Məhkəmə qərarları › İş №2-1(116)-485/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-485/2020

11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-485/2020 11.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı "01.09.1989-cu ildən 07.04.1992-ci ilədək Şəki Mexanika-Texnologiya Texnikumunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1972-ci ildə anadan olmuşdur. O, 01.09.1989-cu ildə Şəki Mexanika-Texnologiya Texnikumuna daxil olaraq, həmin texnikumda təhsil almış və dövlət ixtisas komissiyasının 07.04.1992-ci il tarixli qərarı ilə ona texnik-mexanik ixtisası verilmişdir. İddiaçı 05.02.1993-cü ildən etibarən Şəki rayon Öryət kənd natamam orta məktəbində uşaq təşkilatı birliyinin rəhbəri vəzifəsində işləyir. Tibbi-sosial ekspert komissiyası tərəfindən 06.09.2019-cu ildə iddiaçıya ikinci dərəcəli əlillik müəyyən edilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh bundan imtina etmiş və özünün 29.10.2019-cu il tarixli məktubu ilə bildirmişdir ki, iddiaçının tələb olunan miqdarda pensiya kapitalı olmadığına və əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi "Əmək pensiyaları haqqında" Qanunda nəzərdə tutulmadığına görə ona əlilliyə görə əmək pensiyasının təyin olunması mümkün deyil. Bundan sonra iddiaçı 01.09.1989-cu ildən 15.04.1992-ci ilədək Şəki Mexanika-Texnologiya Texnikumunda təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, 01.09.1989-cu ildən 07.04.1992-ci ilədək Şəki Mexanika-Texnologiya Texnikumunda təhsil aldığı müddətin sosial sığorta stajına daxil olunmasını xahiş etmişdir. O, öz tələbini belə əsaslandırmışdır ki, təhsil aldığı zaman qüvvədə olmuş qanunvericiliyə görə, təhsil müddəti sosial sığorta stajına daxil edilməlidir, əgər bu müddət nəzərə alınarsa, ona əlilliyə görə əmək pensiyası təyin olunacaqdır. Cavabdeh 11.02.2020-ci il tarixli məktubu ilə bildirmişdir ki, İddiaçı 01.01.2006-cı ilədək 12 il 10 ay sosial sığorta stajı, 01.01.2006-cı ildən sonra fərdi uçot məlumatlarına əsasən hesabında 4937,44 manat pensiya kapitalı, cəmi 14209,12 manat pensiya kapitalı vardır. İddiaçının 1989-1992-ci illərdə əyani təhsil aldığı 2 il 7 ay müddət sosial sığorta stajına daxil edilərsə, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin oluna bilər. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, РТ-İ seriyalı 117790 nömrəli diplomdan görünür ki, İddiaçı 01.09.1989-cu ildən 07.04.1992-ci ilədək Şəki Mexanika-Texnologiya Texnikumunda təhsil almışdır; - İşdə olan, "Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi" barədə sənəddən görünür ki, İddiaçı 06.09.2019-cu ildə ikinci dərəcəli əlillik müəyyən edilmişdir; - İşdə olan, cavabdehin 11.02.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı 01.01.2006-cı ilədək 12 il 10 ay sosial sığorta stajı, 01.01.2006-cı ildən sonra fərdi uçot məlumatlarına əsasən hesabında 4937,44 manat pensiya kapitalı, cəmi 14209,12 manat pensiya kapitalı vardır. "Əmək pensiyaları haqqında" Qanunun 12.1-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunması üçün 10 il 8 ay sosial sığorta stajı və 15360 manat pensiya kapitalı tələb olunur. İddiaçının 1989-1992-ci illərdə əyani təhsil aldığı 2 il 7 ay müddət sosial sığorta stajına daxil edilərsə, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin oluna bilər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində deyilir ki, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İşdən göründüyü kimi, İddiaçı 01.01.2006-cı ilədək 12 il 10 ay sosial sığorta stajı, 01.01.2006-cı ildən sonra fərdi uçot məlumatlarına əsasən hesabında 4937,44 manat pensiya kapitalı, cəmi 14209,12 manat pensiya kapitalı vardır. Onun Texnikumda təhsil aldığı 2 il 7 ay 6 gün müddət sosial sığorta stajına daxil ediləcəyi halda, ona əlilliyə görə əmək pensiyası təyin oluna bilər. Cavabdeh iddiaçının təhsil aldığı həmin müddəti onun sosial sığorta stajına daxil etməkdən imtinasını "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində təhsil müddətinin sosial sığorta stajına daxil edilməməsi ilə əsaslandırmışdır. Lakin məhkəmə bununla razılaşmır və qeyd edir ki, 01.10.1956-cı ildə qüvvəyə minmiş və 23.09.1992-ci ilədək qüvvədə olmuş "Dövlət pensiya təminatı haqqında" SSRİ Qanununun 109-cu maddəsində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman qüvvədə olan pensiya qanunvericiliyi təhsil müddətinin iş stajına daxil edilməsini nəzərdə tuturdu. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında, o cümlədən, 01.01.2006-cı ildə qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, təhsil müəssisəsindəki təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin şərti kimi çıxış edən is stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Ona görə də təhsil müddəti iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh iddiaçının 01.09.1989-cu ildən 07.04.1992-ci ilədək Şəki Mexanika-Texnologiya Texnikumunda təhsil aldığı müddəti onun sosial sığorta stajına daxil etməməkdə haqlı olmamışdır. Bu səbəbdən də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 01.09.1989-cu ildən 07.04.1992-ci ilədək Şəki Mexanika-Texnologiya Texnikumunda təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar