Məhkəmə qərarları › İş №2-1(116)-486/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-486/2022

04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-486/2022 04.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçılar İddiaçı1, İddiaçı2, Babayeva (Aslanova) Səma Vahid qızı və İddiaçı4 “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “ JN seriyalı 0057 nömrəli və JN seriyalı 0056 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ləğv edilməsi, o cümlədən JN seriyalı 0056 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd olunan Qax rayonu Qaysarlı kəndində yerləşən 3.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, Babayeva (Aslanova) Səma Vahid qızı və İddiaçı4 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Qax rayonu Qıpçaq kəndində yerləşən 3.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnu təsdiq edən JN seriyalı 0057 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının və Qax rayonu Qaysarlı kəndində yerləşən 3.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iş üzrə üçüncü şəxslər X13, X11, X15, X6, X2 və digərlərinin mülkiyyət hüququnu təsdiq edən JN seriyalı 0056 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ləğv edilməsi, o cümlədən JN seriyalı 0056 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd olunan Qax rayonu Qaysarlı kəndində yerləşən 3.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin 27.12.2021-ci il tarixli 2-1(116)-1666/2022 nömrəli qərardadı ilə iş üzrə X20 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçılar, tələbini aşağıdakı kimi əsaslandırmışlar: - Qax rayon AİK-nın 30.07.1998-ci il tarixli 08 №-li qərarı ilə ümumi birgə mülkiyyətlərinə Qax rayonu Qıpçaq kəndində yerləşən 3.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmçinin, həmin qərar əsasında X3 və digərlərinin ümumi birgə mülkiyyətinə Qax rayonu Qaysarlı kəndində 3.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Qeyd olunan vaxt onların faktiki istifadələrində olan torpaq sahəsinin X8 və digərlərinin birgə mülkiyyətində olan Qax rayonu Qaysarlı kəndində 3.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması səbəbindən, sonuncuların da razılığı ilə torpaq sahələrinin dəyişdirilməsi ilə bağlı Qax rayonu Qaysarlı bələdiyyəsinə müraciət edilmiş, sonuncunun 06.05.2003-cü il tarixli qərarına əsasən ərizələri təmin edilmiş, onlara Qax rayonun Qıpçaq kəndində “Arx arası” sahəsindən düşmüş 3.12 ha torpaq sahəsi, Qıpçaq kənd sakini X12 kəndində “Yonca qoruq” adlı ərazidən düşmüş 3.35 ha torpaq sahəsi ilə dəyişdirilməyə icazə verilmişdir. Bundan sonra isə Qax rayon AİK-nın 12.12.2001-ci il tarixli qərarı ilə Qaysarlı kənd sakini İddiaçı1 Qax rayonu Qıpçaq kəndində “Arx arası” sahəsindən düşmüş 3.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Qıpçaq kənd sakini X12 kəndində “Yonca qoruq” adlı ərazidən düşmüş 3.35 ha torpaq sahəsi ilə dəyişdirilməsi qərara alınmışdır. Qeyd olunan torpaq sahələri dəyişdirilməsinə baxmayaraq torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən JN seriyalı 0057 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, o cümlədən X8 və digərlərinin mülkiyyət hüququnu təsdiq edən JN seriyalı 0056 №-li “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ləğv edilməmişdir. Buna görə də hazırkı iddia tələbində qeyd olunmuş tələblə ilkin olaraq cavabdeh orqana müraciət edilmiş, cavabdeh orqan müraciətinə təmin edilməsindən imtina etdiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İşdə olan, JN-0056 kod 40313018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, X5 (ailə üzvləri ilə birlikdə) Qax rayon AİK-nın 30.07.1998-ci il tarixli 08 saylı qərarı ilə 3.35 ha torpaq sahəsi verilmişdir. İşdə olan, JN-0057 kod 40313018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, İddiaçı1 (ailə üzvləri ilə birlikdə) Qax rayon AİK-nın 30.07.1998-ci il tarixli 08 saylı qərarı ilə 3.12 ha torpaq sahəsi verilmişdir. İşdə olan, Qax rayon Qaysarlı bələdiyyəsinin 06.05.2003-cü il tarixli və Qax rayon AİK-nın 14.12.2004-cü il tarixli iclas protokollarından çıxarışlardan görünür ki, İddiaçı1 Qıpçaq sahəsinin “Arx arası” sahəsindən düşmüş 3.12 ha torpaq payını Qıpçaq kənd sakini X12 kəndinin “Yonca qoruq” adlı ərazidən düşümş 3.35 ha torpaq sahəsi ilə dəyişdirilməsinə icazə verilmiş, Qax rayon AİK-nın qərarı ilə Qaysarlı bələdiyyəsinin müvafiq qərarı təsdiq edilmişdir. İşdə olan, Şəki İnzibati Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2-1(116)-1252/2021 nömrəli qərarından görünür ki, iddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Qıpçaq kəndi ərazisində verilmiş, 3.12 ha torpaq sahəsinin Qax rayonu Qaysarlı kəndinin “Yonca qoruq” adlanan ərazisindən X5 verilmiş 3.35 ha torpaq sahəsi ilə dəyişdirilməsi barədə Qax rayon AİK-nın 10.09.2004-cü il tarixli 02 №-li qərarına əsasən, Qax rayonu Qaysarlı kəndinin Yonca qoruq” adlanan ərazisində yerləşən 3.35 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməmişdir. İşdə olan, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.04.2021-ci il tarixli 2-191070-26/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 11.09.2020-ci il tarixli 2-1(116)-130/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır ( üvafiq qərarla iddiaçılar X13 və digərlərinin cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “1144182 nömrəli, 07.11.2017-ci il tarixli çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası ilə təmin edilmişdir). İşdə olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.03.2016-cı il tarixli, 2-1(102)640/16 nömrəli qərarından görünür ki, iddiaçı X9 cavabdehlər Qax rayon Qıpçaq bələdiyyəsinə və Qax rayon İcra Hakimiyyətinə qarşı “Qax rayon Qaysarlı bələdiyyəsinin 10.09.2004-cü il tarixli 10 №-li iclas qərarının Qaysarlı kənd sakini İddiaçı1 və X4 razılığı ilə dəyişdirilməsinə icazə verilməsi hissəsində və Qax rayon AİK-nın 14.12.2004-cü il tarixli qərarının Qaysarlı bələdiyyəsinin 10.09.2004cü il tarixli 10 №-li iclas qərarının təsdiq olunması hissəsində ləğv olunması barədə” iddia ərizəsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 21.10.2015-ci il tarixli 2-1(84)-673/2015 nömrəli qərardadı ilə mümkün sayılmamış, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23.12.2015-ci il tarixli 2-1(107)-331/2015 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmış, həmçinin Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30.03.2016-cı il tarixli, 2-1(102)640/16 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının müvafiq qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbində ləğv edilməsi tələb edilən, JN-0056 kod 40313018 və JN- 0057 kod 40313028 nömrəli X27 rayon Aqrar İslahat Komissiyasının 30.07.1998-ci il tarixli 08 nömrəli qərarı əsasında tərtib edilmişdir. Odur ki, qeyd edilən Dövlət Aktlarının ləğvi hissəsi ilə bağlı müddətlər baxımından həllində Aqrar İslahat Komissiyasının qərarının qəbul olunduğu zaman qüvvədə olan hüquq normaları rəhbər tutulmalıdır. X10 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. X1 verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X10 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X24 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X10 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 12 saylı Şəki Ərazi İdarəsi Qax rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir və ləğvi tələb edilən Dövlət Aktlarının verilməsinə əsas olmuş Qax rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 10 №-li qərarının mübahisələndirilməsi imkanı artıq itirilmişdir. Odur ki, müvafiq qərar qüvvədə olduğundan onun əsasında verilmiş Dövlət Aktları mübahisələndirilə bilməz. Qax rayon AİK-nın 30.07.1998-ci il tarixli, 08 №-li qərarının mübahisələndirilməsi imkanı artıq itirildiyindən və həmin qərar hazırda da qüvvədə olduğundan, onun əsasında verilmiş Dövlət Aktının mübahisələndirilməsi də mümkün sayıla bilməz. X18 mübahisələndirilməsi ilə bağlı iddia qeyri-mümkün olduğundan, JN-0056 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd olunmuş 3.35 ha torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququ dövlət qeydiyyatına alına bilməz. Yəni, tələbin həmin hissəsi ilkin tələbdən asılı tələbdir. İlkin tələbin qeyri-mümkün olması, sonrakı tələbin də mümkünsüzlüyünə gətirib çıxarır. Əlavə olaraq qeyd olunur ki, Şəki İnzibati Məhkəməsinin icraatında iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və X16 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayon Qıpçaq kəndi ərazisindən verilmiş 3.12 ha torpaq sahəsinin Qax rayon Qaysarlı kəndinin “Yonca qoruq” adlanan ərazisindən X5 verilmiş 3.35 ha torpaq sahəsi ilə dəyişdirilməsi barədə Qax rayon Aqrar İslahat Komissiyasının 10.09.2004-cü il tarixli 02 nömrəli qərarına əsasən, Qax rayon Qaysarlı kəndinin “Yonca qoruq” adlanan ərazisində yerləşən 3.35 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş olmuşdur. Məhkəmənin 12.10.2021-ci il tarixli 2-1(116)- 1252/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmiş, qərardan apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəyə minmişdir. Həmin iş üzrə iddia tələbinin məzmunundan görünür ki, iddiaçıların hazırkı tələblə məhkəmədə iddia qaldırmaqda hüquqi marağı Qax rayon AİK-nın “torpaq sahələrinin dəyişdirilməsi” barədə qərarına əsasən Qaysarlı kəndi ərazisində yerləşən 3.35 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasına nail olmaqdır. Bu da hazırda məhkəmənin icraatında olan iddia ərizənizdə qeyd edilən iddia tələbi ilə tərtibat baxımından fərqli olsa da, mahiyyət etibarilə eyni hüquqi nəticənin əldə edilməsinə yönəlmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi hazırkı iddia predmeti ilə bağlı analoji mübahisəyə əvvəl məhkəmədə baxılmış, tələb təmin edilməmiş və məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. İddiaçıya 28.02.2021-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi izah edilmiş, məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya vaxt təyin edilmişdir. İddiaçı, məhkəmənin hüquqi yardım məktubuna 11.02.2022-ci il tarixdə münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh orqana edilən ilkin müraciətlə məhkəmədə qaldırılan iddia tələbi eyni olmuşdur, əvvəlki iddialardan fərqli olaraq iddiaçılar “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarının ləğv olunmasını xahiş edirlər. Hazırda mübahisləndirilən X27 rayon AİK-nın 30.07.1998-ci il tarixli, 08 №-li qərarı əsasında tərtib olunsa da, Qax rayon AİK-nın 14.12.2001-ci il tarixli qərarı ilə Qaysarlı kənd sakini İddiaçı1 Qax rayonu Qıpçaq kəndində “Arx arası” sahəsindən düşmüş 3.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Qıpçaq kənd sakini X12 kəndində “Yonca qoruq” adlı ərazidən düşümş 3.35 ha torpaq sahəsi ilə dəyişdirilməsi qərara alınmışdır. Yəni, AİK-nın 30.07.1998-ci il tarixli 08 №-li qərarı iddiaçılar və üçüncü şəxslərə münasibətdə öz hüquqi qüvvəsini itirmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilir. İddiaçılar İddiaçı1, İddiaçı2, Babayeva (Aslanova) Səma Vahid qızı və İddiaçı4 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Qıpçaq kəndində yerləşən 3.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnu təsdiq edən JN seriyalı 0057 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının və Qax rayonu Qaysarlı kəndində yerləşən 3.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iş üzrə üçüncü şəxslər X13, X11, X15, X6, X2 və digərlərinin mülkiyyət hüququnu təsdiq edən JN seriyalı 0056 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ləğv edilməsi, o cümlədən JN seriyalı 0056 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd olunan Qax rayonu Qaysarlı kəndində yerləşən 3.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar