Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-4855/2025 27.01.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlu, Məmmədli Jalə Rahim qızının katibliyi ilə, İddiaçı Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinə qarşı “cavabdehin üzərinə dövlət qeydiyyatına alınmazdan imtina edilməsi barədə 5 noyabr 2025-ci il tarixli 3- 24-3-42/2-5512/2025 nömrəli bildirişi və İsmayıllı rayon İcra və Probasiya şöbəsinin icraata xitam verilməsi haqqında 30 oktyabr 2025-ci il tarixli qərarın ləğv edilməsinə, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-90/2025 nömrəli 2 oktyabr 2023-cü il tarixli icra sənədi icra edilməsi və torpağa dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinə qarşı “cavabdehin üzərinə dövlət qeydiyyatına alınmazdan imtina edilməsi barədə 5 noyabr 2025-ci il tarixli 3- 24-3-42/2-5512/2025 nömrəli bildirişi və İsmayıllı rayon İcra və Probasiya şöbəsinin icraata xitam verilməsi haqqında 30 oktyabr 2025-ci il tarixli qərarın ləğv edilməsinə, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-90/2025 nömrəli 2 oktyabr 2023-cü il tarixli icra sənədi icra edilməsi və Torpağa dair çıxarışın verilməsi və Texnki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsas mahiyyəti aşağıdakılardan ibarətdir: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 05 noyabr 2025-ci il tarixli 3- 24-3-42/2-5512/2025 nömrəli bildirişin və İsmayıllı rayon İcra və Probasiya şöbəsinin icraata xitam verilməsi haqqında 30 oktyabr 2025-ci il tarixli qərarın ləğv edilməsi, -Xaçmaz Rayon Məhkəməsinin 2(067)-90/2025 nömrəli 2 oktyabr 2023-cü il tarixli icra sənədinin icra edilməsi -Torpağa dair çıxarışın və texnki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə aşağıdakılara əsasən iddianı mümkün hesab etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq məhkəmənin yardım etmək vəzifəsinin icrası ilə əlaqədar iddiaçıya xx.xx.2025-ci il tarixli məktubla nöqsanların aradan qaldırılması təklif edilsə də, iddiaçı tərəfindən məktuba münasibət bildirilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin iddiaçıya cavab məktubunda qeyd edilmişdir ki, “JN-0380 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” Ərazi İdarəsinin arxivində mövcud deyildir. Araşdırma zamanı məlum olmuşdur ki, JN-0380 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2(067)-90/2005 nömrəli qətnaməsi əsasında ləğv edilmişdir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlarınızın dövlət qeydiyyatına alınmasından imtina edilir.”. xx.xx.2023-cü il tarixli İsmayıllı rayon İcra və probasiya şöbəsinin “İcraata başlamaq haqqında qərar”ından görünür ki, İsmayıllı rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 xx.xx.2023-cü il tarixdə icraatına daxil olmuş Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 90/2005 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini nəzərdən keçirərək, İcra sənədinə əsasən X8 Tircan Bələdiyyəsi ilə bağladığı 03 aprel 2001-ci il tarixli icarə müqaviləsinə əsasən 08 ha torpaq sahəsi üzərində istifadə hüquqları tanınmalıdır. X10 adına verilmiş torpağa mülkiyyət hüququna dair xx.xx.2001-ci il tarixli, JN-0380 KOD 40726018 saylı, X2 adına verilmiş xx.xx.2001-ci il tarixli, JN 381 KOD 40726018 saylı, X3 adına verilmiş JN 0024 KOD 40726048 saylı, X12 adına verilmiş JN 0020 KOD 40726048 saylı və X14 adına verilmiş JN 0019 KOD 40726048 saylı Dövlət Aktları etibarsız hesab edilməlidir. X17, X9, X11, X20 və X18 (yaxud vərəsəsinə) yaşadıqları ərazilərin yerli bələdiyyəsinin ehtiyat fondu torpaqlarından İsmayıllı rayon AİK-nin 05 iyun 1998-ci il tarixli 49 saylı qərarı ilə onların hər birinə ayrılmış müvafiq miqdarda pay torpaq sahələri verilməlidir. İcra sənədinə aid olan tələblər “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olduğu üçün icra sənədinin icraatına başlanılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsini rəhbər tutaraq icra sənədi üzrə icraata başlanılması və müvafiq qurumların icranı təmin etməyi təklif olunması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli İsmayıllı rayon İcra və probasiya şöbəsinin icraata xitam verilməsi haqqında qərarından görünür ki, İsmayıllı rayon İcra və probasiya şöbəsinin rəisi X24 xx.xx.2023-cü il tarixdə icraatına daxil olmuş Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 90/2005 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini nəzərdən keçirərək, icra sənədində qeyd olunan tələbin borclu İddiaçı, X9 tərəfindən tam şəkildə təmin olunması müyyən edilmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrini rəhbər tutaraq, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 90/2005 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilməyi və qərarın surətinin Xaçmaz Rayon Məhkəməsinə və tərəflərə göndərilməyi qərara alınmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli icra vərəqəsindən görünür ki, “İddiaçı X8 cavabdehlər X17 və X6 qarşı torpağa mülkiyyət hüququ tələbi üzrə X8 Tircan Bələdiyyəsi ilə bağladığı 03 aprel 2001-ci il tarixli icarə müqaviləsinə əsasən 08 ha torpaq sahəsi üzərində istifadə hüquqları tanınmış, X10 adına verilmiş torpağa mülkiyyət hüququna dair xx.xx.2001-ci il tarixli, JN-0380 KOD 40726018 saylı, X2 adına verilmiş xx.xx.2001-ci il tarixli, JN 381 KOD 40726018 saylı, X3 adma verilmiş JN 0024 KOD 40726048 saylı, X12 adına verilmiş JN 0020 KOD 40726048 saylı və X14 adına verilmiş JN 0019 KOD 40726048 saylı Dövlət Aktları etibarsız hesab edilmiş, X17, X9, X11, X20 və X18 (yaxud vərəsəsinə) yaşadıqları ərazilərin yerli bələdiyyəsinin ehtiyat fondu torpaqlarından İsmayıllı rayon AİK-nın 05 iyun 1998-ci il tarixli 49 saylı qərarı ilə onların hər birinə ayrılmış müvafiq miqdarda pay torpaq sahələri verilməsi qət edilmişdir. Qətnamənin 3-cü bəndinin icrası İsmayıllı rayon Aqrar İslahat Komissiyasına və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinə həvalə edilmiş. Qətnamə 27 iyul 2005-ci il tarixdə qanun qüvvəsini almışdır. İcra vərəqəsi 02 oktyabr 2023-cü ildə verilmişdir. xx.xx.2024-cü il tarixli İsmayıllı şəhər Tircan kənd bələdiyyəsinin sədri X22, bələdiyyə üzvü X23 və Abdulova (Osmanova) Nuriyyə Şahı qızının ərizəsi əsasında tərtib edilən aktdan görünür ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-90/2005 nömrəli xx.xx.2023-cü tarixli icra sənədinə, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarında müəyyən edilənlərə əsasən Abdulova (Osmanova) Nuriyyə Şahı qızının xx.xx.2001 -ci tarixli JN 0380 KOD 40726018 saylı, X2 xx.xx.2001-ci il tarixli JN 381 KOD 40726018 saylı adına verilmiş Dövlət Aktları etibarsız hesab edilmişdir. Abdulova (Osmanova) Nuriyyə Şahı qızı, X2 yaşadıqları ərazilərin yerli bələdiyyəsinin ehtiyat fond torpaqlarından İsmayıllı rayon AİK-nın 05 iyun 1998-ci il tarixli 49 saylı qərarı ilə onların hər birinə ayrılmış müvafiq miqdarda torpaq sahələri verilməlidir. Yuxarıda qeyd olunanlara və icraata başlamaq haqqında qərarın 3-cü bəndində göstərilənlərə əsasən İsmayıllı rayon Tircan bələdiyyəsinin üzvləri və tərəflərin iştirakı ilə Abdulova (Osmanova) Nuriyyə Şahı qızının 1.39 ha və X2 0.85 ha ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu sxemi ilə göstərilməyi barəsində akt qəbul edilib. Qeyd edilməlidir ki, iddia tələbinin “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 05 noyabr 2025-ci il tarixli bildirişin ləğv edilməsi hissəsi “bildiriş” inzibati akt olmadığından inzibati məhkəmə qaydasında mübahisələndirilə bilməz. (“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Xaçmaz Rayon Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli 2(067)-90/2025 nömrəli icra sənədi üzrə İsmayıllı rayon İcra və Probasiya şöbəsinin icraata xitam verilməsi haqqında 30 oktyabr 2025-ci il tarixli qərar mübahisələndirilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli qərarının 5.1-ci bəndində qeyd olunmuşdur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. 26. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır.” Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. Qeyd olunduğu kimi, “İcra haqqında” Qanunun 87.1-ci maddəsi icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Bu zaman aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual Məcəllə və İnzibati Prosessual Məcəllə çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2777/2023 nömrəli Qərarı). Göründüyü kimi iddiaçının hüquqi marağı torpağa dair mülkiyyət hüquqlarının qeydə alınması olsada bunun üçün ilk növbədə Xaçmaz Rayon Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli 2(067)-90/2055 nömrəli qətnaməsinin X13, X4, X7, X15 və X18 (yaxud vərəsəsinə) münasibətdə yaşadıqları ərazilərin yerli bələdiyyəsinin ehtiyat fondu torpaqlarından İsmayıllı rayon AİK-nın 05 iyun 1998-ci il tarixli 49 saylı qərarı ilə onların hər birinə ayrılmış müvafiq miqdarda pay torpaq sahələrinin verilməsi hissəsinin icrası başa çatmalıdır. Hazırkı halda isə sözügedən qətnamənin tam icra olunması iş materialları ilə müəyyən edilmir. Belə olan halda iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinə qarşı “cavabdehin üzərinə dövlət qeydiyyatına alınmazdan imtina edilməsi barədə 5 noyabr 2025-ci il tarixli 3- 24-3-42/2-5512/2025 nömrəli bildirişi və İsmayıllı rayon İcra və Probasiya şöbəsinin icraata xitam verilməsi haqqında 30 oktyabr 2025-ci il tarixli qərarın ləğv edilməsinə, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-90/2025 nömrəli 2 oktyabr 2023-cü il tarixli icra sənədi icra edilməsi və Torpağa dair çıxarışın verilməsi və Texnki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev.
Məhkəmə qərarları › İş №2-1(116)-4855/2025
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-4855/2025
27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver