Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-489/2025 28.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, İddiaçı, cavabdeh orqanın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki rayon Qoxmuq bələdiyəsinin 25 oktyabr 2010-cu il tarixli, 10 nömrəli iclasının qərarına əsasən ona fərdi yaşayış evi tikmək məqsədilə Şəki rayonu, Qoxmuq kəndi ərazisindən satılmış 0,06 ha hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun reyestrdə adına dövlət qeydiyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki rayon Qoxmuq bələdiyəsinin 25 oktyabr 2010-cu il tarixli, 10 nömrəli iclasının qərarına əsasən ona fərdi yaşayış evi tikmək məqsədilə Şəki rayonu, Qoxmuq kəndi ərazisindən satılmış 0,06 ha hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun reyestrdə adına dövlət qeydiyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2128/2024 nömrəli qərardadı ilə Şəki rayonu Qoxmuq bələdiyyəsi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçıya Şəki rayon Qoxmuq bələdiyəsinin 25 oktyabr 2010-cu il tarixli, 10 saylı iclas protokolunun qərarı ilə 0,06 ha torpaq sahəsi satılmışdır. İddiaçı müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan, iddia tələbinə etirazında qeyd etmişdir ki, sözügedən torpaq sahəsi ilə bağlı Qoxmuq bələdiyyəsi tərəfindən 08 aprel 2022-ci il tarixli 64 №-li ərizə ilə (daxilolma №-si **********) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət olunaraq, Şəki rayonunun Qoxmuq bələdiyyəsinin ərazisində yerləşən və fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satılması yolu ilə həyətyanı məqsədilə ayrılması nəzərdə tutulan 0,06 ha torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsinin qanunauyğunluğu barədə rəy verilməklə yerquruluşu planının hazırlanmasını, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təsdiq edən çıxarış, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi xahiş olunmuş və həmin ərizəyə Şəki rayon Qoxmuq bələdiyyəsinin 25 oktyabr 2010-cu il tarixli 10 saylı iclas protokolunun qərar hissəsindən Qoxmuq kənd sakini İddiaçı kəndin yuxarı hissəsində fərdi yaşayış evinin tikintisi üçün 0,06 hektar həyətyanı torpaq sahəsi verilməsinə dair çıxarış; DTXK-nin Şəki rayon şöbəsinin müdirinin xx.xx.2010-cu il tarixli, 574 nömrəli rəyi; Şəki şəhər İH-nin Tikinti və memarlıq şöbəsinin müdiri - baş memarın xx.xx.2010-cu il tarixli, 13/1131 nömrəli rəyi; Torpaq sahəsinin yerləşdiyi ərazinin sxemi; Qoxmuq bələdiyyəsinin adına tərtib olunaraq X3 kitabında xx.xx.2013-cii il tarixdə 1914 nömrə ilə uçota alınmış A 415403 seriya və nömrəli Şəki rayon Qoxmuq kəndində yerləşən 600 kv.metr torpaq sahəsinin planı və ölçüsü əlavə edilmişdir. Lakin, ərizəyə baxılması ilə əlaqədar müraciət olunan torpaq sahəsinin elektron baza kadastr xəritə və arxiv məlumatları yoxlanılarkən Şəki rayonu, Qoxmuq kəndində yerləşən 0,06 ha torpaq sahəsinin sənəd üzrə təyinatının “yaşayış məntəqələrinin torpaqları (həyətyanı)" qeyd olunmasına baxmayaraq, ərazi idarəsində mövcud olan elektron baza məlumatlarında kənd təsərrüfatı təyinatlı “kollu örüş" olduğundan Qoxmuq bələdiyyəsinə 12 may 2022-ci il tarixli **********18 №-li imtina məktubu verilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh orqanın nümayəndəsi, izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, TEKUİS-də torpaq sahəsinin yaşayış məntəqəsi qeyd edilməsi torpaq sahəsindən faktiki istifadə vəziyyətini ifadə edir. Torpaq sahəsinin təyinatı kənd təsərrüfatı olmaqda davam edir və 1 sot hissədə Dövlət mülkiyyətinə aid torpaq sahələri ilə üst-üstə düşür. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli məktubu imtina məktubu, Şəki rayon Qoxmuq Bələdiyyəsinin 25 oktyabr 2010-cu il tarixli, 10 saylı iclas protokolu, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi, torpaq sahəsinin satılmasının qanuna müvafiqliyi barədə DT və XK-nin Şəki rayon şöbəsinin xx.xx.2012-ci il tarixli arayışı, torpaq sahəsinin xüsusiyyətləri barədə DT və XK-nin Şəki rayon şöbəsinin xx.xx.2012-ci il tarixli rəyi, ayrılmış torpaq sahəsinin sxemi, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə xx.xx.2010-cu il tarixli qəbz, A415403 saylı plan-ölçü sənədi. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Şəki rayon Qoxmuq bələdiyəsinin 25 oktyabr 2010-cu il tarixli, 10 saylı iclas iclas protokolu əsasında iddiaçıya 0,06 ha torpaq sahəsi satılmışdır. Cavabdehin iddiaya qarşı dəlili ondan ibarətdir ki, Şəki rayonu, Qoxmuq kəndində yerləşən 0,06 ha torpaq sahəsinin sənəd üzrə təyinatının “yaşayış məntəqələrinin torpaqları (həyətyanı)" qeyd olunmasına baxmayaraq, ərazi idarəsində mövcud olan elektron baza məlumatlarında kənd təsərrüfatı təyinatlı “kollu örüş" olmasıdır. İş materiallarında olan mütəxəssis rəyində qeyd edilmişdir ki, iddia olunan torpaq sahəsi İddiaçı tərəfindən istifadə edilir və faktiki 600 kv.m.dir. Həmin torpaq sahəsi DWG məlumatlarında kənd təsərrüfatı təyinatlı kollu örüş torpaqları, TEKUİS məlumatlarında isə bir hissəsi Qoxmuq bələdiyyəsinə aid, yaşayış məntəqəsi torpaqları daxilində kollu örüş, bir hissəsi Dövlət meşə fondu torpaqlar kimi göstərilmişdir. Satılmış torpaq sahəsinə dair ilkin torpaqayırma sənədlərindən görünür ki, bələdiyyə sözügedən torpaq sahəsini həyətyanı məqsədilə iddiaçı satsa da, torpaq sahəsinin xüsusiyyətləri ilə bağlı DT və XK-nin Şəki rayon şöbəsinin xx.xx.2010-cu il tarixli rəyində satılması nəzərdə tutulan torpaq sahəsinin Qoxmuq bələdiyyəsinin mülkiyyətinə aid olmaqla kənd təsərrüfatına yararlı olması qeyd edilmişdir. İş materiallarında olan, iddiaçıya satılmış torpaq sahəsinə dair arayışda və A415403 nömrəli plan-ölçü sənədində torpaq həmin torpaq sahəsinin keyfiyyət qrupunun 1, bonitet balının 100 olması qeyd edilmişdir. Göründüyü kimi müvafiq dövlət orqanları tərəfindən aşkar məlumatlandırmasına baxmayaraq, yüksək məhsuldarlıq və keyfiyyət göstəricilərinə malik, kənd təsərrüfatına yararlı torpaq sahəsi bələdiyyə tərəfindən qanunsuz olaraq iddiaçıya satılmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1 və 7.2-ci maddələrindən görünür ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən yalnız kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar xüsusi mülkiyyətə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi Şəki rayon Qoxmuq bələdiyəsinin 25 oktyabr 2010-cu il tarixli, 10 saylı qərarı qəbul edildiyi vaxt qüvvədə olan maddi hüquq normalarının tələblərini pozmaqla, aşkar qanunsuz olduğundan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi anlamında qanunla müəyyən edilmiş qaydada bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi barədə inzibati akt kimi qiymətləndirilə və iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas hesab oluna bilməz. Həmin qərara etimad hüququnun mövcudluğuna münasibətdə isə məhkəmə qeyd edir ki, etimad hüququ qanuni əsaslarla qəbul edilmiş inzibati aktlara münasibətdə tətbiq edilən anlayışdır. Yuxarıda da qeyd edildiyi kimi iddiaçı tərəfindən təqdim edilən inzibati akt qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən etimad hüququ ilə bağlı müddəalar tətbiq edilə bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyəti hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki rayon Qoxmuq bələdiyəsinin 25 oktyabr 2010-cu il tarixli, 10 nömrəli iclasının qərarına əsasən ona fərdi yaşayış evi tikmək məqsədilə Şəki rayonu, Qoxmuq kəndi ərazisindən satılmış 0,06 ha hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun reyestrdə adına dövlət qeydiyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.