Məhkəmə qərarları › İş №2-1(116)-486/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-486/2021

25.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-486/2021 25.01.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdehnə qarşı “xx xxxxx 1953-cü ildə verilmiş atasına məxsus ИЕ 975773 nömrəli doğum haqqında şəhadətnamə verilərkən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında ata adının düzgün qeyd edilməməsi, yəni ata adının “Hacıqədir” əvəzinə “Abdulqədir” kimi qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdehnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, “xx xxxxx 1953-cü ildə verilmiş atasına məxsus ИЕ 975773 nömrəli doğum haqqında şəhadətnamə verilərkən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında ata adının düzgün qeyd edilməməsi, yəni ata adının “Hacıqədir” əvəzinə “Abdulqədir” kimi qeyd edilməsi faktının müəyyən edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum atasının doğum və ölüm haqqında şəhadətnamələrində ata adı “Abdulqədir”, vəfat etdiyi günədək mülkiyyətində olmuş və vərəsələrinə miras qalmış ünvan 1 ünvanında yerləşən əmlakın qeydiyyat sənədində isə mərhumun ata adı “Hacıqədir” kimi qeyd edilmişdir. Ərizəçi mərhum atasından miras qalmış əmlakdan ona düşən miras payına dair vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək üçün X1 Xidmət Mərkəzinə ərizə ilə müraciət etmiş, lakin sənədlərdə mərhumun soyadı və ata adında uyğunsuzluq aşkar edildiyi üçün müvafiq notariat hərəkətlərinin aparılması mümkün olmamışdır. Bu səbəblə də ərizəçi faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb ərizəçinin hüquqi marağını nəzərə alaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015ci il tarixli 05 nömrəli Qərarı). Bundan başqa məhkəməyə ünvanlanan iddia ərizəsi ərizəçi və ya onun etibarnamə üzrə saləhiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Qərarın 9.1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. İPM-in 2.1-ci maddəsinin tələbindən göründüyü kimi, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən o halda həyata keçirilir ki, mübahisənin qanunla başqa aidiyyət qaydası müəyyən edilməmiş olsun. MPM-in yuxarıda istinad edilən normalarının məzmunundan göründüyü kimi, “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında” işlərə xüsusi icraat qaydasında ümumi məhkəmələr tərəfindən baxılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi qeydin düzəldilməsinə və ya dəyişdirilməsinə əsas olan sübut əhəmiyyəti kəsb edir. Həmin icraat qaydasına o hallarda müraciət olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında hüquqi faktlara (doğum, nikah, boşanma, övladlığa götürmə və s.) dair aparılmış qeydlərdə yanlışlığa, səhvlərə yol verilmiş olsun və müvafiq icra hakimiyyəti orqanı həmin yanlışlığı (səhvi) düzəltməkdən imtina etsin (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmadığını müəyyən etmək üçün qeydiyyat orqanın sərəncamında mübahisəsiz sübutların olmaması səbəbi ilə). Bu halda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmadığı məhkəmə qaydasında müəyyən edilir. Hazırkı işdə də vəziyyət, məhz belədir. Buna görə də, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında iddiaçıya aid qeydlərin düzgün olmadığı mülki məhkəmə icraatı qaydasında müəyyən edilməlidir. Ona görə də ərizəçinin diqqətinə çatdırılır ki, hazırkı tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında İnzibati Məhkəmələr tərəfindən baxılmalı olmadığından ərizəçinin dinlənilməsinə zərurət olmamışdır. Belə ki, onun dinlənilməsinin təmin edilməsi iddianın mümkün sayılması ilə nəticələnməyəcək, əksinə vaxt itkisinə, əlavə yazışmalara səbəb olacaqdır. Bu səbəbdən də icraata qənaət prinsipi rəhbər tutularaq ərizəçinin dinlənilməsinə lüzum görülməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-cı maddələrini rəhbər tutaraq qərara aldı: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdehnə qarşı “xx xxxxx 1953-cü ildə verilmiş atasına məxsus ИЕ 975773 nömrəli doğum haqqında şəhadətnamə verilərkən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında ata adının düzgün qeyd edilməməsi, yəni ata adının “Hacıqədir” əvəzinə “Abdulqədir” kimi qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar