Məhkəmə qərarları › İş №2-1(116)-493/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-493/2024

08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-493/2024 08.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı əsasında iddiaçıya satılmış, Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən 0.0239 ha torpaq sahəsi üzərində hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı əsasında iddiaçıya satılmış, Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən 0.0239 ha torpaq sahəsi üzərində hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2744/2024 nömrəli qərardadı ilə Göyçay Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı, ünvan ünvanda yaşadığı mənzilin 2 qarşısında yerləşən, uzun müddət istifadə etdiyi 239.4 m torpaq sahəsinin iddiaçıya ayrılması barədə ərizə ilə Göyçay bələdıyyəsinə müraciət etmişdir. Göyçay şəhəri Natəvan küçəsi ilə M.Hüseynzadə küçəsinin kəsişdiyi yerdə, yaşadığı mənzilin qarşısında yerləşən 239,4 m2 torpaq sahəsinin ayrılması barədə Göyçay bələdiyyəsinə verdiyi ərizə ilə əlaqədar səlahiyyətli şəxslərin iştirakı ilə 06 iyul 2007-ci il tarixli torpaq sahəsinin seçilməsinə dair akt tərtib edilərək, imzalanmış və möhürlərlə təsdiq edilmişdir. Göyçay rayonu Göyçay bələdiyyəsinin 05 sentyabr 2007-ci il tarixli 10 saylı iclas protokoluna əsasən ünvan ünvanda yaşadığım ictimai binanın yaxınlığında uzun müddət istifadədə olan 239,2 kv.m torpaq sahəsi mülkiyyətiə verilmişdir. Torpaq sahəsinə dair müvafiq ödəniş edərək, qəbzi bələdiyyəyə təqdim etdikdən sonra, 05 sentyabr 2007-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanmış, yuxarıda qeyd olunan 239,2 mz torpaq sahəsi həyətyanı məqsədi ilə iddiaçıya satılmışdır. Müvafiq sənədləri təqdim etməklə, iddiaçı adına 29 noyabr 2007cı il tarixdə 165 nömrə ilə uçota alınmış A seriyalı 022385 saylı torpaq sahəsinin planı və olçusu sənədi almışdır. Həmin sənəddən də gorunduyu kimi, torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə satılmışdır. Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən 0,0239 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət huququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş və həmin ərizə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bütün zəruri sənədləri təqdim etməyimə baxmayaraq, sözügedən torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından 08 avqust 2023-cu ıl tarixdə imtina olunmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, Göyçay şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 0,0239 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılmış, qeydiyyat üçün zəruri olan inventarlaşdırma işləri aparılmış və sözügedən torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir. Torpaq sahəsi elektron baza məlumatlarına əsasən yoxlanarkən qeyd olunan torpaq sahəsinin çoxmərtəbəli yaşayış binasına bitişik ərazidə olmaqla ümumi istifadədə olan torpaq sahəsi olması müəyyən edilmişdir. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 11 8-ci maddəsinə əsasən bələdiyyənin ümumi istifadəsində olan torpaqlar alqı-satqı predmeti deyil. Həmçinin bildiririk ki, xx.xx.2007-ci il tarixli Torpaq sahəsinin seçilməsi Aktında torpaq sahəsi sahibkarlıq fəaliyyəti məqsədi ilə ayrılması qeyd edilmişdir. Bu səbəbdən də, vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına iddiaçı və üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Göyçay Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı ilə İddiaçı 239.2 kv.m torpaq sahəsi ayrılmışdır.

3. 20.08.2007-cı il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Göyçay Bələdiyyəsinin hesabına 144 AZN ödəniş edilmişdir.

4. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, Göyçay Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı ilə İddiaçı 239.2 kv.m torpaq sahəsi ayrılmışdır.

5. DTXK-nın Göyçay rayon şöbəsinin məktubundan görünür ki, Şöbə torpaq sahəsinin satılmasına etiraz etməmişdir.

6. A seriyalı 022385 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Göyçay Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı ilə İddiaçı 239.2 kv.m torpaq sahəsi ayrılmışdır, X4 kitabında xx.xx.2007-ci il tarixli 165 nömrə ilə uçota alınmışdır.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-4250/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-3559/2024 nömrəli Mütəxəssis rəyinə əlavədən görünür ki, Məlumat üçün bildiririk ki, Göyçay rayonu Göyçay bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarı ilə İddiaçı Yaxşıxan oğluna fərdi yaşayş evinin tikintisi məqsədilə ayrılmış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilən **********0046 (blank nömrəsi A 022385) reyestr nömrəli 'Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyən edilən 239 kv.metr torpaq sahəsi və qonşuluğunda yerləşən torpaq sahələri elektron baza məlumatlarında təqdim olunan X2 uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla ümumi istifadədə olan torpaqlar olaraq göstərilmişdir. Aparılan əlavə araşdırma zamanı məlum olmuşdur ki, 0.0239 ha torpaq sahəsinin 48.6 kv.metr hissəsi **********83-05101 reyestr nömrəli çoxmərtəbəli, çoxmənzilli yaşayış binasının istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçıların iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur, ancaq iddia əsaslı deyil. Aşağıdakı hallara əsasəm məhkəmə iddianı əsassız hesab edir. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı 0.0239 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Göyçay rayonu Göyçay bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarı ilə İddiaçı Yaxşıxan oğluna aynlmış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilən **********0046 (blank nömrəsi A 022385) reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi"ndə əks olunan koordinatlarla müəyyən edilən 239 kv.metr torpaq sahəsi elektron baza məlumatlarında təqdim olunan X2 uçotu informasiya sistemi məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, alt kateqoriyası çox mərtəbəli binalar, uqodiyası tikinti altında torpaqlar uqodiyalı olmaqla, 88 kv.m hissəsi dövlət mülkiyyətinə, 151 kv.m hissəsi isə bələdiyyə mülkiyyətinə aid torpaqlara aid olmaqla, ümumi istifadədə olan torpaqlar kimi göstərilmişdir. İddiaçının naturada göstərdiyi 239 kv.metr torpaq sahəsi **********0046 (blank nömrəsi A 022385) reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyən edilən 239 kv.metr torpaq sahəsi ilə üst-üstə düşür. iddiaçıya ayrılmış torpaq sahəsi və ya faktiki istifadə olunan torpaq sahəsinin başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsi barədə mütəxəssis tərəfindən baza məlumatlarında məlumat aşkar edilmədi. Əlavə dəqiqləşdirmə zamanı müəyyən edilmişdir ki, “X2 Uçotu informasiya Sisteminə əsasən iddia olunan torpaq sahəsi, iddiaçıya ayrılan zaman və hazırda dövlət mülkiyyətinə aid ümumi istifadədə olan çoxmərtəbəli yaşayış binalarının torpaq sahəsidir. İş materiallarına əlavə olunan sxemdən də göründüyü kimi iddia olunan torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının daxilində yerləşən ümumi istifadədə olan torpaq sahəsidir. Göründüyü kimi iddia olunan torpaq sahəsi ayrıldığı zaman 88 kv.m hissəsi Göyçay bələdiyyəsinin mülkiyyətində olmamışdır. Yəni, bələdiyyə səlahiyyəti olmadığı halda dövlət mülkiyyətində olan torpaq sahəsini iddiaçıya ayırmışdır.Digər tərəfdən bələdiyyə mülkiyyətində olan 151 kv.m hissəsi isə bələdiyyə mülkiyyətinə aid torpaqlara aid olmaqla, ümumi istifadədə olan torpaqlardır.Həmin kateqoriya torpaqların mülkiyyətə verilməsi isə qanunla istisna edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9 Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi

1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.

2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir.

3. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir. Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları.

2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. “X4, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. X4 torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. X4nın aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarış-tədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları və daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarına təqdim edilir. X4nın aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Maddə 6. X4nın məlumatları X4na aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən X4na daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində X4nın məlumatları tətbiq olunur. X4nın məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia əsassız olduğundan təmin oluna bilməz. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı əsasında iddiaçıya satılmış, Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən 0.0239 ha həyətyanı torpaq sahəsi üzərində hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar