Məhkəmə qərarları › İş №2-1(116)-4968/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-4968/2025

12.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-4968/2025 12.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədli Jalə Rahim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı “daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi barədə Göyçay Rayon İcra Hakimiyyəti başçının xx.xx.2025-ci il tarixli 7 nömrəli Tikinti obyektinin istismarına İcazənin qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli, 2-1(116)-4968/2025 nömrəli qərardadı ilə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxslə əvəz edilmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "ünvan 2 ünvanında inşa edilmiş 1 ədəd 3 girişli 4-5 mərtəbəli (zirzəmili, birinci mərtəbəsi qeyri-yaşayış sahəsi) yaşayış binasının istismarına icazə verilməsi barədə Göyçay Rayon İcra Hakimiyyəti başçısının 13 mart 2025-ci il tarixli 07 nömrəli Tikinti obyektinin istismarına İcazənin qeydiyyata alınması barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin 22 iyul 2025-ci il tarixli 3-21-3- 36/2-2258/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki. “ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası üzərində hüquqların dövlət qeydiyyatının aparılması ilə bağlı ********** qeydiyyat nömrəli ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsində baxılmışdır. Nəzərinizə çatdırırıq ki, qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 saylı Fərmanına uyğun olaraq qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması. habelə vətəndaşların və sahibkarlıq subyektlərinin əmlak hüquqlarının tanınmasının səmərəli şəkildə təşkili məqsədilə tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşay ış təyinatlı binaların (bundan sonra - qeyri-yaşayış binası) istismarına icazə verilməsi qaydaları müəyyənləşdirilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" AzərbaycanRespublikası Qanunun 11-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan” torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Odur ki, sözügedən Fərmanın tələblərinə uyğun sənədlər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən elektron qaydada təqdim ediləcəyi təqdirdə müraciətinizin icrasına qanunamüvafiq qaydada baxılacaqdır.” İddiaçı hesab edir ki, imtina tam əsassızdır və qanunvericiliyin tələblərinə əməl edilmədən verilmişdir. İmtinanı imzalayan vəzifəli şəxs məsələnin həllinə tam laqeyd yanaşaraq səhlənkarlığa yol vermiş və vəzifə səlahiyyətlərini aşaraq cavab məktubunda “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinin tələblərini bilərəkdən tam təhrif etmiş, Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 saylı Fərmanına istinad etməsini əsaslandırmamışdır. Belə ki, həmin Fərman qeyri-yaşayış təyinatlı binaların istismarına icazə verilməsi qaydalarını müəyyənləşdirmişdir. Halbuki, "xxxx" MTK tərəfindən inşa edilmiş bina yaşayış binası olmaqla Göyçay rayon İHB tərəfindən həmin yaşayış binalarının istismarına icazə verilmiş və həmin binalar barədə məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun giriş hissəsinin və 2.1- ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan heab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyy ətini nəzərdə tutur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarhqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdınlmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göyçay Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 1 nömrəli Sərəncamı ilə "xxxx" MTK-nın istifadəsində olan 0.24 ha torpaq sahəsində 4-5 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilmiş, tikinti obyektinin layihəçisinin “AZƏRDÖVLƏTLAYİHƏ” dövlət baş layihə institutu olması qeyd edilmişdir. Yaşayış binasının memarlıq-planlaşdırma bölməsi “AZƏRDÖVLƏTLAYİHƏ” dövlət baş layihə institutu tərəfindən tərtib edilmiş, Dövlət Ekspertiza Baş İdarəsi ilə razılaşdırılmış, Göyçay rayon İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən yaşayış binaları Tikintilərin Dövlət reyestrinə daxil edilmişdir. Göründüyü kimi tikilinin layihəsinin təsdiq edilməsi və onun istismara qəbuluna razılıq verilməsi Göyçay rayon İcra hakimiyyətinin səlahiyyətində olmuş və Göyçay rayon İHB-nın 13,03.2025-ci il tarixli 7 JMb-li tikinti obyektinin istismarına icazə sənədi əsasında tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edilməsi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü qeyd olunaraq tikinti obyektinin istismarına icazə verilmişdir. Həmçinin xx.xx.2025-ci il tarixli Ö/006781 nömrəli istismara hazırlıq aktında tikintinin başlanması tarixi xx.xx.2019-cu il, qurtarması tarixi isə xx.xx.2021-ci il qeyd edilmişdir. Obyektin əsas göstəriciləri olaraq qeyd edilmiş məlumatlar Göyçay rayon İHB-nm xx.xx.2025-ci il tarixli 7 N2-İİ tikinti obyektinin istismarına icazə sənədində qeyd edilmiş texniki parametrlərə uyğundur. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdindəki Təhlil qrupunun xx.xx.2024-cü il tarixli, 1512/11 N°li rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdindəki Təhlil qrupunun xx.xx.2024-cü il tarixli, 1512 sayh iclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.0.1-ci maddəsin dispoziyasında qeyd edilən “tikinti obyektinin istismarına icazə sənədi”-nin mahiyyəti də, mövcud vəziyyətin tikintiyə dair normativ aktlara uyğun olduğunun təsdiq edilməsindən ibarətdir. Yəni, “tikinti obyektinin istismarına icazə sənədi” İlə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X4 Qrupunun iddia olunan “tikilinin yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə” qərarı məzmunca eyni məsələləri həll edən hüquqi sənədlərdir. Hazırkı iddia olunan yaşayış binasına münasibətdə hər iki sənəd mövcuddur və qeyd olunan hal tikinti obyektinin istismara yararlı olmasını və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü birbaşa sübut edir. Göründüyü kimi iddia olunan tikiliyə münasibətdə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsinin dispoziyasında tələb olunan şərtlərin hamısı (torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq- planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi) yerinə yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli, 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin istismarına icazənin vahid forması” təsdiq edilmişdir. Formaya görə təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, hansı tarixdən tikinti obyektinin istismarına icazə verilməsi rayon İcra hakimiyyətinin başçısına həvalə edilmişdir. Yuxanda qeyd edilmiş hallardan göründüyü kimi iddia olunan tikinti obyektinə münasibətdə Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş tikinti obyektinin istismarına icazə sənədində qeyd edilən məlumatların doğruluğuna və qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət vermək Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəsi olmuşdur. Göyçay Rayon İcra Hakimiyyəti sözügedən obyektin tikinti layihəsinə uyğun inşa edildiyini müəyyən etmiş və ötən müddət ərzində müvafiq sərəncam və digər sənədlər mübahisələndirilməmişdir. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatlı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həlledici olan - tikintisi başa çatmış obyektin tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatlı üzrə istifadənin mümkünlüyünün müəyyən olunmasıdır. Qanunvericilikdə hüququn qeydə alınması üçün tikinti obyektinin istismarına icazə sənədinin tələb olunmasının əsas məqsədi də məhz həmin halın təsdiq edilməsidir. Cavabdehin vəzifəsi təqdim edilmiş sənədlər əsasında daşınmaz əmlak obyekti barədə məlumatları dövlət reyestrinə daxil etmək olmuşdur. Həmin məlumatların doğruluğuna və qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət vermək isə Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəsi olmuş, yuxarıda istinad olunan sənədlərin məzmunundan göründüyü kimi tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı sənəd ötən müddət ərzində mübahisələndirilməmişdir. Odur ki, müvafiq sənədin düzgün tərtib edilməməsinin hüquqi nəticələri iddiaçının ziyanına şərh edilə və onun hüquqlarının pozulmasına səbəb ola bilməz. Yuxarıda istinad edilmiş normativ hüquqi aktların məzmunundan aydın olur ki. verilən imtina formal əsaslarla əsaslandırılmış, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırılmamışdır.”. Cavabdeh orqan iddiaya münasibətində bildirmişdir ki, “Göyçay şəhəri, Atatürk 77 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi barədə Göyçay Rayon İcra Hakimiyyəti başçısının 13 mart 2025-ci il tarixli 7 nömrəli “Tikinti obyektinin istismarına icazənin qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatının aparılması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddiası etirazla qarşılanır. İddiaçı ərizədə qeyd olunanlarla bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il tarixli ərizə ilə idarəyə müraciət etmiş, qanunamüvafiq qaydada araşdırılaraq 3- 21-3- 36/2- 2258/2025 xaricolma nömrəli, xx.xx.2025-ci il tarixli məktub ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan qeyri yaşayış binasına dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlarla əsasən, Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edirik.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, işə onun iştirakı olmadan baxılamsını xahiş etmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: • Cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 dekabr tarixli 495 nömrəli qərarı ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 01 nömrəli obyektin tikintisinə icazə sənədinin surəti. • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş 07 nömrəli Tikinti obyektinin istismarına icazə sənədinin surəti. • Ö/006781 nömrəli İstismara hazırlıq aktının surəti. • Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura komitəsinin xx.xx.2024-cü il tarixli 3-35/2-7321/2024 nömrəli məktubundan görünür ki, Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-46/2-1086/2024 nömrəli məktubuna Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Bildiririk ki, ünvan 5 ünvanında sifarişçisi "Göyçay-inşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti, təyinatı yaşayış binası (blok A, B, C) olan və Göyçay Rayon icra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 01 nömrəli tikintiyə icazəyə dair təqdim olunmuş məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilmişdir. • Tikintilərin Dövlət Reyestrinin internet səhifəsindən çıxarışların surət. • Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 təhlil qrupunun xx.xx.2024-cü il tarixli №1512/11 nömrəli rəyin surəti. • 2024-cü il tarixli ünvan 7 ünvanda İddiaçı MMC-yə məxsus 5 mərtəbəli yaşayış binasının vəziyyəti haqqında texniki rəyin surəti. • ünvan 7 ünvanda yerləşən, fiziki şəxs X1 məxsus zirzəmi və 4-5 mərtəbəli yaşayış binasının texniki vəziyyəti haqqında müayinə protokolunun surəti. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 57.1. Hər hansı torpaq sahəsində tikinti obyektinin, xüsusən də binanın tikintisinə yalnız həmin torpaq sahəsinin avtomobil yoluna çıxışı olduğu hallarda yol verilir. Maddə 67.1. Tikintiyə dair təhlükəsizlik tələbləri, eləcə də tikinti obyektinin təbiətin zərərli təsirlərindən və texnogen xarakterli təsirlərdən mühafizəsi tələbləri bu Məcəllə ilə və şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilir. Maddə 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Maddə 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Maddə 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. Maddə 75.5. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. Maddə 75.6. Tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan qurumları tikintinin təyinatına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 75.7. Bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəy 5 iş günü müddətində, 75.5.2-ci maddəsində göstərilən sorğuya isə layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində bildirilməlidir. Bu müddətlər ərzində göstərilən rəylər bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) iradların olmaması prezumpsiyasından çıxış edir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olmaması barədə rəy tikintiyə icazə verilməsindən imtina üçün əsasdır. Maddə 75.8. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Maddə 75.14. Tikintiyə icazə verildiyi andan dərhal icazədə nəzərdə tutulmuş məlumatların Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet saytında yerləşdirilir. Maddə 75.15. Tikintiyə və tikinti obyektinin istismarına icazə verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Maddə 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. Maddə 101.3. Bu Məcəllənin 101.1-ci maddəsində nəzərdə tutulmuş müddəa tikintisinə icazə tələb edilməyən obyektlərə şamil olunmur. Maddə 101.4. Tikinti obyektinin istismarına icazənin vahid forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 102.1. Tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə verilməsi üçün müraciətə sifarişçi tərəfindən bu Məcəllənin 102.1-2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqdim edilmiş aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. Maddə 102.1-1. Reklam qurğularının istismarına icazə üçün müraciətə sifarişçi tikintiyə icazəni əlavə edir. Maddə 102.1-2. Bu Məcəllənin 102.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir. Maddə 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Maddə 102.3. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istismara icazə verməzdən əvvəl tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə dair ekspertiza müəssisəsinə müraciət edə bilər. Bu müraciət tikintinin təhlükəsizliyi baxımından əsaslandırılmış olmalıdır. Obyektin şəhərsalma və tikintiyə dair normativ sənədləri ilə müəyyən edilmiş tələblərə uyğunluğunun əlavə olaraq yoxlanılması üçün tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə çəkilən xərclər uyğunluğun təsbit edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən ödənilir. Maddə 102.4. Tikinti obyektinin istismarına icazənin verilməsi üçün müraciətin təqdim edildiyi gündən 20 gün, ekspertizası keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə 10 gün, reklam qurğularına münasibətdə isə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) obyektin istismarına icazə verir və ya verilməsindən imtina haqqında qərar qəbul edir. Maddə 102.9. Tikinti obyektinin istismarına icazə icraatı üzrə bu Məcəllənin 102.1- 102.4-3-cü, 102.6-cı və 102.7-ci maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Maddə 106. Bu Məcəllənin pozulmasına görə şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Bu Məcəllənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 43 faizi, həmçinin bu Məcəllənin 11.5-ci maddəsinə əsasən toplanan haqqın müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hissəsi müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 11.5-ci maddəsinə əsasən toplanan haqqın 7 faizi dövlət büdcəsinə köçürülür. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanı:

4. Müəyyən edilsin ki: 4.7-1. həmin Məcəllənin 75.1-ci, 75.2-ci və 75.3-cü maddələrinin birinci cümlələrində, 75.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 75.5-ci maddəsində, 75.7ci maddəsinin ikinci cümləsində, 75.8-ci maddəsində, 75.9-cu maddəsində, 75.10-cu maddəsinin birinci cümləsində, 75.13-cü maddəsində, 75.14-cü maddəsinin birinci cümləsində, 76.1-ci (birinci halda), 76.2-ci (birinci halda), 82.1-ci (birinci halda) maddələrində, 84.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 84.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 86.1.1-ci maddəsində (birinci halda), 86.3-cü maddəsinin birinci cümləsində (birinci halda), 101.2-ci maddəsində (birinci halda), 102.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 102.3-cü maddəsinin birinci (birinci halda) və üçüncü (birinci halda) cümlələrində, 102.4-cü (birinci halda), 102.4-1-ci maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində və 102.4-2-ci maddəsinin ikinci (birinci halda) cümləsində, 102.4-3-cü maddəsinin üçüncü (birinci halda) cümləsində, 102.5-ci (birinci halda) maddələrində, 102.7-ci maddəsinin birinci cümləsində (birinci halda), 103.2-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər:

4. digər inzibati ərazi vahidlərində tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları; “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanı:

1. Müəyyən edilsin ki: 1.1. 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (bundan sonra – qeyri-yaşayış binası) və nəqliyyat, rabitə, energetika və digər mühəndis-kommunikasiya obyektlərinin (bundan sonra – infrastruktur obyekti) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 1.1.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Nazirlik) qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinin (sahibinin) 2026-cı il yanvarın 1-dək etdiyi və bu Fərmana əsasən aparılacaq yerquruluşu işlərinin, qeyriyaşayış binasının (infrastruktur obyektinin) müayinəsi, Tikintilərin Dövlət reyestrində uçota alınması, habelə istismarına icazə verilməsi üçün əsas hesab edilən müraciətin daxil olduğu tarixdən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını və onlar arasındakı məsafələri, habelə qeyri-yaşayış binasının (infrastruktur obyektinin) magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşib-yerləşmədiyini müəyyən etmək üçün həmin müraciəti və ona əlavə olunmuş sənədləri elektron qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Xidmət) göndərir; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.\ “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər.

Əsaslandırma hissə:

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Cavabdeh orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Göyçay Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 1 nömrəli Sərəncamı ilə "xxxx" MTK-nın istifadəsində olan 0.24 ha torpaq sahəsində 4-5 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilmiş, tikinti obyektinin layihəçisinin “AZƏRDÖVLƏTLAYİHƏ” dövlət baş layihə institutu olması qeyd edilmişdir. Yaşayış binasının memarlıq-planlaşdırma bölməsi “AZƏRDÖVLƏTLAYİHƏ” dövlət baş layihə institutu tərəfindən tərtib edilmiş, Dövlət Ekspertiza Baş İdarəsi ilə razılaşdırılmış, Göyçay rayon İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2025-ci il tarixli Ö/006781 nömrəli istismara hazırlıq aktında tikintinin başlanması tarixi xx.xx.2019-cu il, qurtarması tarixi isə xx.xx.2021-ci il qeyd edilmişdir. Obyektin əsas göstəriciləri olaraq qeyd edilmiş məlumatlar Göyçay rayon İHB-nm xx.xx.2025-ci il tarixli 7 N2-İİ tikinti obyektinin istismarına icazə sənədində qeyd edilmiş texniki parametrlərə uyğundur. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdindəki Təhlil qrupunun xx.xx.2024-cü il tarixli, 1512/11 N°-li rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdindəki Təhlil qrupunun xx.xx.2024-cü il tarixli, 1512 sayh iclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən yaşayış binaları Tikintilərin Dövlət reyestrinə daxil edilmişdir. Göyçay rayon İHB-nın xx.xx.2025-ci il tarixli 07 nömrəli tikinti obyektinin istismarına icazə sənədi əsasında tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edilməsi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü qeyd olunaraq tikinti obyektinin istismarına icazə verilmişdir. Cavabdeh imtinasının əsası kimi Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 saylı Fərmanına uyğun olaraq sənədlərin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən elektron qaydada təqdim edilmədiyinə istinad etmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir. Belə ki, hazırkı işin hallarındanda göründüyü kimi iddiaçının hüquqi marağı xx.xx.2025-ci il tarixli 07 nömrəli tikinti obyektinin istismarına icazə sənədi əsasında Göyçay şəhəri Atatürk küçəsi 77 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binası üzərində mülkiyyət hüquqlarını qeydə almasından ibarətdir. İlk növbədə qeyd edilməlidir ki, cavabdehin istinad etdiyi “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanı 2023-cü il iyunun 1-dək olan tikinti obyektlərinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti ilə bağlı istismarına icazə verilməsi qaydasını tənzimləyir və hazırkı tikilinin inşası xx.xx.2025-ci il tarixdə başa çatdığından sözügedən Fərmana cavabdeh tərəfindən istinad etməsinin heç bir hüquqi əsası yoxdur. Bununla yanaşı yuxarıda qeyd edilən normalardan göründüyü kimi qanunvericilikdə tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşası və istismarı üzrə icraat mahiyyət etibarı ilə əsasən iki hissədən: tikintiyə icazənin verilməsi üzrə icraatdan və tikinti obyektinin istismarına icazə üzrə icraatdan ibarətdir. Bu icraatlar çərçivəsində səlahiyyətli qurumların tikintiyə aid müvafiq rəylərinə uyğun olaraq obyektin istismarına icazənin verilməsi və ya verilməsindən imtina haqqında qərar qəbul edən orqan hazırkı halda “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanının 4.7-1-ci bəndinə uyğun olaraq yerli icra hakimiyyətidir. İş materiallarından da göründüyü kimi Göyçay Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli qərarına uyğun olaraq 13 mart 2025-ci il tarixli tikinti obyektinin istismarına 07 nömrəli icazə verilmişdir. Qeyd olunmalıdır ki, mübahisəli tikilinin istismara qəbulu ilə bağlı yekun hakimiyyət iradəsi məhz 13 mart 2025-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədində ifadə olunur. İddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi tikili səlahiyyətli orqanın – yerli icra hakimiyyətinin qərarı əsasında istismara yaralı hesab edilmişdir. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərərək həmin sənədin məzmununa uyğun davranaraq, hüquqlarını qeydə alınması üçün müraciət etmişdir. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Məhkəmə qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Məhkəmə onu da vurğulayır ki, hazırkı mübahisəyə münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsində müəyyən edilən – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş üzrə qeyd edilən sənədlərin mövcudluğu təsdiq edilir. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Cavabdeh isə sözügedən normada müəyyən edilmiş dispozisiya şərtlərinə deyil, ümumiyyətlə səlahiyyət sferasına aid olmayan sənədləri tələb etməklə iddiaçının hüquqlarını əsassız olaraq qeydə almaqdan imtina etmişdir. Məhkəmə ona diqqət çəkir ki, hazırkı mübahisənin həlli baxımından icazə (həm tikintiyə, həm də istismara) icraatının özünün gedişatı deyil, həmin icraat nəticəsində qəbul olunmuş yekun qərar – inzibati akt həlledici əhəmiyyət daşıyır. Belə ki, inzibati orqanın apardığı inzibati icraat mahiyyət etibarilə hakimiyyət iradəsinin formalaşması və həmin iradənin ifadə olunduğu inzibati aktın qəbulu məqsədlərinə xidmət edir. İnzibati icraatın gedişində yol verilmiş pozuntular (olsa belə) icraatı aparan inzibati orqanın məsuliyyət sferasına aiddir və buna səlahiyyəti olmayan digər orqanlar, o cümlədən cavabdeh tərəfindən təftiş edilə və mübahisələndirilə bilməz. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Hazırkı halda cavabdehin imtinsaı qanunvericiliyin tələblərinə uyğun olmadığından, iddiaçının tələbinin hüquqi əsası isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsindən irəli gəldiyindən iddia təmin edilməlidir. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin üzərinə Göyçay şəhəri Atatürk küçəsi 77 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasına dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar