Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-503/2022 04.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “elektron kadastr baza məlumatlarından X8 adına qeyd olunmuş JN-2790 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə bağlı qeydin silinməsi, İsmayıllı şəhəri Mübariz Orucov küçəsi dalan 2 ev 10a ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun vahid daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “elektron kadastr baza məlumatlarından X8 adına qeyd olunmuş JN-2790 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə bağlı qeydin silinməsi, həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən evə dair vahid daşınmaz əmlak kimi DƏDRX-dən çıxarış və texniki pasportun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək, tələbdə qeyd etdiyi torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun vahid daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, xx.xx.2003-cü il tarixli, 4Ə-1-09 saylı alqı-satqı müqaviləsi əsasında X3 İsmayıllı şəhəri, Mübariz Orucov küçəsi dalan 2, ev 10A ünvanında yerləşən fərdi yaşayış evinı almışdır. Həmin müqavilə əsasında ona Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən Qeydiyyat vəsiqəsi və Texniki Pasport verilmişdir. İsmayıllı rayonunda Torpaq İslahatı aparılan zaman iddiaçının və əvvəlki mülkiyyətçinin adına həmin evin yerləşdiyi 0.06 ha torpaq sahəsinə Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə hazırlanmamışdır. İddiaçı müvafiq torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan, iddia tələbinə etirazında qeyd etmişdir ki, X9 adına elektron baza məlumatlarında qeyd olunmuş Jn-2790 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin ləğv edilməsi 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığından müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. JN-2790 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin ləğv edilməsi 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində saxlanılmalı olan arxiv nüsxəsi mövcud deyil. Bu səbəbdən də JN- 2790 saylı Torpağın Mülkiyyətə verilməsinə Dair Şəhadətnamənin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi tərəfimizdən mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli imtina məktublarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - 1273 inventar nömrəli qeydiyyat vəsiqəsindən (84 №-li) görünür ki, İsmayıllı şəhəri Bursa küçəsi dalan 2, ev 10a 4(dörd) otaqdan ibarət yaşayış evi iddiaçının adına şəxsi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. -1273 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportundan, X6 adına tərtib edilmiş Qeydiyyat Vəsiqəsindən və 173104 №-li xx.xx.2003-cü il tarixli müqavilədən görünür ki, İsmayıllı rayonu Bursa küçəsi dalan 2 ev 10a ünvanında yerləşən yaşayış evi şəxsi mülkiyyət hüququ ilə Nüybar Səmədovaya məxsus olmuş, sonuncu həmin fərdi yaşayış evini iddiaçıya satmışdır. Fərdi yaşayış evinin texniki pasportunda torpaq sahəsinin ölçüsü sənəd üzrə 600 kv.m qeyd edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli **********55 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən vətəndaş X4 adına tərtib olunmuş 84 saylı Qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan fərdi yaşayış evinin yeni poçt ünvanı, İsmayıllı şəhəri, M.Orucov küçəsi ev 167, əvvəlki ünvanı İsmayıllı şəhəri Lenin küçəsi dalan 2, ev 10a sonrakı ünvanı İsmayıllı şəhəri, Bursa küçəsi dalan 2, ev 10a olmuşdur. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş siyahıdan görünür ki, JN-2790 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə arxivdə aşkar olunmamışdır. İsmayıllı şəhəri üzrə torpaq payı alan subyektlər siyahısında kod 40701004 2790 nömrəsinin qarşısında – naməlum qeydi mövcuddur Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Torpaq Məcəlləsinin 88-ci maddəsinin xx.xx.2003-cü il tarixli müqavilə bağlanarkən qüvvədə olan redaksiyası: (Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri)
1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. ... Xüsusi mülkiyyətdə olan tikiliyə (fərdi və çoxmənzilli yaşayış evlərindən başqa), qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə (şəxslərə) keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ, bağışlanma halları istisna olaraq torpağın dəyəri ödənilməklə, həmin şəxsə (şəxslərə) daşınmaz əmlak üzərində mülkiyyət paylarına uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir (çıxarılıb). ... Sadalan normaların hazırkı işə tətbiqi onu deməyə əsas verir ki, iddia olunan 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçıya keçməsi üçün, Nüybar Səmədova həmin torpaq sahəsinin tam mülkiyyətçisi olmalı idi. Yəni, həmin torpaq sahəsi üzərində bütün hüquqlar Nüybar Səmədovaya məxsus olmalı idi ki, sonrakı alqı-satqı müqaviləsi ilə həmin hüquqlar iddiaçıya keçsin. İş materiallarından görünür ki, İsmayıllı şəhəri Mübariz Orucov küçəsi dalan 2 ev 10a ünvanında (yeni ünvan: ev 167) yerləşən fərdi yaşayış evi əvvəllər X5 mülkiyyətində olmuş və xx.xx.2003-cü il tarixdə sonuncu, həmin fərdi yaşayış evini iddiaçıya satmışdır. İddia olunan fərdi yaşayış evi və torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin Nüybar Səmədova olması işdə olan qeydiyyat vəsiqəsi, o cümlədən fərdi yaşayış evinin texniki pasportu ilə də sübut olunur. Müvafiq texniki pasportda torpaq sahəsinin sənəd üzrə ölçüsü 600 kv.m qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (2.4-cü bənd) üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) mülkiyyət hüququnun qeydə alınması üçün zəruri sənəd olaraq qeyd edilmişdir. Torpaq islahatı aparılan zaman fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair Nüybar Səmədovanın adına hər hansı sənəd hazırlanmadığından, həmçinin müvafiq fərdi yaşayış evinə dair Qeydiyyat vəsiqəsi tərtib edilərkən, habelə alq-satqı müqaviləsi bağlanarkən və digər sənədləşmə işləri aparılarkən istinad olunan Fərman qəbul edilmədiyindən xx.xx.2003-cü il tarixli müqavilədə ancaq fərdi yaşayış evinin iddiaçıya satılması qeyd edilmişdir. Lakin, yuxarıda istinad olunan normalardan göründüyü kimi iddia olunan torpaq sahəsi, Nüybar Səmədovaya mülkiyyət hüququ ilə məxsus olmuş və fərdi yaşayış evi ilə birgə faktiki olaraq iddiaçının mülkiyətinə verilmişdir. Yuxarıda qeyd edilmiş işin hallarından göründüyü kimi, Nüybar Səmədovanın torpaq sahəsi üzərində tam mülkiyyət hüququ olduğundan və müqavilədə ayrı qayda nəzərdə tutulmadığından, torpaq sahəsinə münasibətdə iddiaçıya keçmiş mülkiyyət hüququ da tam həcmdə olmuşdur. Torpaq Məcəlləsinin 88-ci maddəsinə 17 aprel 2007-ci il tarixli 315- İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş, 88-ci maddənin 3-cü bəndinin ikinci abzası çıxarılmış, 88-ci maddənin 3-cü bəndinin birinci abzası aşağıdakı yeni redaksiyada verilmişdir:
3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Mülki Məcəllənin 245-ci maddəsində (Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi) qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Göründüyü kimi MM-nin 245-ci və Torpaq Məcəlləsinin 88-ci maddəsində mülkiyyət hüququ ilə bağlı “əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə” və ”torpaq sahəsinin mülkiyyətçisi” ifadələrinin işlədilməsi onu deməyə əsas verir ki, qanunverici, özgəninkiləşdirilən tikiliyə (fərdi yaşayış evinə) mülkiyyət hüququnun əldə edənə keçməsini, həmin torpaq sahəsini özgəninkiləşdirən şəxsin mülkiyyətində olması şərtindən və hüquqların ona məxsus olan həcmindən asılı edir və xüsusi olaraq qeyd edir ki, “bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir”. Göründüyü kimi tikiliyə mülkiyyət hüququ başqa şəxsə keçərkən onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla keçir, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən evə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə evin yerləşdiyi torpaq sahəsinə hüquqlar binanı əldə edənə keçir. Cavabdehin iddiaya qarşı dəlili elektron baza məlumatlarında X9 adına JN-2790 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin qeyd olunması ilə bağlıdır. Lakin, cavabdeh orqan həmin məlumatların hansı sənədə əsasən qeyd edilməsini, o cümlədən müvafiq şəhadətnamənin arxiv nüsxəsini məhkəməyə təqdim edə bilmir. Tədqiq olunmuş sənədlərdən görünür ki, ümumiyyətlə “X10” adlı şəxsin iddia olunan torpaq sahəsinə hər hansı aidiyyəti yoxdur. Buna baxmayaraq, elektron bazada hər hansı hüquqi əsas olmadan sözügedən şəxslə bağlı qeydlərin icra edilməsi iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.11-ci maddəsinə əsasən dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Fərdi yaşayış evinə münasibətdə 1273 inventar nömrəli qeydiyyat vəsiqəsi ilə (84 №-li) sözügedən fərdi yaşayış evinin iddiaçının adına şəxsi mülkiyyət hüququ əsasında qeydə alınması müəyyən edildiyindən, iddiaçı, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair JN-2790 nömrəli Şəhadətnamənin elektron baza məlumatlarının silinməsini və qeyd edilən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə, elektron kadastr baza məlumatlarından X8 adına qeyd olunmuş JN-2790 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə bağlı qeydin silinməsi, İsmayıllı şəhəri Mübariz Orucov küçəsi dalan 2 ev 10a ünvanında (yeni ünvan: ev 167) yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun vahid daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.