Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-5/2024 16.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 Nemət qızının, üçüncü şəxs X1, üçüncü şəxsin vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından ayrılmış 59 saylı 500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Mingəçevir İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 76 nömrəli qərarına əsasən Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından X7 ayrılmış 59 nömrəli 500 kv.m torpaq sahəsinə adına plan və ölçü hazırlanmaqla mülkiyyət hüququnun qeydiyyata alınıb çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə hüquqi yardım edilərək iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi izah edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddianı dəyişdirmiş və məhkəməyə "İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə" verərək iddia tələbini "Mingəçevir İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 76 nömrəli qərarına əsasən Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından X7 ayrılmış 59 nömrəli 500 kv.m torpaq sahəsinə X1 adına verilmiş **********497 reyestr nömrəli "X14 və ölçüsü"nün ləğv edilməsi, X5 adına "X14 və ölçüsü" hazırlanmaqla mülkiyyət hüququnun qeydiyyata alınıb çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-588/2022 nömrəli qərardadı ilə İddiaçı iddianı dəyişdirməsi qəbul edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 22-1(116)-588/2022 nömrəli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-44/2023 saylı qərardadı ilə Mingəçevir bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. İddiaçının vəkili xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərək, Mingəçevir İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 76 nömrəli qərarına əsasən Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından ayrılmış 59 saylı 500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın (elektron çıxarışın) hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmənin xx.xx.2024-ci il tarixli qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. İddia tələbini aşağıdakı kimi əsaslandırmışdır: - X11 onun atasıdır. O, 19 avqust 2008-ci ildə vəfat etmişdir. X17 Mingəçevir şəhər Xaldan şossesinin sol tərəfindən Mingəçevir İcraiyyə Komitəsinin 21 fevral 1989-cu il tarixli 76 saylı Qərarına əsasən Təhsil Şöbəsinin «Maarif» bağçılıq yoldaşlığından 500 kv.metr torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin nömrəsi 59-dur. Orada yaşayış evi inşa etdirmişdir. Atası vəfat etdikdən sonra o, mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmiş və vərəsəlik işi açılmışdır. Bu əsaslarla da cavabdeh orqana müraciət edib torpağa mülkiyyət hüquqlarını qeydə aldırmaq istəmişdir. Oradan isə 05 oktyabr 2021-ci il tarixli məktubla imtina verilmişdir. İmtinada göstərilmişdir ki, sənədləşdirmək istədiyi naturada torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər Şöbəsi tərəfindən verilmiş **********497 reyestr nömrəli X14 və ölçüsündə göstərilən digər şəxsin istifadəsində olan torpaq sahəsində yerləşir ki, bu da bağ sahəsinin dövlət qeydiyyatına alınması ilə ziddiyyət təşkil edir. Qeyd edir ki, torpaq sahəsi onun istifadəsindədir və orada başqa şəxsin hüquqlarının qeydə alınması mümkün deyildir. Buna görədə də hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh orqan iddia tələbinə etirazında aşağıdakıları qeyd etmişdir: - İddiaçı Mingəçevir şəhərində yerləşən Mingəçevir şəhər Təhsil şöbəsinin “Maarif bağçılıq təsərrüfatı tərəfindən X7 ayrılmış 0,05 ha torpaq (bağ) sahəsinə dair çıxarışın və texniki pasportun verilməsinə köməklik edilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlər araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir şəhər Təhsil şöbəsinin “Maarif” bağçılıq təsərrüfatının Təhsil işçilərinə bağ sahələrinin verilməsinə dair adlı siyahısında X5 adı qeyd edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, torpaq sahəsində zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınacaq, naturada olan faktiki istifadə olunan torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş **********497 reyestr nömrəli X14 və ölçüsündə göstərilən digər şəxsin istifadəsində olan torpaq sahəsində yerləşir ki, bu da bağ sahəsinin dövlət qeydiyyatına alınması ilə ziddiyyət təşkil edir. Üçüncü şəxs iddia tələbinə etirazında aşağıdakıları qeyd etmişdir: - İddiaçı hazırkı iddia tələbi ilə razılaşmır və hesab edir ki, iddia tələbi əsassızdır, təmin edilməməlidir. Belə ki, İddiaçı onun doğma qardaşıdır və o, iddia ərizəsində göstərir ki, guya o, mübahisələndirdiyi torpaq sahəsinin istifadəçisidir və həmin torpaq sahəsində yaşayış evi inşa etmişdir. Məlumat üçün bildirir ki, Mingəçevir Şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 76 №-li qərarı ilə Mingəçevir Şəhər Təhsil Şöbəsinin “Maarif" bağçılıq təsərrüfatına bağçılıq üçün torpaq sahəsi ayrılmış və Azərbaycan Təhsil İşçiləri X12 Mingəçevir Şəhər Komitəsi tərəfindən atası X7 Mingəçevir şəhəri 4 saylı orta məktəbin müəllimi kimi həmin torpaq sahəsindən 500 kv.metr bağçılıq üçün torpaq sahəsi istifadəsinə verilmişdir. Ayrılmış torpaq sahəsində 1989-1990-cı illərdə atasının və onun maddi vəsaiti ilə 2 mərtəbəli yaşayış evi və tikililər tikilmişdir. Həmin vaxtdan hal-hazıradək bu torpaq sahəsindən və yaşayış evindən o, ailə üzvləri ilə və anası ilə birgə istifadə edir. İddiaçı isə heç zaman, bir gün də olsa bu torpaq sahəsindən istifadə etməmiş, bu yaşayış evində yaşamamış və hər hansı maliyyə vəsaiti xərcləməmişdir. 2008-ci ilədək olan müddətdə vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinə yalnız bağçılıq pasportu verilmiş və sonradan Mingəçevir Şəhər İcra Hakimiyyətinin tabeliyində olmuş Bağlar Təsərrüfatının, Fərdi və Bağ Evlərinin Tikintisi, İstismarı və İnkişafı İdarəsi tərəfindən həmin torpaq sahələrinə və üstündəki evlərə və digər tikililərə bağ təsərrüfatının texniki pasportu tərtib edilmişdir. Lakin, vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi məqsədilə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiya ilə mütəxəssislərin və aidiyyəti yerli orqanların iştirakı ilə torpaqların uçot-inventarizasiya və planaalma işləri aparılmış, torpaq istifadəçilərinin siyahısında dürüstləşdirmə aparılaraq ailə başçılarının, ailə üzvlərinin soyadı, adı, ata adı dəqiqləşdirilmiş və yekun siyahı hazırlanaraq təsdiq olunmuş siyahıya və yerquruluşu sənədlərinə əsasən vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi üçün hüquqi sənədlərin hazırlanıb onlara verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş olunmuşdur. Həmin siyahılaşdırma və inventarizasiya aparılan müddətdə 2008-ci ilin may-iyun aylarında DT və XK-nin mütəxəssislərindən və digər işçilərdən 4 nəfər nümayəndə onların istifadəsində olan torpaq sahəsində də dəqiqləşdirmə apararkən o və atası Şəmil Zeynalov evdə olmuşlar. Ölçü aparan həmin mütəxəssislər izah elədilər ki, torpaq sahələrinin qanuni ölçüləri müəyyənləşdirilərək nəticəsi üzrə torpaq istifadəçilərinin adına X14 və Ölçüsü tərtib olunacaq və bu hüquqi sənəd torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən ilkin sənəd hesab olunacaq. Atası həmin sənədin onun adına rəsmiləşdirilməsinə razılıq verərək onların tərtib etdiyi sənəddə (siyahıda) onun soyadını, adını və ata adını qeyd elətdirmişdir. Belə ki, həmin vaxt bu evdə valideynləri və onun ailəsi yaşayırdı. Nümayəndələr də, yalnız evdə yaşayanlardan birinin adına hüquqi sənəd tərtib ediləcəyini əvvəlcədən bildirmişdilər. Qeyd etmişdir ki, atası hələ sənədləşmə aparılmamışdan əvvəl də qardaşı, İddiaçı yaşayış evi olduğuna və bu evin tikilməsində onun zəhmətinin olduğuna görə evin və torpaq sahəsinin Mehmana qalacağını anasına və digər ailə üzvlərinə bildirmişdir. Odur ki, hələ atasının sağlığında torpaq sahələrinin və istifadəçilərinin dəqiqləşdirilməsi aparılmış və müəyyən vaxt tələb olunduğuna görə onların torpaq sahəsində aparılmış dəqiqləşdirmədən 4 ay sonra onun adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir Şəhər Şöbəsi tərəfindən **********497 nömrəli X14 və Ölçüsü verilmişdir. Yəni, atası sağ ikən bu məsələ həll olunmuş və onun adına sənədləşmə aparılmışdır. Lakin, iddiaçı ilə arasında sonradan ailə münasibətləri zəminində ziddiyyət yarandığına görə o, atasının ölümündən 13 il sonra evdən və torpaq sahəsindən mülk ələ keçirmək niyyətilə mübahisəyə başlamışdır. Hesab edir ki, 1989-1990-cı illərdən hal-hazıradək ailə üzvlərində birgə yaşadığı evin və istifadə etdiyi torpaq sahəsinin faktiki və qanuni istifadəçisidir və atasının sağlığında onun razılığı ilə onun adına rəsmiləşdirilmiş mübahisələndirilən X18 və Ölçüsü qanuni və əsaslıdır, iddia mümkün sayılmamalıdır. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs və üçüncü şəxsin vəkili (nümayəndəsi) iddia tələbinin təmin edilməməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin cavabdeh orqana ünvanladığı məktubdan görünür ki, ünvan 2a qeydiyyatda olan İddiaçı (tel:***-***-**-**) ünvan 2a yaşamış, xx.xx.1931-ci il təvəllüdlü, xx.xx.2008-ci il tarixdə vəfat etmiş atası X4 qalmış mirasın qəbulu və həmin hüququn rəsmiləşdirilməsinə dair ərizəsinə əsasən vərəsəlik işi açılmışdır. - AZ-İ 362442 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir şəhər Təhsil şöbəsinin "Maarif bağçılıq təsərrüfatının Təhsil işçilərinə bağ sahələrinin verilməsinə dair adlı siyahısında X5 adı qeyd edilmişdir. - A 277731 nömrəli X14 və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamına əsasən X1 adına 402,42 kv.metr torpaq sahəsinə münasibətdə tərtib edilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli **********60 nömrəli məktubdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, aparılmış araşdırma nəticəsində Mərkəzin arxivində mövcud olan əlyazma subyektlərin siyahılarında X1 adı aşkar edilməmişdir. Lakin elektron siyahıda vətəndaşən adı mövcuddur. Həmin məktuba əlavə olunmuş Mingəçevir şəhəri üzrə bağ sahələrinə dair ilkin subyektlər siyahısından görünür ki, sıra nömrəsi 153 olan X6 adının qarşısında “qanuni istifadəsində olan bağ sahəsi” qrafasında 0,05 ha torpaq sahəsi, Mingəçevir şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən bağ sahələrinə aid subyektlər siyahısında, sıra nömrəsi 1160 olan İddiaçı Şamil oğlunun adının qarşısında “bağların sahəsi” qrafasında 0,05 ha torpaq sahəsi, yekun (dürüstləşdirilmiş) subyektlər siyahısında isə sıra nömrəsi 1158 olan X1 adının qarşısında “həyətyanı torpaq sahəsi” qrafasında 0,0500 ha, “mülkiyyətçiyə verilən torpaq sahəsi” qrafasında 0,0403 ha torpaq sahəsi qeyd edilmişdir. - Mingəçevir Şəhəri İcra Hakimiyyəti Başçısının Sərəncamı xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamından görünür ki, Mingəçevir şəhəri İcra Hakimiyyəti başçısının 11 fevral 2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın yekun aktını nəzərə alaraq qərar alınmışdır:
1. Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların mülkiyyətinə verilməsi məqsədilə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın iştirakı ilə hazırlanmış akt və yekun (dürüstləşdirilmiş) siyahı təsdiq edilsin.
2. Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəssisləri tərəfindən aidiyyəti yerli orqanların iştirakı ilə yerində, təsdiq olunmuş siyahıya uyğun, müasir topogeodeziya ölçü alətləri vasitəsilə aparılmış uçot-inventarizasiya işlərinə dair hazırlanmış yerquruluşu planı təsdiq edilsin.
3. Təsdiq olunmuş siyahıya və yerquruluşu sənədlərinə əsasən Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı hüquqi sənədlərin hazırlanıb verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş edilsin. - cavabddehin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-2188/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsi naturada 535 kv.metrdir. Elektron məlumat bazasında mövcud olan Mingəçevir bələdiyyəsinin “X3 X9”ndəki xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi 535 kv.metr torpaq sahəsinin mülkiyyətçisi Mingəçevir bələdiyyəsi, təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. A 277731 nömrəli plan-ölçü sənədində göstərilmiş torpağın sahəsi mövcud olan və iddia etdiyi torpaq sahəsini əks etdirmir. A 277731 nömrəli “X14 və ölçüsü" sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən 402.42 kv.metr torpaq sahəsinin 223.56 kv metr hissəsi **********24-11301 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş toraq sahəsi ilə, 108.48 hissəsi **********91 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş toraq sahəsi ilə, qalan 70.38 kv.metr hissəsi isə Mingəçevir bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsi ilə üst-üstə düşür. - X19 Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-40/2-18/2024 nömrəli məktubuna əlavə olunmuş “Maarif” bağçılıq yoldaşlığından X7 ayrılmış torpaq sahəsinə dair xx.xx.1999-cu il tarixli çıxarışdan görünür ki, Mingəçevir “Maarif” bağçılıq təsərrüfatının üzvləri siyahısında sıra nömrəsi 59 olan X5 torpaq sahəsinin nömrəsi 59-dur.
Əsaslandırma hissəsi:
Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpq Məcəlləsinin (bundan sonra – Məcəllə): - 46-cı maddəsinin birinci-üçüncü bəndlərinə əsasən, dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət ehtiyat fondu torpaqları. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir; - 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır; - 65-cı maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
5. X14nın və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; - 68-cı maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İş materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından ayrılmış 59 saylı 500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın cavabdeh orqan tərəfindən verilməsinə nail olmaqdır. Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir şəhər Təhsil şöbəsinin "Maarif bağçılıq təsərrüfatının Təhsil işçilərinə bağ sahələrinin verilməsinə dair adlı siyahısında X5 adı mövcuddur. Bununla belə "xxxx" MMC tərəfindən təqdim edilmiş Mingəçevir şəhəri üzrə bağ sahələrinə dair ilkin subyektlər siyahısında sıra nömrəsi 153 olan X6, Mingəçevir şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən bağ sahələrinə aid subyektlər siyahısında, sıra nömrəsi 1160 olan İddiaçı Şamil oğlunun və yekun (dürüstləşdirilmiş) subyektlər siyahısında sıra nömrəsi 1158 olan X1 adına 0.05 ha torpaq sahəsinin olması ilə bağlı qeydlər icra edilmişdir. Təqdim edilmiş siyahılardan görünür ki, 0.05 ha torpaq sahəsinin həm iddiaçının, həm X13, həm də üçüncü şəxsin qanuni istifadəsində olması göstərilmişdir. Odur ki, məhkəmə tərəfindən sözügedən siyahılar ayrı-ayrılıqda tədqiq edilərək hüquqi qiymət verilmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, mərhum X10 şəhər Təhsil şöbəsinin "Maarif bağçılıq təsərrüfatının üzvü olmuşdur. "xxxx" MMC tərəfindən təqdim edilmiş Mingəçevir şəhəri üzrə bağ sahələrinə dair ilkin subyektlər siyahısında da, məhz onun adı mövcuddur. Üçüncü şəxs X1 adı qeyd olunan siyahı isə xx.xx.1997-ci ildə tərtib edilmişdir. Üçüncü şəxsin mövqeyinə görə torpaq sahəsi ilkin olaraq atasına ayrılsa da, sonradan həmin torpaq sahəsi onun adına keçirilmiş, buna görə də həmin siyahıya onun adı daxil edilmişdir. Məhkəmə tərəfindən üçüncü şəxsin həmin dəlili yoxlanılmış və X19 Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-40/2-18/2024 nömrəli məktubuna əlavə olunmuş “Maarif” bağçılıq yoldaşlığından X7 ayrılmış torpaq sahəsinə dair çıxarışla müəyyən edilmişdir ki, xx.xx.1999-cu il tarixdə 59 sıra nömrəsi ilə Mingəçevir “Maarif” bağçılıq təsərrüfatının üzvləri siyahısında X11 qeyd edilmişdir. Yəni, üçüncü şəxsin adının qeyd olunduğu, xx.xx.1997-ci ildə tərtib edilmiş siyahıdan sonrakı dövrə (xx.xx.1999) aid olan sənədlərdə yenə də, Şəmil Zeynalov bağçılığın üzvü olaraq göstərilmişdir. Başqa sözlə, Şəmil Zeynalov tərəfindən torpaq sahəsinin bağçılığa qaytarılması və həmin torpaq sahəsi ilə bağlı bağçılıq üzvlərinin subyekt tərkibinin dəyişdirilməsi baş verməmişdir. İddiaçının özünün də adının qeyd olunduğu yekun dürüstləşdirilmiş siyahı isə 2008ci ildə tərtib edildiyindən ümumiyyətlə həmin siyahıda iddiaçının adının olması sözügedən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınmasına səbəb ola bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara məhz 2007-ci il mayın 22-dək ayrılmış bağ sahələrinə dair verilmiş yuxarıda sadalanan sənədlər hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Odur ki, iddiaçının və üçüncü şəxsin adına müvafiq siyahılarda torpaq sahəsi ilə bağlı qeydlərin mövcudluğu həmin torpaq sahəsinə münasibətdə hüquqların dövlət qeydiyyatına əsas yaratmır. X13 adı isə ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir şəhər Təhsil şöbəsinin “Maarif” bağçılıq təsərrüfatının Təhsil işçilərinə bağ sahələrinin verilməsinə dair adlı siyahısında olduğundan sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ ona məxsus olmuşdur. Məhkəmə, A 277731 nömrəli X14 və ölçüsü sənədinin X1 adına tərtib edilməsinə və həmin plan-ölçü sənədində Mingəçevir Şəhəri İcra Hakimiyyəti Başçısının Sərəncamı xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamına istinad olunmasına münasibətdə qeyd edir ki, sözügedən torpaq sahəsi ilə bağlı dürüstləşdirilmiş siyahılar hazırlanarkən faktiki olaraq X2 idi (xx.xx.2008-ci il tarixdə vəfat etmişdir). Hətta 2008-ci ildə dürüstləşdirilmiş siyahıda belə üçüncü şəxsin adı yox, hazırkı iş üzrə iddiaçının adı qeyd edilmişdir. Həmçinin Mingəçevir Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 161 nömrəli sərəncamı bağ torpaq sahələrinin qanuni istifadəçilərin mülkiyyətinə verilməsini nəzərdə tutduğundan, həmin sərəncamın üçüncü şəxsə münasibətdə tətbiq edilməsi üçün torpaq sahəsinin onun qanuni istifadəsində olması şərti sübuta yetirilməlidir. İşin yuxarıda qeyd olunmuş hallarından göründüyü kimi iddia olunan torpaq sahəsinə münasibətdə qanuni istifadəçi yalnız Maarif” bağçılıq təsərrüfatının üzvü olmuş X11 olmuşdur. Torpaq Məcəlləsinin yuxarıda istinad olunmuş maddələrinin ümumiləşdirilmiş tələblərinə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilməlidir. Bu prosedurun nəticəsi olaraq X14 və təsviri hazırlanmalıdır. A 277731 nömrəli “X14 və ölçüsü” sənədində istinad olunmuş Mingəçevir Şəhəri İcra Hakimiyyəti Başçısının Sərəncamı xx.xx.2008-ci il tarixli, 161 nömrəli sərəncamı torpaq sahəsinin dövlət ehtiyat fondu torpaqlarından fiziki şəxsə fərdi qaydada ayrılmasını müəyyən etməmişdir. Həmin sərəncamın mətnindən göründüyü kimi, sərəncamla tənzimlənən məsələ vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların mülkiyyətinə verilməsi ilə bağlıdır. Odur ki, istinad olunan sərəncam, onun qəbul edilməsindən əvvəl qanuni istifadəsinə bağ torpaq sahələri verilmiş subyektlərə, mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsinin müvafiq orqanlardan xahiş edilməsi ilə bağlıdır. Yəni, müvafiq sərəncam torpaq sahəsinin qanuni istifadəyə verilməsi əsası kimi nəzərdən keçirilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, “X18 və ölçüsü” sənədi torpaq sahəsi üzərində hüququn yaranmasının hüquqi əsasını təşkil etmir, yalnız həmin torpaq sahəsinin sərhədlərinin yerə (naturaya) keçirilməsini və yerquruluşu işlərinin aparılmasını təsdiq edir. Belə ki, zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2007ci il 28 fevral tarixli, 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “X18 və ölçüsü”nün Təsviri”nin 1-ci bəndində göstərilmişdir ki, bu sənəddə qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “X18 və ölçüsü” təsvir edilir. Həmin Təsvirin 4.3, 4.5-ci, 4.6 və 4.9-cu bəndlərinə əsasən, torpaq sahəsinin yerləşdiyi inzibati ərazi, sahəsi və təyinatı, plan və ölçünün tərtib edilməsinə əsas olan sənədlərin rekvizitləri; torpaq sahəsi planının kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı), əsas döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; yaşayış məntəqələrinin hüdudlarında yerləşən torpaq sahələri ilə bağlı tərtib edilmiş plan və ölçüdə baş plandan çıxarış, digər torpaq sahələri (o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqları) ilə bağlı tərtib edilmiş plan və ölçüdə isə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; torpaq sahəsinin qonşu sərhədləri Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən plan və ölçüdə göstərilir. Bu müddəalardan göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınarkən təqdim edilməli olan plan və ölçüdə həmin əmlakın yerləşməsi koordinatları və qonşu torpaq sahələri, plan və ölçünün tərtib edilməsinə əsas olan sənəd qeyd edilməlidir. Yəni istinad edilmiş sənədin əsas mahiyyəti – torpaq sahəsinin ölçüsünün və yerləşməsinin müəyyən edilməsi ilə bağlıdır. Həmin sənəd özü-özlüyündə torpaq sahəsi üzərində hüququn yaranamasını təsdiq edən sənəd hesab olunmadığından, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas kimi qəbul edilə bilməz (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-187/2020 nömrəli qərarında əks olunmuş hüquqi mövqe). Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, mərhum Şəmil Zeynalova münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinin tələbləri ödənildiyindən iddiaçı, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun həmin şəxsə məxsus olması barədə arayışın verilməsini cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə “Mingəçevir İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 76 nömrəli qərarına əsasən Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından ayrılmış 59 saylı 500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.