Məhkəmə qərarları › İş №2-1(116)-501/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-501/2021

21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-501/2021 21.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxs X11 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X20 və X16) “Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən İddiaçı2, onun mərhum əri X27 və üçüncü şəxs X6 ümumibirgə mülkiyyətinə verilmiş Zaqatala rayonu, Muxax kəndində yerləşən 0.1499 ha torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli reyestr kitabının 53-cü vərəqəsində aparılmış qeydiyyatda düzəliş olunaraq iş üzrə üçüncü şəxs X12 adının həmin torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası X26 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən İddiaçı2, onun mərhum əri X27 və üçüncü şəxs X6 ümumibirgə mülkiyyətinə verilmiş Zaqatala rayonu, Muxax kəndində yerləşən 0.1499 ha torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli reyestr kitabının 53-cü vərəqəsində aparılmış qeydiyyatda düzəliş olunaraq iş üzrə üçüncü şəxs X12 adının həmin torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən İddiaçı2, onun mərhum əri X27 və üçüncü şəxs X6 ümumi birgə mülkiyyətinə Zaqatala rayonu, Muxax kəndində 0,1499 ha həyətyanı torpaq sahəsi verilmişdir. Sonuncuların həmin torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən cıxarış"la rəsmiləşdirilmişdir. Lakin, qeyd olunan torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən İddiaçı2, onun mərhum əri X27 və üçüncü şəxs X6 ümumi birgə mülkiyyətinə verildiyi halda, texniki səhv nəticəsində həmin torpaq sahəsi üzərində iş üzrə üçüncü şəxs X11 da ümumi birgə mülkiyyətçi kimi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Qeyd olunanları nəzərə alaraq, həmin texniki səhvin aradan qaldırılması məqsədi ilə iddiaçılar cavabdeh X26 Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə müraciət etmiş, lakin, cavabdeh bundan imtina etmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********37 nömrəli etiraz məktubunda qeyd edilir ki, İddiaçı1 özünün mülkiyyətində olan fərdi yaşayış evinə dair RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrindən çıxarışda düzəliş edərək iş üzrə 3-cü şəxs X11 mülkiyyətçilər siyahısından çıxarılmasına köməklik göstərilməsi məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müracitə etmişdir. Müraciətdə qaldırılan məsələnin həlli səlahiyyətlər daxilində olmadığından bu barədə xx.xx.2020-ci il tarixli, **********57 nömrəli və təkrar xx.xx.2020-ci tarixli, **********52 məktublar ərizəçiyə ünvanlanmışdır. İddia ərizəsi ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, Zaqatala rayon Muxax kəndində yerləşən 0,1499 ha həyətyanı torpaq sahəsi Ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş AN 242921 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə və Ləğv edilmiş DTXK-nin Zaqatala rayon şöbəsinin xx.xx.2013-ci il tarixli, 126 saylı arayışına əsasən X17, İddiaçı2, X7 və X11 adlarına (4 nəfər hüquq sahibinin) ümumibirgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq RX seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Həmin arayışda qeyd olunmuşdur ki, Zaqatala rayon Muxax kəndində yerləşən 0,1499 ha həyətyanı torpaq sahəsi X17, İddiaçı2, X6 və X11 ümumibirgə mülkiyyətinə verilmişdir. Daha sonra həmin çıxarış və xx.xx.2013-ci il tarixli, 2V-509 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən qeyd olunan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X17 (torpaq sahəsinin 1/8 hissəsi), İddiaçı2 (fərdi yaşayış evi tam, torpaq sahəsinin 3/8 hissəsi), X6 (torpaq sahəsinin 2/8 hissəsi) və X11 (torpaq sahəsinin 2/8 hissəsi) adlarına xx.xx.2018ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq RX seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Həmin çıxarış və notarial qaydada təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-745 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən qeyd olunan daşınmaz əmlak üzərində X17 (torpaq sahəsinin 1/8 hissəsi), X6 (torpaq sahəsinin 2/8 hissəsi), X12 (torpaq sahəsinin 2/8 hissəsi) və İddiaçı1 (fərdi yaşayış evi tam, torpaq sahəsinin 3/8 hissəsi) paylı mülkiyyət hüquqları xx.xx.2018ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq RX seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İş üzrə üçüncü şəxs X21 xx.xx.2021-ci il tarixli iddia tələbinə etiraz ərizəsində qeyd etmişdir ki, o, X16 ilə rəsmi nikahla 1998-ci ildə evləndikdən sonra qayınatası X17 razılığı ilə təsərrüfatına qəbul edilmişdir. Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx xxx 1998-ci il tarixli 69 saylı qərarına əsasən 0,1499 ha həyətyanı torpaq sahəsi X27, qayınanası İddiaçı2, əri X16 və onun ümumibirgə mülkiyyətinə verilmişdir. Zaqatala rayon Dövlət Arxivindən verilmiş xx.xx.2021-ci il tarixli 1097 saylı arayışdan göründüyü kimi Muxax kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 1996-2000-ci illərin təsərrüfatbaşına kitabında ailə tərkibi 4 nəfər (Əmirov Yusif, İddiaçı2, Əmirov Bahaddin və X21) olmuşdur. Övladları xx.xx.2000-ci il tarixli X13, xx.xx.2005-ci il tarixli X18 həmin təsərrüfatda doğulmuş yaşamış və böyümüşdür. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı aparılmış torpaq islahatında qismən dəyişiklik edilməsi haqqında qərarı ilə də həyətyanı torpaq sahəsi 4 nəfərin, o cümlədən onun ümumibirgə mülkiyyətində saxlanılmaqla “Torpaq sahəsinin plan və ölçüsü” sənədi verilmişdir. X2 xx.xx.2004-cü ildə vəfat etmişdir. Zaqatala RİTİB Muxax kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 181 nömrəli “arayıs”dan görünür ki, İsmayıl qızının adına olmuş və onunla ailə təsərrüfatında tərkibdə ailə üzvləri əri Bahaddin, üçüncü şəxs M.Əmirova və 2 övladı vardır. İlkin islahat qərarında, 2003-cü ildə yenidən ölçmələrlə əlaqədar qərarla 0,1499 ha həyətyanı torpaq sahəsi onunla birlikdə 4 nəfərin ümumibirgə mülkiyyətinə işləndiyi halda Dövlət Reyestr Xidməti tərəfindən verilmiş seriya RX ******* nömrəli çıxarışda 0,1499 ha yaşayış məntəqəsi torpaqları X22 payı 1/8 hissəsi, X8 2/8 hissəsi, X25ma 2/8 hissəsi və qanunsuz olaraq İddiaçı1 3/8 hissəsi bölgü aparılmış, sənədlər M.Əmirovadan gizlədilmiş, qeydiyyat zamanı onlara heç bir məlumat verilməmişdir. Bundan başqa daimi yaşadıqları 2012-ci il tarixdə zəlzələ nəticəsində dağılıb yenidən tikdirdikləri yaşayış evi də qanunsuz olaraq tam pay olaraq İddiaçı1 adına xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. Qayınatası 4 oğlan və 4 qız övladlarından 4 qızı ərə köçürmüş, 3 oğluna ayrıca təsərrüfat yaradaraq, başqa yerdə yaşayış evi tikdirərək hələ torpaq islahatına qədər ayrıca təsərrüfatlarını yaratmışdır. Onun təsərrüfatında, yaşayış mənzilində M.Əmirova və ailəsi qayınanası ilə bu günə qədər yaşamış və qeydiyyatdadırlar. Torpaq islahatından 22 il keçmiş, İddiaçı1 M.Əmirovanın təsərrüfatından 30 ildən çoxdur ki, ayrılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 373.3-cü maddələrinin tələblərinə əsasən “daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı ildir”. Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinddə göstərilən iddia müddətləri 2000-ci ilin sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. Həmin iddia müddətləri Mülki Məcəllənin 7-ci maddəsinin müddəaları nəzərə alınmaqla bundan əvvəl əmələ gəlmiş hüquq münasibətlərindən irəli gələn tələblərə də tətbiq oluna bilər. Ona görə də üçüncü şəxs M.Əmirova hesab edir ki, iddia müddətinin tətbiq edilməsi tələbi barədə məhkəməyə onun müraciəti nəzərə alınıb iddia təmin edilməməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı məsələlər isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin 2-ci hissəsinə əsasən yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçmə zamanı başqa qeyd-şərt göstərilməmişdirsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri, icarədarın arvadı (əri), onların uşaqları, valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslərdə ailə üzvləri hesab edilə bilərlər. Bundan başqa iddiaçıların mübahisələndirdiyi qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosssesual Məcəlləsinin 24-1 fəslində və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası MPM-nin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (müvafiq icra hakimiyyəti orqanlarına yerli özünü idarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn münasibətlər üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həmdə 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, iddia tələbi əsassız olduğundan və iddia müddəti ötürüldüyündən tələb təmin edilməməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs xx.xx.1998-ci ildə X16 ilə nikaha girdiyini, halhazırda evli olduğunu, ayrıca evinin olduğunu, 2013-cü ildən ayrı yaşayıdığını, 0.12 ha həyəti, 1 mərtəbəli 3 otaqlı evinin olduğunu, 2000-ci illərdə o torpağı aldıqlarını, ev tikib yaşadıqlarını, xx.xx.2000-ci il təvəllüdlü X13, xx.xx.2005-ci il X18 adında övladlarının olduğunu, X1 onun atası olduğunu, 1996-cı ildə atasının təsərrüfatında yaşadığını qeyd edərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayonu, Muxax kəndində yerləşən fərdi yaşayış evi İddiaçı1 mülkiyyətindədir. Evin yerləşdiyi 0.1499 ha torpaq sahəsinin 1/8 hissəsi X27, 2/8 hissəsi X16, 2/8 X21 və 3/8 hissəsi İddiaçı1 mülkiyyətindədir. İş materiallarında olan Zaqatala rayon Dövlət Arxivinin üçüncü şəxs Mahirə Əmirovaya ünvanladığı xx.xx.2021-ci il tarixli, 1097 nömrəli arxiv arayışında qeyd edilir ki, M.Əmirovanın 1996-2000-ci illərin təsərrüfatbaşına kitablarına əsasən ailə tərkibi X27, İddiaçı2, X16 və X9 ibarətdir, həyətyanı torpaq sahəsi 0.15 ha-dır. İş materiallarında olan Muxax kənd İƏD üzrə nümayəndəliyin X10 verdiyi xx.xx.2021-ci il tarixli, 181 nömrəli arayışdan görünür ki, onun ailə tərkibi X14, X16, X20, X13 və X5 ibarətdir. İş materiallarında olan DTXK-nin Zaqatala rayon şöbəsinin xx.xx.2013-cü il tarixli, 126 nömrəli arayışınln təsdiq edilmiş surətindən müəyyən edilir ki, X17 ailə tərkibi X27, İddiaçı2, X16 və X15r. İş materiallarında olan cavabdeh orqanın məhkəməyə ünvanladığı sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, AA seriyalı 006830 nömrəli plan və ölçü sənədi, RX seriyalı, ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışa, həmçinin Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 69 nömrəli qərarına əsasən 0.1499 ha həyətyanı torpaq sahəsi X17 mülkiyyətinə verilmişdir. Qeyd olunan çıxarışda 0.1499 ha torpaq sahəsinin X27, İddiaçı2, X16 və X12 ümumibirgə mülkiyyətində olduğu qeyd edilmişdir. Y.Əmirovun vəfatından sonra qanun üzrə vərəsəsi xx.xx.2013-cü il tarixli şəhadətnaməyə əsasən arvadı İddiaçı2 müəyyən edilmiş və onun adına RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış tərtib edilmişdir. Çıxarışda fərdi yaşayış evinin tam, torpaq sahəsinin 3/8 hissəsinin İddiaçı2, torpaq sahəsinin 1/8 hissəsinin X17, 2/8 hissəsinin X6 və 2/8 hissəsinin X12 mülkiyyətində olduğu qeyd edilmişdir. İddiaçı2 isə xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən mülkiyyətində olan fərdi yaşayış evini və mülkiyyətində olan 3/8 hissə torpaq sahəsini İddiaçı1 bağışlamışdır. Beləliklə RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən fərdi yaşayış evi tam, 0.1499 ha torpaq sahəsinin isə 3/8 hissəsi İddiaçı1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, subyektlər siyahısında X12 adı aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş “Zaqatala rayonu Muxax kənd ərazisində yaşayan torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı”nın təsdiqlənmiş surətindən görünür ki, siyahıda 1657-ci sırada X27 ailə başçısı, İddiaçı2 həyat yoldaşı və X16 oğlu olmaqla qanuni istifadələrində 0.15 ha torpaq sahəsinin olduğu qeyd olunmuşdur. Həmin məktuba əlavə edilmiş “Zaqatala rayonunun sabiq “Muxax” kolxozunda aparılmış torpaq islahatında yol verilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə aparılmış hesabatın yekun cədvəli”nin təsdiqlənmiş surətindən görünür ki, sıra nömrəsi 475 olmaqla X17 qanuni istifadəsində 0.15 ha həyətyanı torpaq sahəsinin, subyeklərin sayının 3 olduğu qeyd olunmuşdur. Əsaslandırma hissəsi: İddiaçılar məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçıların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının X26 Komitəsinə verilmişdir. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən də göründüyü kimi rayonda aqrar islahat aparılan zaman hazırkı iş üzrə üçüncü şəxs X3 Yusif Mamay oğlunun təsərrüfatda qeydiyyatda olmamış və həmin təsərrüfatla heç bir hüquqi bağlılığı mövcud olmamışdır. Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 69 nömrəli qərarına əsasən 0.1499 ha həyətyanı torpaq sahəsi X17 mülkiyyətinə veriləndə 3-cü şəxs onun oğlu X16 ilə nikaha daxil olmamışdır. Üçüncü şəxsin özünün də verdiyi izahatdan məlum olmuşdur ki, o, atasının təsərrüfatında qeydiyyatda olmaqla orada yaşamış, nikaha daxil olduqdan sonra qayınatasının evinə köçmüşdür. Göründüyü kimi 3-cü şəxslər xx.xx.1996-cı ldən sonra ailə qurmuşdur. Həmin tarixə qədər 3-cü şəxs X17 qanuni istifadəsində olan həyətyanı sahədə təsərrüfat aparmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin üzərinə İddiaçı2, onun mərhum əri X27 və üçüncü şəxs X6 ümumibirgə mülkiyyətinə verilmiş Zaqatala rayonu, Muxax kəndində yerləşən 0.1499 ha torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli reyestr kitabının 53-cü vərəqəsində aparılmış qeydiyyatda düzəliş olunaraq iş üzrə üçüncü şəxs X11 adının həmin torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması öhdəliyi qoyulmalıdır. Üçüncü şəxsin etirazında fərdi yaşayış evinə münasibətdə qeyd etdiyi halların hazırki mübahisə predmetinə heç bir aidiyyəti olmadığı üçün həmin məsələlərə dair məhkəmə hər-hansı münasibət bildirilməsinə lüzum görmür. Onun etirazında qeyd etdiyi müddətin ötürülməsi ilə bağlı dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası ilə bağlı iddia olduğu üçün və həmin iddia növünə dair iddia müddətin tətbiq olunması ilə qanunvericilikdə göstəriş olmadığından, həmçinin Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən iddia müddəti mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə şamil edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası X26 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən İddiaçı2, onun mərhum əri X27 və üçüncü şəxs X6 ümumibirgə mülkiyyətinə verilmiş Zaqatala rayonu, Muxax kəndində yerləşən 0.1499 ha torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli reyestr kitabının 53-cü vərəqəsində aparılmış qeydiyyatda düzəliş olunaraq iş üzrə üçüncü şəxs X11 adının həmin torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.“ Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar