Məhkəmə qərarları › İş №2-1(116)-490/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-490/2025

14.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-490/2025 14.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayonu, Basqal qəsəbəsində fərdi yaşayış evi tikmək məqsədilə X3 Komitəsi tərəfindən onun adına verilmiş JN-682A, KOD 40700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə üzrə həmin torpaq sahəsinə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İsmayıllı rayonu, Basqal qəsəbəsində fərdi yaşayış evi tikmək məqsədilə X3 Komitəsi tərəfindən onun adına verilmiş JN-682A, KOD 40700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə üzrə həmin torpaq sahəsinə reyestrdən çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 63 saylı qərarı ilə İsmayıllı rayon Basqal qəsəbəsində ümumi sahəsi 0.08 ha torpaq sahəsi fərdi yaşayış evi, həyətyanı sahə iddiaçıya verilmişdir.Həmin torpaq sahəsi ilə bağlı JN 682A KOD 40700016 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. İddiaçı həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etsə də tələbdən imtina edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, ərazi idarəsinin əməkdaşları iddiaçının müraciəti əsasında ərazidə olmuşdur. İddiaçının iddia etdiyi 08 ha torpaq sahəsinin 0.032 ha hissəsi faktiki olaraq başqa vətəndaşın istifadəsində olmaqla kol çəpərlə həmin torpaq sahəsi hasarlanmişdir. Bu səbəbdən də iddia edilən faktiki torpaq sahəsi üzərində müvafiq çöl ölçü işlərinin aparılması mümkün olmamışdır. Torpaq sahəsi üzərində mübahisə mövcuddur. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. • cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. • JN 682A KOD 40700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, İddiaçı İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 63 saylı qərarı ilə 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. • JN 683A KOD 40700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X1 İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 63 saylı qərarı ilə 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-ci il tarixli 3-21-3-42/2-5169/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı mümkün hesab edilən hissədə əsaslı hesab edir. İş üzrə müəyyən edilir ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 63 saylı qərarı ilə İsmayıllı rayon Basqal qəsəbəsində ümumi sahəsi 0.08 ha torpaq sahəsi iddiaçıya ayırılmış, həmin torpaq sahəsi ilə bağlı JN 682A KOD 40700016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. İddiaçı həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etsə də tələbdən imtina edilmişdir. Cavabdehin imtinasının əsası 0,08 ha torpaq sahəsinin 0.032 ha hissəsi faktiki olaraq başqa vətəndaşın istifadəsində olmaqla kol çəpərlə hasarlanması ilə bağlıdır. Hazırkı iddia tələbinə əsasən iddiaçıların hüquqi marağı İsmayıllı rayonu, Basqal qəsəbəsində fərdi yaşayış evi tikmək məqsədilə X3 Komitəsi tərəfindən onun adına verilmiş JN-682A, KOD 40700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə üzrə həmin torpaq sahəsinə reyestrdən çıxarışın verilməsindən ibarətdir. İşin hallarından görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli, 63 saylı qərarı ilə 0.08 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş, həmin torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Faktiki istifadə olunan torpaq sahəsinin xüsusiyyətlərini müəyyən etmək məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ İdarəsinin mütəxəssis rəyindən görünür ki, JN-682A nömrəli Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinin DWJ və TEKUİS-nə istinad olunmaqla yerləşmə vəziyyəti yerquruluşu planı üzrə göstərilmişdir.İddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş iddia olunan 0,048 hektar torpaq sahəsi Basqal qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Basqal qəsəbə inzibati ərazi sərhəddi daxilində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid uqodiyası həyətyanı sahə olan JN- 682 A saylı şəhadətnamə əsasında İddiaçı xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşir. X2 uçotu İnformasiya Sisteminə əsasən Basqal qəsəbə inzibati ərazi sərhəddi daxilində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid uqodiyası umumi istifadədə olan torpaqlar kimi qeyd olunmuş bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir. İddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş torpaq sahəsi JN-682 A saylı şəhadətnamə əsasında İddiaçı xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə 0,048 hektar hissədə üstüstə düşür. İddia olunan torpaq sahəsinin və mübahsəli 0,032 hektar torpaq sahəsinin yerləşmə vəziyyəti barədə ərazinin ortofoto yerquruluşu planı üzrə göstərilmişdir. Cavabdehin imtinası münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. Qeyd olunan normalarda hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının dairəsi dəqiq müəyyən edilərək burada hər hansı istisna nəzərdə tutulmamışdır. Həmin normalarda torpaq sahəsi üzərində hər hansı səbəbdən müvafiq çöl ölçü işlərinin aparılmasının mümkünsüzlüyü hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas kimi nəzərdə tutulmamışdır. Bununla yanaşı iddiaçıya ayırılmış üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində qeyd olunan hər hansı əsasın mövcudluğu işin məhkəmə araşdırılması ilə müəyyən edilməmişdir. Belə olan halda cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmə onu da qeyd edir ki, iddiaçının 0,08 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsində nəzərdə tutulduğu halda cavabdehin əsassız imtinası nəticəsində onun mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, həmin Qanunun 8.0-cı və 8.0.5-ci maddələrinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçının adına tərtib edilmiş JN 683A KOD 40700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qüvvədədir və onun mötəbərliyi mübahisələndirlmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. İddiaçı adına tərtib edilmiş JN-682A, KOD 40700016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” üzrə Basqal qəsəbəsində yerləşən 0.08 hektar torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar