Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-492/2025 03.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Ağdaş şəhəri, M.P.Vaqif küçəsi 89) cavabdeh – Ağdaş bələdiyyəsinə (yerləşdiyi yer: Ağdaş şəhəri, H.Əliyev Xiyabanı) qarşı «fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında qərarın ləğvinə dair cavabdehin qərarlarının ləğv edilməsi» barədə iddia tələbi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Ağdaş bələdiyyəsinin 27 oktyabr 2007-ci il tarixli 292 nömrəli qərarı ilə Ağdaş şəhəri, Vaqif küçəsinin cənubunda yerləşən, boş istifadədə olan 800 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı həmin qərarla mülkiyyətinə verilmiş 800 kv.m torpaq sahəsinə hüququ 27 iyul 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin sonradan Ağdaş bələdiyyəsi sözügedən 27 oktyabr 2007-ci il tarixli qərarının ləğv olunması barədə 14 dekabr 2022-ci il tarixdə 18 nömrəli, 7 fevral 2023-cü il tarixdə isə 4 nömrəli qərarlar qəbul etmişdir. İddiaçı cavabdeh Ağdaş bələdiyyəsinə qarşı «fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında qərarın ləğvinə dair cavabdehin qərarlarının ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini belə əsaslandırır ki Ağdaş bələdiyyəsindən müvafiq torpaq sahəsini dəyərini ödəməklə satın almışdır. Həmin torpaq sahəsində ağaclar əkmiş və onlara qulluq etmişdir. Qonşuluqda yerləşən torpaq sahələrində fərdi yaşayış evləri inşa edilmişdir. Başqa bir fiziki şəxs ona məxsus torpaq sahəsinin hasarını (məftil şəpərini) sökmüş, ağacları qırmış və sahəni yararsız hala saımışdır. Bundan sonra ona (hazırkı iddiaçıya) qarşı adına verilmiş 27 iyul 2022-ci il tarixli reyestrdən çıxarışın ləğv olunması tələbi ilə Şəki İnzibati Məhkəməsində iddia qaldırılmışdır. Həmin iş üzrə materiallardan bələdiyyənin 14 dekabr 2022-ci il və 7 fevral 2023-cü il tarixlərdə müvafiq qərarlar qəbul etdiyi məlum olmuşdur. Cavabdehin 14 dekabr 2022-ci il tarixli qərarı ilə qərara alınmışdır ki, torpaq sahəsi ayrılması barədə 27 oktyabr 2007-ci il tarixli 292 nömrəli qərar ona şəhərətrafı kənd bələdiyyələrinin birindən 0,12 ha torpaq sahəsi verilməklə ləğv edilsin, bələdiyyənin həmin qərarının ləğvi ilə bağlı Ağdaş Rayon Məhkəməsinə müraciət olunsun. Bələdiyyənin 7 fevral 2023-cü il tarixli qərarı əsasında isə, 27 oktyabr 2007-ci il tarixli 292 nömrəli qərarın ləğv olunması və 27 iyul 2022-ci il tarixli reyestrdən çıxarışın ləğv edilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin ərazi idarəsinə müraciət olunması nəzərdə tutulmuşdur. Bələdiyyənin sözügedən 14 dekabr 2022-ci il və 7 fevral 2023-cü il tarixli qərarları iddiaçıya təqdim edilməmişdir. Torpaq sahəsi üzərində onun mülkiyyət hüququ reyestrdə qeydə alınmışdır. Mülki Məcəllənin 203-cü maddəsinə əsasən mülkiyət hüququnun itirilməsinin növləri müəyyən edilmişdir. Bələdiyyənin mülkiyyətində olan əmlaka dair qərarın ləğv edilməsi qaydası mövcud deyil. Bələdiyyə qərarının ləğv edilməsi barədə qərarlar Ədliyyə Nazirliyinə göndərilməmiş, sonradan tərtib edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Ağdaş bələdiyyəsi belə qərarın qəbulundan 15 il məlumatlı olmuşdur. Ona torpaq sahəsinin satılması barədə bələdiyyənin qərarı nə qanunsuz inzibati aktdır, nə də əlverişsiz akt. Cavabdeh Ağdaş bələdiyyəsinin 27 oktyabr 2007-ci il tarixli 292 nömrəli qərarın ləğv edilməsi barədə 14 dekabr 2022-ci il tarixli 18 saylı və 7 fevral 2023-cü il tarixli 4 saylı qərarlarının ləğv edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh inzibati orqan Ağdaş bələdiyyəsi iddiaya etriraz edir və onun təmin olunmamasını xahiş edir. Bələdiyyə mövqeyini belə əsaslandırır ki, İddiaçı hazırkı iddianı qaldırılarkən iddia müddətini buraxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirdi ki, «İnzibati icraat haqqında» Qanunun 62-ci maddəsinə görə inzibati aktın qəbulu ilə bağlı məlumatın verilməsi vəzifəsi onu qəbul etmiş orqana aiddir və bununla bağlı mübahisələrdə sübutetmə də bu orqanın üzərinə düşür. Məhkəmə icraatında qərarların surəti qəbzlə alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddianın təmin olunmamasını xahiş etdi və bildirdi ki, müvafiq torpaq sahəsinə hüququn qeydiyyatı haqqında reyestrdən çıxarışın verilməsi müəmmalı məsələdir. Həmin torpaq sahəsi dövlət torpaqlarına aiddir və örüş yeridir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. O, qeyd etdi ki, İddiaçı Ağdaş bələdiyyəsinin DƏDKR-a qarşı müvafiq iddiası üzrə məhkəmə icraatının gedişində üçüncü şəxs qismində icraata cəlb olunmuşdur. O, həmin vaxtdan sonra hazırkı mübahisənin predmeti olan qərarlar barədə məlumatlı olmuş, lakin iddianı 2024-cü ilin aprel ayında qaldırmışdır. Mübahisə predmeti olan qərarlar qanunidir. Ərazidə ağaclar əkilmiş, abadlıq işləri görülmüşdür, orada mərkəzi stadionun qapısı yerləşir. Müxtəlif dövlət orqanlarının nümayəndələri əraziyə baxış keçirmişlər. Stadionda o qapının bağlanması hər hansı hadisə, o cümlədən texnogen hadisə baş verdikdə ağır nəticələrə səbəb ola bilər. Ona görə də həmin torpaq sahəsinin satılması barədə qərarın ləğvi bələdiyyə tərəfindən düzgün həyata keçirilmişdir. Əsaslandırma hissəsi : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın mübahisələndirilən 14 dekabr 2022-ci il və 7 fevral 2023-cü il tarixə, iddia ərizəsinin verilməsi isə 2024-cü ilin aprel ayına, yəni qərarların qəbulundan müvafiq olaraq 1 ildən artıq vaxt keçdikdən sonrakı tarixlərə təsadüf etsə də, məhkəmə icraatında həmin qərarların iddiaçıya 23 mart 2024-cü il tarixdən (iddia 23 aprel 2024-cü il tarixdə qaldırılmışdır) əvvəlki dövrdə təqdim olunması ilə bağlı xüsusat müəyyən edilmir. Nəzərə alınmalıdır ki, digər aidiyyəti inzibati mübahisə üzrə məhkəmə icraatında hazırkı İddiaçı mübahisə predmeti olan 14 dekabr 2022-ci il və 7 fevral 2023-cü il tarixli qərarlar barədə məlumatlı olması ehtimal edilsə də, inzibati orqan Ağdaş bələdiyyəsi ona «İnzibati icraat haqqında» Qanunun müddəaları baxımından həmin qərarlar barədə rəsmi məlumatın verilməsini təmin etməmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 62.1-ci maddəsinə görə inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Odur ki, məhkəmənin qənaətinə görə hazırkı iş üzrə 14 dekabr 2022-ci il və 7 fevral 2023-cü il tarixli qərarlara münasibətdə mübahisələndirmə haqqında iddiası ilə bağlı iddia müddəti buraxılmamış hesab edilir. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Ağdaş rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Ağdaş şəhəri ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə mübahisələndirilən 14 dekabr 2022-ci il tarixli 18 saylı və 7 fevral 2023-cü il tarixli qərarlar inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində həmin inzibati icraat haqqında hüquq normalarının pozulması, həm də maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Bundan başqa, həmin qərarların qəbulu İddiaçı mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə maneələr yaradır və hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə görə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə, torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda, hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə, torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə, torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə, istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə, dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə, torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda, torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə. Həmin Məcəllənin 73-cü maddəsinin 3-cü bəndinə görə bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir). Həmin Məcəllənin 73-cü maddəsinin 4-cü bəndinə görə qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər. Həmin Məcəllənin 75-ci maddəsinin 1-ci bəndinə görə bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Həmin Məcəllənin 75-ci maddəsinin 6-cı bəndinə görə torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir. «İnzibati icraat haqqında» Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 22.1-ci maddəsinə görə inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.6.1-ci maddəsinə görə maraqlı şəxs rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda etimadın qorunması hüququna istinad edə bilməz. Həmin Qanunun 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Göründüyü kimi, inzibati icraatı tənzimləyən qanunvericilik normaları inzibati aktların qanunsuz sayılmasının kriteriyalarını, ləğv edilməsi üsullarını, eləcə də ləğvi üzrə vaxt məhdudiyyətini müəyyən etmişdir. Bu məhdudiyyət həmin ləğvi şərtləndirən halların məlum olması tarixindən 1 il ərzində mümkün olsa da, maraqlı şəxsin rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduğu hallara aid deyil. Hazırkı işin hallarına görə cavabdeh inzibati orqan Ağdaş bələdiyyəsi İddiaçı 800 kv.m torpaq sahəsinin satılması barədə 27 oktyabr 2007-ci il tarixli qərarının ləğv olunmasına dair 15 ildən sonra, yəni 14 dekabr 2022-ci il tarixdə ilkin qərarı qəbul etmişdir. Bununla bağlı məhkəmə diqqətə çəkir ki, hər iki (həm 2007-ci il, həm də 2022-ci ildə qəbul olunmuş) qərarı bələdiyyə özü qəbul etdiyindən, həmin qurumun öz mövqeyinə görə ləğvi şərtləndirən hallara münasibətdə məlumatlılığı mübahisə doğura bilməz. Bu halda xüsusilə nəzərə alınır ki, İddiaçı 27 oktyabr 2007-ci il tarixli qərarın qəbuluna rüşvət, hədəqorxu və ya aldatma yolu ilə nail olması barədə hər hansı dəlil və ya sübut da təqdim edilmir. Cavabdehin 14 dekabr 2022-ci il tarixli qərarı «İnzibati icraat haqqında» Qanunun 67.12-ci maddəsinin pozulması ilə qəbul edildiyindən, 27 oktyabr 2007-ci il tarixli qərarın ləğvi hissəsində qanunsuzdur. Bundan başqa, Ağdaş bələdiyyəsinin 14 dekabr 2022-ci il tarixli qərarının digər müddəaları da həm ziddiyyətli, həm də etibarsızdır. Belə ki, Ağdaş bələdiyyəsinin şəxsə, o cümlədən hazırkı iddiaçıya başqa bələdiyyənin torpaq ayırması ilə bağlı müraciət etməsi, bu məsələyə hər hansı formada qarışması, özünün torpaq ayırması məsələsini onunla əvəzləşdirməsi səlahiyyətləri çərçivəsindən kənardır. Həmçinin, Ağdaş bələdiyyəsi 27 oktyabr 2007-ci il tarixli qərarını özünün ləğv etməsi ilə yanaşı yenidən məsələ ilə bağlı məhkəməyə müraciət etməsi birbirinə zidd addımlardır. Qeyd olunanlara əsasən cavabdeh Ağdaş bələdiyyəsinin 14 dekabr 2022-ci il tarixli 18 saylı qərarı qanunsuz inzibati akt kimi qiymətləndirilir və ləğv edilməlidir. Cavabdeh Ağdaş bələdiyyəsinin 7 fevral 2023-cü il tarixli qərarına gəldikdə isə, həmin qərarla qurum özünün 27 oktyabr 2007-ci il tarixli 292 nömrəli qərarını ləğv etmiş və iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 27 iyul 2022-ci il tarixli qeydiyyatının ləğv edilməsi ilə əlaqədar aidiyyəti üzrə müraciət olunması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, sözügedən 7 fevral 2023-cü il tarixli qərar 14 dekabr 2022-ci il tarixli qərarın birinci hissəsinə münasibətdə mövcud olan əsaslara və təkrarlanma əlamətinə görə qanuni sayıla bilməz. Yəni, 27 oktyabr 2007-ci il tarixli qərar hətta qanunsuz da olsa, 15 ildən sonra müvafiq hallar (ləğvi şərtləndirən məlumatların gec əldə olunması və qərarın qəbuluna rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə nail olunması) mövcud olmadığından ləğv edilə bilməz. Odur ki, 7 fevral 2023-cü il tarixli qərar birinci hissədə qanunsuzdur və ləğv edilməlidir. 7 fevral 2023-cü il tarixli qərarın ikinci hissəsi birinci hissəsi ilə əlaqədar olduğundan, «İnzibati icraat haqqında» Qanunun 69.2-ci maddəsinə görə ləğv edilməlidir. Belə ki, həmin maddəyə görə həmin hissələr bir-biri ilə əlaqədar deyildirsə inzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi həmin aktın digər hissələrinin etibarsız sayılmasına və ya ləğv edilməsinə səbəb olmur. Digər tərəfdən məhkəmə mübahisə predmeti olan qərarların qəbulunda maddi hüquq normalarının pozuntusu ilə bağlı diqqətə çəkir ki, Torpaq Məcəlləsinin müddəalarında torpaq sahəsi üzərində hüquqlara, o cümlədən mülkiyyət hüququna xitam verilməsinin əsasları və qaydası təsbit olunmuşdur. Məcəllədəki normalar nəzərdə tutur ki, bu hüquqa xitam verilməsi hansı halda torpağı ayırmış yerli icra haklimiyyəti və ya bələdiyyə orqanı, hansı halda isə məhkəmə qaydasında həyata keçirilə bilər. Hazırkı işin hallarına görə cavabdeh inzibati orqanın 27 oktyabr 2007-ci il tarixli 292 nömrəli qərarın ləğvi üzrə dəlilləri torpaq qanunvericiliyinə əsasən torpaq sahəsinə hüququn onu ayıran qurum tərəfindən xitam verilməsinin mümkünlüyü ilə uzlaşmır. Odur ki, məhkəmə hesab edir ki, Ağdaş bələdiyyəsi 27 oktyabr 2007-ci il tarixli 292 nömrəli qərarın ləğvi barədə 14 dekabr 2022-ci il tarixli 18 saylı və 7 fevral 2023-cü il tarixli 4 saylı qərarları qəbul etməkdə səlahiyyətli olmamışdır. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Ağdaş bələdiyyəsinin 14 dekabr 2022-ci il tarixli 18 saylı və 7 fevral 2023-cü il tarixli 4 saylı qərarları ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Ağdaş bələdiyyəsinin 14 dekabr 2022-ci il tarixli 18 saylı və 7 fevral 2023-cü il tarixli 4 saylı qərarları ləğv edilir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2-1(116)-492/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-492/2025
03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver