Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-492/2022 04.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “iş üzrə üçüncü şəxs X3 adına 03.03.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 24 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın 2007-ci ildə (faktiki 2011-ci ildə) inşa edilmiş fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq şifahi, məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət “iş üzrə üçüncü şəxs X3 adına 03.03.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 24 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın 2007-ci ildə (faktiki 2011-ci ildə) inşa edilmiş fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 04.05.2022-ci il tarixli, 2-1(116)-492/2022 nömrəli qərardadı ilə X6, X5 iş üzrə üçüncü şəxs qismində zəruri cəlbedilmişlər. X1 və X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlb edilmişlər. Məhkəmənin 04.05.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 18 saylı Zaqatala Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçı tələbində qeyd etmişdir ki, o və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu tarixli, 81 nömrəli qərarına əsasən Zaqatala rayonu, Sumaylı kəndində 1007,7 m2 həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsində biri 1900-cu ildə, digəri isə 1990-cı ildə inşa edilmiş 2(iki) ədəd fərdi yaşayış evi olmuşdur. Həmin fərdi yaşayış evlərindən 1900-cu ildə inşa edilmiş olanı istismar müddəti bitdiyindən yarasız halda olmuş və mülkiyyətçilərin razılığı ilə iddiaçı tərəfindən sökülərək yerində özü üçün yaşamaq məqsədi ilə 2011-ci ildə öz vəsaiti hesabına yeni fərdi yaşayış evi inşa olunmuşdur. Sonradan məlum olmuşdur ki, iş üzrə cavabdeh üçüncü şəxslərdən X3 qeyd olunan torpaq sahəsi və 1990-cı ildə inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə müraciəti zamanı, İddiaçı tərəfindən 2011-ci ildə inşa edilmiş fərdi yaşayış evi üzərində də, tikintinin inşa edilməsi ilə 2007- ci il kimi göstərilməklə X3 hüquqlarını dövlət qeydiyyatına almışdır. Belə ki, həmin fərdi yaşayış evi üzərində üçüncü şəxslərdən X3 mülkiyyət hüququ 03 mart 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaraq, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqmda daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. İddia ərizəsinə əlavə edilmiş aktdan da göründüyü kimi, mübahisəli fərdi yaşayış evi 2011-ci ildə İddiaçı tərəfindən öz vəsaiti hesabma inşa edilmişdir. Bundan başqa, yenə də iddia ərizəsinə əlavə edilmiş Zaqatala Rayon İcra Hakimiyyəti Göyəm Kənd İnzibati Ərazi Dairəsinin 21 noyabr 2013-cü il tarixli, 2036 nömrəli arayışından da göründüyü kimi, üçüncü şəxslərdən X3 adına 15 nömrəli təsərrüfat başına kitabda yalnız 1(bir) fərdi yaşayış evi olmuş, o da, 1990-cı ildə inşa edilmiş fərdi yaşayış evi olmuşdur. Həmçinin iddia ərizəsinə əlavə edilmiş X3 həyətyanı və pay torpaq sahələrinin sxemindən də məlum olur ki, X3 mülkiyyətində yalnız 1 fərdi yaşayış evi olmuşdur. Göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh, məhkəməyə ünvanladığı iddia tələbinə münasibətində qeyd etmişdir ki, Zaqatala rayonu, Sumaylı kəndində yerləşən fərdi yaşayış evləri, o cümlədən mübahisə predmeti olan ev və həmin evlərin yerləşdiyi 0,1007 ha torpaq sahəsi paylı mülkiyyət hüququ ilə iş üzrə 3-cü şəxs X3 (fərdi yaşayış evləri tam, torpaq sahəsi ümumibirgə) və digərlərinin, o cümlədən İddiaçı (torpaq sahəsi ümumibirgə) adlarına 03.03.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Həmin çıxarışın verilməsi üçün əsas 06.12.2013-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, Zaqatala RİHB-nın Göyəm kənd inzbati ərazi dairəsinin 17.02.2017-ci il tarixli, 231 nömrəli arayışı və digər sənədlər olmuşdur. Daha sonra, qanuni qüvvəyə minmiş Zaqatala Rayon Məhkəməsinin 31.10.2018-ci il tarixli, 2(033)-1176/2018-ci saylı qətnaməsinə əsasən sözügedən daşınmaz əmlak paylı mülkiyyət hüququ ilə iş üzrə 3-cü şəxs X3 (fərdi yaşayış evlərinin 1/2 hissəsi, torpaq sahəsi ümumibirgə), X2 (fərdi yaşayış evlərinin 1/2 hissəsi, torpaq sahəsi ümumibirgə) və digərlərinin, o cümlədən İddiaçı (torpaq sahəsi ümumibirgə) adlarına 08.11,2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə münasibətdə qeyd olunanlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - **********34-10301 reyestr nömrəli Seriya RX ******* №-li çıxarışdan və həmin fərdi yaşayış evinə dair 01.11.2018-ci il tarixdə tərtib edilmiş, 888 inventar №-li texniki pasportdan görünür ki, Zaqatala rayonu Sumaylı kəndində yerləşən fərdi yaşayış evi üzrə tam mülkiyyət hüququ X4 məxsusdur. Fərdi yaşayış evinin Liter A tikilisinin 1990, Liter B tikilisinin 2007-ci ildə tikilməsi ilə bağlı qeydiyyat aparılmışdır. - Zaqatala rayon Məhkəməsinin 31.10.2018-ci il tarixli, 2(033)-1176/2018-ci il tarixli qətnaməsindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 03.03.2017-ci il tarixdə verilmiş, RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçı X3 və cavabdeh X2 adına ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmış Zaqatala rayonu Sumaylı kəndində 0.1007 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 175.10 kv.m olan fərdi yaşayış evində hər birinin payı bərabər müəyyən edilmişdir. - ********** qeydiyyat nömrəli, 08.11.2019-cu il tarixli çıxarışdan görünür ki, Zaqatala rayonu Sumaylı kəndində yerləşən fərdi yaşayış evi üzrə X6 və X2 fərdi yaşayış evlərinin ½ hissəsində paylı mülkiyyəti vardır. - Göyəm kənd İƏD-nin 21.11.2013-cü il tarixli 2036 №-li və 17.02.2017-ci il tarixli 231 №-li arayışlarından və 1990-2012-ci illərə dair təsərrüfat başına kitablardan çıxarışlardan görünür ki, Göyəm kənd İƏD-nin 15 №-li təsərrüfat başına kitabın 1230-cu səhifəsində X3 adına 1990-cı ildə tikilmiş, 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi və 0.10 ha həyətyanı torpaq sahəsi vardır. Onun təsərrüfatında olan köhnə evi sökülmüş və 2007-ci ildə yenisi ilə əvəz olunmuşdur. Müvafiq təsərrüfatbaşına kitablarında X6 təsərrüfatda ailə başçısı kimi, 2006-2008-ci illərdə İddiaçı təsərrüfatın üzvü kimi qeydə alınmışdır. - 16.06.1989-cu il tarixli müqavilənamədən görünür ki, X13 kəndində yerləşən, 1900cü ildə tikilmiş evi oğlu X4 bağışlamışdır. - A192366 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Zaqatala rayon AİK-nın 27.12.1999-cu il tarixli 81 №-li qərarı ilə X4 Zaqatala rayonu Sumaylı kəndində 1007.72 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. - cavabdehin 07.05.2019-cu il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və üçüncü şəxslər şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzrlü səbəblərinə dair məlumat verməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşlar. Lakin, iddia əsassızdır. İddiaçı tərəfindən RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış 2007-ci ildə inşa edilmiş fərdi yaşayış evinə dair hissədə mübahisələndirildiyindən həmin fərdi yaşayış evinin üçüncü şəxsin adına mülkiyyət hüququ ilə qeydə alınmasına əsas olmuş sənədlərin hüquqi təbiəti öyrənilməli və həmin sənədlərin əsaslılığı nəzərə alınaraq cavabdehin hərəkətlərinə hüquqi qiymət verilməlidir. İş materialları ilə müəyyən edilir ki, Zaqatala rayonu Sumaylı kəndində yerləşən, 2007-ci ildə inşa edilmiş fərdi yaşayış evi üzərində X3 mülkiyyət hüququnun qeydə alınmasına əsas Göyəm kənd İƏD-nin 21.11.2013-cü il tarixli 2036 №-li arayışı və A192366 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədi olmuşdur. Yəni, hazırkı işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına mülkiyyət hüququnun qeydiyyatı və həmin qeydiyyat əsasında verilmiş çıxarış hər hansı mülki hüquqi akt əsasında aparılmamışdır. Həmin qeydiyyat cavabdeh inzibati orqan tərəfindən publik hüquqdan irəli gələn vəzifələrin icrası qaydasında aparılmışdır. İş materiallarından görünür ki, sözügedən qeydin aparılması və çıxarışın verilməsi məsələlərini tənzimləyən ayrıca inzibati akt qəbul edilməmiş, mübahisəli çıxarışın verilməsinə dair hərəkətlər inzibati orqanın faktiki xarakterli fəaliyyəti ilə bağlı olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan faktiki xarakterli digər fəaliyyətinin (hərəkətlərinin) mübahisələndirilməsinə dair işlərə isə öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qaldırmaqla baxılmalıdır. “Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd - Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı müvafiq fərdi yaşayış evinin 2011-ci ildə faktiki olaraq inşa edilməsini bildirdiyindən də hər bir halda tikilinin 2013-cü ilədək inşa edilməsi işin mübahisəsiz halıdır. Lakin, nəzərə alınmalıdır ki, müvafiq tikili həmin təsərrüfatda olan köhnə evin sökülməsi və 2007-ci ildə yenisi ilə əvəz olunması nəticəsində inşa edilmişdir. Sökülmüş köhnə evin isə 16.06.1989-cu il tarixli müqavilənamə ilə Əminət Məmmədova tərəfindən X4 bağışlanması iş materialları ilə sübut olunur. İddiaçı özü də inşa edilmiş yeni tikilinin 1900-cü ildə inşa edilmiş, istismar müddəti bitdiyi üçün yarasız olan köhnə tikilinin yerində inşa edildiyini etiraf edir. Göyəm kənd İƏD-nin 21.11.2013-cü il tarixli 2036 №-li və 17.02.2017-ci il tarixli 231 №-li arayışlarından və 1990-2012-ci illərə dair təsərrüfat başına kitablardan çıxarışlardan müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi təsərrüfat üzrə ailə başçısı X6 olmuş, torpaq sahəsi onun və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmuşdur. Belə olan halda sökülmüş köhnə ev X3 mülkiyyətində olduğundan və 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış (2.3-cü bənd) hüquqların dövlət qeydiyyatı üçün zəruri sənəd olaraq müəyyən edildiyindən, həmin köhnə yaşayış sahəsinin sökülərək yenidən tikilməsi X3 mülkiyyət hüququnun itirilməsinə səbəb olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış (2.3-cü bənd) zəruri sənəd olaraq qeyd edildiyindən cavabdeh həmin arayış və digər sənədlər əsasında fərdi yaşayış evi üzrə düzgün olaraq üçüncü şəxsin mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır. Hazırki iş üzrə iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan iddiaçı, tələbində qeyd etdiyi öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə cavabdeh, mübahisələndirilən çıxarışın ləğv edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı həmin çıxarışın ləğvi üçün zəruri olan şərtləri sübut edə bilməmişdir. Hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02.11.2021-ci il tarili, 2-1(102)-1735/2021 nömrəli qərarında ifadə olunan hüquqi mövqe). Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda qeyd edilmiş mübahisəli yaşayış sahəsi ilə bağlı qeydiyyatın ləğvi üçün əsaslar olmadığından, cavabdehin - iddiaçının müraciətini təmin etməkdən imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.2 və 8.0.3-cü maddəsinin tələblərinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı, qanunvericiliklə müəyyən edilmiş digər sənədlər və qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “iş üzrə üçüncü şəxs X3 adına 03.03.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 24 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın 2007-ci ildə (faktiki 2011-ci ildə) inşa edilmiş fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-492/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-492/2022
04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver