Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-483/2025 14.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Velicanova Fidan Telman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Balakən şəhəri, S.Əsgərova küçəsində (əvvəlki Qasbinə kəndində) yerləşən 0,22 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Onun həmin əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 8 iyun 2023-cü il tarixdə qeydiyyata alınmış və bu barədə ona Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən reyestrdən çıxarış və “torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Sözügedən torpaq sahəsinin kateqoriyası, yəni məqsədli təyinatı yaşayış məntəqələri torpaqlarına aiddir. İddiaçı həmin torpaq sahəsində onun sifarişi ilə "xxxx" MMC tərəfindən hazırlanmış, inşa olunması nəzərdə tutulan 3 mərtəbəli, hündürlüyü 10,7 m, hər mərtəbəsinin sahəsi 438,4 kv.m olan fərdi yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsini Balakən Rayon İcra Hakimiyyətinə təqdim edərək, tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə məlumat vermişdir. Balakən RİH-in iddiaçıya ünvanlanmış cavab məktubunda layihəyə dair irad bildirilməmişdir. Bundan sonra İddiaçı sifarişi ilə mülkiyyətində olan 0,22 ha torpaq sahəsində müvafiq tikinti işlərinə başlanılmış və başa çatdırıldıqdan sonra o, Balakən RİH-ə yenidən müraciət edərək bu barədə bildirmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsi iddiaçının qaldırdığı məsələnin həllindən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, fərdi yaşayış evi eskiz layihəyə uyğun inşa edilməmiş, daxili quraşdırma işləri başa çatdırılmamışdır. İddiaçı cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinin imtinasını mübahisələndirərək, ona qarşı «fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi» barədə iddia tələbini irəli sürməklə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. İddiaçının mövqeyi belədir ki, cavabdeh inzibati orqan onun müraciətini obyektiv araşdırmamaqla və qanunla üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirməməklə qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdehin imtina üçün gətirdiyi dəlillər işin araşdırılan halları və mövcud qanunvericilik normaları ilə təkzib edilir. İmtina üçün istinad olunan hallar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını nəzərdə tutan 15-ci maddəsindən də irəli gəlmir. Ümumiyyətlə imtina əsası kimi göstərilən hallar mövcud deyil. Məhkəmə tərəfindən baxış keçirilərsə, imtinanın tamamilə əsassız olduğu müəyyən ediləcəkdir. Göstərilənlərə və «İnzibati icraat haqqında» Qanunun 13, 18, 19-cu maddələrinə, «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət verilməsi haqqında» Qanunun 6-cı maddəsinə əsaslanaraq, cavabdehin üzərinə fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin qoyulması məhkəmədən xahiş olunur. Cavabdeh iddiaya etiraz edir və mövqeyini onunla əsaslandırır ki, İddiaçı fərdi yaşayış evinə mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınması ilə bağlı Ərazi İdarəsinə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, fərdi yaşayış evi eskiz layihəyə uyğun inşa edilməmişdir. Bundan əlavə fərdi yaşayış evində daxili tikinti quraşdırma işləri başa çatdırılmamışdır. Buna görə də ərizənin icrası Ərazi İdarəsi tərəfindən mümkün olmamış və bu barədə ərizəçiyə müvafiq məktub ünvanlanmışdır. İddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın təmin olunmamasını xahiş etdi. Əsaslandırma hissə : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsi iddiaçının müvafiq müraciətinə baxaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Balakən rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Balakən rayonu ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinin iddiaçının müraciəti üzrə fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. «İnzibati icraat haqqında» Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (maddə 13.1). Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (maddə 13.3). İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67 – 69-cu maddələri də təminatlara şamil olunur (maddə 13.4). Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240-cı maddəsinə görə torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər (maddə 240.1). Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir (maddə 240.2). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 20-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış məntəqələrinin baş planları mənzil, sənaye, mədəni-məişət obyektlərinin tikintisi və başqa tikintilər, əhalinin istirahət yerlərinin müəyyənləşdirilməsi və abadlaşdırılması üçün şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. Baş plan əsasında hazırlanmış planlaşdırma və tikinti layihələri tikinti üçün torpaqlardan istifadəni müəyyən edir. Həmin Məcəllənin 58-ci maddəsinin 1-ci hissəsinə görə torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə görə bu Məcəllənin 79 – 80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə görə barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin Məcəllənin 80.4-cü maddəsinə görə sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 80.6-cı maddəsinə görə bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsinə əsasən tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda həmin müddətin bitdiyi andan dərhal bu barədə məlumatın Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.10) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: (8.0.10.2) məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat. İPM-in 12-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (maddə 12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). Məhkəmə icraatının gedişində məhkəmə tərəfndən DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinə aşağıdakı məzmunda 9 sentyabr 2024-cü il tarixli sorğu məktubu ünvanlanmışdır: - Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş yazılı etirazında fərdi yaşayış evinin eskiz layihəyə uyğun inşa edilmədiyi qeyd edilmiş, lakin uyğunsuzluğun nədə ibarət olduğu aydın göstərilməmişdir. Odur ki, təqdim edilmiş etirazın məzmununun aydınlaşdırılması və hüquqların dövlət qeydiyyatına alınmasını mümkünsüz edən uyğunsuzluqlar barədə ətraflı məlumat verilməsi tələb olıunur. Cavabdeh inzibati orqan DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 25 sentyabr 2025-ci il tarixli cavab məktubunda aşağıdakılar bildirilmişdir: - Layihədə sözügedən binanın ön divarının inşası düz xətt üzrə nəzərdə tutulsa da, faktiki olaraq giriş sahəsinin divarı hər 3 mərtəbədə 0,09 m içəridən inşa edilmişdir. Bundan başqa, ərizənin icrası ilə bağlı təqdim olunan fərdi yaşayış evinin layihəsinə (memarlıq planlaşdırma bölməsinə) baxılan zaman və eyni zamanda texniki inventarlaşdırma işləri aparmaq məqsədilə daşınmaz əmlaka baxış keçirərkən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evi kimi qeydiyyata alınması nəzərdə tutulan tikilinin aşkar şəkildə çoxmənzilli (apartman tipli) yaşayış binası olduğu məlum olmuşdur. Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 21 noyabr 2023-cü il tarixli 3-35/3-2-6/2023 nömrəli qərarı ilə təsdiq olunmuş AZDTN 2.7-3 “Fərdi yaşayış evlərinin layihələndirmə normaları”nın tələblərinə əsasən yerüstü mərtəbələrinin saylı 3-dən çox olmayan, otaqlardan, həmçinin məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, bir ailənin yaşaması üçün nəzərdə tutulan yaşayış evi fərdi yaşayış evi hesab olunur. Həmin qərarla təsdiq olunmuş AZDTN 2.7.2 “Yaşayış binalarının layihələndirmə normaları”nın tələblərinə əsasən iki və daha çox mənzildən ibarət, mənzillərinin ümumi istifadə sahələri və mühəndis sistemləri olan yaşayış binası çoxmənzilli yaşayış binası hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalar, qeyri-yaşayış binaları və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinin dövlət qeydiyyatı üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas sayılır. DƏDKR tərəfindən çoxmənzilli (apartman tipli) yaşayış binalarının dövlət qeydiyyatına alınması ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktub ünvanlanmışdır. Komitənin cavab məktubunda çoxmənzilli (apartman tipli) yaşayış binalarının məlumatlandırma icraatı predmeti olmadığı bildirilmişdir. İş materiallarında olan Balakən RİH-in hazırkı İddiaçı ünvanlanmış 60 saylı 14 iyul 2023-cü il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Balakən şəhəri, Salatın Əsgərova küçəsində (əvvəlki ünvan Qasbinə kəndində) ona məxsus olan 0,22 ha torpaq sahəsində tikintisi nəzərdə tutulan və məlumatlandırma icraatı tətbiq olunan fərdi yaşayış evinin tikinti niyyətinə dair məlumatlar Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Tikintilərin Dövlət Reyestrinə daxil edilmişdir. Təqdim edilən memarlıq-planlaşdırma bölməsi qanunauyğundur. Yaşayış evinin təqdim edilən layihə əsasında tikilməsi tövsiyə olunur. Məhkəmənin iş üzrə 11 sentyabr 2024-vü il tarixli qərardadı ilə məhkəmə tikinti-ekspertizası təyin edilmiş və ekspertiza qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur: - Balakən şəhəri, Salatın Əsgərova küçəsində 0,22 ha torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi iş materiallarında olan, həmin evə dair memarlıq-planlaşdırma bölməsinə uyğundurmu (uyğunsuzluq olduğu halda, bunun nədə ifadə olunması göstərilməklə)? Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinn 3-16-16/2-10/7653/2024 saylı 21 aprel 2025-ci il tarixli məktubu ilə X3 Məhkəməsinə təqdim olunmuş müvafiq ekspert rəyində aşağıdakılar bildirilmişdir: - Balakən şəhəri, Salatın Əsgərova küçəsində 0,22 ha torpaq sahəsində inşa edilmiş mübahisə predmeti olan tikilinin texniki göstəricilərinin iş materiallarında olan həmin tikiliyə dair "xxxx" MMC tərəfindən tərtib edilmiş memarlıq planlaşdırma həllində qeyd olunan texniki göstərilər ilə uyğunluğu müəyyən olunmuşdur. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı mülkiyyətində olan və təyinatı buna imkan verən torpaq sahəsində fərdi yaşayış evinin tikintisi niyyəti barədə qabaqcadan müvafiq səlahiyyətli orqan kimi yerli icra hakimiyyətinə (Balakən RİH-ə) məlumat vermiş, həmin qurum isə layihəyə nəinki irad bildirməmiş, hətta onun memarlıq-planlaşdırma bölməsinin qanunauyğun olduğunu və məlumatların Tikintilərin Dövlət Reyestrinə daxil edildiyini bəyan etmişdir. Məhkəmə «İnzibati icraat haqqında» Qanunun 13-cü maddəsinin tələbləri baxımından belə qənaətə gəlir ki, iddiaçı müvafiq səlahiyyətli yerli icra hakimiyyəti orqanının yazılı bəyanatına etimad göstərərək sifarişi ilə fərdi yaşayış evini tikdirdiyindən, öz iradəsindən asılı olan hallar üzrə öhdəliyini yerinə yetirdiyindən, onun etimadı qanunla qorunur. Məhkəmə qeyd edir ki, mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin iddiaçının sifarişi ilə aparılmış tikintisinin təqdim olunmuş layihəyə uyğunluğu isə hazırkı iş üzrə aidiyyəti təşkilatdan alınmış və tədqiq olunmuş ekspert rəyi ilə təsdiqlənir. Məhkəmə icraatında həmin rəydə qeyd olunanların təkzib olunması ilə bağlı xüsusatlar müəyyən edilmədiyindən, məhkəmə rəylə razılaşır və onu mötəbər sübut qismində qiymətləndirir. Belə olan halda, İddiaçı mülkiyyətində olan, Balakən şəhəri, S.Əsgərova küçəsində yerləşən, kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarına aid 0,22 ha torpaq sahəsində 3 mərtəbəli, hündürlüyü 10,7 m, hər mərtəbəsinin sahəsi 438,4 kv.m olan fərdi yaşayış evi onun sifarişi ilə məlumatlandırma icraatına əməl edilməklə inşa olunmuş sayılır. Tikinti başa çatdırılıqdan sonra da iddiaçı bu barədə yerli icra hakimiyyəti orqanına məlumat vermişdir. Məhkəmənin qənaətinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.2-ci maddəsinə və Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə əsasən sözügedən əmlaka mülkiyyət hüququ əldə etmişdir. Nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Məhkəmə vurğulayır ki, daşınmaz əmlak obyektləri üzərində hüquqların reyestrdə qeydiyyatı üzrə inzibati icraatda hazırkı iş üzrə cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətlərinə müvafiq ərizənin və ona əlavə edilmiş sənədlərin (o cümlədən dövlət rüsumunun ödənilməsinə dair sənədin) qəbul edilməsi, sənədlərdəki məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (mövcud olduğu halda), bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi kimi hərəkətlər daxildir. Odur ki, iddiaçı qanunda nəzərdə tutulan sənədləri, yəni torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikintini başa çatdırdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana məlumatın göndərilməsini təsdiq edən sənəd təqdim etdiyi halda, ondan reyestrdə qeydiyyat aparılmasını təmin edən orqan kimi hazırkı cavabdeh əlavə sənəd tələb edə, həmçinin mövcud olan tikili ilə bağlı başqa qurumların səlahiyyətlərinə aid məsələləri araşdıra bilməz. Buna görə də cavabdehin imtinası üzrə gətirdiyi arqument və dəlilləri əsassızdır. Sadalananların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Əsgərova küçəsində yerləşən 0,22 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququ əldə etmişdir və onun bu hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda qeyd olunan normaya və formalaşmış inzibati praktikaya əsasən fərdi yaşayış evinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, evə dair texniki pasportun tərtib edilməsi və hüququn qeydiyyatı haqqında reyestrdən çıxarışın verilməsi birmənalı şəkildə nəzərdə tutulur. Bununla da belə nəticə əldə olunur ki, İddiaçı Balakən şəhəri, S.Əsgərova küçəsində (əvvəlki Qasbinə kəndində) yerləşən, ona məxsus olan 0,22 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsi iddiaçının müraciəti üzrə həmin fərdi yaşayış evinə mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınmasından imtina etməkdə haqlı olmamışdır. Cavabdehin imtinası qanuni sayıla bilməz. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Balakən şəhəri, S.Əsgərova küçəsində (əvvəlki Qasbinə kəndində) ona məxsus 0,22 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı Balakən şəhəri, S.Əsgərova küçəsində (əvvəlki Qasbinə kəndində) ona məxsus 0,22 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 7egiyasına (ünvan: ünvan 9
Məhkəmə qərarları › İş №2-1(116)-483/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-483/2025
14.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver