Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-485/2023 07.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “21 iyun 2013-cü il təvəllüdlü Ukrayna Respublikasının Kiyev şəhərində anadan olmuş X2 barəsində Cavabdehndə doğum haqqında akt qeydiyyatı kitabında aparılmış xx.xx.2014-cü il tarixli 847 saylı doğum akt qeydiyyatının və bunun əsasında verilmiş AZ-İİİ №373180 saylı Doğum haqqında şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 iyun 2013-cü il təvəllüdlü Ukrayna Respublikasının Kiyev şəhərində anadan olmuş oğlumuz X2 barəsində Cavabdehndə doğum haqqında akt qeydiyyatı kitabında aparılmış xx.xx.2014cü il tarixli 847 saylı doğum akt qeydiyatının və bunun əsasında verilmiş AZ-İİİ №373180 saylı Doğum haqqında şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, X5 xx.xx.2013-cü ildə Ukrayna Respublikasının Kiyev şəhərində anadan olmuşdur. Bu doğum barədə 16 iyul 2013-cu il tarixdə doğum qeydiyyatı kitabında 1899 nömrəli qeydiyyat aparılıb seriya İ-BK №350452 Doğum haqqında şəhadətnamə verilib. Doğum yeri Ukrayna Kiyev şəhəri, doğumun qeydiyyat yeri Dnepr rayon Ədliyyə İdarəsi VVAQ dövlət qeydiyyat şöbəsi qeyd olunub. Bundan sonra X2 adına Yevlax rayon Şöbəsindən 28 avqust 2014-cü il tarixli 847 saylı doğum qeydiyyatı tarixi olan AZ-İİİ № 373180 olan doğum şəhadətnaməsi alınıb. Belə ki, oğlu X3 şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı çətinliklər yaranmışdır. X2 adına Ukrayna Kiyev şəhəri, doğumun qeydiyyat yeri Dnepr rayon Ədliyyə idarəsi tərəfindən 1899 nömrəli doğum akt qeydi və Cavabdeh tərəfindən 847 saylı doğum akt qeydiyyatı olduğundan şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilmişdir. Səbəb olaraq bildirilmişdir ki, 847 saylı doğum akt qeydiyyat ləğv olunmalıdır. Cavabdehnə müraciət etsə də, 20 senrtyabr 2022-ci il tarixli məktuba əsasən doğum haqqında şəhadətnaməmin ləğv edilməsindən imtina olunaraq, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh inzibati orqan iddia tələbi ilə bağlı münasibət (etiraz) bildirməmiş, xx.xx.2022-ci il tarixli məktub göndərərk işə baxılmasına və qərar qəbul edilməsinə etirazı olmadığını qeyd etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub göndərərək nümayəndəsinin iştirakı olmadan işə baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. AZ-İ seriyalı 753284 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı X1 xx.xx.2012-cı ildə 08 may 1980-cı il təvəllüdlü X4 adlı şəxslə nikaha daxil olmuşdur.
2. AZ-İİ seriyalı 373180 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə X3 doğum haqqında şəhadətnamə verilmişdir.
3. İ-BK seriyalı 350452 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə X3 doğum haqqında şəhadətnamə verilmişdir.
4. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli 847 nömrəli doğum aktı qeydinin təsdiqlənmiş surətindən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə Yevlax şəhərində doğulmuşdur
5. Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, X1 xx.xx.2012-ci il tarixdə ölkə sərhədini tərk etmiş,xx.xx.2014-cü il tarixdə ölkə sərhədindən daxil olmuşdur.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası Ailə Məcəlləsi (Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması) 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir 166.3. Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası:
2. Doğumun qeydə alınması. 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, (İ-BK seriyalı 350452 №-li doğum haqqında şəhadətnamənin tərcümə edilmiş surəti) X2 doğum tarixi xx.xx.2013-cü il, doğum yeri – Ukrayna Respublikası, Kiyev şəhəri, atası – X4, anası – X1, dövlət qeydiyyat yeri Ukrayna Respublikası, Kiyev şəhəri Dnepr rayonudur. Cavabdeh tərəfindən X5 barəsində xx.xx.2014-cü il tarixli 847 nömrəli doğum haqqında akt qeydi tərtib edilərkən sonuncuya artıq Ukrayna Respublikasında doğum haqqında şəhadətnamənin verilməsi nəzərə alınmamışdır.Həmçinin,DSX-nin müvafiq məktubuna əsasən də müəyyən olunur ki,iddiaçının uşağının doğulduğu tarixdə,o,Ukrayna Respublikasında olmuşdur.Yəni,uşağın Yevlax şəhərində doğulması faktı doğru deyildir. İddiaçının oğlu Ömər Mehdiyevin adına doğum qeydi Ukrayna Respublikasında aparılmaqla bu barədə müvafiq doğum şəhadətnaməsi verildiyi halda, cavabdeh inzibati orqanın yenidən doğum haqqında qeyd aparması əsassız olmaqla qanunvericiliyin tələbinə zidd olmuşdur. Belə olan halda həmin qeydlər qanunsuz sayılaraq ləğv edilməlidir. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217-ci qətnaməsi ilə qəbul edilmiş “Ümümdünya insan hüquqları Bəyannaməsi”nin 15-ci maddəsində elan olunmuşdur ki, hər bir insan vətəndaşlıq hüququna malikdir. Heş kəs öz vətəndaşlığından və öz vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz. Bu Bəyannamədə elan olunmuş vətəndaşlıq hüququnun doğumun qeydiyyatından asılı olması, 1959-cu il 29 noyabr tarixdə qəbul edilmiş “Uşaq hüquqları Bəyannaməsi”nin 3-cü prinsipində təsbit edilərək qeyd olunur ki, uşaq doğulandan ad və vətəndaşlıq hüququna malik olmalıdır. “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt”ın 24-cü maddəsinin ikinci bəndində göstərilir ki, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır (Azərbaycan Respublikası bu Pakta Milli Məclisin 1992-ci il tarixli 277 №-li Qərarı ilə qoşulmuşdur). İddiaçının uşağı Ukrayna Respublikasında doğulmuş və onun doğulması sözügedən Paktın tələbləri baxımından qeydə alınmışdır. Bu qeydin hüquqauyğunluğu mübahisələndirilmir və həmin qeydiyyat qüvvədədir. Doğum qeydi qüvvədə olduğu halda yenidən (təkrar) qeydiyyat aparılması milli qanunvericilikdə, nə də beynəlxalq hüquqda nəzərdə tutulmamışdır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının uşağının doğulması barədə aparılan qeydiyyatın heç bir hüquqi əsası olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh üzərinə X5 barəsində tərtib edilmiş, xx.xx.2014-cü il tarixli 847 nömrəli “doğum haqqında” akt qeydinin ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə