Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-501/2022 13.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “X13 adlı 31 iyul 1998-ci il təvəllüdlü və X14 adlı 25 dekabr 1999-cu il təvəllüdlü iki uşağının doğumu barədə cavabdeh tərəfindən aparılmış qeydlərin ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X13 adlı 31 iyul 1998-ci il təvəllüdlü və X14 adlı 25 dekabr 1999-cu il təvəllüdlü iki uşağının doğumu barədə cavabdeh tərəfindən aparılmış qeydlərin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, X1 ilə nikahlarını qeyd etdirməklə evlənmişdir. Birgə nikahlarından 31 iyul 1998-ci il təvəllüdlü “Faiq” və 25 dekabr 1999-cu il təvəllüdlü “Nail” adlı iki övladı doğulmuşdur. Uşaqlarının doğulması haqqında Saratov şəhəri, Leninsk rayon Məhkəməsinin 01 sentyabr 2015-ci il tarixli qətnaməsi əsasında Rusiya Federasiyası Tümen Saratov vilayəti hökümətinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı işləri üzrə idarəsinin Saratov şəhəri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat işləri üzrə Leninski rayon idarəsi tərəfindən 3527 və 3528 saylı qeydlər aparılmış, doğum haqqında müvafiq olaraq 11-PУ seriyalı, 864034 saylı və 11- PУ seriyalı, 864035 saylı şəhadətnamələr verilmişdir. Tobolsk şəhər administrasiyasının VVAQ şöbəsi tərəfindən akt qeydləri kitabında 05 fevral 2005-ci il tarixdə 140 saylı qeyd aparılmış, 11 fevral 2005-ci il tarixli, 1 ФP-627692 saylı doğum şəhadətnaməsi verilmişdir. Eyni zamanda X2 müraciəti əsasında X13 barəsində 01 aprel 2000-ci il tarixli, 1-AZseriyalı 159126 №-li və X15 barəsində 1-AZ seriyalı, 159204 №-li doğum haqqında şəhadətnamələr verilmişdir. Hər iki uşağa Rusiya Federasiyasının vətəndaşlığı barədə sənədlər almaq istəyərkən məlum olmuşdur ki, onların Azərbaycan Respublikasında anadan olmalarına dair həqiqətə uyğun olmayan məlumatlar qeyd edildiyindən sənədləşmə mümkünsüzdür. Buna görə də iddiaçı müvafiq akt qeydlərinin ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli iddia tələbinə münasibətində qeyd etmişdir ki, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərinin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi doğum yeri göstərilir. Doğumun qeydə alınması üçün qeydiyyat şöbəsinə təqdim edilən zəruri sənədlərdən biri də doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisənin sənədidir. Doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın adı, atasının adı və soyadı, habelə valideynləri haqqında məlumat Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46 və 53-cü maddələrinə uyğun yazılır. Yuxarıda qeyd olunan şəxslər barədə doğum haqqında akt qeydləri qeydiyyat şöbəsinə və icra hakimiyyətinin nümayəndəliyinə müraciət edən şəxslərin təqdim etdiyi sənədlər əsasında yazılmışdır. İddiçı doğum haqqında şəhadətnamədə aldığını qeyd etsə də, həqiqiqətə uyğun olamayan məlumatın qeyd olduğunu bildirir, lakin vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzgün olmayan məlumatın nədən ibarət olduğunu qeyd etmir. İddiaçının mübahisələndirdiyi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 166-170-ci maddələrinin tələbinə uyğun aparılmışdır. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdeh xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. - Saratov şəhəri Leninskiy rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarından görünür ki, X6 xx.xx.1998-ci il tarixdə BSM-nin “8 saylı şəhər Klinik Xəstəxanasında” anadan olması və X7 xx.xx.1999-cu il tarixdə Saratov şəhəri, Odesskaya küçəsi, ev 46a ünvanında yerləşən BSM-nin “8 saylı şəhər Kliniki Xəstəxənasında” anadan olması, anasının X3, 10 iyun 1978-ci il təvəllüdlü, Azərbaycan Respublikasının Zərdab rayonunun Yarməmmədbağı kənd sakini, atasının X11, xx xxxxxx 1971-ci il təvəllüdlü, Azərbaycan Respublikasının Zərdab rayonunun Yarməmmədbağı kənd sakini olması faktı təsdiq olunmuşdur. - 864034 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş tərcümə edilmiş surətindən görünür ki, X8 doğum tarixi xx.xx.1998-ci il, doğum yeri – Rusiya Federasiyası, Saratov vilayəti, Saratov şəhəri, atası – İddiaçı, anası – X4, dövlət qeydiyyat yeri Saratov vilayəti hökümətinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı işləri üzrə idarəsi Saratov şəhəri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı işləri Leninskiy rayonudur və bu barədə xx.xx.2015-ci ildə doğum haqqında akt qeydləri kitabında 3529 nömrə ilə akt qeydi tərtib olunmuşdur. - 864035 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş tərcümə edilmiş surətindən görünür ki, X7 doğum tarixi xx.xx.1999-cu il, doğum yeri – Rusiya Federasiyası, Saratov vilayəti, Saratov şəhəri, atası – İddiaçı, anası – X4, dövlət qeydiyyat yeri Saratov vilayəti hökümətinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı işləri üzrə idarəsi Saratov şəhəri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı işləri Leninskiy rayonudur və bu barədə xx.xx.2015-ci ildə doğum haqqında akt qeydləri kitabında 3528 nömrə ilə akt qeydi tərtib olunmuşdur. - X16 barəsində xx.xx.2000-ci il tarixdə tərtib edilmiş 24 saylı doğum haqqında bərpa akt qeydindən görünür ki, Faiq Alıyevin xx.xx.1999-cu ildə doğulması, atasının – İddiaçı, anasının – X4 olması ilə bağlı qeydlər icra edilmişdir. - Zərdab rayon İcra Hakimiyyətinin Yarməmmədbağı kənd icra nümayəndəliyində qeydə alınmış xx.xx.2000-ci il tarixli 09 saylı doğum haqqında akt qeydinin surətindən görünür ki, Nail Alıyevin xx.xx.2000-ci il tarixdə doğulması, atasının – İddiaçı, anasının – X4 olması ilə bağlı qeydlər icra edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi (Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması) 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir 166.3. Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası:
2. Doğumun qeydə alınması. 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı, tələbini- mübahisləndirdiyi qeydlərin düzgün olmamasının müəyyən edilməsi şəklində ifadə etsə də iş materiallarından görünür ki, onun hüquqi marağı Faiq Alıyev barəsində tərtib edilmiş xx.xx.2000-ci il tarixli 24 saylı doğum haqqında bərpa akt qeydinin və Nail Alıyev barəsində tərtib edilmiş xx.xx.2000-ci il tarixli 09 saylı doğum haqqında akt qeydinin ləğvinə nail olmaqdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X8 X6 xx.xx.1998-ci il tarixdə BSM-nin “8 saylı şəhər Klinik Xəstəxanasında” anadan olması və X7 xx.xx.1999-cu il tarixdə Saratov şəhəri, Odesskaya küçəsi, ev 46a ünvanında yerləşən BSM-nin “8 saylı şəhər Kliniki Xəstəxənasında” anadan olması faktı Saratov şəhəri Leninskiy rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə müəyyən edilmiş, bununla bağlı xx.xx.2015-ci ildə doğum haqqında akt qeydləri kitabında 3528 və 3529 nömrələrlə müvafiq qeydiyyat aparılmışdır. Bu isə X13 və X7 adına cavabdeh orqan tərəfindən xx.xx.2000-ci il tarixdə tərtib edilmiş 24 saylı doğum haqqında bərpa akt qeydi və Zərdab rayon İcra Hakimiyyətinin Yarməmmədbağı kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2000-ci il tarixli 09 saylı doğum haqqında akt qeydinin faktiki vəziyyətə uyğun olmamaqla əsassız olmasını birbaşa sübut edir. Buna görə də həmin qeydlər qanunsuz sayılaraq ləğv edilməlidir. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217-ci qətnaməsi ilə qəbul edilmiş “Ümümdünya insan hüquqları Bəyannaməsi”nin 15-ci maddəsində elan olunmuşdur ki, hər bir insan vətəndaşlıq hüququna malikdir. Heş kəs öz vətəndaşlığından və öz vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz. Bu Bəyannamədə elan olunmuş vətəndaşlıq hüququnun doğumun qeydiyyatından asılı olması, 1959-cu il 29 noyabr tarixdə qəbul edilmiş “Uşaq hüquqları Bəyannaməsi”nin 3-cü prinsipində təsbit edilərək qeyd olunur ki, uşaq doğulandan ad və vətəndaşlıq hüququna malik olmalıdır. “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt”ın 24-cü maddəsinin ikinci bəndində göstərilir ki, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır (Azərbaycan Respublikası bu Pakta Milli Məclisin 1992-ci il tarixli 277 №-li Qərarı ilə qoşulmuşdur). İddiaçının övladları Rusiya Federasiyasında doğulmuş və onun doğulması sözügedən Paktın tələbləri baxımından qeydə alınmışdır. Bu qeydin hüquqauyğunluğu mübahisələndirilmir və həmin qeydiyyat qüvvədədir. Doğum qeydi qüvvədə olduğu halda yenidən (təkrar) qeydiyyat aparılması milli qanunvericilikdə, nə də beynəlxalq hüquqda nəzərdə tutulmamışdır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının uşağının doğulması barədə aparılan qeydiyyatın heç bir hüquqi əsası olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. X13 barəsində Cavabdeh tərəfindən xx.xx.2000-ci il tarixdə tərtib edilmiş 24 saylı doğum haqqında bərpa akt qeydi və X14 barəsində Zərdab rayon İcra Hakimiyyətinin Yarməmmədbağı kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2000-ci il tarixli 09 saylı doğum haqqında akt qeydi ləğv edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.