Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-493/2021 03.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı "15.10.2020-ci il tarixli **********9217 nömrəli və 13.11.2020-ci il tarixli **********1948 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ların ləğv edilməsi" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Cavabdeh 9 saylı Ərazi Vergilər İdarəsinin 02.09.2020-ci il tarixli **********037 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar"ına əsasən, İddiaçı məxsus olan Zərdab şəhəri 4 yol ayrıcında yerləşən tikinti mallarının satışı mağazasında 03.09.2020-ci ildən 02.10.2020-ci ilədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Həmin yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndə qeydə alınmış və reyestrdən 03.09.2020-ci il tarixli KY201479819 nömrəli çıxarış verilmişdir. Cavabdehin 02.09.2020-ci il tarixli **********037 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar"ı 03.09.2020-ci ildə İddiaçı təqdim olunmuş və iddiaçı qərarla tanış olmasını qərarın surətinə yazaraq bunu imzası ilə təsdiq etmişdir. Cavabdehin əməkdaşı X4 tərəfindən 03.09.2020-ci ildə saat 11.10-da qeyd olunan mağazada bir ədəd duş şlanqı alınaraq 4 manat pul ödənilmiş, lakin ona nəzarət kassa aparatı çeki verilməmiş, araşdırma zamanı nəzarət kassa aparatının nasaz olması, eləcə də nəzarət kassa aparatının işləmədiyi dövrdə nağd pul hesablaşmalarının aparılmasına dair əməliyyatların uçotu kitabının olmaması müəyyən edilmişdir. Bununla bağlı cavabdehin əməkdaşları tərəfindən 03.09.2020ci il tarixli DVX seriyalı 002478 nömrəli "Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında akt" tərtib edilmişdir. İddiaçı bu sənədi imzalamaqdan və bir nüsxəsini almaqdan imtina etmiş, həmin sənəddə bu barədə qeydiyyat aparılmışdır. Cavabdeh tərəfindən iddiaçıya 08.09.2020-ci il tarixli **********474300 nömrəli bildiriş göndərilərək, onun barəsində tərtib edilmiş 03.09.2020-ci il tarixli DVX seriyalı 002478 nömrəli "Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında akt"la bağlı işə 15.10.2020-ci ildə saat 10-da baxılacağı bildirilmişdir. Həmin sənəd 12.09.2020-ci ildə poçt xəbərnaməsinə imza etdirilməklə iddiaçıya çatdırılmışdır. Cavabdehin 15.10.2020-ci il tarixli **********9217 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Bundan başqa, cavabdeh tərəfindən iddiaçıya 03.09.2020-ci il tarixli **********5082 nömrəli "Operativ vergi nəzarəti zamanı nəzarətin keçirilməsi üçün zəruri sənədlərin təqdim olunması haqqında tələbnamə" verilmiş, iddiaçı tələbnaməni 03.09.2020-ci ildə almasını tələbnamənin surətində imza etməklə təsdiq etmişdir. Tələbnamədə vergilərin hesablanması ilə bağlı malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura və ya elektron vergi hesab faktura əsasında alınmasını təsdiq edən sənədlərin, malların alış aktı, elektron qaimə olmadan malların satıldığı şəxs barədə məlumatların, ciddi hesabat blankı və idxal gömrük bəyannaməsi əsasında alınmasını təsdiq edən və həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin, vergilərin hesablanması ilə əlaqədar bütün sənədlərin 1 iş günü müddətində təqdim olunması tələb edilmişdir. İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə satış məqsədi ilə aldığı malların pərakəndə bazar qiymətinin müəyyən edilməsi zərurəti yarandığına görə cavabdehin 11.09.2020-ci il tarixli **********6105 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında qərar"ı ilə ekspertiza təyin edilmiş və ekspertizanın keçirilməsi üçün "xxxx" MMC-dən ekspert dəvət edilmişdir. Cavabdehin əməkdaşları iddiaçını 14.09.2020-ci ildə həmin qərarla tanış etmiş, lakin iddiaçı **********6284 nömrəli "Ekspertizanın keçirilməsi haqqında qərarla tanış olma barədə protokolu imzalamaqdan imtina etmiş, ona görə də protokolda bu barədə qeyd aparılmışdır. "xxxx" MMC tərəfindən cavabdehə təqdim edilmiş 02.10.2020-ci il tarixli ekspert rəyində 538 adda olan malların pərakəndə bazar qiyməti 61783,45 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş 02.10.2020-ci il tarixli DVX seriyalı 000348 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında akt" tərtib edilmişdir. Həmin aktda operativ vergi nəzarəti zamanı 02.10.2020-ci ildə saat 14.00-da 538 adda ümumi dəyəri 61793,45 manat olan sənədsiz mal qalığının aşkar edilməsi göstərilmişdir. Cavabdeh tərəfindən iddiaçıya 05.10.2020-ci il tarixli **********381600 nömrəli bildiriş göndərilərək, onun barəsində tərtib edilmiş 02.10.2020-ci il tarixli DVX seriyalı 000348 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında akt"la bağlı işə 13.11.2020-ci ildə saat 10-da baxılacağı bildirilmişdir. Aktın surəti bildirişə əlavə edilmiş və həmin sənəd 06.10.2020-ci ildə poçt xəbərnaməsinə imza etdirilməklə iddiaçıya çatdırılmışdır. Cavabdehin 13.11.2020-ci il tarixli **********1948 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaiməfaktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 6178,35 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı "15.10.2020-ci il tarixli **********9217 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ın ləğv edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra o, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı "13.11.2020ci il tarixli **********1948 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ın qanunsuz hesab edilməsi" barədə iddia ərizəsi ilə də Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin 29.04.2021-ci il tarixli qərardadı ilə məhkəmənin icraatında olan həmin işlər üzrə icraat bir icraatda birləşdirilmişdir. İddiaçı hər iki iddianı belə əsaslandırmışdır ki, cavabdehin əməkdaşları ondan hər hansı sənəd tələb etməmiş, yoxlama aparmamışlar. Cavabdehin hər iki qərarı qanunsuz və əsassızdır. Daha sonra iddiaçı məhkəməyə ərizə verərək iddia tələbini dəqiqləşdirmiş və cavabdehin 13.11.2020-ci il tarixli **********1948 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ın qanunsuz hesab edilməsini deyil, ləğv olunmasını xahiş etdiyini bildirmişdir. Cavabdeh 9 saylı Ərazi Vergilər İdarəsi iddianı qəbul etməyərək, iddiaya qarşı 17.12.2020-ci il tarixli və 26.02.2021-ci il tarixli etirazlarında bildirmişdir ki, vergi ödəyicisinin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi vergi orqanı tərəfindən ona hesablanmış maliyyə sanksiyasını ödəməkdən yayınmaq üçün özünümüdafiə xarakteri daşıyır və yoxlama zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, cavabdeh 9 saylı Ərazi Vergilər İdarəsinin 02.09.2020-ci il tarixli **********037 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar"ından görünür ki, İddiaçı məxsus olan Zərdab şəhəri 4 yol ayrıcında yerləşən tikinti mallarının satışı mağazasında 03.09.2020-ci ildən 02.10.2020-ci ilədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. - İşdə olan 03.09.2020-ci il tarixli KY201479819 nömrəli "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış"dan görünür ki, həmin yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndə qeydə alınmışdır. - İşdə olan, cavabdehin 02.09.2020-ci il tarixli **********037 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar"ından görünür ki, həmin qərar 03.09.2020-ci ildə İddiaçı təqdim olunmuş və iddiaçı qərarla tanış olmasını qərarın surətinə yazaraq bunu imzası ilə təsdiq etmişdir. - İşdə olan 03.09.2020-ci il tarixli DVX seriyalı 002478 nömrəli "Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında akt"dan görünür ki, cavabdehin əməkdaşı X4 tərəfindən 03.09.2020-ci ildə saat 11.10-da qeyd olunan mağazada bir ədəd duş şlanqı alınaraq 4 manat pul ödənilmiş, lakin ona nəzarət kassa aparatı çeki verilməmiş, araşdırma zamanı nəzarət kassa aparatının nasaz olması, eləcə də nəzarət kassa aparatının işləmədiyi dövrdə nağd pul hesablaşmalarının aparılmasına dair əməliyyatların uçotu kitabının olmaması müəyyən edilmişdir. - İşdə olan, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 08.09.2020-ci il tarixli **********474300 nömrəli bildirişdən görünür ki, iddiaçı barəsində tərtib edilmiş 03.09.2020-ci il tarixli DVX seriyalı 002478 nömrəli "Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında akt"la bağlı işə 15.10.2020-ci ildə saat 10-da baxılacağı bildirilmişdir. - İşdə olan, cavabdehin 15.10.2020-ci il tarixli **********9217 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. - İşdə olan, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 03.09.2020-ci il tarixli **********5082 nömrəli "Operativ vergi nəzarəti zamanı nəzarətin keçirilməsi üçün zəruri sənədlərin təqdim olunması haqqında tələbnamə"dən görünür ki, iddiaçı tələbnaməni 03.09.2020-ci ildə almasını tələbnamənin surətində imza etməklə təsdiq etmişdir. Tələbnamədə vergilərin hesablanması ilə bağlı malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura və ya elektron vergi hesab faktura əsasında alınmasını təsdiq edən sənədlərin, malların alış aktı, elektron qaimə olmadan malların satıldığı şəxs barədə məlumatların, ciddi hesabat blankı və idxal gömrük bəyannaməsi əsasında alınmasını təsdiq edən və həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin, vergilərin hesablanması ilə əlaqədar bütün sənədlərin 1 iş günü müddətində təqdim olunması tələb edilmişdir. - İşdə olan, cavabdehin 11.09.2020-ci il tarixli **********6105 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında qərar"ından görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə satış məqsədi ilə aldığı malların pərakəndə bazar qiymətinin müəyyən edilməsi zərurəti yarandığına görə ticarət üçün ekspertiza təyin edilmiş və ekspertizanın keçirilməsi üçün "xxxx" MMC-dən ekspert dəvət edilmişdir. - İşdə olan, "xxxx" MMC tərəfindən cavabdehə təqdim edilmiş 02.10.2020-ci il tarixli ekspert rəyindən görünür ki, 538 adda olan malların pərakəndə bazar qiyməti 61783,45 manat müəyyən edilmişdir. - İşdə olan, cavabdeh tərəfindən tərtib edilmiş 02.10.2020-ci il tarixli DVX seriyalı 000348 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında akt"dan görünür ki, operativ vergi nəzarəti zamanı 02.10.2020-ci ildə saat 14.00-da 538 adda ümumi dəyəri 61793,45 manat olan sənədsiz mal qalığı aşkar edilmişdir. - İşdə olan, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 05.10.2020-ci il tarixli **********381600 nömrəli bildirişdən görünür ki, iddiaçının barəsində tərtib edilmiş 02.10.2020-ci il tarixli DVX seriyalı 000348 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında akt"la bağlı işə 13.11.2020-ci ildə saat 10-da baxılacağı bildirilmişdir. Aktın surəti bildirişə əlavə edilmişdir. - İşdə olan, cavabdehin 13.11.2020-ci il tarixli **********1948 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 6178,35 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və iddiaçı məhkəməyə müraciət edərkən iddia müddətinə riayət etmişdir. Ona görə də iddia mümkün sayılır. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. İşdən göründüyü kimi, iddiaçının mübahisələndirdiyi 15.10.2020-ci il tarixli **********9217 nömrəli və 13.11.2020-ci il tarixli **********1948 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"lar onun ticarət fəaliyyəti həyata keçirdiyi mağazada cavabdeh tərəfindən operativ vergi nəzarəti həyata keçirilməsi nəticəsində aşkar edilmiş hallarla bağlı qəbul edilmişdir. Cavabdehin 15.10.2020-ci il tarixli **********9217 nömrəli qərarı ilə iddiaçı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə, 13.11.2020-ci il tarixli **********1948 nömrəli qərarı ilə isə sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaiməfaktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 6178,35 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən, operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Həmin Məcəllənin 50.3-cü maddəsinə görə, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə görə, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 50.7-ci maddəsinə görə, Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. Həmin Məcəllənin 58.7.1-ci maddəsində deyilir ki, bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 58.8-ci maddəsində isə deyilir ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə - 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; 58.8.3. bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda - alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında. İşdən görünür ki, cavabdehin 15.10.2020-ci il tarixli **********9217 nömrəli qərarı ilə iddiaçı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə, 13.11.2020-ci il tarixli **********1948 nömrəli qərarı ilə isə sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaiməfaktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 6178,35 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı cavabdehin qərarları ilə razılaşmamasını bir neçə dəlillə əsaslandırmışdır. Onlardan biri 03.09.2020-ci il tarixli **********5082 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə"də olan imzanın ona məxsus olmamasından ibarətdir. Bu dəlilin yoxlanması üçün məhkəmənin 04.05.2021-ci il tarixli qərardadı ilə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 22.06.2021-ci il tarixli 4/669 nömrəli ekspert rəyi alındı. Həmin rəylə müəyyən edildi ki, qeyd olunan sənədin aşağı hissəsində "İddiaçı" əlyazma mətni ilə "03.09.2020-ci il" əlyazma mətni arasında "İmza" qrafasındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. Göründüyü kimi, iddiaçının bu dəlili ekspert rəyi ilə təkzib olunmuşdur. İddiaçının digər dəlili bundan ibarətdir ki, yoxlama ilə bağlı tərtib edilmiş sənədlərə 03.09.2020-ci il tarixi qoyulsa da, əslində, cavabdehin əməkdaşları mağazada 08.09.2020-ci ildə olmuşlar və mağazanın təhlükəsizlik kamerası onları məhz həmin tarixdə çəkmişdir. Ona görə də məhkəmənin 10.02.2021-ci il, 29.03.2021-ci il və 09.04.2021-ci il tarixli məktubları ilə iddiaçıya aşağıdakı sübutları məhkəməyə təqdim etməsi təklif olundu: - Mağazanızın giriş-çıxış qapılarının, nəzarət kassa aparatının qoyulduğu yerin və şəxsən özünün olduğu yerin videoçəkilişini aparan kameralar vardırsa, 03.09.2020-ci ildə saat 11.00-dan 12.00-dək olan çəkilişlər. - 03.09.2020-ci ildə saat 11.00-dan 12.00-dək olan müddətdə iddiaçı özü mağazadan kənar başqa bir yerdə olmuşdursa, bunu təsdiq edən sübutlar. Lakin İddiaçı mağazada olan digər kameraların yaddaşının silindiyini bildirərək tələb olunan sübutları məhkəməyə təqdim etmədi. Əksinə, iddiaçının 02.09.2020-ci il tarixli **********037 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar"ın bir nüsxəsində qərarla tanış olmasını yazaraq imzalaması və 03.09.2020-ci il tarixini yazması, eləcə də 03.09.2020-ci il tarixli **********5082 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə"nin bir nüsxəsində tələbnaməni almasına dair imza edərək 03.09.2020-ci il tarixini yazması qeyd olunan hərəkətlərin məhz 03.09.2020-ci ildə yerinə yetirildiyini təsdiq edir. Bundan başqa, iddiaçı mağazada satılan malların əldə edilməsinə və dəyərinə dair heç bir sənəd təqdim edə bilməməsi ilə bağlı bildirmişdir ki, Zərdab rayonunda mağazaların əksəriyyəti bu qaydada işləyir. Lakin məhkəmə bununla razılaşmır və qeyd edir ki, digər mağaza sahiblərinin vergi qanunvericiliyini pozması təsdiq olunsa belə, bu iddiaçını məsuliyyətdən azad edə bilməz. Beləliklə, məhkəmə cavabdehin 15.10.2020-ci il tarixli **********9217 nömrəli və 13.11.2020-ci il tarixli **********1948 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"larının ləğv edilməsi üçün əsas müəyyən etmədi, ona görə də bu qənaətə gəldi ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə görə, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş "Ekspertiza xərclərinə dair bildiriş"dən görünür ki, aparılmış məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri 122 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyinə görə prosessual xərclər İddiaçı aid edilməli və göstərilən məbləğ ondan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı "15.10.2020-ci il tarixli **********9217 nömrəli və 13.11.2020-ci il tarixli **********1948 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ların ləğv edilməsi" barədə iddiası təmin edilməsin. Prosessual xərclər İddiaçı aid edilsin və ekspertiza tədqiqatının dəyərini təşkil edən 122 manat məbləğində pul ondan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-493/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-493/2021
03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver