Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-504/2023 04.04.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona təyin edilmiş yaşa görə müavinətin xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş yaşa görə müavinətin xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, xx.xx.2019-cu il tarixdə iddiaçıya yaşa görə müavinət təyin edilmişdir. Lakin həmin müavinət daha sonradan, yəni xx.xx.2022-ci il tarixdə dayandırılmış və bu hal, onun vergi ödəyicisi kimi qeydiyyatda olması ilə əsaslandırılmağa çalışılmışdır. Halbuki, iddiaçı vergi ödəyicisi kimi qeydiyyatdan keçsə də, heç bir fəaliyyətlə məşğul olmamış və həmin VÖEN xx.xx.2020-ci il tarixdə deaktiv etmişdir. Heç bir fəaliyyətlə məşğul olmaması və xx.xx.2020-ci il tarixdə vergi uçotundan çıxması ilə bağlı sənədləri cavabdeh inzibati orqana təqdim etməsinə baxmayaraq sonuncu öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********5 nömrəli imtina məktubunda qeyd etmişdir ki, xidməti yoxlama zamanı məlum olmuşdur ki, xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN: **********) olduğu halda xx.xx.2020-ci il tarixinədək qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinin tələbləri pozularaq iddiaçıya xx.xx.2019-cu il tarixindən yaşa görə sosial müavinət təyin edilib. Bu səbəbdən ona təyin edilən yaşa görə sosial müavinətin ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Nəticədə xx.xx.2019cu il tarixindən xx.xx.2022-ci il tarixinədək 5263.00 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Müraciətlə əlaqədar olaraq bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsindən vergi uçotunun ləğv edilməsi haqqında rəsmi arayış təqdim etməsinə baxmayaraq, qadınların yaşa görə müavinət hüququ xx.xx.2022-ci tarixindən 63 yaş müəyyən edildiyindən və beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi qanunveriliciyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********4 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı ünvanlanmış imtina məktubunda "Sosial müavinətlər haqqında” Qanunun 7.0.2-ci maddəsinə müvafiq olaraq yaşa görə sosial müavinət ödənişinin bərpa edilməsi üçün qanunla tələb edilən şəxs 62 yaşına çatdıqda və işləmədikdə tələbləri ödənilmədiyindən İddiaçı xx.xx.2019-cu il tarixdə təyin edilmiş yaşa görə sosial müavinət ödənişinin bərpa edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Belə ki, iş materillarma əsasən İddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. İddiaçıya müraciətinə əsasən xx.xx.2019-cu il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə müvafiq olaraq əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə müvafiq olaraq yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Yuxanda qeyd edilən maddələrin məzmunundan aydın olur ki, şəxsə yasa görə sosial müavinət təyin edilməsi üçün onun həm yaşa görə pensiya hüququ yaranmamalı, həm də işləməməlidir. İddiaçı aktiv vergi ödəyicisi kimi vergi orqanında xx.xx.2017- xx.xx.2020-ci il tarixlərdə qeydiyyatda olması onu işsiz və işaxtaran statusundan məhrum etdiyi kimi aktiv vergi ödəyicisi olması səbəbiylə məcburi dövlət sosial sığortasına cəlb edilməsi onun sahibkarlıq və ya digər gəlirli əmək fəaliyyəti ilə məşğul olduğu anlamına gəlir. Qeyd etmək lazımdır ki, İddiaçı xx.xx.2017-ci ildən, xx.xx.2020-ci il tarixədək aktiv vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olduğundan ona xx.xx.2019-cu il tarixdə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyasına əsasən 3 və daha artıq uşağı doğub 8 yaşınadək tərbiyə etdiyi və 57 yaşına çatdığı üçün təyin edilmiş yaşa görə sosial müavinət ödənişi xx.xx.2022-ci il tarixdə dayandırılmışdır. İddiaçı hal-hazırda yaşa görə sosial müavinət hüququnun mövcud olub-olmadığına nəzər salsaq, “Sosial müavinətlər haqqında”Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə xx.xx.2019-cu il tarixdə edilən dəyişikliyi nəzərə alaraq ona yaşa görə sosial müavinət təyin edilməsi üçün iddiaçı 62 yaşa çatmalı və əmək fəaliyyəti ilə məşğul olmamalıdır. İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olduğundan ona yaşa görə sosial müavinət təyin edilməsi qanunvericiliyin tələblərinə müvafiq deyildir. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2-ci maddəsinin tələblərinə müvafiq olaraq yaşa görə sosial müavinət təyin edilməsi üçün qanunun 62 yaşına çatmış və əmək fəaliyyəti ilə məşğul olmadıqda tələbləri ödənilmədiyindən iddia tələbi təmin edilməməlidir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********112800 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı təqdim etdiyi “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə”sinə əsasən xx.xx.2020-ci il tarixdən vergi uçotundan çıxarılıb və ona verilmiş VÖEN vergi ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilmişdir. Hal hazırda vergi uçotunda deyil. 13 saylı Ərazi Vergilər İdarəsinin Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialına ünvanladığı xx.xx.2022-ci il tarixli, **********863700 nömrəli məktubunda qeyd olunur ki, müraciətdə adı qeyd edilən İddiaçı (VÖEN **********) xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsinə 15,00 manat (on beş manat) vergi ödənişinin dövlət büdcəsinə ödənilməsini təmin etmişdir və vergi orqanına təqdim etdiyi müvafiq ərizəyə əsasən xx.xx.2020-ci il tarixdən uçotdan çıxarılmışdır. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 149-cu maddəsinin Vİİİ hissəsinə əsasən normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 21.1-ci maddəsinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 28-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 46.3-cü maddəsinə görə maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. 64-cü maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qanunun 1.0.2-ci maddəsinin xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyasına əsasən, bu Qanunun məqsədləri üçün əmək qabiliyyəti olmayan şəxslər dedikdə əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları başa düşülür. Normaların tələbindən də göründüyü kimi, iddiaçıya münasibətdə həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə müvafiq olaraq xx.xx.2019-cu il tarixdən yaşa görə müavinət təyin edilmiş və xx.xx.2022-ci il tarixədək ödəniş həyata keçirilmişdir. Lakin cavabdeh tərəfindən ödənişlərin həyata keçirilməsi göstərilən tarixdən dayandırılmış, cavabdeh öz mövqeyini iddiaçının xx.xx.2017-ci ildən xx.xx.2020-ci il tarixədək aktiv vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olması ilə əsaslandırmağa çalışmışdır. Halbu ki, iddiaçıya yaşa görə sosial müavinətin təyin edildiyi xx.xx.2019-cu il tarixdə o, artıq vergi uçotunda olmuş, həmçinin vergi uçotundan çıxarışdığı xx.xx.2020-ci il tarixədək olan dövrdə ona münasibətdə ödənişlər həyata keçirilmiş və ödənişlərin dayandırıldığı xx.xx.2022-ci il tarixədək olan dövrdə sosial müavinətin dayandırılması ilə bağlı heç bir tədbir görülməmişdir. Bununla yanaşı məhkəmə tərəfindən iş materiallarında olan sənədlərin və cavabdeh tərəfindən aparılmış inzibati icraat materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində 15 (on beş) manat vergi ödənişinin dövlət büdcəsinə ödənilməsini təmin etmişdir və vergi orqanına təqdim etdiyi müvafiq ərizəyə əsasən xx.xx.2020-ci il tarixdən uçotdan çıxarılmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı qeyd olunan dövrdə aktiv sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Həmçinin adına VÖEN açıldıqdan bir il altı aydan artıq müddət keçdikdən sonra ona yaşa görə sosial müavinət təyin edilmiş, VÖENin aktiv olduğu müddət ərzində cavabdeh tərəfindən iddiaçının dahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sübutlar müəyyən edilməmişdir. Müavinətin dayandırılması zamanı aparılmış icraat zamanı iddiaçının iştirakı təmin olunmamışdır. Həmçinin məhkəmə araşdırması ilə iddiaçıya münasibətdə təyin edilmiş sosial müavinətin dayandırılması barədə cavabdeh tərəfindən qəbul edilmiş hər-hansı qərar aşkar edilməmiş, cavabdehin nümayəndəsi məhkəmənin sorğusuna cavab olaraq belə bir qərarın tərəflərindən aşkar olunmadığını bildirmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, müavinətin ödənişinin dayandırılması zamanı cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olması, inzibati icraatın hansı qaydada aparılması göstərilməmiş, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakı təmin olunmamış, eyni zamanda onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsinin aydınlaşdırılması həyata keçirilməmişdir. Aparılan icraat “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olmamışdır. Belə ki, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan faktiki hərəkətlər etməklə müavinəti dayandıra bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-445/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarında (31-33-cü bəndlər) da göstərilən mövqedən çıxış etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehin imtinasını əsassız olmuşdur, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı təyin edilmiş yaşa görə müavinətin xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyi qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-504/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-504/2023
04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver