Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-495/2025 29.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı2, İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “iddiaçılara 2022-2023-cü əkin ili üçün ödənilməmiş əkin subsidiyasının Azərbycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması qaydası”na uyğun olaraq hesablanaraq ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə : İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılara 2022-2023-cü əkin ili üçün ödənilməmiş əkin subsidiyasının Azərbycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması qaydası”na uyğun olaraq hesablanaraq ödənilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyətinə ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasına uyğun olaraq əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə subsidiya verilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə əsasən subsidiyaların verilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. 2019-cu ildən 2022-ci ilədək subsidiyaların verilməsində heç bir problem olmamışdır. Lakin. 2022- 2023-cü əkin ili üçun “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” nın 3.8.2-ci yarımbəndinə əsaslanaraq torpaq sahəsinin aqrokimyəvi analizi təqdim edilmədiyinə görə bizə 2023-cü ildə əkin subsidiyası verilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehə ərizə ilə müraciət edilərək 2022-2023-cü əkin ili üçun subsidiyanın hesablanıb ödənilməsi xahiş edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-22-2/2-Kol-166- 16-170/2024 saylı cavab məktubunda “Qaydalar”ın 3.8.2- 1-ci yarımbəndinə əsasən torpaq sahələrinin aqrokimyəvi analizinin nəticələrinə dair sənədlər EKTŞ-ə daxil edilmədiyinə görə 2022- 2023-cü əkin ili üçun subsidiyanın verilməsinin mümkün olmadığını bildirmişdir. Bundan başqa 2023-cü ildə Məhkəməyə etdiyimiz iddia ərizəsinə əlavə etdiyimiz EKTŞ-da olan “mənim səhifəm”də “bəyan etdiyiniz əkin sahəsinin aqrokimyəvi analizinin nəticələri təqdim edilmədiyindən subsidiya müraciətinizin təsdiq edilməsi mümkün olmamışdır.” qeydi edilmişdir. Göründüyü kimi cavabdeh subsidiyanın verilməsindən imtina etmişdir Cavabdeh etirazında bildirmişdir ki, 2022-ci ildə mülkiyyətlərində olan torpaqların aqrokimyəvi analizin aparılmalı olduğu, əks halda subsidiyanın verilməyəcəyi bildirilmişdir. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin çağrı mərkəzinə zəng edərək 10 hektardan çox torpağı olanların məcburi analiz aparmalı olduqlarını bildirmişdir, halbuki hər birinin torpaq sahəsinin 10 hektardan az olduğunu qeyd etmişdir. Qeyd edilənlərə əsasən etiraz edərək ilk növbədə bildiririk ki, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasının 2.2-ci bəndinə uyğun olaraq yaradılan X2 “Bitkiçilik sahəsində 2022-ci il üzrə bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsinə dair Qərarı”nın 2-ci bəndinə əsasən torpaq sahələrinin hər 5 hektarına görə aqrokimyəvi analiz aparılmadıqda, həmin torpaq sahələrinin becərilməsinə görə bu Qərarın 1-ci bəndi ilə müəyyən edilmiş subsidiyalar ödənilmir. Digər tərəfdən, həmin Qaydanın 3.1-1-ci bəndinə əsasən istifadəsində olan 10 hektar və daha çox torpaq sahəsində (sahələrində) bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yaradılan X2 təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyası bu Qaydanın tələblərinə əsasən, sığorta müqaviləsi bağlandıqdan sonra verilir. İddia ərizəsinə əlavə edilən JN 0089 Kod 40600028 nömrəli Dövlət Aktından da, göründüyü kimi İddiaçı1 torpaq sahəsi 7,31 hektar təşkil edir və buna baxmayaraq, iddiaçı tərəfindən aqrokimyəvi analiz aparılmamışdır. Eyni zamanda əlavə olaraq bildiririk ki, müvafiq məsələ ilə bağlı iddiaçı ilə zəngli əlaqə saxlanılaraq 01,09.2023-cü il tarixinə qədər aqrokimyəvi analiz aparıldığı təqdirdə subsidiyanın ödəniləcəyi bildirilmişdir. Göstərilənlərə əsasən hesab edirik ki, cavabdehin iddiası əsassızdır və təmin olunmamalıdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan aşağıdaki sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. JN-0088 saylı kod 40600028 Dövlət Aktından görünür ki, 6.39 ha torpaq sahəsi Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarı ilə X1 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
3. JN-0089 saylı kod 40600028 Dövlət Aktından görünür ki, 7.31 ha torpaq sahəsi Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarı ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
4. Cavabdehin etirazı və ona əlavə olunan sənədlər.
5. İddiaçılara 2024-cü il üçün ödənişin verilməsinə dair ödəniş kartı üzrə çıxarışlar.
Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir, iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir və inzibatiprosessual qanunverciliyə əsasən iddia tələbi öhdəliyin icrası haqqında iddiadır. İPM-nin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 1.2.1-ci və 1.2.2-ci bəndlərinə əsasən subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaitidir. “Subsidiya” informasiya sistemi (SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “Elektron kənd təsərrüfatı” informasiya sistemidir. Həmin qaydaların 1.2.9-cu bəndinə əsasən əkin subsidiyası – fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır. “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.8ci bəndinə əsasən Nazirliyin dövlət aqrar inkişaf mərkəzləri (DAİM) subsidiyaların verilməsi ilə bağlı aşağıdakı xidmətləri həyata keçirir: 2.8.1. bu Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların SİS-də qeydiyyatını aparır; 2.8.2. subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin subsidiya informasiya sisteminə (SİS) daxil edilməsini həyata keçirir; 2.8.3. subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir; 2.8.4. subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. 3.8.2-1. kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədləri; 3.8.3. əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri, sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini; 3.8.4. məhsul subsidiyası üçün kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil verilməsini, toxum subsidiyası üçün toxum və tingin satışını təsdiq edən sənədləri; 3.8.5. kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini tənzimləyən sənədləri. 3.9. Fermerdən əlavə sənədlər yalnız “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsində nəzərdə tutulmuş hallarda və qaydada tələb edilə bilər. Lakin, sözügedən “Qayda”nın 2.8.3-cü və 2.8.4-cü bəndlərində nəzərdə tutulmuş subsidiyaların verilməsinin və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanın həyata keçirilməsini, habelə subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemlərin araşdırılmasını və onların həlli barədə Agentliyə təkliflərin verilməsini təsdiq edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-cı bəndinə əsasən Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. Qaydaların 6.2-ci bəndinə əsasən bu Qaydanın həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. “İnzibati icraat” haqqında Qanunun : 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İşin məhkəmə tərəfindən araşdırılan hallarına əsasən müəyyən edilir ki,iddiaçı tərəfindən 2021-ci il üçün payızlıq yumşaq buğda əkilməsinə və əkin sahəsinə dair müvafiq məlumatlar elektron qaydada sistemə daxil edilmişdir.Cavadehin tələbin icrasından imtina əsası torpağın aqrokimyəvi analizləri verilməsinə dair məlumatların təqdim edilməməsi ilə bağlı olmuşdur. Məhkəmə qeyd edir ki,”Qaydalar” ın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər: 3.8.1. proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti); 3.8.2-ci maddəsinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı); Qaydaların : 2.1. Fermerlərə subsidiyaların verilməsinin təşkili bu Qaydaya və xidmət reqlamentlərinə müvafiq həyata keçirilir. 2.2. Aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərarları qəbul edən Şura yaradılır. Şura sədr də daxil olmaqla 9 üzvdən – Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirindən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (1 nəfər), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (1 nəfər), Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin (1 nəfər) və yerli fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələrindən ibarətdir. Şuraya rəhbərliyi Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri həyata keçirir. 2.3. Şura ictimai əsaslarla fəaliyyət göstərir. Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir. 2.4. Şura hər il yanvarın 15-dək aşağıdakılar barədə qərarlar qəbul edir və bu barədə ictimaiyyəti məlumatlandırır: 2.4.1. əkin subsidiyasının tətbiqi üçün vahid əkin sahəsi elan edilən yerlərin siyahısının, regionlar üzrə bitkilərin siyahısının və onlara tətbiq edilən əkin əmsallarının, həmçinin “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aqrar sığorta predmetinə aid bitkilərdən sığortalanması tələb olunanların (bundan sonra – sığortalanmalı olan bitkilər) siyahısının (bu Qaydanın 2.5-1-ci bəndi nəzərə alınmaqla) və onların əkin sahələrinin minimum ölçüsünə dair tələblərin təsdiqi; 2.4.1-1. dincə qoyulmuş torpaq subsidiyasının tətbiqi üçün ərazilərin siyahısının, həmin ərazilərin ardıcıl becərilmə dövrlərinin və onlara tətbiq edilən dincə qoyulmuş torpaq əmsallarının təsdiqi; JN-0088 saylı kod 40600028 Dövlət Aktından görünür ki, 6.39 ha torpaq sahəsi, JN-0089 saylı kod 40600028 Dövlət Aktından görünür ki, 7.31 ha torpaq sahəsi iddiaçıların birgə mülkiyyətinə verilmişdir.Lakin,həmin torpaq sahələri müxtəlif planşetlərdə yerləşməklə hər hansı birinin 5 ha-dan artıq olması müəyyən edilmir. Yuxarıda qeyd olunan məlumatdan görünür ki, iddiaçılar subsidiyanın ödənilməsi üçün öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdir.Cavabdeh tərəfindən də həmin hallar təkrarlanmasına baxmayaraq 2024-cü il üçün subsidiyanın verilməsi təmin edilmişdir. İnzibati orqan tərəfindən maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edilməsi və ya tam araşdırılmaması onların konstitusion hüquqlarının, eləcə də bərabərlik və ayrı-seçkiliyin qadağan edilməsi prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hallar məhsuldarlığın aşağı düşməsi ilə yanaşı fermerlərin narazılığına səbəb ola bilər. Qeyd edilənlərə əsasən məhkəmə bildirir ki, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə iddiaçılar İddiaçı1 və İddiaçı2 2022-2023-cü əkin ili üçün ödənilməmiş əkin subsidiyasının “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması qaydası”na uyğun olaraq hesablanaraq ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə