Məhkəmə qərarları › İş №2-1(116)-5/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-5/2021

18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-5/2021 18.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “11 saylı X2 vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2018-ci il tarixli, **********162671 saylı qərarının 25369.00 manat məbləğində mənfəət vergisinin azaldılması və 12684.50 manat məbləğində maliyyə sanksiyasının tətbiqi hissələrində ləğv edilməsi” tələblərinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “11 saylı X2 vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2018-ci il tarixli, **********162671 saylı qərarının 25369.00 manat məbləğində mənfəət vergisinin azaldılması və 12684.50 manat məbləğində maliyyə sanksiyasının tətbiqi hissələrində ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Mənzil Təsərrüfatı və Abadlaşdırma Müəssisəsinin (Dövlət müəssisəsi) Nizamnaməsi xx xxxx 2002-ci il tarixdə 1002-A1-21 saylı şəhadətnamə əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bərdə bölgə şöbəsində dövlət qeydiyyatına alınmış və xx xxxxxx 2006-cı il tarixdən qeydiyyatda dəyişiklik edilərək Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi adlandırılmışdır. Nizamnamənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, Mənzil Təsərrüfatı və X1 şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2000-ci il tarixli 55 saylı əmri əsasında Mənzil Təsərrüfatı İdarəsinin adının dəyişdirilməsi ilə onun hüquqi varisi kimi fəaliyyət göstərir. İdarənin əsas fəaliyyət növləri “Dövlət mənzil fondunun istismarı, saxlanılması və yaxşılaşdırılması, xidmət etdiyi ərazidə fasiləsiz olaraq sakinlərin, habelə sosial, məişət, tikinti və digər obyektlərin içməli su və isti su ilə təchizatını təmin etmək, onlara kanalizasiya xidmətlərini göstərmək, habelə Nizamnamə ilə yol verilən və mövcud qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növləri“göstərməkdən ibarətdir. İdarə vergi orqanından aldığı ********** saylı vergi ödəyicilərinin eyniləşdirilmə nömrəsi əsasında fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi dövrlər üzrə kombinatın fəaliyyəti vergi orqanı tərəfindən müntəzəm olaraq yoxlanılmış və nəticəsi üzrə aktlar tərtib edilmişdir. Fəaliyyət göstərdiyi dövrlərin yekununa görə qanunvericilikdə nəzərdə tutulmuş bəyannamələr vergi orqanına təqdim edilmiş, həmin bəyannamə məlumatları, eləcə də həmin bəyannamələr üzrə vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlamaları nəticəsində vergilərin hesablanması barədə qəbul edilmiş qərarları ilə hesablanmış vergi məbləğləri idarənin şəxsi vərəqəsində öz əksini tapmışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması aşkar edildikdə vergi ödəyicisinə vergilərin hesablanmasına dair vergi orqanının qərarının göndərilməsi, hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququnun göstərilməsi Vergi Məcəlləsinin 37.4-cü maddəsində öz əksini tapmışdır. Qeyd edilir ki, 11 saylı ƏVD tərəfindən 2015-ci ilin mənfəətdən vergi bəyannaməsi üzrə aparılmış kameral yoxlama nəticəsində 52412,63 (əlli iki min dörd yüz on iki) manat vergi müəyyən edilmiş və bu barədə inzibati akt formasında xx xxxx 2016-cı il tarixdə vergilərin hesablanması barədə **********678600 saylı qərar çıxarılmışdır. 11 saylı ƏVD-nin xx.xx.2017-ci il tarixli **********127455 saylı qərarına əsasən, 11 saylı ƏVD-nin regional gəlirlər idarəsinin vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi vergi xidməti müşaviri X5 tərəfindən idarədə 2015 və 2016-cı illər üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlayıcı tərəfindən xx.xx.2018-ci il tarixdə **********131034 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Qeyd edilir ki, xx xxxx 2016-cı il tarixdə 11 saylı ƏVD tərəfindən çıxarılmış və ləğv edilməyərək qüvvədə olan **********678600 saylı qərar ilə 2015-ci il üzrə 52412,63 manat məbləğində mənfəətdən vergi məbləği səyyar vergi yoxlaması aktına daxil edilməmiş və nəticədə düzgün olmayan akt tərtib edilmiş və akt üzrə düzgün olmayan qərar qəbul edilərək əsassız mənfəətdən vergi hesablanmış və həmin məbləğə maliyyə sanksiyası tətbiq edilmişdir. Bununla da, inzibati orqan tərəfindən “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları kobud şəkildə pozulmuşdur. Belə ki, qanunun tələbləri gözlənilməyərək 03 iyun 2016-cı il tarixli qərar ləğv edilmədən qərarla hesablanmış 52412,63 manat məbləğində mənfəətdən vergi məbləğinə idarənin şəxsi vərəqəsində xx xxxxx 2018-ci il tarixdə kameral vergi yoxlaması bəyannaməsinin ləğvi məfhumu ad altında azalma verilmiş, buna əsas olmuş qərar (olub olmaması barədə iddiaçıda məlumat yoxdur) barədə iddiaçıya məlumat verilməmişdir. Buna görə də hesab edilir ki, belə bir qərar ümumiyyətlə yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, vergi orqanı tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2018-ci il tarixli, **********162671 saylı qərarı 25369.00 manat məbləğində mənfəət vergisinin azaldılması və 12684.50 manat məbləğində maliyyə sanksiyasının tətbiqi hissələrində ləğv edilməlidir. İddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixli, 384 nömrəli iddia tələbinin həcminin artırılmasına dair ərizə ünvanlamışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında protokol qərardadı ilə iddiaçının ərizəsi icraata qəbul edilməmişdir. Cavabdeh orqan xx.xx.2018-ci il tarixli, **********191700 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin iddia tələbi aşağıda göstərilənlərə əsasən əsassız hesab edilir. Qeyd edilir ki, vergi ödəyicisi olan Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsində (Dövlət Müəssisəsi) 2015-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyənnaməsində hesabat ilində malların təqdim olunmasından, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 1008428,48 manat gəliri olduğunu, bu gəlirin əldə edilməsinə 481899.26 manat əmək haqqı, 106017,83 manat sosial sığorta, 247416,75 manat xammal və material, 362 manat ezamiyyə, 1911 manat enerji, 5034 manat yanacaq, 210 manat su kanalizasiya, 3398,22 manat rabitə, 2000,26 manat mühafizə, 6970 manat bank xidməti, 87894,27 manat bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi xidmətlərin göstərilməsi) xərcləri, 39297,82 manat amortizasiya ayırmaları, 42735 manat təmir xərci, 1492,58 manat torpaq, 2587,97 manat əmlak vergisi (gəlirdən çıxılan vergilər) cəmi 1029226,96 manat xərc çəkdiyini və 2015-ci ili 20798,48 manat zərərlə başa vurduğunu göstərmişdir. Lakin vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim olunmuş mühasibat sənədləri və baş kitab məlumatlarının düzgünlüyü yoxlanılarkən hesabat ilində gəlirinin 1008428,48 manat, xərcinin isə 762067,25 manat (o cümlədən 481899,26 manat əmək haqqı, 106017,26 manat sosial sığorta haqqı, 108716 manat xam mal materialın dəyəri, 362 manat ezamiyyə xərci, 1911 manat enerji xərci, 5034 manat yanacaq xərci, 210 manat kanalizasiya xərci, 3398,22 manat rabitə xərci, 2000,06 manat mühafizə xərci, 6970 manat bank xidməti, 41468,33 manat amortizasiya ayırmaları, 1492,58 manat torpaq, 2587,97 manat əmlak (gəlirdən çıxılan vergilər) olduğu və hesabat ilini 246361,23 manat gəlirlə başa vurduğu müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 121.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əvvəlki illərdəki 119516,21 manat, o cümlədən 2010-cu il üzrə 32983,66 manat, 2012-ci il üzrə 24503,66 manat və 2014-cü il üzrə 62029,49 manat zərər nəzərə alınmamışdır. Vergi Məcəlləsinin 36.22-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır. Odur ki, 2015-ci ilin mənfəət vergisi bəyənnaməsində 119516,21 manat keçmiş illərin çıxılmalı zərəri nəzərə alınaraq (246361,23-119516,21=126845,02) mənfəət vergisinin 25369 azaldılması müəyyən olunmuşdur. Vergi ödəyicisi 2016-cı il üzrə təqdim etdiyi mənfəət vergisi bəyənnaməsində malların təqdim olunmasından 855513,25 manat gəliri olduğunu, gəlirin əldə edilməsinə 849519,04 manat (o, cümlədən 579650,55 manat əmək haqqı, 127523,12 manat sosial sığorta haqqı, 74746,55 manat xam mal materialların dəyəri, 1800 manat icarə haqqı, 705 manat ezamiyyə xərci, 2548 manat enerji xərci, 9000 manat yanacaq xərci, 240 manat su kanalizasiya xərci, 2511,7 manat rabitə xərci, 2000 manat mühafizə xərci, 4342,27 manat bank xidməti, 7037,84 manat bilavasitə malların təqdim edilməsi (işləri görülməsi, xidmətlərin göstərilməsi üzrə xərclər, 27559 manat amortizasiya ayırmaları, 7385 manat təmir xərci, 97,69 manat torpaq və 2371,82 manat əmlak vergisi) xərc çəkdiyini və 2016-cı ili 5994,21 manat balans mənfəəti ilə başa vurduğunu göstərmişdir. Əldə olunmuş 5994,21 manat mənfəət keçmiş illərin zərərinə aid edildiyi üçün mənfəət vergisi hesablanmamışdır. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövrdə VÖEN-i olmayan şəxsin avtomobili ilə göstərdiyi xidmətə görə nağd qaydada ödənilmiş haqlardan 504 manat ödəmə mənbəyindən vergi tutulmamışdır. Müəssisə yoxlama ilə əhatə olunan dövrdə torpaq vergisinin ödəyicisi olmuşdur. Müəssisədə aparılan əvvəlki səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin vergiyə cəlb olunan torpaq sahəsinin 228264 m2 olması göstərilmiş və 1492,98 manat torpaq vergisi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan 2016 və 2017-ci illər üzrə vergi orqanına təqdim edilmiş torpaq vergisi bəyənnamələrində vergi hesablanan torpaq sahəsi 21282 m2 (206982 m2 az) göstərmişdir. Yoxlama zamanı vergiyə cəlb olunan torpaq sahəsinin azalmasına səbəb olan heç bir sənəd təqdim olunmamış və torpaq vergisinin hesablanmasının düzgünlüyünün təstiq edilməsi üçün müəssisənin təsisçisi və baş idarəsi olan Mingəçevir şəhər İcra Hakimiyyətinə xx.xx.2018-ci il tarixli **********943900 nömrəli məktubla müraciət edilərək müəssisənin sərəncamında və istifadəsində olan torpaq sahəsi barədə məlumat alınmışdır. Məktubda müəssisənin 2808 m2 torpaq sahəsi olduğu göstərilmişdir. Məktubda olan məlumatlar nəzərə alınmış torpaq vergisi üzrə hesablama aparılaraq 29,26 manat torpaq vergisinin azaldılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinin tələbləri pozulduğuna görə qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə (2017-ci ildə qanunun qüvvəyə mindiyi tarixdən sonrakı tarixə müəssisənin kassasından işçilərə nağd qaydada əmək haqqı verildiyinə görə) nağd verilmiş əmək haqqına 717,04 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Müəssisədə keçirilən səyyar vergi yoxlaması nəticəsində büdcəyə çatası olan vergilərin, o cümlədən 2015-ci il üzrə mənfəət vergisinin 25369 manat, ödəmə mənbəyində tutulan verginin 504 manat, torpaq vergisi 29,26 manat azaldılması müəyyən olunmuşdur və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 12951,14 manat maliyyə sanksiyasının tətbiq olunmuşdur. Vergi ödəyicisi tərəfindən İV-rüb 2015-ci il, İ, İİ, İİİ, İV rüb 2016 və İ, İİ, İİİ rüb 2017ci il üzrə ÖMV hesabatı təqdim edilmədiyi üçün hər hesabat dövrü üzrə 40 manat olmaqla cəmi 320 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Beləliklə, keçirilən növbəti səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisinə 25369 manat məbləğində mənfəət vergisi, 29,26 manat məbləğində torpaq vergisi, 504 manat məbləğində ödəmə mənbəyindən tutulan vergi olmaqla, ümümilikdə 25902,26 manat məbləğində vergi hesablanmış, 13988,18 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsi səyyar vergi yoxlaması zamanı aşkar olunan azaldılmış vergilərin 25369 manat məbləğində olan mənfəət vergisinə aid olan hissəsini mübahisələndirmişdir. Öz iddia ərizəsini isə onunla əsaslandırmağa çalışmışdır ki, 2015-ci il mənfəət vergisi üzrə aparılan kameral yoxlama nəticəsində 52412,63 manat məbləğində hesablanmış vergi məbləği Səyyar vergi yoxlaması aktına əlavə edilmədiyindən tərtib olunan akt və onun əsasında qəbul edilmiş xx.xx.2018-ci il tarixli **********162671 saylı qərar düzgün deyildir. Bununla bağlı qeyd edilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində kameral vergi yoxlaması ilə hesablanmış vergilərin məbləği barədə məlumatı səyyar vergi yoxlaması aktına daxil edliməsini zəruri hesab edən hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Həmçinin, iddiaçı ərizəsində kameral vergi yoxlaması ilə hesablanmış 52412,63 manat məbləğində mənfəət vergisi üzrə borcun şəxsi hesab vərəqəsindən azaldılmasını müvafiq ləğv qərarı olmadan həyata keçirildiyini bildirmişdir. İddiaçının bu fikrinin hər hansı bir hüquqi əsası yoxdur. Belə ki, Vergi Məcəlləsinin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı həmin Məcəllənin 37.3-cü və 37.4-cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. 2015-ci il mənfəət vergisi üzrə aparılan kameral yoxlamanın nəticəsində qəbul olunmuş **********31034 saylı qərarla vergi ödəyicisinin mənfəət vergisi üzrə 52412,63 manat məbləğində borcu xx.xx.2016-cı il tarixində onun şəxsi hesab vərəqəsinə əlavə edilmiş, daha sonra vergi ödəyicisi həmin hüququndan istifadə edərək kameral vergi yoxlaması keçirildikdən sonra dəqiqləşmiş hesabat təqdim etmişdir. Keçirilən növbəti səyyar vergi yoxlaması nəticələrinə görə vergi ödəyicisi 25369 manat mənfəət vergisinin azaldılmasına və ya yayındırılmasına yol vermişdir. Vergi orqanı Vergi Məcəlləsinin 37.6-cı məddəsinin müddəaları çərçivəsində hərəkət edərək, kameral yoxlaması ilə hesablanmış 52412,63 manat mənfəət vergisi ödəyici tərəfindən təqdim olunmuş dəqiqləşmiş hesabatı nəzərə almaqla şəxsi hesab vərəqəsində azaltmış, 25369 manat mənfəət vergisinin isə hesablamasını həmin vərəqədə əks etdirmişdir. Həmçinin, iddiaçı ona hesablanmış 25369 manat mənfəət vergisini və həmin verginin azaldılmasına görə tətbiq edilmiş 12684,50 manat məbləğində maliyyə sanksiyasını mübahisələndirərkən həmin verginin düzgün hesablanmadığını göstərən hər hansı bir sübut və ya vergi orqanının hesablamalarını təqzib edən bir sənəd təqdim etməmiş, ancaq müxtəlif normativ aktlardan mübahisələndirdiyi məsələyə aid olmamasına baxmayaraq maddələri sadalamaqla kifayətlənmişdir. Halbuki Vergi Məcəlləsinin 94-cü maddəsinə görə verginin hesablandığının səhv olduğu sübut etmək vəzifəsi həmin Məcəllə ilə müəyyən edilmiş hallarda: vergi ödəyicisinin hesablamalarının səhv olduğunu — vergi orqanının; vergi orqanının hesablamalarının səhv olduğunu — vergi ödəyicisinin üzərinə düşür. Bununla yanaşı, vergi ödəyicisi iddiasını “inzibati icraat” haqqında qanunun müxtəlif maddələrinə istinad edərək əsaslandırmağa çalışmışdır. Lakin qeyd etməliyik ki, vergi hüquq münasibətləri qüvvədə olan Vergi Məcəlləsi ilə tənzimlənir. Belə ki, Mülki Məcəllənin 2.5-ci maddəsinə əsasən əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Mingəçevir Şəhər MKT İstehsalat Birliyi üzrə xx.xx.2016-cı il tarixli 10 nömrəli əmrin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X4 xx.xx.2016-cı il tarixdən Mingəçevir Şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə rəis vəzifəsinə təyin edilmişdir. Məhkəmənin 2-1(84)-65/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Mərkəz tərəfindən məhkəməyə xx.xx.2019-cu il tarixli, 15383 nömrəli məktub ünvanlanaraq (dəftərxanaya xx.xx.2019-cu il tarixdə daxil olmuşdur) rəy verilməsi üçün əlavə sənədlərin təqdim olunmasının zəruriliyi bildirilmiş və bunun üçün 1 (bir) ay vaxt verilmişdir. Məhkəmə Mərkəzin məktubunu aldığı tarixdə, yəni xx.xx.2019-cu il tarixdə iddiaçıya məktub ünvanlayaraq 10 gün müddətində zəruri sənədlərin təqdim edilməsini xahiş etmişdir. Lakin iddiaçı sənədləri təqdim etməmişdir. Bundan sonra iddiaçıya xx.xx.2020-ci il tarixdə yenidən məktub ünvanlanaraq zəruri sənədlər tələb edilmiş və həmin sənədlər təqdim edilmədən ekspertizanın keçirilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı məktuba münasibət bildirməmişdir. Əsaslandırma hissəsi: İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixli iddia ərizəsini poçt vasitəsi ilə məhkəməyə göndərmiş, iddia ərizəsi xx.xx.2018-ci ildə məhkəməyə daxil olmuşdur. Ona görə də hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ötürülməmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı iddianı qaldırmağa dair subyektiv hüquqa malik olmuşdur. İddia mümkün olsa da, əsassızdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, 11 saylı ƏVD tərəfindən 2015-ci ilin mənfəətdən vergi bəyannaməsi üzrə aparılmış kameral yoxlama nəticəsində 52412,63 (əlli iki min dörd yüz on iki) manat vergi müəyyən edilmiş və bu barədə inzibati akt formasında xx xxxx 2016-cı il tarixdə vergilərin hesablanması barədə **********678600 saylı qərar çıxarılmışdır. 2015-ci il mənfəət vergisi üzrə aparılan kameral yoxlamanın nəticəsində qəbul olunmuş **********31034 saylı qərarla vergi ödəyicisinin mənfəət vergisi üzrə 52412,63 manat məbləğində borcu xx.xx.2016-cı il tarixində onun şəxsi hesab vərəqəsinə əlavə edilmiş, daha sonra vergi ödəyicisi həmin hüququndan istifadə edərək kameral vergi yoxlaması keçirildikdən sonra dəqiqləşmiş hesabat təqdim etmişdir. Keçirilən növbəti səyyar vergi yoxlaması nəticələrinə görə vergi ödəyicisi 25369 manat mənfəət vergisinin azaldılmasına və ya yayındırılmasına yol vermişdir. Vergi orqanı Vergi Məcəlləsinin 37.6-cı məddəsinin müddəaları çərçivəsində hərəkət edərək, kameral yoxlaması ilə hesablanmış 52412,63 manat mənfəət vergisi ödəyici tərəfindən təqdim olunmuş dəqiqləşmiş hesabatı nəzərə almaqla şəxsi hesab vərəqəsində azaltmış, 25369 manat mənfəət vergisinin isə hesablamasını həmin vərəqədə əks etdirmişdir. Vergi Məcəlləsinin 3.5-ci maddəsinə görə heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsinin 12.3-cü maddəsinə görə vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) əlavə edilmiş dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Vergi Məcəlləsinin 23.1-ci maddəsinə görə vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək Vergi Məcəlləsinin 38.1-ci maddəsinə görə səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Vergi Məcəlləsinin 39.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Vergi Məcəlləsinin 39.2-ci maddəsinə görə vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Vergi Məcəlləsinin 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi Vergi Məcəlləsinin 58.1-ci maddəsinə görə verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 103.1-ci maddəsinə görə Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhvlər aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini müvafiq (maddədə göstərilən) əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 72.1-ci maddəsinə görə bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər...(72.2-ci maddə). Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər (72.5-ci maddə) Vergi qanunvericiliyi vergi ödəyicisi tərəfindən tərtib edilən bəyannamə vergi orqanına təqdim edildikdən sonra dəqiqləşdirilmiş bəyannamənin, o cümlədən ƏDV üzrə dəqiqləşdirilmiş bəyannamənin verilməsini istisna etməmişdir. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İddiaçı hesab edir ki, ona kameral qaydada hesablanmış mənfəət vergisi üzrə borc nəzərə alınmadan, eyni dövr üzrə keçirilən səyyar vergi yoxlaması ilə yenidən əlavə mənfəət vergisi hesablanmışdır. Lakin cavabdehin məhkəməyə təqdim etdiyi etirazdan əksinə iddiaçının xeyrinə mənfəət vergisinin azaldıldığı müəyyən olunmuşdur. İddiaçıya kameral vergi yoxlaması ilə hesablanmış mənfəət vergisi üzrə borcun düzgün olmadığı müəyyən olunmuş, onun şəxsi hesabından qeyd olunan məbləğ azaldılmış, səyyar vergi yoxlaması ilə müəyyən olunmuş mənfəət vergisi hesablanmışdır. İddiaçı faktiki olaraq əvvəlki yoxlamanın (kameral) istinad etməklə səyyar vergi yoxlamasının nəticəsində qəbul olunmuş qərarı mənfəət vergisi hissəsində mübahisələndirməklə ümumiyyətlə ona hesablanmış mənfəət vergisi üzrə borcun tamamilə ləğv olunmasına nail olmaq istəyir ki, bu da yuxarıda qeyd olunanlara əsasən mümkün deyil. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh inzibati orqanın (vergi orqanının) hesablamalarının səhv olduğunu sübut edə bilməmişdir. Cavabdehin iddiaçıya münasibətdə qəbul etdiyi inzibati akt qanuni və əsaslıdır. Ona görə iddia rədd edilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “11 saylı X2 vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2018-ci il tarixli, **********162671 saylı qərarının 25369.00 manat məbləğində mənfəət vergisinin azaldılması və 12684.50 manat məbləğində maliyyə sanksiyasının tətbiqi hissələrində ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar