Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-50/2025 04.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Velicanova Fidan Telman qızının katibliyi ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Tasmalı bələdiyyəsinin 23 may 2002-ci il tarixli, 6 saylı iclasının qərarına əsasən ona Qax rayon Tasmalı bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən mağaza tikmək məqsədi ilə satılmış 0,01 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun reyestrdə adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Qax rayonu Tasmalı bələdiyyəsinin 23 may 2002-ci il tarixli, 6 saylı iclasının qərarına əsasən ona Qax rayon Tasmalı bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən mağaza tikmək məqsədi ilə satılmış 0,01 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun reyestrdə adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddiaçı ardıcıl olaraq uzun müddət (30 gündən artıq) məhkəmə icraatından yayındığı üçün iddia geri götürülmüş hesab olunmalıdır. Belə ki, inzibati işin araşdırılması və mahiyyəti üzrə hüquqi qiymətin verilməsi üçün məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli məktibla izah edilmişdir ki, “iddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılarkən iddia ərizəsinin İddiaçı tərəfindən imzalanması şübhə doğurmuşdur. Belə ki, iddia ərizəsində icra edilmiş imza işə əlavə edilmiş, iddiaçının şəxsiyyətini təsdiq edən sənəddə qeyd olunmuş imzadan xeyli dərəcədə fərqlənir. Odur ki, iddia ərizəsinin İddiaçı tərəfindən imzalanması ilə bağlı yaranmış şübhənin aradan qaldırılması üçün müvafiq iddia ərizəsi İddiaçı şəxsən iştirakı ilə notarial qaydada, yəni imza etmiş şəxsin imzasının həqiqiliyi təsdiq olunmaqla məhkəməyə təqdim olunmalıdır. Eyni zamanda İddiaçı şəxsən Şəki İnzibati Məhkəməsinə gələrək (iş günləri və iş saatları daxilində) iddia ərizəsini imzalamaqla məhkəməyə təqdim edə, yaxud iddia ərizəsi iddiaçının müvafiq səlahiyyət verdiyi şəxs tərəfindən imzalana bilər. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi, iddia ərizəsində iddiaçının imzasının həqiqiliyinin təsdiq olunması və mütəxəssis rəyinin əldə edilməsi üçün müvafiq qəbzin təqdim edilməsi üçün məhkəmə 10 gün müddətində vaxt təyin edilmişdir.”. Bundan başqa iddiaçının iştirakının təmin edilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixinə məhkəmə iclası təyin edilmiş, lakin iddiaçı heç bir səbəb göstərmədən iclasda iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinin birinci cümləsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. "Ə. Cəfərov şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında İPM-in 55.3-cü maddəsinin məhkəmə təcrübəsində düzgün və dürüst tətbiqinin şərtlərinə dair hüquqi mövqelər ortaya qoyulmuşdur. Konstitusiya Məhkəməsinin sözügedən qərarında aşağıdakılar göstərilmişdir: "İPMin 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunvericilik bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır." Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ardıcıl olaraq uzun müddət (30 gündən artıq) məhkəmə icraatından yayındığı üçün iddia geri götürülmüş hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 55 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Tasmalı bələdiyyəsinin 23 may 2002-ci il tarixli, 6 saylı iclasının qərarına əsasən ona Qax rayon Tasmalı bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən mağaza tikmək məqsədi ilə satılmış 0,01 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun reyestrdə adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev.
Məhkəmə qərarları › İş №2-1(116)-50/2025
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-50/2025
04.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver