Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-488/2020 23.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X1 qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xidmətdə olduğu dövrdə almadığı 2010-cu ilin iyun və iyul aylarının əmək haqqının, ərzaq əvəzi pul kompensasiyasının və müvəqqəti mənzilə görə kirayə pulunun hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “xidmətdə olduğu dövrdə almadığı 2010-cu ilin iyun və iyul aylarının əmək haqqının, ərzaq əvəzi pul kompensasiyasının və müvəqqəti mənzilə görə kirayə pulunun hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.11.2019-cu il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş və 24.12.2019-cu il tarixində Şəki İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuşdur. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdir. 27.06.2004-cü il tarixdən 13.05.2005-ci il tarixədək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində dinləyici zabit olmuşdur. 13.05.2005-ci il tarixdən 02.08.2010-cu il tarixədək 777 saylı Hərbi hissənin Artilleriya Diviziyonun 3-cü Artilleriya Bateryasının 2-ci Atəş tağım komandiri vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 23.07.2010-cu il tarixli 0327 saylı əmrinə əsasən Silahlı Qüvvələr sıralarından tərxis olunmuş və 02.08.2010-cu il tarixdə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 20-ci maddəsinə əsasən xidmət etdiyi hərbi hissənin bütün təminatlarından çıxıb, pasport qeydiyyatında olduğu Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinə qeydiyyata durmaq üçün göndərilmişdir. Xidmətdə olduğu dövrdə 2010-cu ilin iyun və iyul aylarının əmək haqqısını ərzaq pulu və kirayə əvəzi də daxil almamışdır. Bundan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi ona verdiyi maddi yardım: ərzaq pulu və ilin yekunlarına görə birdəfəlik pul mükafatından tutulmaları sosial sığorta hesabına köçürülməyib. Göründüyü kimi cavabdeh ona xidmətdə olduğu dövr üçün (2010-cu ilin iyun və iyul ayları üçün) əmək haqqını ərzaq əvəzi pul və kirayə pulu ödəməli olduğu halda bundan yayınıb. O, Silahlı Qüvvələr sıralarından tərxis olduqdan sonra Kapital Bank ASC-nin əmək haqqı kartından çıxarışda göründüyü kimi 22.09.2010-cu il tarixdə 919 manat pul ödənilib ki, buda Silahlı Qüvvələr sıralarından tərxis olduğu üçün son haqq-hesabdır. O isə 22.09.2010-cu il tarixdə Silahlı Qüvvələrin hərbi qulluqçuları haqqında əsasənaməni görmədiyi və bilmədiyi üçün orada yazıldığını başa düşməmişdir. Həmin aldığı 919 manatın onun 2010-cu ildə almadığı iyun və iyul aylarının əmək haqqı, ərzaq əvəzi pul və kirayə pulu olduğunu düşünmüşdür. Dəfələrlə Nazirliyə müraciət etsə də sənədlərin ləğv olunduğu bildirilmişdir. Cavabdeh etirazında bildirmişdir ki,iddiaçının eyni predmetli iddia ərizələrinə Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakimlər R.Məcidov - 2-1(84)-40/2019, İ.Cabbarov 2-1 (84)-293/19 №-li) icraatında olan inzibati işlərə baxılmış və 16.04.2019-cu il tarixli qərardadı ilə iddia mümkünsüz sayılmışdır. Həmin qərardaddan şikayət verilməmişdir. Həmçinin 2-1(84)-40/2019, 2-1(84)-293/19 nömrəli inzibati işlərə sübutlar, tələb olunan sənədlər, əmrlər təqdim edilmişdir. Buna görə də hazırkı iddiada qeyd olunanlarla bağlı əmrlər, sənədlər tələb olunsa yuxarıda qeyd olunmuş inzibati işlər arxivdən götürülərək orada olan əmrlər, məhkəmə aktlar, vəsatətlər və s. nəzərdən keçirilə bilər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün saylmamalıdır. Hazırkı işdə mübahisə olunan 2010-cu ilin iyun və iyul aylarının əmək haqqını ərzaq əvəzi pul kompensasiyası Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 2010-cu ilin iyun və iyul aylarında verilməli idi. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). İddiaçı 2010-cu ilin iyun və iyul aylarının əmək haqqını, ərzaq əvəzi pul kompensasiyasının ödənmədiyini ən azından 2010-cu ildən bilməli olmuş, lakin həmin vaxtdan 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etməmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların (müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xidmətdə olduğu dövrdə almadığı 2010-cu ilin iyun və iyul aylarının əmək haqqını ərzaq əvəzi pul kompensasiyasını və müvəqqəti mənzilə görə kirayə pulu daxil hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-488/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-488/2020
23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver