Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-496/2020 25.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X1, İddiaçı, onun vəkili X2 Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Qəbələ rayon 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Qəbələ rayon 10 saylı Ərazi Vergilər İdarəsinin rəisi X4 tərəfindən qəbul edilən 03.12.2019-cu il tarixli qərarın ləğv edilməsi” barədə tələbinə dair işəməhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Qəbələ rayon 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qəbələ rayon 10 saylı Ərazi Vergilər İdarəsinin rəisi X4 tərəfindən qəbul edilən 03.12.2019-cu il tarixli qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bir neçə ildir ki, Oğuz rayon Mollalı kəndi ərazisində öz xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşən, tərəfindən inşa edilmiş hovuzlarda balıq yetişdirib satmaqla məşğul olmuşdur. Bu müddət ərzində heç vaxt ondan balıq yetişdirib satmaqla bağlı əldə etdiyi gəlirdən vergi ödənişi tələb olunmayıb. Bu səbəbdən də iddiaçı öz həyətyanı sahəsində balıq yetişdirib satmağı vergiyə cəlb olunan məşğuliyyət növü hesab etməyib. Öz həyətyanı torpaq sahəsində hovuz inşa edərək balıq yetişdirmək, həmin sahədə iri və xırda buynuzlu mal-qara yetişdirmək, arıya baxmaq və s. kimi kənd təsərrüfatı məhsulları yetişdirməklə eyni qəbildən olan məşğuliyyət növü hesab edilməli və buna görə vergi ödənişi tələb olunmamalıdır. Ancaq cavabdeh orqanın 03.12.2019-cu il tarixli qərarı ilə iddiaçı barəsində 2141,25 manat əsas, 511,02 manat faiz, 100 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 2752,27 manat vergi , faiz və maliyyə sanksiyası tətbiq edilərək cavabdehin müvafiq qərarı və **********635700 nömrəli icra sənədi məcburi qaydada icra olunmaq üçün Oğuz rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. 09.12.2019-cu il tarixdə iddiaçıya rəsmi bildiriş və Oğuz rayon İcra və Probasiya şöbəsinin rəisi 1-ci dərəcəli ədliyyə qulluqçusu Məftun Şirəliyevin 09.12.2019-cu il tarixli qərarının surəti göndərilmiş, həmin qərara əsasən cavabdeh orqan tərəfindən qəbul edilən müvafiq tarixli qərarla vergi, faiz və maliyyə sanksiyası tətbiq edildiyi bildirilmiş, yalnız bu zaman Oğuz rayon İcra və Probasiya şöbəsinə gələrək barəsində sanksiya tətbiq edildiyini öyrənmişdir. Qeyd olunan tarixədək barəsində qəbul olunan qərar barədə məlumatsız olub. Cavabdeh etiraz məktubu ilə iddiaya münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı ərizəsində balıq yetişdirib satmağı vergiyə cəlb olunan məsuliyyət növü olmadığını, bununla bağlı əldə etdiyi gəlirdən vergi ödənilməsinin tələb olunmamasını, yalnız Oğuz rayon İcra və Probasiya söbəsinə çağırıldıqdan sonra mübahisələndirilən qərardan xəbəri olduğunu göstərmişdir. Bildirirlər ki, kənd təsərrüfatının inkişafı məqsədi ilə 2001-ci ildən başlayaraq kənd təsərrüfatı məhsullarının istehsalçılarına davamlı olaraq müxtəlif vergi növləri üzrə çoxsaylı güzəştlər verilmişdir və bu güzəştlər hal-hazırda da qüvvədədir. Belə ki, fiziki şəxslərin bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirləri gəlir vergisindən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri mənfəət vergisindən, hüquqi və fiziki şəxslərin həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən, hasilat həcmi isə sadələşdirilmiş vergidən azaddır. Lakin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2008-ci il 14 noyabr tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “İqtisadi fəaliyyət növləri təsnifatı”na əsasən balıqçılıq və balıqyetişdirmə kənd təsərrüfatı fəaliyyəti sahəsinə aid edilməyərək müstəqil iqtisadi fəaliyyət sahəsi kimi təsbit olunduğuna görə bu güzəştlər balıqçılıq və balıqyetişdirmə sahəsinə şamil edilmir. Ödəyiciyə 2018-ci ilə görə 21.02.2019-cu il tarixli vergilərin hesablanması barədə **********499800 nömrəli qərarla kameral vergi yoxlaması ilə 1903,33 manat gəlir vergisi hesablanmışdır. Hesablamadan sonra ödəyicinin elektron poçt qutusuna 02.04.2019-cu il **********3 nömrəli, 16.04.2019-cu il tarixli **********7 nömrəli, 03.05.2019-cu il tarixli **********5 nömrəli, 21.05.2019-cu il tarixli **********8 nömrəli, 16.07.2019-cu il tarixli **********4 nömrəli, 27.11.2019-cu il tarixli **********1 nömrəli vergi borcunun ödənilməsinə dair bildirişlər göndərilmişdir. İddiaçıya cari vergilərin hesablanması barədə 15.04.2019-cu il tarixli **********405600 nömrəli və 15.07.2019-cu il tarixli **********179400 nömrəli bildirişlər, kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 01.04.2019-cu il tarixli **********143400 nömrəli, 18.04.2019-cu il tarixli **********978900 nömrəli, 03.05.2019-cu il tarixli **********160200 nömrəli, 24.05.2019-cu il tarixli **********548300 nömrəli məktublar onun elektron poçt qutusuna göndərilmişdir. Vergi ödəyicisi borcla bağlı bildirişlərə, onun poçt qutusuna göndərilən digər bildiriş və məktublara vaxtında əhəmiyyət verməməklə borcu ödəməmiş və buna görə vergi ödəyicisinə vergi borcunun ödənilməyəcəyi təqdirdə tələbin icraya yönəldilməsi qaydasında icra strukturlarına müraciət ediləcəyi barədə xəbərdarlıq məktubu göndərilmiş, xəbərdarlıq məktubundakı borc məbləği ödənilmədiyi üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.6-cı və “İnzibati icraat haqqında” Qanunun 82-ci maddələrinin müddəalarına əsasən vergi orqanı tərəfindən Oğuz rayon İcra və Probasiya şöbəsinə tələbin icraya yönəldilməsi haqqında 03.12.2019-cu il tarixli qərar göndərilmişdir. Vergi ödəyicisi iddia ərizəsində göstərdiyi kimi 09.12.2019-cu il tarixdə Oğuz rayon İcra və Probasiya şöbəsi tərəfindən qərarın surətini aldıqdan sonra qərarda göstərilən borc məbləği ilə bağlı Şəki İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmədə 2141,25 manat əsas, 511,02 manat faiz, 100 manat maliyyə sanksiyası üzrə, ümumilikdə isə 2752,27 manat borca görə tələbin icraya yönəldilməsinə qərar çıxarılmışdır. Borcun tərkibindəki 100 manat 13.10.2019-cu il tarixdə ödəyiciyə **********538200 nömrəli məktubla “Vergi ödəyicisinin aktivləri barədə məlumat” formasının məktubda göstərilən vaxtda təqdim olunmamasına görə 26.11.2019-cu il tarixli **********914700 nömrəli qərarla tətbiq edilmiş maliyyə sanksiyasından ibarətdir. Halbuki, “Vergilərin hesablanması barədə” 21.02.2019-cu il tarixli **********499800 nömrəli və 20.05.2019-cu il tarixli **********333200 nömrəli qərarlarda “Vergi ödəyicisinin şikayət etmək hüquqlarının xülasəsi” hissəsində açıq-aydın göstərilmişdir ki, qərardan onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətinə məhkəməyə və ya Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay müddətində birbaşa və ya qərarı göndərmiş vergi orqanı vasitəsilə yuxarı vergi orqanına şikayət verə bilər. Həmin qərarlar ödəyicinin elektron poçt qutusuna həmin gün ötürülməsinə baxmayaraq, məhkəməyə müddət ötürülməklə şikayət olunmuş və müddətin ötürülməsi ilə bağlı iddia ərizəsində hes bir əsaslı sübut göstərilməmişdir.. Məlumat üçün bildiririk ki, Oğuz rayon Məhkəməsinin 25.11.2019-cu il tarixli 2(054)- 577/2019 Qətnaməsinə əsasən mübahisələndirilən borca görə vergi ödəyicisinin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılmasına məhdudiyyət qoyulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-1.3-cü və Azərbaycan Respublikası İnzibati icraat haqqında Qanunun 62.2-ci maddələrində göstərilmişdir ki, sənədlər elektron üsulla ödəyicinin elektron kabinetinə göndərildikdə elektron üsulla göndərildiyi göndən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Məhkəmə iclasında iddiaçı vergi məsuliyyətinə cəlb edilmə barədə qərarlardan və borcun ödənilməsi barədə bildirişlərdən xəbərdar olduğunu, elektron kabinetinə bütün məlumatların gəldiyini bildirib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. İş materiallarını araşdırıb, iddiaçının hüquqi marağını nəzərə alan məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunmuşdur ki, vergi orqanı kameral vergi yoxlaması ilə nöqsanları aşkarlamış, iddiaçının elektron poçt qutusuna vergi borcu barədə müntəzəm bildirişlər göndərmiş və borcun ödənilməyəcəyi təqdirdə tələbin icraya yönəldilməsi qaydasında icra strukturlarına müraciət ediləcəyi barədə iddiaçıya xəbərdarlıq göndərmişdir. İddiaçı onun elektron poçt qutusuna göndərilən bildirişlərə baxmış, vergi orqanının tələblərinə münasibət bildirməmiş, yalnız Oğuz rayon İcra və Probasiya şöbəsinin tələbin 10 (on) gün müddətində könüllü icrası haqqında ünvanına göndərdiyi bildiriş vasitəsi ilə verilən qərar barədə məlumatlı olmuşdur. Məhkəmə hesab edir ki, mübahisələndirilən qərar iddiaçıya 2018-ci ilə görə 21.02.2019-cu il tarixli vergilərin hesablanması barədə **********499800 nömrəli qərar və “Vergi ödəyicisinin aktivləri barədə məlumat” formasının məktubda göstərilən vaxtda təqdim olunmamasına görə 26.11.2019-cu il tarixli **********914700 nömrəli qərar əsasında verildiyindən və həmin qərarlar mübahisələndirilmədiyindən hazırki qərarın mübahisələndirilməsi ilə iddiaçı istədiyi məqsədə çata bilməyəcəkdir. İddiaçı ilk növbədə 03.12.2019-cu il tarixli qərarın verilməsinə əsas olan qərarları mübahisələndirməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunması bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Qəbələ rayon 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Qəbələ rayon 10 saylı Ərazi Vergilər İdarəsinin rəisi X4 tərəfindən qəbul edilən 03.12.2019-cu il tarixli qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2giyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-496/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-496/2020
25.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver