Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-496/2025 20.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin X2 təyin etdiyi ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 80% pozulmasına dair 2-ci dərəcəli əlilliyin təyin edilməsinə dair qəbul edilən qərarın dəyişdirilməsi və X2 orqanizmin funksiyalarının 80-100 % pozulmasına dair birinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin X2 təyin etdiyi ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 80% pozulmasına dair 2-ci dərəcəli əlilliyin təyin edilməsinə dair qəbul edilən qərarın dəyişdirilməsi və X2 orqanizmin funksiyalarının 80-100 % pozulmasına dair birinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmas” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsasladırılmışdır: İddiaçının övladı X3 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. Övladı anadangəlmə əqli cəhətdən qüsurludur, anadan olduqdan bir müddət sonra həkim müayinələrindən sonra müəyyən olundu ki, övladı əqli cəhətdən qüsurludur. Övladına xəstəliyi ilə əlaqədar sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması üçün cavabdeh orqana müraciət etsə də, müəyyən səbəblərdən imtina cavabı verilmişdir. Bunun üçün 2021-ci il tarixdə Bakı inzibati Məhkəməsinə cavabdeh orqana qarşı övladına sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə dair iddia ərizəsi ilə müraciət etmiş, Məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdə inzibati iş üzrə qərardad qəbul edilmiş həyat yoldaşı Nümayəndə müraciətinə 2 ay müddətində yenidən baxaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh orqanın üzərinə həvalə edilmişdir. Övladı xx.xx.2022-ci il tarixdə əyani müayinə olunmuş və cavabdeh orqan tərəfindən övladına xx.xx.2020-ci il tarixdən 3 il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə qərarın müddəti bitdiyindən yenidən xəstəliyi ilə bağlı sənədlər sistemə daxil edilmiş, lakin imtina gəlmişdir. Bunun üçün xx.xx.2024-cü il tarixdə DTSERA- ya əyani müayinəyə getmişdirlər. Əyani müayinə zamanı bildirilmişdir ki, yekun qərar barədə məlumat veriləcəkdir. Övladının əlilliyi ilə bağlı pensiya kəsildikdən sonra ilk dəfə olaraq 2024-cü il aprel ayında pensiya almışdır. Pensiyanı alan zaman DSMF-nun Zaqatala rayon şöbəsinə yaxınlaşaraq pensiyanın hansı səbəb əsasən az verildiyinə dair məlumat öyrənərkən övladına ikinci dərəcəli əlillik təyin olunduğunu öyrənmişdir. xx.xx.2024-cü il tarixdə övladına əmək funksiyalarının 80 faiz pozulması faizi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Övladına “Orta dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən davranış pozuntusu. Nitq artikulyasiyasının spesifik pozuntusu” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin Bakı şəhər Baş Səhiyyə idarəsinin xx.xx.2018-ci il traixli diaqnozuna əsasən övladı X2 orta kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu F 71.1, Nitq İnkişafın spesifik pozuntusu 1 80.0 diaqnozu verilmişdir.Övladı heç nəyi dərk etmir. Nə özünü, nə dəki fikrini ifadə edə bilmir. Bütün məişət problemləri onun və həyat yoldaşı tərəfindən həyata keçirilir. Övladına əmək funksiyalarının 81-100 faiz pozulması faizi ilə müddətsiz birinci dərəcəli əlillik təyin olunmalı idi. Lakin övladına əmək funksiyalarının 80 faiz pozulması faizi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin olunmuşdur. Cavabdeh orqanın övladının əlilliyi ilə bağlı vermiş olduğu orqanizmin funksiyalarının 80% pozulması faizi ilə ikinci dərəcəli əlilliyinin təyin olunmasına dair qərarını əsassız hesab edərək iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazda bildirmişdir ki, iddiaçının övladı X1 əlillik vəziyyətinə Şəki Rayon Psixiatriya Xəstəxanasında xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Diaqnozun mətni: Orta dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən davranış pozuntusu. Nitq artikulyasiyasının spesifik pozuntusu.,.; Meyar: 7.Psixi və davranış pozuntuları=>Əqli gerilik=>Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. =>orta dərəcəli əqli gerilik İQ 35-49: adi şərtlərlə təhsil ala və ya işləyə bilməməsi, ətrafdakılarla adaptasiya və qarşılıqlı əlaqə zamanı nəzərəçarpacaq çətinliklər yaşanması, əksər tələbatların ödənilməsi üçün kənar şəxslərin köməyinə ehtiyacın olması=> . olaraq OFP: 80% olmaqla müddətsiz əlillik təyin edilmişdir. Bildiririk ki, Zaqatala rayon sakini X3 DTSERA-da əyani müayinədə olmuş, tibbi-sosial ekspertiza müayinəsindən keçirilmişdir. Müəyyən olunmuşdur ki, Zaqatala ray, Əliabad kəndində qeydiyyatda olan qəyyum İddiaçı müraciəti əsasında X1 (FİN-66U14TK) əlillik vəziyyəti Səhiyyə müəssisəsinin H00161140MMV nömrəli göndərişi əsasında xx.xx.2024cü il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması" səbəbindən tibb müəssisəsinə geri göndərilmişdir. Ətraflı səbəb: "Xəstənin pulsuz dərman alinmasi səhiyyə nazirliyinin reysterində göstərilmir dəqiqləsdirilsin.” Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki,səhiyyə müəssisəsinin H00161140MMV nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Göndərişin natamam doldurulması” səbəbindən əsaslı olaraq tibb müəssisəsinə geri göndərilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz,tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı X1 hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta dərəcəli əqli gerilik qulluq və müalicə tələb edən davranış pozuntusu. Nitq artikulyasiyasının spesifik pozuntusu.” diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 7.2.2 bəndinə əsasən orqanizmin funksiyalarının 80% pozulmasına görə müddətsiz əlillik təyinatı aparılmışdır. Nəzərinizə çatdırırıq ki, hazırki iddia mübahisələndirmə qaydasında verilmişdir. Mübahisələndirmə qaydasında iddialar inzibati aktın ləğvi ilə əlaqədar olduğu üçün həmin növ iddialar iddiaçı tərəfindən əsaslandırılmalıdır ki, həqiqətən də müvafiq inzibati aktın qəbul edilməsi onun hüquqlarını pozur. Lakin iddia ərizəsində və ona əlavə edilmiş sənədlərdə onun iddiasını əsaslandıracaq hər hansı hüquqi əsas aşkarlanmamışdır. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, X3 barəsində forma 88 göndərişi xx.xx.2024-cü il tarixində qiymətləndirilmiş və ona müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.
2. AR Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 3578,1288 nömrəli məktubları;
3. AR Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanasının 565 nömrəli məktubu;
4. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli qiymətləndirməsi;
5. Cavabdehin etirazı və ona əlavə olunan sənədlər.
6. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-2141/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
7. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli T856/2024 nömrəli rəyi.
Əsaslandırma hissəsi:
İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır.Məhkəmə iş hallarına qiymət verərək aşağıdakı normaları işin faktiki hallarına tərbiq edərək hesab edir ki,iddia təmin edilməlidir. Hazırkı iş materiallarından görünür ki, iddiaçının hüquqi marağı X2 ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 80% pozulmasına dair 2-ci dərəcəli əlilliyin təyin edilməsinə dair qəbul edilən qərarın dəyişdirilməsi və X2 orqanizmin funksiyalarının 80- 100 % pozulmasına dair birinci dərəcəli əlilliyin təyin edilməsi dair cavabdehin qərarının dəyişdirilməsinə nail olmaqdan ibarətdir. İddiaçının “qərarın dəyişdirilərək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasının müəyyən edilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi ifadə etməsindən müəyyən edilir ki,ifadə tərzindən asılı olmayaraq iddiaçının hüquqi marağı övladına mövcud Qaydalara əsasən İİİ dərəcə əliliyin təyin edilməsidir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-2141/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.Təqdim edilmiş rəyə əsasən müəyyən edilmişdir : 2012-ci il təvəllüdlü X1 adma tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Vətəndaş T.Nümayəndə xx.xx.2024-cü il tarixdə “Psixi sağlamlıq mərkəzi” phş-də mütəxəssislər tərəfindən müayinə olunmuş və ona “Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu-F71.1, nitq artikulyasiyasının spesifik pozuntusu-F80.0, İQ 41” diaqnozu təyin edilmişdir. Diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nİn təyinində olan meyarlara görə İ qrup əlilliyə uyğun gəldiyindən müvafiq tibb müəsissəsində yeni Forma 088 rəsmiləşdirilməlidir. İşin hallarından müəyyən edilir ki, iddiaçının övladına xx.xx.2024-cü il qiymətləndirmə tarixli forma 88 göndərişi əsasında xx.xx.2023-cü il tarixindən müddətsiz orqanizmin funksiyasının pozulması faizi 80% dərəcəsi müəyyən edilməklə əlillik təyin edilmişdir. Qiymətləndirmə nəticəsində “F71.1, Orta dərəcəli əqli gerilik, nitq artikulyasiyasının spesifik pozuntusu-F80.0, İQ 41” diaqnozu qoyulmuşdur. Məhkəmə X2 qoyulmuş diaqnoz və təyin edilmiş əlilik dərəcəsinə əsasən aşağıdakıları qeyd edir. Qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın Əqli gerilik F70-F73 diaqnozu təsbit edilmişdir. Həmin Diaqnozun qiymətləndirici əlaməti kimi 7.2.3-cü bəndində “ağır dərəcəli əqli gerilik İQ 20-34: özünəxidmət, verbal əlaqə, sadə gündəlik vəzifələri yerinə yetirə bilməməsi və daimi qayğıya ehtiyacın olması”, göstərilmişdir.Həmin diaqnoza əsasən xəstəyə OFP-nın 85-90 müddətsiz dərəcəsi və müddətsiz əliliyin müəyyən edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi T.Nümayəndə barəsində tibb müəssisəsindən göndərilmiş Forma 88 göndərişində qeyd edilmiş diaqnoz və onun sağlamlıq vəziyyəti şəxs barəsində yuxarıda qeyd olunan İ dərəcə əliliyin müəyyən edilməsinə əsas verdiyi halda, inzibati orqan tərəfindən orqanizmin funksiyasının pozulması 80% faiz dərəcəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.10-cu bəndinə əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Hazırkı iş üzrə iddiaçının sağlamlıq vəziyyətinin aid olduğu OFP-nın məhdudlaşması halı istinad olunan “Meyar”lara əlavənin 7.2.3-cü bəndində nəzərdə tutulmaqla konkret faiz dərəcəsi müəyyən edilməmiş, 85-90% aralığında təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının OFP-nin 85-90% aralığında konkret olaraq hansı faiz dərəcəsinə aid olmasının müəyyən edilməsi inzibati orqanın qiymətləndirmə azadlığına aiddir. Buna görə də, məhkəmə, iddiaçının övladının OFP-nin l dərəcə məhdudlaşması halının müəyyən edilməsi(yəni əvvəlki qərarı dəyişərkən müəyyən etməli) öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə hüquqi məsələlənin həll edilməsini məqbul hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 1.0.2 Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları; 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Yuxarıda qeyd olunan normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki, cavabdehin 16 yanvar 2024-cü il tarixli Əlilliyin qiymətləndirməsi barədə nəticəsi əsassız olmuşdur. Odur ki,iddia təmin edilməli, X2 həmin tarixdən İ dərəcə əlillik təyin edilməlidir. “İnzibati icraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilir. X2 təyin edilmiş orqanizmin funksiyalarının pozulmasının 80% dərəcəsinin müəyyən ediləməsinə dair qərarının dəyişdirilməsi və ona OFP-nin 85-90% pozulmasına dair İ dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin üzərinə üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.