Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-485/2022 11.01.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, ərizəçi İddiaçı ərizəsinə və ona əlavə olunmuş sənədlərə yazılı icraat qaydasında məhkəmənin binasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı 11.11.2021-ci il tarixli ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və sözügedən ərizə məhkəməyə 16.11.2021-ci il tarixdə daxil olmuşdur. İddiaçı ərizəsində 2014-cü ilin dekabr ayının 30-da yaşa görə əmək pensiyasına çıxdığını qeyd etmişdir. Pensiya təyin edildikdən sonra 6 il ərzində əmək fəaliyyətini davam etdirmiş, 2020-ci ilin oktyabr ayında DSMF-nin Şəki şəhər şöbəsinə müraciət etmiş və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən təyin edilmiş pensiya məbləğinin artırılmasını xahiş etmişdir. Lakin ona bildirilmişdir ki, onun adı portalda yoxdur və bu sərəncam ona şamil edilə bilməz. Ərizəçiyə aydın olmuşdur ki, 1998-ci ilin avqust ayından işlədiyi X1 adı 2016-cı ildə X3 ilə birləşdirilərək X2 Kollegi adlandırılmışdır. Lakin bugünədək əmək haqqı X1 VÖEN ilə alınmışdır. Bu səbəblə də İddiaçı adı portala daxil edilməmişdir. Ərizəçi İddiaçı 25.11.2021-ci il tarixdə yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, tərəfindən tərtib edilən ərizədə ərizə verilən məhkəmənin adı göstərilsə də, digər tələblər yerinə yetirilməmişdir. Belə ki, ərizədə iddiaçı və cavabdeh inzibati orqan qeyd edilməmiş, həmçinin onun iddia tələbinin konkret nədən ibarət olması müəyyən edilmir. Eləcə də, məhkəməyə ünvanladığı ərizəyə əlavə edilmiş sənədlərdə onun müvafiq cavabdeh orqana müraciət etməsi, həmin cavabdeh orqanın onun müraciətinin təmin edilməsindən imtina etməsi və ya müraciətini cavabsız saxlaması müəyyən edilmir və belə görünür ki, İddiaçı müvafiq tələblə cavabdeh orqana müraciət etməmişdir. Yardım məktubunda İddiaçı bildirilmişdir ki, ilk öncə tələbi üzrə cavabdeh inzibati orqana ərizə ilə müraciət etməli, müraciəti təmin edilmədiyi və yaxud cavabsız saxlandığı təqdirdə analoji iddia tələbi ilə yuxarıda qeyd edilmiş İPM-in 46-cı maddəsinin tələblərinə uyğun iddia ərizəsi tərtib etməklə Şəki İnzibati Məhkəməsinə göndərməlidir. Yardım məktubu İddiaçı tərəfindən 04.12.2021-ci il tarixdə alınmışdır. İddiaçı ərizə tərtib edərək məhkəməyə ünvanlamış və ərizə 28.12.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı məhkəməyə daxil olan ərizəsində yardım məktubunda qeyd edilən nöqsanlar aradan qaldırılmamış və müəyyən edilmişdir ki, o, mahiyyət etibarilə ilkin ərizəsinə oxşar ərizə tərtib edərək məhkəməyə ünvanlamışdır. İddiaçı ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, ərizə mümkün sayılmamalıdır. Belə ki, ərizə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Sözügedən maddənin 1-ci bəndinə əsasən iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. Həmçinin ərizəçinin ərizəsinin məzmuna əsasən müəyyən edilir ki, onun hüquqi marağı təyin edilmiş əmək pensiyası məbləğinin yeni artımlar nəzərə alınmaqla ona ödənilməsinə nail olmaqdan ibarətdir. Belə tələblərlə bağlı iddia növü “öhdəliyin icrası haqqında” iddia olduğundan, iddianın xüsusi mümkünlük şərti kimi iddiaçının cavabdeh inzibati orqana müraciət edib-etməməsi, cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtina edib-etməməsi yaxud müraciəti cavabsız saxlayıb-saxlamaması yoxlanılmalıdır. Lakin müəyyən edilmişdir ki, İddiaçı ərizəsində tələbini konkret və aydın ifadə etməmiş, ərizəsində tələbinə cavab verməli inzibati orqanı qeyd etməmiş, həmin orqana əvvəlcədən analoji tələblə müraciət etməmişdir. Ümumiyyətlə onun məhkəməyə ünvanladığı ərizə yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Ərizəçi İddiaçı yol verdiyi nöqsanların aradan qaldırılması məqsədilə hüquqi yardım göstərilməsinə baxmayaraq, yardım məktubunda qeyd edilən nöqsanlar aradan qaldırılmamışdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi İddiaçı ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-485/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-485/2022
11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver