Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-501/2025 30.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı “26 iyul 1995-ci il tarixli, 788 nömrəli doğum haqqında akt qeydində iddiaçınnı soyadının “Məmmədova”dan “Hidayətzadə”yə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “onun barəsində olan 26 iyul 1995-ci il tarixli, 788 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək soyadının “Hidayətzadə” kimi, doğum haqqında şəhadətnamənin nömrəsinin XİX-JQ seriyalı, 343143 nömrəsi kimi göstərilməsi və bununla bağlı şəhadətnamənin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, "26 iyul 1995-ci il tarixli, 788 nömrəli doğum haqqında akt qeydində iddiaçınnı soyadının “Məmmədova”dan “Hidayətzadə”yə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı xx xxx 1995-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. Bununla bağlı doğum qeydiyyatı ilə bağlı Şəki Rayon Qeydiyyat Şöbəsinin arxivində saxlanılan sənədlərə əsasən 26 iyul 1995-ci il tarixli, 788 nömrəli doğum haqqında akt qeydi verilmişdir. Lakin, 26 iyul 1995-ci il tarixli, 788 nömrəii doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında soyadının “Hidayətzadə" əvəzinə səhvən “Məmmədova” kimi yazıldığı müəyyən edilmişdir. Həmçinin, ona məxsus olan XİX-JQ seriyalı, 343143 nömrəli doğum haqqında şəhadətnamə ilkin verilsə də, həmin şəhadətnamənin nömrəsi doğum haqqında akt qeydində qeyd edilən şəhadətnamə nömrəsi ilə eyni olmadığını müəyyən edilmişdir. Bütün bunlar ona sənədləşdirmə işlərinin aparılmasında çətinliklər yaradır. Onun soyadı anadan olduğu gündən Hidayətzadə qoyulmuşdur. O, bununla bağlı Şəki Regional “Asan Xidmət" Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə müraciət etsə də, onun tələbindən imtina edilmiş və ona hazırki tələbiylə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, Şəki Şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş fərdi uçot kartoçkası, XİX-ЖГ 343143 nömrəli xx.xx.1995-ci il tarixli 838 nömrəli doğum haqqında Şəhadətnamə, AR Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli Arayışı, 138 nömrəli Nikahın bağlanması haqqında akt qeydi, xx.xx.1995-cü il tarixli doğum haqqında akt qeydi. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1995-ci ildə doğulmuşdur. Onun barəsində 26 iyul 1995-ci ildə 788 nömrəli doğum haqqında akt qeydi tərtib edilmiş, soyadı “Məmmədova” qeyd edilmişdir. İddiaçı, cavabdeh orqana müraciət edərək doğum haqqında akt qeydində adına düzəliş edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan düzəlişin edilməsi üçün kifayət qədər əsasın olmamasına istinad etmişdir. İstinad olunan “Əsas Müddəaların“ tələbləri baxımından vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsasların olması və aidiyyəti şəxslər arasında mübahisənin olmaması müəyyən edilmişdir. Hazırkı iş üzrə aidiyyəti şəxslər arasında mübahisənin olması müəyyən edilmir. “Kifayət qədər əsas” şərtinə münasibətdə isə məhkəmə qeyd edir ki, işdə olan cavabdeh orqanın özünün təqdim etdiyi xx.xx.1995-ci il tarixli 343143 nömrəli doğum haqqında şəhadətnamədə, AR Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin X1, iddiaçının bacısına aid xx.xx.1993-ci il tarixli 26 nömrəli doğum akt qeydində, Şəki şəhər Polis Şöbəsi tərəfindən təqdim edilmiş fərdi uçot kartoçkasında iddiaçının soyadı “Hidayətzadə” olaraq qeyd edilmişdir. Odur ki, cavabdeh orqanın düzəlişin edilməsi üçün kifayət qədər əsasın olmaması dəlilinə istinadı tamamilə əsassız olmuş, iddiaçı haqlı olaraq sözügedən akt qeydinə düzəliş edilməsini cavabdeh orqandan tələb etmişdir. İddiaçının uzun illər ərzində istifadə etdiyi sənədlərdə soyadının "Hidayətzadə" olaraq qeyd edilməsi, bu sənədlərin etibarlı və davamlı olduğunu göstərir. Bu müddət ərzində müəyyən sənədlərdə və ictimai həyatında iddiaçı həmin soyadad altında fəaliyyət göstərmişdir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası iddiaçının hüquqlarının müdafiəsi, şəxsin həyatının hüquqi olaraq sabit və dəyişməz qalması prinsipinin qorunması baxımından qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin üzərinə 26 iyul 1995-ci il tarixli, 788 nömrəli doğum haqqında akt qeydində iddiaçının soyadının “Məmmədova”dan “Hidayətzadə”yə düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.