Məhkəmə qərarları › İş №2-1(116)-488/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-488/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-488/2021 14.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinə qarşı “hazırkı “İddiaçı” kimi yazılan ad və soyadının əvvəlki ad və soyadına, yəni “X3” kimi dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. Əvvəlki soyadı və adı “Məmmədov Bəhruz” olmuşdur. Sonradan iddiaçı ad və soyadını dəyişərək “İddiaçı” olaraq qəbul etmişdir. İddiaçı əvvəlki soyadı və adını qəbul etmək istəyir. Belə ki, ona məxsus sənədlər əvvəlki soyadı və adındadır. Bu səbəblə yeni sənədlərin alınması ona çətinlik yaradır. İddiaçı cavabdeh orqana müraciət edərək, əvvəlki soyadı və adının qeyd edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Belə ki, cavabdeh orqan “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.24-6.28-ci bəndlərinə istinad edərək, iddiaçının ad və soyadının dəyişdirilməsini mümkün hesab etməmişdir. Cavabdeh inzibati orqan iddia tələbi ilə bağlı münasibət (etiraz) bildirməmişdir. Məhkəmə iclasında iddiaçı Rusiya Federasiyasından deportasiya olunduğunu, 5 il müddətində girişinə qadağa qoyulduğunu, 2017-ci ildə Rusiya Federasiyasına sərbəst gedib-gəldiyini, 2017-ci ildə Gürcüstandan keçməklə yenidən Rusiya Federasiyasına getmək istəyəndə adında girişinə qadağa olduğundan geri qaytarıldığını, 2019-cu ilin martında RF-yə getmək üçün soyadı və adını dəyişdirdiyini, bir ay sonra yenidən RF-yə getdiyini və 2019-cu ilin noyabr ayında RF-dan qayıtdığını bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan 1170 nömrəli, xx.xx.1989-cu il tarixdə tərtib edilmiş “Doğum haqqında akt qeydi”nin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1989-cu il tarixdə anadan olmuş və onun soyadı “Məmmədov”, adı “Bəhruz” olmuşdur. Sənəddə soyad və adın üstündən xətt çəkilərək, “Yusifov” və “Anar“olaraq düzəliş olunduğunu müəyyən edilir. İş materiallarında olan iddiaçının hərbi biletinin 20-ci və 21-ci səhifələrinin təsdiq edilmiş surətində 21-ci səhifədə “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” 023644 nömrəli Şəhadətnaməyə əsasən iddiaçının soyadı və adında dəyişiklik olduğu qeyd edilmişdir. İş materiallarında olan 023644 nömrəli, xx.xx.2019-cu il tarixli “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı əvvəlki soyadı “Məmmədov”, adı isə “Bəhruz” olmuşdur. İddiaçının adı və soyadı dəyişdikdən sonra ona 242423 nömrəli “Doğum haqqında şəhadətnamə” verilmişdir. İş materiallarında olan 711876 nömrəli, xx.xx.2014-cü il tarixli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X1 xx.xx.2014-cü il tarixdə Rusiya Federasiyasında X4 adında övladı doğulmuşdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Bu səbəbdən də iddia rədd edilməlidir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı soyadının dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu adın və soyadın dəyişdirilməsindən imtina etmiş və tərəflər arasında hazırki mübahisə yaranmışdır. İddia mahiyyət etibarı ilə əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından İddiaçı cavabdeh Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinə qarşı “hazırkı “İddiaçı” kimi yazılan ad və soyadının əvvəlki ad və soyadına, yəni “X3” kimi dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinə qarşı “hazırkı “İddiaçı” kimi yazılan ad və soyadının əvvəlki ad və soyadına, yəni “X3” kimi dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.“ Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar