Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-483/2023 15.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı ünvan 1 ünvanında yerləşən “Kür” bağçılıq təsərrüfatı tərəfindən istifadəsinə verilmiş 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, adına çıxarış və texniki pasportun verilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri, İ.Qasımov küçəsi 1-ci dalan, 35C ünvanında yerləşən “Kür” bağçılıq təsərrüfatı tərəfindən istifadəsinə verilmiş 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, adına çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Mingəçevir şəhər qum-çınqıl karxanasının "Kür" bağçılıq təsərrüfatı tərəfindən iddiaçıya 0,06 ha bağ torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsini hasara alaraq bağçılıqla məşğul olur. Sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar ərizə ilə cavabdehə müraciət etmiş, lakin bu barədə çıxarışın verilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Həmin torpaq sahəsi ünvan 2 ünvanında yerləşməklə 0,06 ha-dan ibarətdir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair imtina məktubundan görünür ki, həmin torpaq sahəsinin üzərindən yüksək gərginlikli hava elektrik xətti keçir. Həmin torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən torpaq sahəsi ilə elektrik xətti arasında olan mühafizə zolağı gözlənilməmişdir. İddiaçı hesab edir ki, burada onun tərəfindən heç bir qanunsuz hallara yol verilməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********55 nömrəli imtina məktubunda qeyd etmişdir ki, istifadənizdə olan bağ sahəsinə dair ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX 17 saylı Yevlax ərazi idarəsinə təhvil verilmiş Mingəçevir şəhəri Qum-Çınqıl karxanasının “Kür” bağçılığının adlı siyahısında İddiaçı adı qeyd edilməmişdir. Torpaq sahəsi üzərində inventarlaşdırma işləri aparılan zaman məlum olmuşdur ki, iddiaçının sənədləşdirmək istədiyi torpaq sahəsinin üzərindən yüksək gərginlikli hava elektrik xəttləri keçir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən torpaq sahəsi ilə elektrik xətti arasında olan mühafizə zolağı gözlənilməlidir. Bununla da torpaq sahəsi ilə elektrik xətti arasında olan qorunma zolağı gözlənilməmişdir. Qeyd olunan səbəblərdən ünvan 2 ünvanında yerləşən Mingəçevir şəhəri Qum-Çınqıl karxanasının “Kür” bağçılığı tərəfindən verilmiş 0,06 ha bağ torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsi imkan xaricindədir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizənin icrası mümkün olmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********81 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etməklə hazırkı iddia tələbinə münasibətini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, torpaq sahəsinin ilkin hüquq sahibi ilə iddiaçının arasında şifahi razılaşma əsasında qeyri-rəsmi alqı-satqı aparılmışdır. Lakin aralıqda olan şifahi razılaşma hazırkı vəziyyətə və o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun mövcud tələblərinə əsasən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dəlalət vermir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mövcud tələblərinə əsasən yalnız üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak alqı-satqı predmeti ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1-ci maddəsində qeyd olunur ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Həmin məcəllənin 144.3-cü maddəsində qeyd olunur ki, Notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-483/2023 nömrəli qərardadı ilə Mingəçevir bələdiyyəsi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri qaydada cəlb edilmişdir. Üçüncü şəxs Mingəçevir bələdiyyəsi tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə daxil olmamışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxs Mingəçevir bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. İddiaçı tərəfindən iddia ərizəsində göstərilən və yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan 4 ünvanına göndərilmiş məhkəmə bildirişi poçt xidməti tərəfindən “köçüb” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. “Kür” kollektiv bağçılıq təşkilatının pasportundan görünür ki, Mingəçevir şəhər XDS İK-nın xx.xx.1991-ci il tarixli, 508 nömrəli qərarına əsasən Mingəçevir çınqıl-beton zavodunun “Kür” kollektiv bağçılıq təsərrüfatı tərəfindən iddiaçıya 600 kv.m torpaq sahəsi ayrılmışdır. Pasport xx.xx.1994-cü ildə tərtib edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş Mingəçevir çınqıl-beton zavodunun işçilərinin, bağçılıq təsərrüfatına daxil olanların 1988-ci ilə aid siyahısının təsdiq olunmuş arxiv nüsxəsində həmin siyahıda iddiaçının soyadı və adı aşkar edilməmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş: “Kür” bağçılıq yoldaşlıq təsərrüfatının pasportunun surətindən görünür ki, Mingəçevir şəhər XDS İK-nın xx.xx.1991-ci il tarixli, 508 nömrəli qərarına əsasən Mingəçevir çınqıl-beton zavodunun “Kür” kollektiv bağçılıq təsərrüfatı tərəfindən X2 600 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sxem, plan və ölçü tərtib edilməmişdir. Dövlət arxivinin Mingəçevir filialının xx.xx.2022-ci il tarixli, T-196 nömrəli arxiv arayışında qeyd olunur ki, “Kür” bağçılıq təsərrüfatının arxiv sənədləri filiala mühafizə edilməsi üçün təhvil verilməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-35/2-252/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, iddiaçının naturada göstərdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatlar, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Elektron məlumat bazasında mövcud olan “X1 X3”nə əsasən iddiaçının naturada göstərdiyi 540 kv.metr torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçisi Mingəçevir şəhəri, Mingəçevir bələdiyyəsidir. İddiaçı naturada göstərdiyi torpaq sahəsinin üzərindən 110 kv-luq yüksək gərginlikli hava elektrik xətləri keçir. İddiaçı naturada göstərdiyi torpaq sahəsi yüksək gərginlikli elektrik xətlərinin qorunma zolağında yerləşir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 saylı sərəncamına əsasən, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə araşdırması nəticəsində və müvafiq mütəxəssis rəyinə istinadən müəyyən edilmişdir ki, iddia tələbində dövlət reyestrində qeydiyyata alınması tələb olunan torpaq sahəsi Mingəçevir bələdiyyəsinin mülkiyyətinə aiddir. Qanunvericiliyin tələblərinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Sözügedən halda isə bələdiyyə tərəfindən mülkiyyətində olan torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı hər hansı qərar qəbul edilməmişdir. Həmçinin sözügedən mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, naturada göstərdiyi torpaq sahəsinin üzərindən 110 kv-luq yüksək gərginlikli hava elektrik xətləri keçir. Eyni zamanda Məhkəmə həmçinin zəruri olaraq qeyd edir ki, iddiaçının adı bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında təsbit edilmədiyindən, iddiaçı ona ayrılmış torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən hüquqi və texniki sənədlərə malik olmadığından iddia tələbinin təmin olunması istisna edilir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışın daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunduğu təsbit edilməsinə baxmayaraq, məhkəmə araşdırması nəticəsində Mingəçevir çınqıl-beton zavodunun işçilərindən bağçılıq təsərrüfatına daxil olanların siyahıda iddiaçının soyadı və adı aşkar edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı ünvan 1 ünvanında yerləşən “Kür” bağçılıq təsərrüfatı tərəfindən istifadəsinə verilmiş 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, adına çıxarış və texniki pasportun verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-483/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-483/2023
15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver