Məhkəmə qərarları › İş №2-1(116)-484/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-484/2024

17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-484/2024 17.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili X1, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Kiçik Firması cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax-Bakı şossesinin mərkəzi yolunun cənub tərəfindən ayrılmış 0,2 ha torpaq sahəsindən 0,0336 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax-Bakı şossesinin mərkəzi yolunun cənub tərəfindən ayrılmış 0,2 ha torpaq sahəsinə və onun üzərində olan qeyri yaşayış binasına mülkiyyət hüququnun DƏDR-də qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-812/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.Həmin qərardaddan verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(107)-445/2023 nömrəli qərardadı ilə qismən təmin edilərək, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(116)-812/2023 nömrəli qərardadı qismən ləğv edilmişdir.İnzibati iş torpaq sahəsinin 0,0336 ha aid hissədə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2728/2023 nömrəli qərardadı ilə iş üzrə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Yevlax şəhərində Yevlax-Bakı şossesinin cənub tərəfində maye-qaz satışı məntəqəsi “Əli kiçik firması”-nın adına 10 sentyabr 1989-cu ildə 01 nömrəli Reyestr kitabının 04-cü səhifəsində 13 Reyestr nömrəsi ilə qeydə alınmışdır. Qeyd olunan əmlak yəni “Əli Kiçik firması”na aid olan maye-qaz satışı məntəqəsinin binası texniki İnventanlaşdırma bürosunun qeydiyyat vəsiqəsi ilə X6 tam mülkiyyətində olmuşdur. Bu barədə Yevlax şəhər İcra Hakimiyyətinin başçısının 64 №-li xx.xx.1998-ci i tarixli sərəncamı vardır ki, həmin sərəncama əsasən X6 maye-qaz satışı və digər işlərlə məşğul olması üçün “Əli Kiçik firması”nın ehtiyacı nəzərə alaraq Yevlax-Bakı şosessində mərkəzi yolun cənub tərəfindən 0,2 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində qeyd olunan məntəqə tikilmişdir. Bu barədə Yevlax şəhərinin baş memarının çıxarışı vardır. Bundan başqa həmin torpaq sahəsində maye-qaz satışı üçün 23 kub.m həcmində çən yerləşdirilməsi və həmin ərazidə zəruri işlərin aparılması qeyd edilmişdir. Bundan başqa “Əli kiçik firması”na torpaq sahəsinin ayrılması ilə bağlı qərar qəbul edilmiş akt tərtib edilmiş, maye qaz doldurma məntəqəsinin istismarını həyata keçirmək üçün 5 illik lisenziya verilmişdir. Eynilə Yevlax şəhəri Əli firmasının əmlakını qiymətləndirilməsi haqqında AT 5131№-li ekspert rəyi hazırlanmış və məntəqənin istismarına razılıq verilmişdir. İddiaçı, “Əli kiçik firması” üçün nəzərdə tutulmuş Yevlax Bakı Şossesinin mərkəzi yolun cənub tərəfindən ayrılmış 0,2 ha olan torpaq sahəsinə maye qaz satışı məntəqəsinin bina hissəsi ilə birlikdə mülkiyyət hüququnun Dövlət Qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Cavabdeh orqan iddia tələbinə etirazında bildirmişdir ki, iddaçı Yevlax şəhəri, Yevlax- Bakı şossesinin cənub tərəfində yerləşən qeyri-yaşayış binasına dair əvvəllər tanınmış hüquqların qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Müraciət müəllifinə bildirilmişdir ki, qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan araşdırma aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim olunmuş sənədlər qanunvericiliyin tələblərinə uyğun ekspertiza edilən zaman məlum olmuşdur ki, sənədləşdirilməsi nəzərdə tutulan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları digər şəxsin mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının üzərinə düşür. Bu da iddiaçının yuxarıda qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış binası üzərində hüquqlarının qeydiyyata alınması ilə ziddiyyət təşkil edir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslərr şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzrlü səbəblərinə dair məlumat verməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz məktubunun məzmuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. Yevlax şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1998-ci il tarixli 64 nömrəli sərəncamdan görünür ki, X6 maye-qaz satışı və digər işlərlə məşğul olması üçün “Əli kiçik” firmasının ehtiyacını nəzərə alaraq Yevlax-Bakı şossesində mərkəzi yolun cənub tərəfindən 0,2 ha torpaq sahəsi ayrılmışdır.

3. İddiaçı firmasının Nizamnaməsindən və ******* nömrəli Dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, Yevlax şəhəri 31-ci məhəllədə yerləşən İddiaçı firması xx.xx.1998-ci il tarixli 10/61 nömrəli şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə X12 dövlət qeydiyyatına alınmışdır.

4. 10.09.1999-cu il tarixli 122 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Yevlax şəhəri Yevlax-Bakı şossesinin cənub tərəfdə maye-qaz satışı məntəqəsi İddiaçı kiçik firması adına mülkiyyət hüququ əsasında X6 payı müəyyən edilməklə Dövlət qeydiyyatına alınmışdır.

5. xx.xx.2021-ci il **********34 reyestr nömrəli çıxarışdan görünür ki, Yevlax şəhəri Bakı prospekti 21B ünvanında yerləşən 0,8877 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.

6. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-1081/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, 122 inventar nömrəli (xx.xx.1999) texniki pasportda göstərilmiş cizgi əsasında İddiaçı Kiçik Firmasına ayrılmış 0.20 ha torpaq sahəsi ilə İddiaçı Kiçik firmasının nümayəndəsinin naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi eyni ərazidə yerləşir, lakin konfiqurasiya fərqi vardır.

7. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, hüquqi şəxslərin reyestr məlumatlarına əsasən bildirilir ki, hal-hazırda İddiaçı Firmasının rəhbəri X7r.

8. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Əli” Firmasının hüquqi ünvanı Yevlax şəhəri, 31-ci məhəllə olmaqla xx.xx.2004-cü il tarixdə ********** saylı VÖEN ilə vergi uçotuna alınmışdır və hal-hazırda təsisçisi X9, rəhbəri isə X7r.Hal-hazırda müəssisənin fəaliyyəti dayandırılmışdır.

Əsaslandırma hissəsi:

Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsi və iddianın tələbə cavab verməli olan inzibati orqana yönəldilməsidir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Bu səbəbdən də iddia təmin edilməməlidir. Məhkəmə tərəfindən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(107)-445/2023 nömrəli qərardadında qeyd olunan məcburi göstərişlər araşdırılmışdır.Belə ki, iddiaçının iddia tələbini irəli sürmək hüququnun yoxlanılması üçün 11 saylı Ərazi vergilər baş idarəsinə sorğu verilmiş,cavab məktubuna əsasən müəyyən edilmişdir ki, iddia ərizisinin imzalamış X10 hazırda İddiaçı firmasının rəhbəridir. İddia ərizəsinin “xahiş edirəm” hissəsində iddiaçı 0.20 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına münasibətdə birlikdə hüququnun Dövlət qeydiyyatına alınması və çıxarışın verilməsini qeyd etsə də, qeydə alınmasını tələb etdiyi hüququn növünü göstərməmişdir. Bununla belə iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı, cavabdeh orqanın torpaq sahəsi üzərində mülkiyyət hüququnun digr daşınmaz əmlakla birlikdə qeydə alınmasından imtina cavabını mübahisələndirmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağı Yevlax-Bakı şossesinin mərkəzi yolunun cənub tərəfindən ayrılmış 0,2 ha torpaq sahəsi və onun üzərində olan qeyri-yaşayış binası üzərində İddiaçı Kiçik Firmasının mülkiyyət hüququnun cavabdeh tərəfindən vahid daşınmaz əmlak kimi Dövlət qeydiyyatına alınmasına və çıxarışın verilməsinə nail olmaqdan ibarət olmuşdur. Hazırkı məhkəmə araşdırması ilkin iddia ərizəsinin apellyasiya məhkəməsinin qərardadı ilə yenidən araşdırılmalı olduğu göstərilən,iddia olunan torpaq sahəsinin 0,0336 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması tələbi istiqamətində aparılmışdır. İddiaçı iddia tələbinin hüquqi əsası olaraq “Əli kiçik” firmasına 0,2 ha torpaq sahəsinin ayrılmasında dair Yevlax şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1998-ci il tarixli 64 nömrəli sərəncamına istinad etmişdir.Həmin sərəncama əsasən iddia olunan torpaq sahəsinin mülkiyyətə verilməsi göstərilməmiş,torpaq sahəsinin maye-qaz satışı ilə məşğul olmaq üçün ayrıldığı,torpaq sahəsindən təyinatı üzrə istifadə edilərək qanunvericilikdə nəzərdə tutulan ödəncləri ödənilməsi göstərilmişdir.Sərəncama torpaq sahəsinin yerinin müəyyən edilməsinə imkan verən cizgi əlavə edilmişdir.Həmin cizgiyə əsasən ayrılan torpaq sahəsi 50x40 ölçülərində olmaqla cəmi 2000 kv.m olmuşdur. Hazırkı iş üzrə təqdim edilən mütəxəssis rəyinə əsasən müəyyən edilir ki,iddia olunan torpaq sahəsi ilə naturada qeyd olunan torpaq sahələri arasında konfiqurasiya fərqi var. Cavabdeh orqanın təqdim etdiyi mütəxəssis rəyi ilə müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin 0.1664 ha hissəsi **********34 reyestr nömrəli çıxarışla X2 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, qalan 0.0336 ha hissəsi dövlət mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. İlkin torpaqayrıma cizgisi ilə mütəxəssis rəyinə əlavə edilmiş,naturada gööstərilə torpaq sahəsi eyni deyildir.Göründüyü kimi ayrılan torpaq sahəsi 50x40 ölçülərində düzbucaqlı formasında olsa da hazırda iddia olunan və naturada göstərilən torpaq sahəsi tamamilə fərqli konfiqurasiyada olmaqla ayrılan torpaqla eyniyyət təşkil etmir.Nəticə etibarı ilə üzərində hüquqların qeydə alınması tələb olunan torpaq iddiaçıya ilkin ayrılan torpaq sahəsi deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. (-). Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-); 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı Kiçik Firmasının cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax-Bakı şossesinin mərkəzi yolunun cənub tərəfindən ayrılmış 0,0336 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar