Məhkəmə qərarları › İş №2-1(116)-503/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-503/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-503/2023 02.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və üçüncü şəxs X5 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “X2 adına 13 noyabr 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 adına 13 noyabr 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddia ərizəsinin əsaslarına görə, mərhum X2 ünvan 1ində fərdi yaşayış evi olmuşdur. Torpaq islahatı aparıldığı dövrdə, yəni 1996-cı ildə həmin təsərrüfatda X9, X14, İddiaçı1 və İddiaçı2 qeydiyyatda olmaqla orada yaşamışdır. Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarına əsasən mərhum X3 məxsus fərdi yaşayış evinə aid 0,20 ha həyətyanı torpaq sahəsi X9, X14, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətinə verilmişdir və hazırda həmin qərar qüvvədədir. Lakin 13 oktyabr 2009-cu il tarixdə mərhum X2 ünvan 1ində yerləşən fərdi yaşayış evi üzərində hüquqları dövlət qeydiyyatına alınan zaman torpaq sahəsinin yeganə mülkiyyətçisi kimi X9 göstərilmişdir. Aparılan araşdırma əsasında isə məlum olmuşdur ki, mərhum X9 iddiaçıların razılığı və xəbəri olmadan həmin evi və yerləşdiyi 0,20 ha torpaq sahəsini 08 aprel 2010-cu il tarixli bağışlama müqaviləsinə əsasən X10 bağışlamış və sonuncunun həmin əmlak üzərində hüquqları 29 sentyabr 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, MA seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. İddiaçılar hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onların müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********65 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərizə əsasında qeyd olunan məsələnin həlli 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********96 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, ünvan 1i ünvanında 0,20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi 13 noyabr 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X2 adına rəsmiləşdirilmişdir. Daha sonra notariat qaydada təsdiqlənmiş 08 aprel 2010-cu il tarixli, 4Ə-109 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən həmin daşınmaz əmlak X11 hədiyyə edilmiş və həmin əmlak üzərində X6 tam mülkiyyət hüququ 29 sentyabr 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Məlumat üçün bildirilir ki, ləğv edilmiş DTXK tərəfindən idarəyə təqdim edilmiş elektron baza məlumatlarında (DBF siyahılarında) X2 adına hazırlanmış A seriyalı, 197360 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,20 ha torpaq sahəsinə dair X2, X12, X15 və İddiaçı2 İsa qızının adları qeyd olunmuşdur. Bundan sonra, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (3-cü şəxs X16) “mərhum X3 məxsus olmuş ünvan 1ində fərdi yaşayış evinin yerləşdiyi 0,20 ha torpaq sahəsi üzərində mərhum X4, İddiaçı1 və İddiaçı2 ümumibirgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdilər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2-1(84)-817/2019 nömrəli qərardadı ilə iddiaçıların iddia ərizəsi geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 18 saylı Zaqatala Ərazi İdarəsinə və 3-cü şəxs X11 qarşı “X2 adına 13 noyabr 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmiş MH seriyalı, ******* nömrəli çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə etibarsız sayılması, o cümlədən 08 aprel 2010-cu il tarixli, 4Ə-109 reyestr nömrəli bağışlanma müqaviləsinin və 3-cü şəxs X6 adına 29 sentyabr 2011-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmiş MA seriyalı, ******* nömrəli çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Zaqatala rayon Məhkəməsinə müraciət etmişdilər. Zaqatala rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-90/2020 nömrəli qətnaməsi ilə iddiaçıların həmin iddia tələbi rədd edilmişdir. Zaqatala rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-90/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti vermişdilər. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-1094/2020 nömrəli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin olunmamış və Zaqatala rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-90/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-1094/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti vermişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 18 saylı Zaqatala Ərazi İdarəsinə (3-cü şəxs X10) qarşı “A seriyalı, 197360 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində düzəliş edilərək, həmin sənəddə X9 ilə yanaşı, X14, İddiaçı1 və İddiaçı2 da mülkiyyətçi kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdilər. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2- 1(116)-686/2022 nömrəli qərardadı ilə iddiaçıların iddia ərizəsi mümükün sayılmamışdır. Cavabdeh etiraz məktubunda qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-503/2023 nömrəli qərardadı ilə X17 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb olunmuşdur. Üçüncü şəxs xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində hazırkı mübahisəyə xx.xx.2020-ci il tarixdə Zaqatala Rayon Məhkəməsində baxıldığını, iddiaçıların iddiasının rədd olunması barədə qətnamə qəbul edildiyini bildirmiş və hazırkı iddianın rədd olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçıların iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçılar məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişlər. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İddiaçının xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsinə əlavə olunmuş: xx.xx.2022-ci il tarixli, 57 nömrəli arxiv arayışının surətindən görünür ki, Bazar kənd “İşıqlı ulduz” kolxozunun YAİK-nın torpaq payı almaq hüququ olan subyektlərin siyahısında 303, 304, 305 və 306-cı sırada müvafiq olaraq Qurbanov İsa, Qurbanova Səadət, Qurbanov Nəsif və Qurbanov Cəmilənin adları yazılmış, “həyətyanı torpaq” qrafasında “0,20” qeyd olunmuşdur. Cavabdeh tərəfindən tərtib olunmuş arayışın surətindən görünür ki, DTXK-nın təqdim etdiyi elektron məlumatlar bazası və arxiv fonduna əsasən Zaqatala rayonu Bazar kəndində 2002,04 kv.m həyətyanı torpaq sahəsi X9 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş və bununla bağlı A seriyalı 533507 nömrəli plan-ölçü sənədi tərtib olunmuşdur. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********69 nömrəli məktubunun surətində qeyd olunur ki, Ləğv edilmiş DTXK tərəfindən idarəyə təqdim edilmiş elektron baza məlumatlarına (DBF siyahıları) əsasən X2 adına verilmiş A seriyalı, 197360 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 0,20 ha torpaq sahəsi X2, X4, İddiaçı1 və İddiaçı2 ümumibirgə mülkiyyətinə verilmişdir. DBF siyahılarında subyektlərin adları, soyadları və atasının adlarında texniki səhv aşkar edildiyi üçün Zaqatala RlH-nin Çobankol kənd İƏD-nin xx.xx.2019-cu il tarixli, 1150, 1151, 1152 və 1153 nömrəli arayışlarına əsasən düzəliş edilmişdir. Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2016-cı il tarixli, 1151 nömrəli arxiv arayışından görünür ki, Çobankol kənd İƏD-nin 1996-2000-ci illərinin təsərrüfatbaşına kitablarında iddiaçıların ailə üzvləri X9, X14, İddiaçı1 və İddiaçı2 olaraq göstərilmişdir. Fərdi yaşayış evi 1964-cü ildə tikilmiş, həyətyanı torpaq sahəsi 0,20 ha-dır. Elektron baza siyahısının surətindən görünür ki, həmin siyahıda 82-ci sırada X9, X14, İddiaçı1 və İddiaçı2 adları yazılmış, 0,20 ha torpaq sahəsinin olması qeyd olunmuşdur. JN-0082 nömrəli Dövlət Aktının surətindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli, 47/67 nömrəli cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı təyinatlı 1,45 ha torpaq sahəsi X9, X18, X21 və İddiaçı2 ayrılmışdır. İş materiallarında olan: "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********62 nömrəli məktubuna əlavə olunmuş, Zaqatala rayon AİK-nın sədri tərəfindən təsdqi edilmiş subyektlər siyahısının təsdiq olunmuş surətindən görünür ki, həmin siyahıda 82-ci sırada X13, X14, İddiaçı1 və İddiaçı2 adları yazılmış, “qanuni istifadədə olan həyətyanı sahə” qrafasında “0,20” qeyd olunmuşdur. Cavabdehin etiraz məktubuna əlavə olunmuş MH seriyalı ******* nömrəli,xx.xx.2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayon Bazar kəndində mülkiyyətində olan 0,20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır. Çobankol kənd İƏD-nin xx.xx.2009-cu il tarixli, 1280 nömrəli arayışının təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Bazar kənd ərazi nümayəndəliyinin 12 nömrəli təsərrüfatbaşına kitabının 959-cu səhifəsində X2 adına 1964-cü ildə tikilmiş fərdi yaşayış evi və 0,20 ha həyətyanı torpaq sahəsi vardır. A seriyalı 197360 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə 2000 kv.m həyətyanı torpaq sahəsi X3 ayrılmışdır. İş üzrə üçüncü şəxs tərəfindən təqdim olunmuş: xx.xx.2010-cu il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X1 rayonu Bazar kəndində mülkiyyətində olan 0,20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini X10 bağışlamışdır. Çobankol İƏD nümayəndəliyin xx.xx.2010-cu il tarixli, 296 nömrəli arayışının surətindən görünür ki, nümayəndəliyin 11 saylı təsərrüfatbaşına kitabının 71-ci səhifəsindəki qeydlərə əsasən Bazar kənd sakini X3 məxsus təsərrüfatda 1964-cü ildə tikilmiş fərdi yaşayış evində X9 və X7 adları qeyd olunmuşdur. xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1ində olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,20 ha torpaq sahəsi iş üzrə üçüncü şəxs X5 xüsusi mülkiyyətindədir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia mübahisəli çıxarışda qeyd edilən fərdi yaşayış evinə münasibətdə əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən göründüyü kimi iddiaçıların adı 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitablarında, həmçinin subyektlər siyahısında qeyd edildiyi halda, torpaq sahəsi barədə mülkiyyət hüququna dair qeydiyyat aparılarkən və həmin qeydiyyat əsasında çıxarış rəsmiləşdirilərkən iddiaçıların məlumatları daxil edilməmiş, torpaq sahəsinin mülkiyyətçisi olaraq yalnız X2 adı qeyd olunmuşdur. Bununla da iddiaçıların mülkiyyət hüququ pozulmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə X2 adına 13 noyabr 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X2 adına 13 noyabr 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar