz halıdır. 2012-ci ildə yenidən inşa edilmiş yeni yaşayış evi və Zaqatala rayon AİK-nın 25.09.2003-cü il tarixli 110 saylı qərarı əsasında X4 adına tərtib edilmiş plan ölçü sənədində qeyd olunan 2142,37 kv.m torpaq sahəsi, mərhum X14 istifadəsində olmuş 0.06 ha torpaq sahəsi ilə eyni ərazidə yerləşdiyindən, cavabdeh orqan müvafiq torpaq sahəsində yerləşən fərdi yaşayış evinə münasibətdə Zaqatala rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş, 15.12.2017-ci il tarixli 2(033)-944/2017 nömrəli qətnaməsinin tələblərini yəni, İddiaçı mərhum anası X11 miras qalmış, Zaqatala rayonu Gözbarax kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində yerləşən 1895-ci ildə inşa edilmiş, bir mərtəbəli, bir otaqlı fərdi yaşayış evini miras əmlak qismində qəbul etməsini, qanun üzrə birinci növbə vərəsə kimi mülkiyyət hüququ üzrə həmin daşınmaz əmlaklara sahiblik, ondan istifadə etmə və sərəncam verməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsini nəzərə almalı idi. İstinad olunan qətnamədən görünür ki, Gözbarax kənd XDS İK-nin 1966-1968-ci illərin təsərrüfatbaşına kitabda ailə tərkibi X11, X20, X2, İddiaçı və X5 ibarət olmuşdur. Həmin təsərrüfatda 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən 1895-ci ildə tikilmiş 1 otaqlı yaşayış evi, 1 göz dam tikilmişdir. Bundan başqa fərdi yaşayış evi üzərində üçüncü şəxsin mülkiyyət hüququnu dövlət qeydiyyatına alan cavabdeh, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının məktubu ilə təqdim olunmuş FHN tərəfindən tikilmiş evlərin siyahısında üçüncü şəxsin adının qeyd olunmasını nəzərə aldığı kimi, həmin siyahıda texniki səhvə yol verilərək, İddiaçı əvəzində X19 adının qeyd olunması ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyətinin 25.04.2019-cu il tarixli məktubunu da nəzərə almalı, texniki səhv nəticəsində aparılmış müvafiq qeydiyyatı ləğv etməli idi. Odur ki, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının məktubu ilə təqdim olunmuş FHN tərəfindən tikilmiş evlərin siyahısında səhvə yol verilməsi (iddiaçının adının qeyd edilməli olması ilə bağlı) Zaqatala rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş, 15.12.2017-ci il tarixli 2(033)-944/2017 nömrəli qətnaməsi ilə sübuta yetirildiyindən, cavabdeh orqanın ********** qeydiyyat nömrəli, 13.12.2016-cı il tarixli çıxarışda fərdi yaşayış evi üzərində X19 tam mülkiyyət hüququnu dövlət qeydiyyatına alması əsassız olmuşdur. Məhkəmə tərəfindən 07.09.2010-cu il tarixli 510 və 511 saylı məktubların verilməsinə əsas olmuş notariat işində olan mövcud materiallar 01.04.2022-ci il tarixdə Zaqatala Rayon 2№-li notariat ofisindən tələb edilmiş, lakin həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilən sənədlər əsasında mübahisəli fərdi yaşayış evinə münasibətdə üçüncü şəxsin mülkiyyət hüququnun qeydə alınmasına əsas olan sənədlər məhkəməyə təqdim edildiyindən və həmin sənədlərə əsasən, müvafiq qeydiyyatın aparılması əsasının inzibati orqanın faktiki xarakterli hərəkətlərinin olması müəyyən edildiyindən Zaqatala Rayon 2№-li notariat ofisinə verilmiş sorğunun cavabının alınması zərurəti aradan qalxmışdır. Hazırki iş üzrə iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan iddiaçı, tələbində qeyd etdiyi öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə iddiaçı, mübahisələndirilən çıxarışda fərdi yaşayış evi üzərində üçüncü şəxsin mülkiyyət hüququnun ləğvini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh həmin çıxarışın fərdi yaşayış evi ilə bağlı üçüncü şəxsə münasibətdə aparılmış qeydiyyatın ləğv edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış (2.3-cü bənd) zəruri sənəd olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan faktiki xarakterli digər fəaliyyətinin (hərəkətlərinin) mübahisələndirilməsinə dair işlərə isə öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qaldırmaqla baxılmalıdır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X31 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Zaqatala rayon Gözbarax kəndində yerləşən daşınmaz əmlakla bağlı X19 adına 13 dekabr 2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə 24 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar