Məhkəmə qərarları › İş №2-1(116)-483/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-483/2024

26.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-483/2024 26.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi NurNümayəndə Hafiz oğlunun iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 Fəxrəddin oğlu və X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 59 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı4, İddiaçı3 Fəxrəddin oğlu və X1 təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün verilmiş 7,35 ha torpaq sahəsinin faktiki istifadədə olan 73464 kv.m hissəsi üzərində iddiaçıların ümumi birgə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçıların nümayəndəsi və vəkili cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 59 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı4, İddiaçı3 Fəxrəddin oğlu və X1 təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün verilmiş 7,35 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, Şəki rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı4, İddiaçı3 Fəxrəddin oğlu və X1 təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 7,35 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə 18 may 1999-cu il tarixli JN 102 kod 40412028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı işlənmişdir. Həmin aktda mülkiyyətçi olaraq İddiaçı1, İddiaçı4, İddiaçı3 Fəxrəddin oğlunun və X3 adları qeyd olunmuşdur. İddiaçılar hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin müraciət təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-S-00378/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, sözügedən torpaq sahəsinə dair arxiv məlumatlarında Şəki rayonu, Qozlubulaq kəndində yerləşən 7,35 ha torpaq sahəsinin "xxxx" ASC-nin xeyrinə yüklü olması barədə məlumat olmasa da, 16 noyabr 2012-ci il və 29 dekabr 2013-cü il tarixlərdə "xxxx" ASC-nin xeyrinə bildirişin qeydiyyatı aparıldığından ərizənin icrası mümkün olmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-39/2-3124/2023 nömrəli “İddiaya qarşı rəsmi münasibət bildirilməsi barədə” məktubunda qeyd etmişdir ki, iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etməklə iddia tələbinə dair münasibətini bildirmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-1(116)-2727/2023 nömrəli qərardadı ilə "xxxx" açıq səhmdar cəmiyyəti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşdur. Üçüncü şəxs "xxxx" ASC tərəfindən məhkəməyə iddia tələbinə dair münasibət (etiraz) daxil olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 59 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı4, İddiaçı3 Fəxrəddin oğlu və X1 təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün verilmiş 7,35 ha torpaq sahəsinin faktiki istifadədə olan 73464 kv.m hissəsi üzərində iddiaçıların ümumi birgə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçıların iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçılar məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişlər. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan: "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-2184/2023 nömrəli məktubuna əlavə olunmuş subyektlər siyahısının təsdiq olunmuş surətindən görünür ki, siyahıda 9-cu sırada İddiaçı1 adı ailə başçısı olmaqla İddiaçı4, X11 və İddiaçı3 Fəxrəddin oğlunun adları qeyd olunmuş, siyahı Şəki rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq olunmuşdur. Cavabdehin etiraz məktubuna əlavə olunmuş JN-102 kod 40412028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, Şəki rayon AİK-nın xx.xx.1998-ci il tarixli 59 nömrəli qərarı ilə 7,35 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədli torpaq sahəsi İddiaçı1, İddiaçı4, X11 və İddiaçı3 Fəxrəddin oğluna verilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-3742/2023 nömrəli məktubuna əlavə olunmuş cədvəldən görünür ki, cədvəldə 9645 nömrəsi ilə İddiaçı1 adı yazılmış, adının qarşısında ümumi torpaq sahəsi qrafasında “7,35”, dövlət aktının nömrəsi qrafasında “JN 102” qeyd olunmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-3728/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı1 istifadəsində olan torpaq sahəsi faktiki olaraq 73464 kv.m-dir. Həmin torpaq sahəsi TEKUİS məlumat bazasında kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, uqodiyası əkin kimi göstərilmiş xüsusi mülkiyyətdə olan ərazidir. TEKUİS məlumat bazasına əsasən iddia edilən torpaq sahəsinin faktiki vəziyyətdə digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi yoxdur. Sənəd üzrə olan torpaq sahəsi ilə faktiki istifadə olunan torpaq sahəsi qismən uyğunluq təşkil edir. İddiaçının nümayəndəsinin bildirdiyinə görə halhazırda həmin torpaq sahəsi iddiaçı tərəfindən istifadə olunur. Döngə nöqtələri, koordinatları, sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-16/2015 nömrəli xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş xx.xx.2015-ci il tarixli 2(075)-16/2015 nömrəli qətnamə ilə iddiaçı "xxxx" ASC iddiası qismən təmin edilmiş, cavabdeh "xxxx" X31 İstehsal Müəssisəsi MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə 9920 ABŞ dolları əsas kredit borcu, 62419 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları dəbbə pulu, cəmi 77.339 ABŞ dolları kredit borcu məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə tutulması qət edilmişdir. İddia "xxxx" X31 İstehsal Müəssisəsi MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə 0,23 ABŞ dolları faizin, 28.906,56 ABŞ dolları məbləğində dəbbə pulunun, 300 manat DƏDRXə və Notariat kontoruna ödənilmiş xərclərin ödənilməsi, "xxxx" DKTİ MMC ilə bank arasında 17 oktyabr 2003-cü il tarixdə bağlanmış 01 nömrəli ipoteka müqaviləsi üzrə tutmanın X6 mülkiyyətində olan Şəki rayonunun Turan qəsəbəsində yerləşən sahəsi 84,40 kvm olan yaşayış evinə, 17 oktyabr 2003-cü il tarixli 03 nömrəli ipoteka müqaviləsi üzrə X12 mülkiyyətində olan Şəki rayonunun Turan qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 8,21 ha torpaq sahəsinə, X4 mülkiyyətində olan Şəki rayonunun Turan qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 14,89 ha torpar sahəsinə, X13 mülkiyyətində olan olan Şəki rayonunun Turan qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 24,77 ha torpaq sahəsinə, X8 mülkiyyətində olan Şəki rayonunun Turan qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 13,68 ha torpaq sahəsinə, X16 mülkiyyətində olan Şəki rayonu Turan qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 0,06 ha torpaq sahəsinə, İddiaçı1 mülkiyyətində olan Şəki rayonunun Turan qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 7,35 ha torpaq sahəsinə, X7 mülkiyyətində olan Şəki rayonunun Turan qəsəbəsində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 10,49 ha torpaq sahəsinə yönəldilməsi, əmlakların açıq hərracdan satılması, əldə edilmiş pul vəsaiti hesabına kredit tələbinin ödənilməsi, qalan məbləğin cavabdehlərə qaytarılması, əmlaklar satıldıqdan sonra 1 ay müddətində cavabdehlərin həmin əmlaklardan çıxarılması tələbinə dair hissələri təmin edilməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X22, X17, X18 və X9 iddiaları təmin edilmişdir. İddiaçı "xxxx" ASC-nin Şəki filialının borclu "xxxx" X31 İstehsal Müəssisəsi MMC, X23 və qeyriləri arasında Şəki rayonu Turan qəsəbəsində yerləşən JN-0097 KOD ********* saylı torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətdə olan X8 adından 13,68 ha torpaq sahəsinin yüklü edilməsi barədə 17 oktyabr 2003-cü il tarixli 3 saylı ipoteka müqaviləsinin, ipoteka verən bəndində 4-cü göstərilən X14 aid olan ipoteka müqaviləsinin həmin hissəsi etibarsız hesab edilməsi qərara alınmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddiası təmin edilmişdir. İddiaçı "xxxx" ASC-nin borclu "xxxx" X31 İstehsal Müəssisəsi MMC və ipoteka verən X19 arasında Şəki rayonunun Turan qəsəbəsində yerləşən, mülkiyyət hüququna dair 114 nömrəli qeydiyyat vəsiqəsinə əsasən X6 mülkiyyətindəki, sahəsi 84,40 kv.m olan yaşayış evinin yüklü edilməsi barədə 17 oktyabr 2003,-cü il tarixli 1 saylı ipoteka müqaviləsi etibarsız hesab edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(075)-16/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, mülki işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 oktyabr 2015-ci il tarixli, 19094 saylı məhkəmə xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Şəki şəhər 2 saylı dövlət notariat kontoruna məxsus 3M-89 nömrəli işin 70-82-ci vərəqələrində "xxxx" ASC ilə X24, X15, X25, X23, X27, İddiaçı1, X20 və "xxxx" X31 İstehsal Müəssisəsi MMC arasında bağlanmış 3 nömrəli 17 oktyabr 2003-cü il tarixli ipoteka müqaviləsinin “Mündəricat” hissəsinin sonunda “X10” yazılarından əvvəlki imza, həmin müqavilənin sonunda “Tərəflərin hüquqi ünvan və rekvizitləri” yazılarından aşağıda “İddiaçı1” soyadı önündəki imza, həmin işin 68-ci vərəqəsində İddiaçı1 adından olan ərizənin sonunda “İmza” sözü qarşısındakı imza-İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4950/2016 nömrəli xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(075)-16/2015 nömrəli qətnaməsindən iddiaçı "xxxx" açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(107)-565/2016 nömrəli qətnaməsi ilə təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(075)-16/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(107)- 565/2016 nömrəli qətnaməsindən iddiaçı "xxxx" açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4950/2016 nömrəli xx.xx.2016-cı il tarixli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(107)- 565/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli iddiaya qarşı rəsmi münasibət bildirməsi barədə məktubunda qeyd etmişdir ki, “ərizəyə baxılması zamanə ərazi idarəsinin arxiv məlumatlarında Şəki rayonu Qozlubular kəndində yerləşən 7,35 ha torpaq sahəsinin Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə ipoteka ilə yüklü olması barədə məlumat olmasa da, həmin torpaq sahəsinə dair xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixdlərdə Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə bildirişin qeydiyyatı aparıldığından ərizəçiyə xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-S-0037-8/2023 nömrəli imtina məktubu verilmişdir”. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 4.2-ci maddəsinə görə bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 9.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün), dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən göründüyü kimi iddiaçıların üzərində ümumi birgə mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsinə münasibətdə hərhansı yüklülüyün müəyyən edilməsi barədə mülki hüquqi əqd və ya inzibati akt aşkar edilməmişdir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(075)-16/2015 nömrəli qətnaməsi ilə iddiaçıların ümumi birgə mülkiyyətində olan torpaq sahəsinə münasibətdə cavabdehin yüklülüyün qeydə alınmasına əsas qismində göstərdiyi iddia tələb təmin edilməmiş, iş üzrə sübut qismində istinad olunan ipoteka müqavilələrində F.Süeyidovun imzasının olmadığı müəyyən edilmişdir. Bununla yanaşı cavabdeh iddia tələbinə etirazında ərazi idarəsinin arxiv məlumatlarında Şəki rayonu Qozlubulaq kəndində yerləşən 7,35 ha torpaq sahəsinin "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü olması barədə məlumatın olmadığını bildirmişdir. Həmçinin iş üzrə mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı1 istifadəsində olan torpaq sahəsinin ölçüsü faktiki olaraq 73464 kv.m-dir. Həmin torpaq sahəsi TEKUİS məlumat bazasında kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, uqodiyası əkin kimi göstərilmiş xüsusi mülkiyyətdə olan ərazidir. TEKUİS məlumat bazasına əsasən iddia edilən torpaq sahəsinin faktiki vəziyyətdə digər subyektlərə məxsus torpaq sahələri ilə üstüstə düşməsi yoxdur. Sənəd üzrə olan torpaq sahəsi ilə faktiki istifadə olunan torpaq sahəsi qismən uyğunluq təşkil edir. Hal-hazırda həmin torpaq sahəsi iddiaçı tərəfindən istifadə olunur. Belə olan halda cavabdeh üzərində heç bir yüklülük qeydə alınmamış torpaq sahəsinə münasibətdə yüklü olma barədə məlumat əsasında hüquqların qeydə alınmasından imtinası əsassız olmuşdur. Cavabdehin qeyd olunan imtina əsasına münasibətdə məhkəmə həmçinin bildirir ki, hazırkı vəziyyətdə iddiaçıların artıq mövcud olan və dövlət aktı əsasında rəsmiləşdirilmiş hüquqlarına münasibətdə, mübahisəli torpaq sahəsinin yenidən həmin şəxslərin adına rəsmiləşdirilməsi hətta yüklülüyün mövcud olması ehtimalında belə, həmin yüklülüyün aradan qaldırılması anlamına gəlməyəcəkdir. Belə ki, mübahisəli torpaq sahəsinə münasibətdə mülkiyyətçilər sırasında hər-hansı dəyişiklik mövcud deyildir, iddiaçılar köhnə mülkiyyət sənədinə istinadən yeni mülkiyyət sənədinin, yəni çıxarışın verilməsini tələb etməkdədirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.11-ci maddəsinə əsasən dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 59 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı4, İddiaçı3 Fəxrəddin oğlu və X1 təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün verilmiş 7,35 ha torpaq sahəsinin faktiki istifadədə olan 73464 kv.m hissəsi üzərində iddiaçıların ümumi birgə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 59 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı4, İddiaçı3 Fəxrəddin oğlu və X1 təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün verilmiş 7,35 ha torpaq sahəsinin faktiki istifadədə olan 73464 kv.m hissəsi üzərində iddiaçıların ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar