Məhkəmə qərarları › İş №2-1(116)-494/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-494/2023

13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-494/2023 13.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən ikinci dərəcə əlillik (oqranizmin funksiyalarının 61-80 faiz itirilməsi) təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və 2021-ci ilin iyul ayından 2-ci qrup əlilliyin bərpa edilməsi edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən ikinci dərəcə əlillik (oqranizmin funksiyalarının 61-80 faiz itirilməsi) təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın dəyişdirilməsi xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə qəbul edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: O, xx.xx.1964-cü il təvəllüdlüdür. 30 yaşı olarkən 17.03. 1994-cü il tarixdə qismən səfərbərliklə N () saylı hərbi hissə tərkibində hərbi xidmətə cəlb olunmuşdur və döyüş bölgəsində(Ağdam r-n Güllücə kəndi) sağ qolu ağır tramvaya məruz qalmışdir. Hərbi xidmətə yararsız hala düşmüş və azad edilmişdir. Sağ qoluda çox kəskin ağrılar var idi. Elə xəstəlik tarixçəsi də bu hadisədən sonra baş verdi. Rayona qayıtdıqdan sonra müalicə üçün bir neçə xəstəxanaya müraciət etmiş Qolumun və əlimin vəziyyətini görən həkimlər iddiaçıya bildirmişlər ki, qolunu amputasiya etmək lazımdır. Sonralar sağ qolunun bilək və yuxarı hissəsində yaranan ağrılar getdikcə şiddətlənirdi. 2011-ci ildən ağrılar daha da artmağa başladı. 1995-ci ildən zəifləyən əmək qabiliyətini demək olar ki itirdi. O, xx.xx.2012-ci il tarixdən Zaqatala royon Mərkəzi Xəstəxanasına qeydiyyata düşməklə müalicə olunmağa başladı. Əlillik dərəcəsi almaq üçün sənədlərini Tibbi Sosial Ekspert Komissiyasına təqdim etdi. Müayinə tarixi 05 iyun 2012-ci il olmaqla ümumi xəstəlik üzrə 2-ci qrup üzrə bir il müddətinə əlillik təyin edildi.(mayinə aktı SER TSE- 01 N:018105) Bu Akt-da TESK-in diaqnozu, əsasında əmək qabiliyyətli olmadığı qeyd edilib. İlk əlillik aktı pensiya orqanına göndərilmiş və iddiaçıya 2-ci qurup əlil olduğu vaxtdan müavinət təyin edilmişdir qrup əlillik müəyyən edildikdən sonra da müalicəni davam etdirirdi , amma sağ qolunun əl biləyinin və onun yuxarı hissəsinin vəziyyəti getdikcə ağırlaşırdı Zaqatala rayon mərkəzi xəstəxanasında qolunu cərrahi əməliyyat etməkdən çəkindilər. Ona görə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-tədqiqat tramvatologiya və orta pediya institutuna getməli oldu. Bu barədə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi onun əlil hüquqlarını əsasız olaraq pozmuş, bu səbəbdəndə Şəki inzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı Forma 88-də qeyd edilən Diaqnozu əlilliyin təyin edilməsi meyarlarına uyğun gəlmədiyi üçün ona “Diaqnoz əlillik əlaməti təyin edilməməsi-Səbəb:Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Bu səbəbdən də iddia əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin,. V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: İddiaçı barədə ətraflı qiymətləndirmə məlumatlarından görünür ki, ona xx.xx.2013cü il tarixdən bir illik ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı barədə ətraflı qiymətləndirmə məlumatlarından görünür ki, ona xx.xx.2014cü il tarixdən bir illik ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı barədə ətraflı qiymətləndirmə məlumatlarından görünür ki, ona xx.xx.2015-ci il tarixdən bir illik ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı barədə ətraflı qiymətləndirmə məlumatlarından görünür ki, ona xx.xx.2016-ci il tarixdən beş illik ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı barədə ətraflı qiymətləndirmə məlumatlarından görünür ki, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müayinələrdən sonra əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-2392/2022 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X1” PHŞ-nin xx.xx.2023-cü il tarixli 947 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində qeyd edilmişdir ki, 1964-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmətibbi müayinəsinə və qərardadda göstərilən uyğun komissiya nəticəyə gəlir: 1-3.İddiaçı “Zaqatala Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2022-ci il tarixdə müayinəsi zamanı “Əl barmaqlarının çoxsaylı çıxıqları, əl barmaqların çoxsaylı çıxıqları oynaqların çıxıq vəziyyəti. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, sağ mil-bilək oynağının artodez əməliyyatından sonrakı hal. Sağ mil bilək oynağının ankilozu. Hərəkətin və yerişin digər və dəqiqləşdirilmiş pozulmaları, sağ yuxarı ətrafın hərəkət məhdudluğu. Sağ əlin tutma funksiyasının pozulması. Oynaqların kontrakturası, sağ mil bilək oynağının ankilozu-bükmə 0, açma dərəcə” müəyyən edildi. -Əlilliyin təyini ilə əlaqədar suallar məhkəmə-tibbi ekspertizası tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmış və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tınzimlədiyindən Azərbaycan Respublikasında əlilliyin qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır.Məhkəmə iş hallarına qiymət verərək aşağıdakı normaları işin faktiki hallarına tərbiq edərək hesab edir ki,iddia təmin edilməlidir. İşin hallarından müəyyən edilir ki, iddiaçıya sonuncu dəfə xx.xx.2016-ci il tarixdə 5 il müddətində ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyin edilərkən “sağ mil dirsək oynağının postravmatik artozu” diaqnozu qoyulmuşdur.Həmin diaqnoz iddiaçıya əvvəllər təyin olunan diaqnozlarla eyni olmuşdur. İddiaçıya əliliyin təyin olunmasından imtina edilməsinə dair xx.xx.2022-ci il tarixli qiymətləndirmə nəticəsində qoyulmuş diaqnoz eyni olsa da “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik təyin edilməmişdir. Həmin diaqnoz ekspert rəyinə əsasən yenidən öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçının xəstəlik diaqnozu ilk əlillik təyinatı tarixindən dəyişməmiş, həmin dövr ərzində əlilliyin təyin olunmasını istisna edən hər hansı yüngülləşmə müəyyən olunmamışdır. Cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Qeyd etmək lazımdır ki, əlavə müalicəyə ehtiyacın olması ilə bağlı tələbin heç də bütün hallarda imtinanı şərtləndirmədiyi nəzərə alınaraq cavabdeh tərəfindən belə ehtiyacı zəruri edən şərtlər açıqlanmalı və əsaslandırılmalıdır. Bu zaman iddiaçının dəyişməyən xəstəliyi və eləcə də ötən müddət ərzində xəstəliyin ağırlaşması, həmçinin iddiaçıya həmin diaqnoz əsasında əlilliyin artıq bir necə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qərar qəbul edərkən qeyd olunan xüsusatları nəzərə aldığı iş üzrə materiallarla təsdiq olunmur.Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1038/2023 saylı Qərarında da əks olunmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 1.0.2 Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları; 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” : 13.3. Oynağın ankilozu; M24.6. 13.3.6. bilək oynağının funksional yararsız vəziyyətdə ankilozu; Orqanizmin funksiyalarının pozulması faiz – 60; Orqanizmin funksiyalarının pozulması müddəti-müddətsiz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3- cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı xx.xx.2022-ci il tarixdən əlillik təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar