Məhkəmə qərarları › İş №2-1(116)-5/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-5/2022

23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-5/2022 23.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15.10.2019-cu il tarixli **********191543 nömrəli qərarın ləğv edilməsi və həmin qərarda göstərilən ümumi məbləğ, maliyyə sanksiyası və hesablanan faizlərin şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15.10.2019-cu il tarixli **********191543 nömrəli qərarın ləğv edilməsi və həmin qərarda göstərilən ümumi məbləğ, maliyyə sanksiyası və hesablanan faizlərin şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, AR Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15.10.2019-cu il tarixli **********191543 nömrəli qərarı ilə İddiaçı MMCyə sadələşdirilmiş verginin azaldılmasına görə 8.087,89 manat, mənfəət vergisinin azaldılmasına görə 69.930 manat, əlavə dəyər vergisinin azaldılmasına görə 24.899,80 manat, ödəmə mənbəyində tutulan verginin azaldılmasına görə 2.206,20 manat, cəmi 103.276,37 manat əlavə vergilər hesablanmış və vergi qanunvericliyinin pozulmasına görə 52.320,78 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması qərara alınmışdır. Bu qərarın qəbul edilməsinə səbəb və əsas 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən "xxxx" MMC-də həyata keçirilmiş növbədənkar səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib olunmuş 26.08.2019-cu il tarixli **********150706 saylı akt olmuşdur. İddiaçı hesab edir ki, 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergi qanunvericiliyinin pozulması ilə aparılmış növbədənkar səyyar vergi yoxlamasının nəticəsində tərtib olunmuş 26.08.2019 tarixli **********150706 saylı akt və bu akta əsasən verilmiş 15.10.2019-cu il tarixli **********191543 nömrəli qərar tamamilə əsassız və qanunsuzdur. Belə ki, növbədənkar səyyar vergi yoxlaması 07.05.2018-ci ildə başlanmış, 22.08.2019-cu ildə başa çatmışdır. Göründüyü kimi, yoxlama 13 aydan da çox müddətdə aparılmışdır. Bu zaman vergi orqanı bir neçə dəfə onlara müraciət edərək yoxlamanın uzadılmasını xahiş etmiş, nəticədə yoxlama lüzumsuz olaraq 14 dəfə dayandırılmışdır. Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda (38.2-ci maddə). Cavabdeh tərəfindən "xxxx" MMC-də həyata keçirilmiş növbədənkar səyyar vergi yoxlamasında isə heç bir ekspertiza aparılmamış, mütəxəssis rəyi alınmamışdır. Cavabdeh yoxlanma müddətinin uzadılması barədə hər hansı əsaslandırılmış qərar qəbul etməmişdir. Bundan başqa, cavabdeh vergi orqanının səyyar vergi yoxlamasının aparılması barədə 04.05.2018-ci il tarixli qərarı və yoxlamanın uzadılması barədə qərarları da sahibkarlıq sahəsində aparılan yoxlamanın vahid reyestrində qeydiyyata alınmamışdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 №-li Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinin tələblərinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 2 iyul 2013-cü il tarixdə (№714-İVQ) qəbul edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bundan başqa, sadələşdirilmiş verginin azaldılmasına görə hesablanmış əlavə 8.087,89 manat da düzgün müəyyən edilməmişdir. Növbədənkar səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib olunmuş 26.08.2019 tarixli **********150706 saylı aktın 10-cu səhifəsində qeyd olunur ki, 3-cü rüb 2015 - 1-ci rüb 2017-ci ildə "xxxx" MMC-də 404.394,50 manat hasilat olmuş, amma guya iddiaçı bu məbləği həmin dövr üçün sadələşdirilmiş vergi bəyannamələrində göstərməmişdir. Halbuki, elə həmin aktın 6-cı səhifəsində vergi orqanı qeyd edir ki, "xxxx" MMC 2015, 2016, 2017 mənfəət vergisi bəyannamələri vermişdir. Həmin dövrlərdə mənfəət vergisi bəyannamələri o vaxt iddiaçının qeydiyyatda olduğu Bakı Lokal Gəlrlər Departamentinə təqdim edilib və onlar tərəfindən təsdiq olunub. Buna görə də, necə ola bilərdi ki, iddiaçı eyni zamanda həm mənfəət vergisi və həm də sadələşdirilmiş vergi ödəyicisi olsun?! Həmçinin, mənfəət vergisinin azaldılmasına görə əlavə 69.930,30 manat da düzgün müəyyən edilməmişdir. Bu məbləği hesablayarkən vergi orqanı aktın 7-ci səhifəsində xərclərin sənədlərlə təsdiq edilmədiyini, gəlirdən çıxılmalı xərcləri müəyyən etməyin mümkün olmadığını qeyd edir. Bundan sonra isə vergi orqanı Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 55 №-li qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1-ci bəndinə əsasən şərti rentabellik normasına və Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən 2012-ci il üzrə müəssisənin vergiyə cəlb edilən mənfəətinin 2.240.401,03 manat olduğu müəyyən edilməklə, ona həmin məbləğin 20 faizi, yəni 69.930,30 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Cavabdeh 17.12.2019-cu il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı MMC (VÖEN **********) 2-1(84)-1770/2019 nömrəli inzibati iş üzrə cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15.10.2019-cu il tarixli, **********191543 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsi iddiaçı “DFE" MMC-nin iddia ərizəsində irəli sürdüyü iddia tələbinə qarşı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə, aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etmişdir ki, yoxlamanın aparılması müddəti uzadılmış və yoxlama lüzumsuz olaraq bir neçə dəfə dayandırılmışdır. Eləcə də bildirmişdir ki, yoxlama müddətinin uzadılması barədə vergi orqanı tərəfindən əsaslandırılmış qərar qəbul edilməmiş və səyyar vergi yoxlamasının keçirilməsi, həmçinin yoxlama müddətinin uzadılması barədə qərarlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışda qeydiyyata alınmamışdır. Onu da əlavə etmişdir ki, yoxlama zamanı heç bir ekspertiza aparılmamış, mütəxəssis rəyi alınmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanın hüquqlarına aid edilmişdir. Qeyd olunan hallarla əlaqədar bildirilmişdir ki, vergi ödəyicisinin rəhbəri tərəfindən səhhətində aranmış problemlərlə əlaqədar əmək qabiliyyətinin itirilməsi ilə bağlı müxtəlif tarixli ərizələrlə səyyar vergi yoxlamasının dayandırılması barədə vergi orqanına müraciət olunmuş və məhz həmin müraciətlər əsasında vergi yoxlaması əsaslandırılmış qərarlarla bir neçə dəfə dayandırılmışdır. Həmçinin keçirilən səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün yoxlamanın keçirilməsi müddəti əsaslandırılmış şəkildə müvafiq qərarlarla artırılmışdır. Bundan əlavə “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 04.05.2018-ci il tarixli qərar və digər qərarlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışda qeydiyyatdan keçmişdir. Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə vergi yoxlaması vergi orqanının əsaslandırılmış qərarına əsasən dayandırılır (təxirə salınır). Həmin Məcəllənin 23.1.14-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək vergi orqanlarının hüquqlarına aiddir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. 45.1-ci maddəyə görə isə səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Həmçinin iddiaçı sadələşdirilmiş verginin azaldılmasına görə vergi orqanı tərəfindən hesablanmış əlavə vergi məbləğinin düzgün müəyyən edilmədiyini bildirmişdir. Cavabdeh bildirir ki, vergi ödəyicisi İddiaçı MMC vergi orqanına təqdim etdiyi 2015ci ilin 3-cü rüb - 2017-ci ilin 1-ci rüb sadələşdirilmiş vergi bəyannamələrində dövriyyə göstərməmişdir. Yoxlama zamanı sadələşdirilmiş verginin hesabatda göstərilən məbləğinin, hesabatda göstərilməli olan məbləğinə nisbətən 8.087,89 manat azaldıldığı aşkar edilmişdir. Bu səbəbdən kənarlaşma yaranmış və yaranmış kənarlaşmanın səbəbi təqdim olunan bəyannamələrdə müvafiq dövrlər üzrə vergi tutulan hasilatın düzgün göstərilməməsi olmuşdur. Belə ki, təqdim edilmiş sənədlərə və mənbəyi bəlli bank məlumatlarına əsasən müəssisə tərəfindən ekspeditor fəaliyyətindən və fındıq ləpəsinin ixracından əldə edilmiş 404.394,50 manat ümumi hasilatın məbləği vergi orqanına təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində əks etdirilməmişdir (404.394,50 x 2%= 8.087,89). İddiaçı bundan əlavə mənfəət vergisinin azaldılmasına görə hesablanmış 69.930,30 manat verginin də düzgün müəyyən edilmədiyini və vergilər hesablanarkən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin məlumatlarından istifadə olunmadığını bildirmişdir. Qeyd olunanlarla bağlı bildirilir ki, araşdırma zamanı 13 saylı ƏVİ-nin əhatə dairəsinə aid olan ərazidə bu fəaliyyət növü ilə məşğul olan vergi ödəyicisi olmadığına (tapılmadığına) görə Vergi Məcəlləsinin 67-ci maddəsinə (analoji vergi ödəyicisi) əsasən hesablama aparmaq mümkün olmamışdır (obyekt Zaqatala rayonu ərazisində yerləşir). İddiaçının iddia ərizəsində qeyd etdiyi formada, yəni internet saytlarında yerləşən məlumatlar isə vergilərin hesablanması üçün əsas deyildir (təsdiqedici sənəd deyildir məktub etiraza əlavə olunur). Dövlət Statistika Komitəsinin məktubu isə yoxlama başa çatdırıldıqdan sonra vergi orqanına təqdim edilmişdir. Vergi orqanına təqdim olunmuş bəyannamədəki xərclərin düzgünlüyü yoxlanılarkən xərclərin sənədlərlə təsdiq ediİmədiyi aşkar olunmuş, buna görə də müəssisənin gəlirin əldə edilməsi ilə bağlı və gəlirdən çıxılmalı olan xərclərini, nəticədə isə vergi tutulmalı olan mənfəətini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələbləri əsasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə 2017-ci il üçün mənfəət vergisi hesablanmışdır (2.240.401,03/120x20=373.400,17x20%=74.680,03 74.680,03-4.749,73= 69.930,30). Eləcə də yoxlama zamanı vergi ödəyicisinin gəlirinin gömrük məlumatlarına əsasən kənd təsərrüfatı məhsullarının ixracından və bank reyestri məlumatlarına əsasən ekspeditor fəaliyyətindən birgə 2.243.257,57 manat olduğu, xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan 2.856,57 manat mənfi məzənnə fərqi nəzərə alınmaqla, vergi tutulan ümumi gəlirinin 2.240.401,03 manat olduğu müəyyən edilmişdir ki, həmin məbləğə də yuxarıda göstərilən qaydada mənfəət vergisi hesablanmışdır (2.243.257,57-2.856,57=2.240.401,03). İddiaçı iddia ərizəsində fəaliyyətinin ekspeditor fəaliyyəti deyil, yükdaşıma fəaliyyəti olduğunu bildirmişdir. Vergilər Nazirliyindən daxil olmuş 01.11.2018-ci il tarixli, **********236700 nömrəli məktubda qeyd edilmişdir ki, vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitəsi olmadığından onun fəaliyyəti beynəlxalq yükdaşıma deyil, ekspeditor fəaliyyətidir. Ekspeditor 3-cü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Ekspeditorun öz xidmətləri üçün adığı muzd onun vergi tutulan əməliyyatlarına aid edilir. Vergi ödəyicisinin ekspeditor fəaliyyətindən ümumilikdə 138.332,23 manat məbləğində xidmət haqqının əldə edildiyi, lakin həmin məbləğin ƏDV bəyannamələrində qeyd edilmədiyi və büdcəyə ƏDV-nin hesablanmadığı müəyyən edilmişdir (138.332,23x18%=24.899,80). Həmçinin səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş 15.10.2019-cu il tarixli, **********91543 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar sifarişli poçtla müəssisənin hüquqi ünvanına göndərilmişdir. Göndərilmiş qərarda vergi ödəyicisinin şikayət etmək hüququnun qaydası və müddəti göstərilmiş və eləcə də səyyar vergi yoxlaması aktına əsasən vergilər, qeyd olunan məsuliyyətə cəlb etmə qərarı qəbul olunduqdan sonra vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə daxil edilmişdir. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 58.7-ci maddəyə görə sübutlar məhkəmə tərərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Cavabdeh orqan etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası mübahisələndirmə haqqında iddia (İPM-in 2.2.1 və 32.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı mübahiləndirdiyi 15.10.2019-cu il tarixli qərarı 30.10.2019-cu il tarixdə almış və 22.11.2019-cu il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək sözügedən qərarı mübahisələndirmişdir. Göründüyü kimi iddiaçı tərəf Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən tələb edilən 30 gün müddəti ötürməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakı hallara görə iddianı qismən əsaslı hesab edir. İşdə olan cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 04.05.2018-ci il tarixli **********149807 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, vergi orqanı Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin etmiş və yoxlamanın müddətini 30 iş günü olaraq müəyyən etmişdir. Qərar İddiaçı MMC-nin qanuni təmsilçisi (əsas: kommersiya qurumunun dövlət reyestrindən verilən 07.02.2019-cu il tarixli **********786800 nömrəli çıxarış) X5 tərəfindən 07.05.2018-ci ildə alınmışdır. İşdə olan 04.05.2018-ci il tarixdə çap edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, təyin edilmiş növbədənkənar səyyar vergi yoxlaması reyestrdə qeydiyyata alınmışdır və İddiaçı MMC-nin qanuni təmsilçisi X2 çıxarışa imza edərək məlumatlı olmuşdur. İşdə olan 07.05.2018-ci il tarixli **********149992 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri sənədlərin təqdim olunması haqqında” tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, vergi orqanı İddiaçı MMC-dən tələbnamədə qeyd edilən sənədlərin vergi orqanına 15 iş günü ərzində, yəni 29.05.2018-ci il tarixədək təqdim edilməsi tələb etmişdir. Tələbnamə İddiaçı MMC-nin qanuni təmsilçisi X5 tərəfindən 07.05.2018-ci il tarixdə alınmışdır. İşdə olan iddiaçı tərəfindən müxtəlif tarixlərdə (13.06.2018; 05.07.2018; 30.07.2018; 17.08.2018 və s.) tərtib edilərək cavabdeh orqana ünvanlanan məktublardan görünür ki, İddiaçı MMC-nin qanuni təmsilçisi X1 olan problemlərlə əlaqədar müvəqqəti olaraq əmək qabiliyyətini itirdiyiini qeyd etmiş və səyyar vergi yoxlamasının dayandırılmasına köməklik göstərilməsini xahiş etmişdir. İşdə olan cavabdeh orqan tərəfindən müxtəlif vaxtlarda qəbul edilmiş qərarların təsdiq edilmiş surətindən görünür ki, iddiaçı tərəfin ərizə və məktublarına əsasən təyin edilmiş səyyar vergi yoxlaması müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). (09.12.2019-cu il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış” KY1********) İşdə olan 15.10.2019-cu il tarixli **********191543 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın təsdiq edilmiş surətindən görünür ki, həmin qərarla iddiaçıya sadələşdirilmiş verginin azaldılmasına görə 8.087,89 manat, mənfəət vergisinin azaldılmasına görə 69.930 manat, əlavə dəyər vergisinin azaldılmasına görə 24.899,80 manat, ödəmə mənbəyində tutulan verginin azaldılmasına görə 2.206,20 manat, cəmi 103.276,37 manat əlavə vergilər hesablanmış və vergi qanunvericliyinin pozulmasına görə 52.320,78 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması qərara alınmışdır. İşdə olan **********672300 nömrəli “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, iddiaçıya 103.276,37 manat əlavə vergi hesablanmış və 52.320,78 manat maliyyə sanksiyası tədbiq edilmişdir. Beləliklə iddiaçıdan 155.597,15 manat məbləğin büdcəyə ödənlməsi tələb edilmişdir. Məhkəmənin 09.09.2020-ci il tarixli 2-1(116)-346/2020 nömrəli qərardadı ilə iş üzrə kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertinin qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. 01.09.2016-31.12.2017-ci il dövründə (hər ay üzrə) təmizlənmiş fındığın (ləpənin) topdansatış qiymətləri nə qədər olmuşdur?

2. 01.09.2016-31.12.2017-ci il dövründə (hər ay üzrə) pomidorun topdansatış qiymətləri nə qədər olmuşdur?

3. 01.09.2016-31.12.2017-ci il dövründə (hər ay üzrə) kartofun topdansatış qiymətləri nə qədər olmuşdur?

4. Yoxlanılan 01.08.2015-01.04.2018-ci il dövründə İddiaçı MMC-nin (VÖEN **********) ixrac etdiyi fındıq ləpəsinin maya dəyəri nə qədər olmuşdur?

5. Yoxlanılan 01.08.2015-01.04.2018-ci il dövründə kartof və pomidorun ixrac edilməsi üçün onların maya dəyəri nə qədər olmuşdur? Məhkəmə-mühasibatlıq ekspertinin qarşısında aşağıdakı suallar qoyulmuşdur:

6. Müəssisənin yoxlanılan 01.08.2015-01.04.2018-ci il dövründə beynəlxalq yükdaşımada ekspeditor fəaliyyətindən mənfəəti nə qədər olmuşdur?

7. İş materiallarında olan sənədlərə əsasən iddiaçının yoxlanılan 01.08.2015- 01.04.2018-ci il dövründə dövriyyəsi nə qədər olmuşdur?

8. İddiaçının iş materiallarında olan sənədlərə əsasən yoxlanılan 01.08.2015- 01.04.2018-ci il dövründə ödəməli olduğu vergilərin (əlavə dəyər vergisi, mənfəət vergisi, ödəmə mənbəyindən tutulan vergi, sadələşdirilmiş vergi) məbləği nə qədərdir?

9. İddiaçı tərəfindən aparılmış maliyyə-təsərüffat əməliyyatları mühasibat uçotunda əks etdirilmiş və onlar qüvvədə olan normativ aktlara uyğun olmuşdurmu?

10. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi əsas götürüldükdə iddiaçının yoxlanılan dövrdə dövriyyəsi və ödəməli olduğu vergilərin (əlavə dəyər vergisi, mənfəət vergisi, ödəmə mənbəyindən tutulan vergi, sadələşdirilmiş vergi) məbləği nə qədərdir?

11. İddiaçının vergi qanunvericiliyinə əməl olunmasının yoxlanılması ilə əlaqədar tərtib olunmuş 26.08.2019-cu il tarixli səyyar vergi yoxlaması aktının gəldiyi nəticə əsaslıdırmı? Məhkəmə ekspertizası tərəfindən 04.02.2021-ci il tarixli 9/3942 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Məhsulların 01.09.2016-31.12.2017-ci il tarixə nəzəri qaydada topdansatış qiyməti rəyin tədqiqi hissəsində göstərilmişdir. Rəydə ekspert belə nəticəyə gəlmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, yoxlamanın əhatə etdiyi dövrdə “DFE" MMC tərəfindən aparılmış əməliyyatlara 2.206,20 manat məbləğdə ödəmə mənbəyində tutulan verginin az hesablanması və 4.038,90 manat məbləğində mənfəət vergisinin artıq hesablanması müəyyən edilmişdir. Məhkəmə ekspertizasının 04.02.2021-ci il tarixli 9/3942 nömrəli ekspert rəyi cavabdeh orqana ünvanlanmış və rəydə qeyd edilənlərlə bağlı münasibət bildirilməsi təklif edilmişdir. Cavabdeh 02.04.2021-ci il tarixli “ekspert rəyinə münasibət” məktubunda ekspert rəyi ilə razılaşmadığını bildirmiş və etiraz məktubunda qeyd edilənləri əsas gətirərək sözügedən ekspert rəyinin sübutlar siyahısından çıxarılmasını xahiş etmişdir. Cavabdeh məktubunda həmçinin qeyd etmişdir ki, İddiaçı MMC ilə bağlı Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə 15.01.2020-ci il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində ********* nömrəli cinayət işi başlanılmışdır. Cinayət işinin istintaqı dövründə “Ekspertizanın təyin edilməsi haqqında” 18.03.2020-ci il tarixli qərar qəbul edilmiş və rəy verilməsi üçün materiallar Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ünvanlanmışdır. Verilmiş 30.06.2020-ci il tarixli 9/783 nömrəli ekspert rəyində vergi orqanı tərəfindən tərtib edilmiş səyyar vergi yoxlaması aktında (bütövlükdə akt üzrə) müvafiq vergilər üzrə əks etdirilmiş məbləğlər tamamilə öz təsdiqini tapmışdır. Bu səbəblə də həmin ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni orqan tərəfindən verilmiş müxtəlif tarixli ekspert rəyləri arasında kəskin fərqin olması səbəbilə məhkəmə tərəfindən təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin başqa ekspertlərinə həvalə edilmişdir. Məhkəməyə daxil olan 10.08.2021-ci il tarixli 9/4870 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, yoxlamanın əhatə etdiyi dövrdə “DFE" MMC tərəfindən aparılmış əməliyyatlara 2.206,20 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması və 4.038,90 manat məbləğində mənfəət vergisinin artıq hesablanması müəyyən edilmişdir. Həmçinin qeyd edilir ki, 30.06.2020-ci il tarixdə 9/783 nömrəli rəy tərtib edilmişdir. Qeyd edilən rəydə əlavə materialların zəruriliyi ilə əlaqədar vergilərin hesablanması məqsədilə mühasibat sənədləri təqdim edilməmişdir. Həmin rəy iş materiallarında olan 26.08.2019-cu il tarixli səyyar vergi yoxlaması aktına və kameral vergi yoxlaması aktına əsasən tərtib edilmişdir. Bundan başqa 04.02.2021-ci il tarixdə 9/3942 nömrəli rəy tərtib edilmişdir. Qeyd olunan rəy məhkəmə-əmtəəşünaslıq ekspertizasının və iş materiallarına əlavə olunmuş sənədlər əsasında tərtib edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçının vergi qanunvericiliynə əməl olunmasının yoxlanılması ilə əlaqədar tərtib olunmuş 26.08.2019-cu il tarixli səyyar vergi yoxlaması aktının gəldiyi nəticə əsaslı deyildir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən sonuncu ekspert rəyi də cavabdeh orqana münasibət bildirməsi üçün göndərilmişdir. Cavabdeh orqan 08.09.2021ci il tarixli münasibət məktubunda yenidən etiraz məktubunda qeyd etdiklərini əsas gətirərək ekspertlər tərəfindən tamamilə zidd və aydın olmayan rəy verildiyini qeyd etmiş, 04.02.2021-ci il tarixli və 10.08.2021-ci il tarixli ekspert rəylərinin sübutlar siyahısından çıxarılmasını və 30.06.2020-ci il tarixli 9/783 nömrəli ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə 04.02.2021-ci il tarixli 9/3942 nömrəli və 10.08.2021-ci il tarixli 9/4870 nömrəli ekspert rəylərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, mənfəət vergisi üzrə tədqiqat zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC 2017-ci ildə mənfəət vergisinin ödəyicisi olmuş və bu məqsədlə vergi orqanına bəyannamə təqdim etmişdir. Həmin bəyannamədə büdcəyə çatası mənəfəət vergisi 4.749,73 manat məbləğində göstərilmişdir. Səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib olunmuş 26.08.2019-cu il tarixli aktın 7-ci səhifəsində göstərilmişdir ki, yoxlamaya xərc sənədləri təqdim edilmədiyindən və VM 67-ci maddəsinin tətbiqi üsulları araşdırılarkən analoji vergi ödəyicisinin müəyyən etmək mümkün olmadığından yoxlama zamanı Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələbinə əsasən mənfəət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı və 04.04.2003-cü il tarixli 42 saylı qərarlarında müəyyən edilmiş qaydalar əsasında hesablanmışdır. Müəssisə yoxlamanın əhatə etdiyi dövrdə meyvə tərəvəzin ixracı və beynəlxalq avtomobil nəqliyyatında yüklərin daşınması fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 104.1-ci maddəsində qeyd olunduğu kimi rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X Fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Gəlirin anlayışı Məcəllənin 13.2.2-ci maddəsində verilmişdir: malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Satışdankənar gəlirlər – digər müəssisələrin fəaliyyətində payçı kimi ştirakdan gəlir, müəssisəyə məxsus, səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı amayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. Vergi Məcəlləsinin 108-ci maddəsinin tələblərinə əsasən bu fəslə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. İş materiallarında olan ixrac gömrük bəyannamələrinin məlumatlarından göründüyü kimi, İddiaçı MMC tərəfindən 2017-ci ildə 123.000 kq fındıq, 73.200 kq pomidor və 872.000 kq kartof ixrac edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının gəldiyi nəticə nəzərə alınmaqla müəssisə tərəfindən 2017-ci ildə ödənilməli olan mənfəət vergisi aşağıdakı kimi müəyyən edilmişdir: ümumi gəlir 2.571.594,16 manat; cəmi xərclər 2.568.040,00 manat; balans mənfəəti (zərəri) 3.554,16 manat; mənfəətdən vergi (20%) 710,83 manat. Göstərilən məlumatlara əsasən müəssisə üzrə 2017-ci ilin yekunlarına görə 3.554,16 manat məbləğdə vergiyə cəlb olunan mənfəət müəyyən edilir və həmin mənfəətdən 20% dərəcəsi ilə 710,83 manat məbləğdə mənfəət vergisi hesablanır. Vergi ödəyicisi tərəfindən bəyan edilmiş 4.749,73 manat mənfəət vergisi nəzərə alınmaqla, müəssisə üzrə son nəticədə 4.038,90 manat məbləğində mənfəət vergisinin artıq hesablanması müəyyən edilir. Əlavə dəyər vergisi üzrə aparılmış tədqiqat zamanı müəyyən edilmişdir ki, iş materiallarından göründüyü kimi, müəssisə meyvə tərəvəzin ixracı və beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması zamanı müəssisə tərəfindən 138.332,23 manat məbləğində xidmət haqqına görə 24.899,80 manat məbləğində əlavə dəyər vergisinin azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 165.1.4-cü maddəsinə görə beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti.Beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan olan işlərin görülməsi, xidmətlərin göstərilməsinə görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur. Belə olan halda Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlara görə ƏDV-nin az hesablanması müəyyən edilmir. Sadələşdirilmiş vergi üzrə aparılmış tədqiqat zamanı müəyyən edilmişdir ki, iş materiallarından göründüyü kimi, səyyar vergi yoxlaması zamanı müəssisə tərəfindən əldə edilmiş 404.394,50 manat məbləğində ümumi hasilat vergiyə cəlb olunmaqla 8.087,89 manat məbləğində sadələşdirilmiş vergi hesablanmışdır. Yuxanda qeyd olunduğu kimi, vergi ödəyicisi meyvə tərəvəzin ixracı və beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olmuşdur. Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyiciləridir. Göstərilənlərə əsasən, yəni müəssisə beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olduğu üçün həmin fəaliyyətə görə sadələşdirilmiş verginin hesablanması düzgün hesab edilmir. ÖMV üzrə aparılmış tədqiqat zamanı müəyyən edilmişdir ki, iş materiallarından göründüyü kimi, müəssisə tərəfindən 2018-ci ilin 1-ci rübündə qeyri-rezident şəxslərə 36.770,00 manat məbləğində ödəniş aparılmışdır. Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələrindən 6 faiz tutulur. Göstərilənlərə əsasən müəssisə tərəfindən aparılmış əməliyyatlara görə 2.206,20 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən edilir. Beləliklə, tədqiqat nəticəsində yoxlamanın əhatə etdiyi dövrdə “DFE" MMC tərəfindən aparılmış əməliyyatlara 2.206,20 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması və 4.038,90 manat məbləğində mənfəət vergisinin artıq hesablanması müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Məcəlləyə görə: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək... 23.1.6-1. vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək və aşkar edilmiş vergidən yayınma sxemlərini dərc etmək... 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlamasıtəqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər... 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə 39. Səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. 39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. 39.5. Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrıayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. 39.6. Bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. 39.7. Vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. 67.1.Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. ... 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir; 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. ... Məhkəmə qanunvericiliyin tələblərinin işin faktiki hallarına tətbiqi baxımından iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. Belə ki, cavabdehin mübahisəli qərarının qəbul edilməsinə əsas olmuş iddiaçı tərəfindən vergi qanunvericiliyinə əməl edilməsinin yoxlanılması ilə əlaqədar tərtib edilmiş 26.08.2019-cu il tarixli səyyar vergi yoxlaması aktının gəldiyi nəticənin əsassız olması iş materialları və ekspert rəyi ilə öz təsdiqini tapmış, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, mübahisəli qərarla iddiaçıya münasibətdə əsassız olaraq mənfəət vergisi, ƏDV və sadələşdirilmiş vergilər üzrə borc, maliyyə sanksiyaları və onlara görə faizlər hesablanmışdır. Göründüyü kimi ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehin mübahisələndirilən 15.10.2019-cu il tarixli **********191543 nömrəli qərarı mənfəət vergisinə, əlavə dəyər vergisinə, sadələşdirilmiş vergiyə və həmin vergilərə görə hesablanmış maliyyə sanksiyalarına, eləcə də bu məbləğlərə hesablanmış faizlərə münasibətdə qanuni deyildir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin qərarı artıq hesablanmış vergilər, maliyyə sanksiyaları və onlara görə faizlərə münasibətdə ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu Qanunun 65ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. (69.1-ci maddə) İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi həmin aktın digər hissələrinin etibarsız sayılmasına və ya ləğv edilməsinə (həmin hissələr bir-biri ilə əlaqədar deyildirsə) səbəb olmur. (69.2-ci maddə) İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 04.02.2021-ci il tarixli "Ekspertiza xərclərinə dair bildiriş"ə əsasən, aparılmış məhkəmə-mühasibat ekspertizası tədqiqatının dəyəri 145 manat, 10.08.2021-ci il tarixli "Ekspertiza xərclərinə dair bildiriş"ə görə isə təkrar məhkəməmühasibat ekspertizası tədqiqatının dəyəri 150 manat təşkil edir. Məhkəmə bu qənaətə gəlir ki, ödənilmiş tələblərə münasib olaraq məhkəmə-mühasibat ekspertizası üzrə 145 manat məbləğdə prosessual xərcin 45 manat hissəsi iddiaçıya, 100 manat hissəsi cavabdehə, təkrar məhkəmə-mühasibat ekspertizası üzrə 150 manat məbləğdə prosessual xərcin isə müvafiq olaraq 50 manat hissəsi iddiaçıya, 100 manat hissəsi cavabdehə aid edilməli və göstərilən məbləğlər onlardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı iddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15.10.2019-cu il tarixli **********191543 nömrəli qərarı qismən, ödəmə mənbəyində tutulan vergi üzrə hesablanmış 2206,20 manat vergi məbləği, həmin məbləğə münasibətdə tətbiq edilmiş 1103,10 manat maliyyə sanksiyası və onlara münasibətdə hesablanmış faizlər istisna olmaqla, 2015-2017-ci illər üzrə hesablanmış mənfəət vergisi, 2017-2018-ci illər üzrə hesablanmış əlavə dəyər vergisi (ƏDV), 2015-2017-ci illər üzrə hesablanmış sadələşdirilmiş vergi, həmin vergilərə münasibətdə tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış faizlərə aid hissədə ləğv edilsin, qərarın həmin hissəsi əsasında İddiaçınə əlavə hesablanmış verginin, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının, faizlərin iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin olunmasın. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən məhkəməmühasibat ekspertizası üzrə 145 manat məbləğdə prosessual xərc ödənilmiş tələblərə münasib olaraq tərəflərə aid edilsin, İddiaçındən 45 manat, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsindən 100 manat məbləğdə pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142319, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı - X3, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22. Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, AZ34CTRE********************) ödənilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən təkrar məhkəməmühasibat ekspertizası üzrə 150 manat məbləğdə prosessual xərc ödənilmiş tələblərə münasib olaraq tərəflərə aid edilsin, İddiaçındən 50 manat, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsindən 100 manat məbləğdə pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı - X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22. Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar