Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-488/2024 22.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı "Avqustin Voloşin adına Karpat Universiteti tərəfindən "Beynəlxalq hüquq və insan hüququ” ixtisası üzrə verilmiş xx.xx.2022-ci il tarixli B22 134231 nömrəli diplomun və xx.xx.2022-ci il tarixli 260838 nömrəli diploma əlavə sənədinin ölkə ərazisində kvalifikasiyanın tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə müraciət edərək “Avqustin Voloşin adına Karpat Universiteti tərəfindən "Beynəlxalq hüquq və insan hüququ” ixtisası üzrə verilmiş xx.xx.2022-ci il tarixli B22 134231 nömrəli diplomun və xx.xx.2022-ci il tarixli 260838 nömrəli diploma əlavə sənədinin ölkə ərazisində kvalifikasiyanın tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbində qeyd etmişdir ki, İddiaçı 2006-cı ildə Kəlbəcər rayonu 118 saylı tam orta məktəbi bitirmiş və orta məktəbi bitirdiyi üçün ona xx.xx.2006-cı it tarixdə B№ 329346 nömrəli atestat verilmişdir. O, Avqustin Voloşin adına Karpat Unverstetinin "Beynəlxalq hüquq və insan hüququ" ixtisası üzrə bitirmiş və xx.xx.2022-ci il tarixdə B22 № 134231 nömrəli diplom və xx.xx.2022-ci il tarixli 260838 nömrəli diploma əlavə sənədi verilmişdir. Həmin unveristetdə qanuni əsaslarla və vaxtlı-vaxtında dərslərdə və təlimlərdə iştirak etməklə oxumuş və ali təhsil ixtisası almışdır. O hazırda oxuduğu ali məktəb istisası üzrə Azərbaycan Rerspublikasında ixtisasına uyğun işləmək və fəaliyyət göstərmək istəyir. Bununla bağlı Azərbaycan Respublikası Qanunvericiliyinin tələblərinə uyğun diplomunu tanınmaq üçün müraciət etsə də, cavabdeh orqan 14 iyul 2023-cü il tarixli NA00013469 nömrəli məktubunda "xarici dövlət ali təhsil kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə" qərar qəbul olunduğunu və həmin qərardan 30 gün müddətində məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Cavabdeh orqan iddia tələbinə etirazda qeyd etmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh qurum daxil olmuş müraciət əsasında inzibati icraat aparmışdır. İnzibati icraat aparılarkən iddiaçının sərhədkeçmə məlumatları təhlil edilmiş və onun tədris müddəti dövründə ali təhsil aldığı iddia olunan Ukraynaya girişini əks etdirən məlumatlara rast gəlinməmişdir. Həmçinin, eyni dövrdə iddiaçı 1 günlük intervallarla Azərbaycan-Gürcüstan sərhəddini dəfələrlə keçərək tədris aldığı dövrdə ikincinin ərazisində olmuşdur. Daha əvvəlki müraciətlər üzrə aparılan araşdırmalardan məlum olmuşdur ki, bir sıra şəxslər Avqustin Voloşin adına Karpat Universiteti diplomunu əldə etmək üçün Gürcüstanda təhsil müəssisəsi kimi tanınmayan nümayəndəliklər vasitəsilə tədris prosesinə qoşulmuşlar. Faktla bağlı Avqustin Voloşin adına Karpat Universitetindən daxil olan sorğu cavabında ali təhsil müəssisəsinin Gürcüstanda rəsmi və tanınan bir filialının (nümayəndəlik) olmadığı bildirilmişdir. Sözügedən Qaydaların Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirilməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. Ali təhsil müəssisəsinin müvafiq lisenziyaya və akkreditasiyaya malik olmasının müəyyənləşdirilməsi xarici kvalifikasiyaların tanınması sahəsində araşdırılması mühüm olan vacib məsələlərdən biridir və beynəlxalq təcrübədə də məhkəmələr tərəfindən deyil, səlahiyyətli qurumlar tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərdən göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli NA00013469 nömrəli qərar, xx.xx.2022-ci il tarixli 260838 nömrəli diploma əlavə, Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məktubu. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Lakin, iddia əsassızdır. “Təhsil haqqında” Qanunun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyanı həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli, 34 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən tanınma üçün müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsi fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməlidir. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının da qoşulduğu “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın 4-cü fəslin 1-ci bəndinə əsasən hər bir iştirakçı dövlət digər iştirakçı dövlətin ali təhsil sisteminə aid olan proqramlarının əldə edilməsinə imkan vermək məqsədilə bu ölkələrdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi tələblərə cavab verən ixtisasları, həmin dövlətdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi tələblər arasında əsaslı fərqlər olmadığı halda tanıyacaqdır. Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın, habelə “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı”nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müsəssisənin qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olubolmaması nəzərə alınmalıdır. Eyni zamanda Qaydaların 4.1.4-cü yarımbəndində Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra - Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər arasında əks olunmuşdur. İddia ərizəsindən görünür ki, iddiaçının hüquqi marağı Avqustin Voloşin adına Karpat Universiteti tərəfindən "Beynəlxalq hüquq və insan hüququ” ixtisası üzrə verilmiş xx.xx.2022-ci il tarixli B22 134231 nömrəli diplomun və xx.xx.2022-ci il tarixli 260838 nömrəli diploma əlavə sənədinin ölkə ərazisində kvalifikasiyanın tanınması tanınması ilə bağlıdır. İş materiallarından görünür ki, iddiaçının tədris müddəti dövründə ali təhsil aldığı iddia olunan Ukraynaya giriş etməmişdir. İddiaçı, Gürcüstanda təhsil müəssisəsi kimi tanınmayan nümayəndəlik vasitəsilə tədris prosesinə qoşulmaqla Avqustin Voloşin adına Karpat Universiteti diplomunu əldə etmişdir. Avqustin Voloşin adına Karpat Universitetinin Gürcüstanda rəsmi və tanınan bir filialı (nümayəndəliyi) olmadığından cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı "Avqustin Voloşin adına Karpat Universiteti tərəfindən "Beynəlxalq hüquq və insan hüququ” ixtisası üzrə verilmiş xx.xx.2022-ci il tarixli B22 134231 nömrəli diplomun və xx.xx.2022-ci il tarixli 260838 nömrəli diploma əlavə sənədinin ölkə ərazisində kvalifikasiyanın tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.