Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-498/2022 17.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə, cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “JN 0730 Kod ********* nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Qəbələ rayon Qəbələ Bələdiyyəsinin 21 oktyabr 2005-ci il tarixli 10 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində tikinti və yaşıllıq salmaq məqsədi ilə ayrılmış 6.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Qəbələ rayon Qəbələ Bələdiyyəsinin 21 oktyabr 2005-ci il tarixli 10 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində tikinti və yaşıllıq salmaq məqsədi ilə ayrılmış 6.0 ha torpaq sahəsinin İddiaçı oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi iddi atələbini dəqiqləşdirərək iddia olunan torpaq sahəsi üzərində iddiaçnın mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Məhkəmənin 17.03.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, JN0730 Kod 40600001 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilmiş 6 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, müraciətini Qəbələ Bələdiyyəsinin 21 oktyabr 2005-ci il tarixli 10 nömrəli qərarına əsasən həmin torpaq sahəsinin tikinti və yaşıllıq salmaq məqsədi ilə ona satılması ilə əsaslandırmışdır. Cavabdeh orqan iddia olunan torpaq sahəsinin Dövlət mülkiyyətində olan meşə fondu torpaqlara aid olmasını bildirərək müraciətin təmin olunmasından imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı tələb hüququnun əsası kimi məhkəməyə müvafiq torpaq sahəsinin ona satılmasını əks etdirən Qəbələ bələdiyyəsinin 21.10.2005-ci il tarixli 10 nömrəli qərarının, Qəbələ bələdiyyəsinin 6.0 ha meşə fondu torpaqlarının turizmin inkişafı məqsədilə bələdiyyə mülkiyyətində olan torpaqlarla dəyişdirilməsinin məqbul hesab edilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 29.09.2005-ci il tarixli məktubunun, müvafiq meşə fondu torpaq sahəsinin dəyişdirilməsinə razılığı ifadə edən X3 və Bərpası Müəssisənin 24.08.2005-ci il tarixli məktubunun, torpaq sahələrinin dəyişdirilməsinə razılıq verilməsi ilə bağlı bələdiyyənin Azərbaycan Respublikasının Baş Nazirinin birinci müavininə ünvanladığı 06.10.2005-ci il tarixli məktubunun və sonuncunun 19.10.2005-ci il tarixli qaldırılmış məsələnin bələdiyyənin və yerli icra hakimiyyətinin səlahiyyətinə aid olması ilə bağlı cavab məktubunun, torpaq sahəsinin yerquruluşu sənədlərinin surətini təqdim etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını iddia olunan torpaq sahəsinin Dövlət meşə fondu torpaqlarına aid olması ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçını etibarnamə üzrə nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - JN-730 KOD 40600001 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, iddiaçıya tikinti və yaşıllıq salmaq məqsədi ilə 6 ha torpaq sahəsinin Qəbələ bələdiyyəsinin 21.10.2005-ci il tarixli 10 №-li qərarı ilə satılması göstərilmiş, torpaq sahəsinin uqodiyası örüş olaraq qeyd edilmişdir. - DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinin 22.11.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh orqan iddiaçının ilkin müraciətinin təmin olunmasından imtina etmişdir. - cavabdeh tərəfindən təqdim edilmiş, 15.02.2022-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, JN-730 KOD 40600001 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında verilmiş koordinatlara görə torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmiş və sözügedən torpaq sahəsinin mülkiyyət növü Dövlət, elektron (dwj) kadastr məlumat bazasına əsasən təyinatı (kateqoriyası) – “Meşə fondu torpaqları”na aid edilmişdir. Torpaq sahəsi Qəbələ şəhərinin şimalında, üç tərəfdən dağla əhatə olunmuş meşə örtüklü ərazidə yerləşir və torpaq sahəsi üzərindən “Tufandağ” İstirahət Mərkəzinə gedən kanat xətti keçir. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir. “Torpaq islahatı haqqında” AR Qanunun 6-cı maddəsinə əsasən, dövlət mülkiyyətində aşağıdakı torpaqlar saxlanılır: 1) dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; 2) dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; 3) yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; 4) meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); ... Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, bu torpaqlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Dövlət torpaqlarının istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 6-cı maddəsinə görə, Azərbaycan Respublikasının ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun torpaqları (meşə və qeyri-meşə torpaqları) Azərbaycan Respublikasının meşə fondunu təşkil edir. Meşə fondunun sərhədləri meşə fondunun torpaqlarını digər torpaqlardan ayıran hüdudlarla müəyyən edilir. Meşə Məcəlləsinin 11-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Torpaq Məcəlləsinin 31-ci maddəsinə əsasən:
1. Meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir.
2. Meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilir.
3. Meşə fondu torpaqlarından meşə təsərrüfatını aparmaq üçün meşə təsərrüfatı orqanları, habelə öz nizamnamə fəaliyyətinin həyata keçirilməsini təmin etmək üçün meşə fondu torpaqlarının təhkim olunduğu digər dövlət və qeyri-dövlət müəssisələri, idarələri və təşkilatları istifadə edirlər.
4. Meşə fondu torpaqlarından qanunvericiliklə müəyyən olunmuş qaydada, meşədə oduncaq və digər meşə materialları tədarük edən və ya başqa işlər görən (binalar və digər qurğuların tikilməsi, yolların salınması, elektrik xətlərin çəkilməsi və i.a.) müəssisələrin, idarələrin, təşkilatların istehsal və digər ehtiyaclarının təmin edilməsi üçün istifadə edilir.
5. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqısatqısına, ipotekasına və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir.
6. Meşə fondu torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər... Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 23-cü maddəsinin məzmununa görə, daşınmaz əmlakın dövlət reyestri orqanı dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdirlər. İş materiallarından göründüyü kimi iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi Dövlət mülkiyyətində olan meşə fondu torpaqlarına aid olduğundan və qanunvericilikdə meşə fondu torpaqlarının özgəninkiləşdirilməsi imperativ qaydada qadağan edildiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. İddia olunan torpaq sahəsinin dövlət mülkiyyətində olan meşə fondu torpaqlarına aid olması ilə bağlı mütəxəssis rəyi cavabdeh tərəfindən təqdim edilsə də, müvafiq rəy iş üzrə digər sübutlarla (X3 və Bərpası Müəssisəsinin 24.08.2005-ci il, Dövlət torpaq və Xəritəçəkmə Komitəsinin 17.10.2005-ci il tarixli məktubları) zidiyyət təşkil etmədiyindən və iddiaçının tələb hüququnun əsası kimi surətini təqdim etdiyi digər sənədlərin məzmununa uyğun olduğundan məhkəmə həmin rəyi mübahisəli torpaq sahəsinin xüsusiyyətlərini müəyyən etməyə imkan verən mötəbər sübut qismində qəbul edir. İddiaçı Dövlət Aktında göstərilən 6.0 ha torpaq sahəsinin bələdiyyə torpaqları ilə dəyişdirilməsi və dəyişdirildikdən sonra isə bələdiyyə tərəfindən ona satılmasını bildirmiş və torpaq sahəsinin dəyişdirilməsi ilə bağlı bir sıra dövlət orqanları arasında aparılan yazışmaları əks etdirən sənədlərin surətlərini məhkəməyə təqdim etmişdir. Həmin sənədlərə münasibətdə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 31-ci maddəsinin 5ci bəndi meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirə bilən əqdlərin bağlanmasını, o cümlədən başqa məqsədlər üçün istifadəsini birbaşa qadağan etdiyindən müxtəlif dövlət orqanları arasında torpaq sahələrinin dəyişdirilməsi ilə bağlı aparılan yazışmalar və son nəticədə bələdiyyə tərəfindən qəbul edilmiş qərar həmin torpaq sahəsinin dövlət mülkiyyətindən bələdiyyə mülkiyyətinə keçməsinə, habelə meşə fondu torpaqları olaraq təyinatının dəyişdirilməsinə səbəb ola bilməzdi. Digər tərəfdən iddiaçının tələb hüququnun əsası kimi istinad etdiyi Torpaq Məcəlləsinin 90-cı maddəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq normanın məzmunu aşağıdakı kimidir:
1. Xüsusi mülkiyyətdə olan torpaq sahələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, hər hansı nisbətdə biri-biri ilə dəyişdirilə bilər.
2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən istifadə və ya icarə hüquqları əsasında istifadə edənlər müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin razılığı ilə həmin torpaq sahələrini başqalarının həmin ərazidəki istifadə və ya icarə hüququnda olan torpaq sahələri ilə dəyişdirə bilərlər.
3. Torpaq sahəsinin dəyişdirilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq, müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Göründüyü kimi, həmin norma xüsusi mülkiyyətdə olan torpaq sahələrinin dəyişdirilməsi, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən istifadə və ya icarə hüquqları əsasında istifadə edənlərin müvafiq razılıq əsasında həmin torpaq sahələrini başqalarının həmin ərazidəki istifadə və ya icarə hüququnda olan torpaq sahələri ilə dəyişdirə bilmə imkanlarından bəhs edir ki, bunun da hazırki mübahisənin həllinə, yəni dövlət mülkiyyətində olan meşə fondu torpaqlarının xüsusi mülkiyyətə verilməsinə heç bir aidiyyəti yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “JN 0730 Kod ********* nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Qəbələ rayon Qəbələ Bələdiyyəsinin 21 oktyabr 2005-ci il tarixli 10 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində tikinti və yaşıllıq salmaq məqsədi ilə ayrılmış 6.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.