Məhkəmə qərarları › İş №2-1(116)-50/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-50/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-50/2024 27.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının hüquqi varisi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Aqrar İslahat zamanı Qax rayonu Əmircan kəndindən pay torpaq olaraq verilən 0.42 ha pay torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınaraq reyestrdən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Aqrar İslahat zamanı Qax rayonu Əmircan kəndindən pay torpaq olaraq verilən 0.42 ha pay torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınaraq reyestrdən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli,2-1(116)-709/2023 nömrəli qərardadı ilə iş üzrə icraat iddiaçının hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli,2-1(116)-709/2023 nömrəli qərardadı ilə X3 hüquqi varisi X6 ilə əvəz edilmiş,iş üzrə icraat təzələnmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-50/2024 nömrəli qərardadı ilə Qax rayon Əmircan Bələdiyyəsi üçüncü şəxs qismində adi qaydada məhkəmə icraatına cəlb edilmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki,iddiaçı X2 aqrar islahat zamanı ilkin olaraq torpaq sahəsi ayrılmamışdır. Qələbə kolxozu X9 Komissiyasının 28 aprel 2000-ci il tarixli Qərarı Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-cil il tarixli iclas Protokol qərarı ilə torpaq payı alacaq subyektlər siyahısına 18 nəfər vətəndaşın əlavə edilməsinə dair siyahı təsdiq edilmişdir.Həmin qərarlara əsasən iddiaçıya Qax rayon Əmircan bələdiyyəsi ərazisindən 0,42 ha pay torpaq sahəsi verilmişdir. Qax Rayon AİK-nın xx.xx.2000-ci il tarixli 07 saylı iclas qərarı əsasında iddiaçıya Əmircan bələdiyyəsinə məxsus torpaq sahəsindən ayrılan 0.42 ha pay torpaq sahəsinin Sxematik planı və kəndin baş planında yerləşmə Planı koordinatları qeyd edilməklə Qax rayon Əmircan Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. İddiaçı ona ayrılan 0.42 ha pay torpaq sahəsinin reyestrdə qeydə alınaraq çıxarış verilməsi üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh onun tələbidən imtina etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda bildirmişdir ki, ərizəyə əlavə edilən sənədlərin yoxlanılması zamanı Qax kolxozu X9 komissiyasının xx.xx.2000-ci il tarixli, 3 saylı iclas qərarı ilə Qax şəhər sakini İddiaçı aqrar islahat zamanı verilməli olan bir pay torpaq sahəsinin verilməsi qərar alınmasına və X9 komissiyasının həmin qərarının Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 nömrəli iclas protokolu qərarı ilə təsdiq edilməsinə baxmayaraq, İddiaçı həmin torpağa mülkiyyət hüququna dair dövlət aktı və ya torpağa mülkiyyət hüququna dair şəhadətnamənin verilmədiyi, o cümlədən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon Şöbəsində sözügedən torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilmədiyi müəyyən edildiyindən vətəndaşa imtina məktubu verilmişdir. Qeyd olunan səbəblərdən də müraciətinin icrası mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabde və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının hüquqi varisi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. AZEMİS-dən görünür ki,iddiaçı xx.xx.2024-cü il tarixində vəfat etmişdir.

3. Qax RİHB-nin Qax ŞİƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 995 nömrəli arayışından görünür ki, X1 Mehparə Tacəddin qızının vərəsəsidir (qızıdır).

4. Qax rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli arxiv arayışı.

5. Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 nömrəli iclas protokolu.

6. Qax rayon Əmircan bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubu;

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-4544/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun : Maddə 3. İslahatın obyektləri və subyektləri İslahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Maddə 4. İslahatı aparan orqanlar İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X9 komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən rayon aqrar islahat komissiyası rayon ərazisində aqrar islahatın aparılmasını təmin edir; Maddə 8. X9 komissiyası X9 komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir. Komissiyanın tərkibinə təsərrüfatın rəhbəri, əmək kollektivinin, icra hakimiyyətinin, təsərrüfatın ərazisində yaşayan vətəndaşların nümayəndələri daxil edilir. Komissiya: aqrar islahat haqqında izahat işi aparır; əmək kollektivi və ərazidə yaşayan vətəndaşların rəyi nəzərə alınmaqla torpaq və əmlak bölgüsü, təsərrüfat formalarının seçilməsi və digər mühüm məsələlər haqqında təkliflər hazırlayır, aidiyyəti üzrə təqdim edir, səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edir və icrasını həyata keçirir; islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin edir; ləğvetmə komissiyasının funksiyalarını yerinə yetirir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Hazırkı iddia tələbinə əsasən hüquqi marağı Aqrar İslahat zamanı Qax rayonu Əmircan kəndindən pay torpaq olaraq verilən 0.42 ha pay torpaq sahəsinin üzərində faktiki istifadə vəziyyətinə əsasən mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. Cavabdehin imtinasının əsasını İddiaçı həmin torpağa mülkiyyət hüququna dair dövlət aktı və ya torpağa mülkiyyət hüququna dair şəhadətnamənin verilmədiyi, o cümlədən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon Şöbəsində sözügedən torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməməsi ilə bağlıdır. İşin hallarından görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 nömrəli qərarı ilə 0.42 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş, həmin torpaq sahəsi vəfat edənədək iddiaçının faktiki istifadəsində olmuşdur. Faktiki istifadə olunan torpaq sahəsinin xüsusiyyətlərini məyyən etmək məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-4544/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı Qax RAİK-in qərarına əsasən verilmiş 0.42 ha torpaq sahəsinin sxematik planında koordinatlar göstərilmədiyindən yerini müəyyən etmək mümkün deyildir. İddia olunan torpaq sahəsi iddiaçı tərəfindən təqdim edilən sxematik plan və koordinatlarda göstərilən torpaq sahəsi ilə eynidir. Torpaq sahəsi faktiki olaraq 0.42 ha olub, döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi DWG məlumatlarına əsasən kiçik çaylar kimi, TEKUİS məlumatlarında isə bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinalı əkin torpaqları kimi göstərilmişdir. Qax rayon Əmircan bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddia olunan torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla mühafizə zolağı ilə üstüstdə düşmür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddiaçıya ayrılan torpaq sahəsi aqrar islahat nəticəsində ayrılmışdır.Səlahiyyətli orqanın qərarına əsasən ayrıldığından və faktiki istifadəsində olduğundan inzibati icraatın tamamlanmayaraq torpağın yerini göstərən sənədin tərtib edilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. İnzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Hazırkı vəziyyətdə cavabdehin iddiaçıya aqrar islahat komissiyasının qərarı və bələdiyyənin vasitəsi ilə təhvil verilmiş torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin verilməməsi dəlili əsassızdır.Yuxarıda qeyd olunan qərar mülkiyyət hüququnun qeydə alınması üçün əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Qax Rayon AİK-in xx.xx.2000-ci il tarixli 07 saylı iclas qərarı əsasında Qax rayon Əmircan bələdiyyəsinə məxsus torpaq sahəsindən iddiaçıya ayrılan 0.42 ha torpaq sahəsinin mərhum İddiaçı məxsus olmasına dair elektron arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar