Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-500/2024 24.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “iddiaçının adına Göyçay rayonu, Mirzəhüseynli kəndində yerləşən 0.7792 ha torpaq sahəsinə dair (baza məlumatlarına uyğun) olaraq torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia ərizəsinə əsasən, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 0.7792 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir, onun mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin İddiaçı adına Göyçay rayonu, Mİrzəhüseynli kəndində yerləşən 0.7792 ha torpaq sahəsinə dair (baza məlumatlarına uyğun) torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi bu günədək təmin olunmur. İddiaçı Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi ilə bağlı ilə ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən imtina verilmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qəbul etməmiş və iddiaya qarşı xx.xx.2023-cü il tarixli 3-21-3- 36/2-4436/2023 nömrəli etirazında bildirmişdir ki, Göyçay şəhərı, Nəsimi küçəsı döngə 1 ünvanında yerləşən 0 053489 ha həyətyanı torpaq sahəsi üzərində mübahisə var. Sözügedən torpaq sahəsi “R-Qroup" MMC tərəfindən zəbt edilmişdir və torpaq sahəsinin üzərində qeyri yaşayış binası tikilmişdir. Qeyd edirik kı İddiaçı alqı-satqı müqaviləsi ilə əldə edilmiş JN-907 saylı Dövlət Aktına əsasən **********22 reyestr nömrəli çıxarış verilmişdir. Bu səbəbdən də, ərizəsinin icrası mümkün olmayıb. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. İddiaçı xx.xx.2024-cü il tarixdə teleqram göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: 1.Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının tələbinin icrasından imtina edilmişdir. 2.xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0.7792 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 3.22.04.2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli alqı-satqı Müqaviləsi; 4.JN-907 saylı, 40814058 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Göyçay rayon Aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli 41 saylı qərarı ilə 0.78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. 5.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-1386/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı adına ********** nömrə ilə qeydiyyata alınmış, **********22 reyestr nömrəli çıxarışın verilməsinə əsas JN-907 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Akt” ilə verilmiş 0.779 hektar torpaq sahəsi idarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı, xüsusi mülkiyyətə aid torpaqlar kimi göstərilmişdir. İddia olunan torpaq sahəsi TEKUİS məlumat bazasında JN-907 nömrəli Dövlət Aktına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi ilə eyni ərazidir.İddiaçının naturada göstərdiyi, baxış zamanı X4 tərəfindən faktiki istifadə edildiyini bildirdiyi 0.7792 ha torpaq sahəsi TEKUİS məlumat bazasında JN- 907 nömrəli Dövlət Aktı yerləşən ərazi olaraq göstərilmişdir. İddiaçı adına **********22 reyestr nömrəli çıxarışla verilmiş 0.7792 ha torpaq sahəsi ilə bağlı koordinatlar əks olunan “Torpaq sahəsinin planı və ölçüsü sənədi mövcud deyildir, lakin sözügedən çıxarış JN-907 nömrəli Dövlət Aktının əsasında tərtib edilmişdir. İddia olunan torpaq sahəsi üzərində tikili baxış zamanı mütəxəssis tərəfindən müşahidə olunmamışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Həmin Qanunun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 16. Dövlət reyestrində düzəlişlər (-). 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə uyğun olaraq Xidmətin aşağıdakı vəzifələri var : - daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; - dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları:
5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi. 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3. Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur... 6.6. Daşınmaz əmlakın vahid dövlət kadastrının tərkib hissəsi kimi sistem daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiya olunur və torpaq sahələri üzərində qeydiyyata alınmış hüquqlara dair məlumatların sistemə inteqrasiyası təmin edilir. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən 0.7792 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçının hazırkı iddia qaldırmaqda hüquqi marağı faktiki istifadəsinə olan torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsindən ibarətdir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, qeyd olunan torpaq sahəsi üzərində iddiaçın mülkiyyət hüququ cavabdeh orqan tərəfindən qeydə alınaraq müvafiq çıxarış verilmişdir. Bu baxımdan da məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Göstərilənlərə əsasən iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur. Qeyd olunan hüquqi yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlə bağlı 2-1(102)-1180/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da təsbit olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin üzərinə xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 0,7792 ha torpaq sahəsinə dair (baza məlumatlarına uyğun olaraq) “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.