Məhkəmə qərarları › İş №2-1(116)-50/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-50/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-50/2023 26.04.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri Energetiklər qəsəbəsi, Naxçıvan küçəsi döngə 3-də yerləşən 0.05 ha həyətyanı məqsədi ilə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Mingəçevir şəhəri Energetiklər qəsəbəsi, Naxçıvan küçəsi döngə 3-də yerləşən 0.05 ha həyətyanı məqsədiylə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-658/2022 nömrəli qərardadı ilə Mingəçevir Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Mingəçevir bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 56/3 saylı qərarı ilə Naxçıvan küçəsinin şimal hissəsindəki ərazidən baş planda göstərilən yerdən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 500 m2 torpaq sahəsi iddiaçıya satılmış və müvafiq torpaq sahəsinin plan-ölçü sənədi tərtib edilmişdir. İddiaçı, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan, iddia tələbinə etirazında qeyd etmişdir ki, təqdim olunmuş sənədlər toplusunun tərkib hissəsi olan Mingəçevir Bələdiyyəsi tərəfindən qəbul edilmiş 16 iyul 2004-cü il tarixli 56/3 nömrəli qərarı ilə ona yarılmış torpaq sahəsinə dair bələdiyyə ilə onun arasında bağlanmış “torpaq sahəsinin alqı-satqısına dair” aktı xx.xx.2008-ci il tarixdə bağlanmışdır. “Bələdiyyələ dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli 466- İİİQD saylı Qanununda qeyd olunduğu kimi ’’Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində dəyişiklik edilərək “Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə əldə edilə bilər”. Sənədlərdən göründüyü kimi Mingəçevir Bələdiyyəsi tərəfindən qəbul edilmiş 16 iyul 2004cü il tarixli 56/3 nömrəli qərarına əsasən ayrılmış torpaq sahəsi 23 iyun 2008-ci ildə alqısatqı edilmişdir və 286 nömrə ilə qeydiyyata alınmışdır. Halbu ki, həmin torpaq sahəsi prosedur qaydalara əsasən yuxarıda qeyd olunan qaydada satılması ilə əsaslandırmışdır. Üçüncü şəxs iddia tələbinə münasibətində bildirmişdir ki, Mingəçevir Bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli 56/3 nömrəli qərarı ilə Az.DRES qəsəbəsi Naxçıvan küçəsinin şimal hissəsindəki boş ərazidən baş planda göstərilən yerdən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 500 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Mingəçevir Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 56/3 saylı qərarı və xx.xx.2004-cü il tarixli 22 nömrəli qəbzdən görünür ki, bələdiyyənin perspektiv inkişaf fondu torpaqlarından 500 m2 torpaq sahəsi həyətyanı məqsədilə İddiaçı satılmış və sonuncu tərəfindən bələdiyyənin hesabına pul vəsaiti ödənmişdir. - Mingəçevir ŞİH-nin Memarlıq və Tikinti şöbəsinin xx.xx.2004-cü il tarixli məktubundan görünür ki, sözügedən torpaq sahəsinin iddiaçıya satılmasına etiraz edilməmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-1137/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Mingəçevir bələdiyyəsinin qərarı ilə İddiaçı həyətyanı məqsədiylə ayrılmış 0.05 ha torpaq sahəsi ilə naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi vardır. Elektron məlumat bazasında olan Mingəçevir şəhər, Mingəçevir bələdiyyəsinin “X1 X3”ndə mövcud olan xəritəsinə İddiaçı naturada göstərdiyi və iddia etdiyi 0.0559 ha torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqlar, uqodiyası tikinti altında olan torpaqlar, kənd təsərrüfatına yararlı, mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi idarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi 0.0559 ha torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. - A № 056000 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, sözügedən sənəd Mingəçevir Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 56/3 saylı qərar ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün satılmış 500 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Mingəçevir Bələdiyyəsinin ərazisində yerləşən Naxçıvan küçəsinin şimal hissəsindəki ərazidən baş planda göstərilən yerdən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 500 m2 torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilmiş. Mübahisələndirilən torpaq sahəsinin İddiaçı satılması barədə qərar, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə qəbz, torpaq sahəsinə dair tərtib edilmiş plan-ölçü sənədi ilə sübut edilir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə iddiaçıya satılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin iddiaya qarşı dəlili – torpaq sahəsinin alqı-satqısına dair aktı xx.xx.2008-ci il tarixdə qeydə alınması ilə bağlıdır. Belə ki, cavabdehin mövqeyinə görə “Bələdiyyələ dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli 466- İİİQD saylı Qanununda qeyd olunduğu kimi ’’Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində dəyişiklik edilərək “Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə əldə edilə bilərdi”. Məhkəmə həmin dəlilli əsassız hesab edir. Belə ki, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə 23 oktyabr 2007-ci il tarixli Azərbaycan Respublikasının Qanunun İİİ hissəsinin 1-ci bəndinə əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində dəyişiklik edilərək 9.1-ci maddə aşağıdakı redaksiyada verilmişdir: “9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.” İstinad olunan Qanunun İV hissəsində bu Qanunun dərc edildiyi gündən qüvvəyə minməsi qeyd edilmişdir. Sözügedən Qanun Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda xx.xx.2007-ci ildə dərc olunmuş və həmin tarixdən qüvvəyə minmişdir. Göründüyü kimi Mingəçevir bələdiyyəsi tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması barədə xx.xx.2004-cü il tarixdə qərar qəbul edilərkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində dəyişiklik baş verməmişdi. Buna görə də Mingəçevir bələdiyyəsi həmin Qanunun 9-cu maddəsinin qüvvədə olan redaksiyası nəzərə alınmaqla haqlı olaraq iddiaçıya torpaq sahəsinin satılması barədə qərar qəbul etmişdir. “Torpaqların alqı-satqısına dair Akt”ın hansı tarixdə qeydiyyata alınmasından asılı olmayaraq bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması barədə qərar xx.xx.2004-cü il tarixdə qəbul edilmiş və iddiaçı tərəfindən satılmış torpaq sahəsinin dəyəri xx.xx.2004-cü il tarixdə ödənilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, müvafiq alqı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq alqı-satqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). Beləliklə, Mingəçevir bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 56/3 nömrəli qərarı iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranmasına əsas olduğundan, cavabdeh orqan iddiaçının müracətini təmin etməkdən imtina etməkdə haqlı olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir şəhəri Energetiklər qəsəbəsi, Naxçıvan küçəsi döngə 3-də yerləşən 0.05 ha həyətyanı məqsədiylə ayrılmış torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar