Məhkəmə qərarları › İş №2-1(116)-505/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-505/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-505/2021 23.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən verilmiş 17.07.2019-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair A № 401723 dövlət sənədində “Torpaq sahəsinin kadastr göstəriciləri – Torpaq sahəsinin qaiməsi (sertifikatı) hissəsində “örüş” sözünün “əkin” sözü ilə əvəzlənərək düzəliş edilməsi, cavabdehin həmin səhvi nəticəsində ödədiyi dövlət rüsumu və çəkilən digər hüquqi yardım xərclərinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 17.07.2019-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair A № 401723 dövlət sənədində “Torpaq sahəsinin kadastr göstəriciləri – Torpaq sahəsinin qaiməsi (sertifikatı) hissəsində “örüş” sözünün “əkin” sözü ilə əvəzlənərək düzəliş edilməsi, cavabdehin həmin səhvi nəticəsində ödədiyi dövlət rüsumu və çəkilən digər hüquqi yardım xərclərinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin verdiyi 16.03.2010-cu il tarixli MA ******* saylı Çıxarışa əsasən, Oğuz rayonu Muxas kəndində yerləşən Oğuz rayon Muxas Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsini 21 may 2010-cu il tarixli Oğuz rayon torpaq hərrac və müsabiqə komissiyasının 06 saylı protokoluna əsasən, müsabiqədə qalıb gələrək, 49 (qırx doqquz) il müddətinə, 20 (iyirmi) hektar torpaq sahəsini hektarına 12 (on iki) manat ödəmək şərti ilə icarəyə götürmüşdür. İddiaçı 49 (qırx doqquz) il müddətinə icarəyə verilmiş Oğuz rayonu Muxas kəndində yerləşən 20 (iyirmi) hektar torpaq sahəsinə dair Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA № ******* saylı 16.03.2010-cu il tarixli çıxarışında və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin Qəbələ Ərazi İdarəsi tərəfindən 16.03.2010-cu il tarixdə verilmiş № AA 006966 saylı (Reyestr nömrəsi **********71) “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu və məqsədli istifadə növü isə “əkin” olaraq qeyd edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən sonuncu dəfə 17.07.2019-cu il tarixli “Torpaq sahəsinin plan və ölcüsü“nə dair A № 401723 dövlət sənədi verilərkən, qeyd olunan torpaq sənədinin “Torpaq sahəsinin kadastr göstəriciləri - Torpaq sahəsinin qaiməsi (sertifikatı)” hissəsində qanunsuzluq edilərək, “əkin“ sözünün yerinə “oruş” sözü yazılmışdır. Bununla da cavabdeh orqanın dövlət torpaq sənədində etdiyi bu yalnışlığa görə iddiaçı 2019-cu ildə 20 (iyirmi) hektar torpaq sahəsində kənd təsərrüfatı məhsulları - dənli bitkilər (buğda və arpa) əkdiyinə baxmayaraq Dövlət tərəfindən ayrılmış subsidiyanı ala bilməmişdir. Beləliklə iddiaçı hesab edir ki, onun qanunla müəyyən olunmuş hüquqları kobud surətdə pozulmuş və ona maddi və mənəvi ziyan dəymişdir. İddiaçı torpaq sahəsinin məqsədli istifadə növünün dəyişdirilməsi məsələsinin araşdırılması məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 18.12.2020-ci il tarixli, **********32 nömrəli imtina məktubunda qeyd etmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, Oğuz rayonu Muxas bələdiyyəsinin adına 20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 16.03.2010-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan zaman verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin məqsədli istifadə növü texniki səhv olaraq əkin sahəsi kimi göstərilmişdir. Həmçinin, sözügedən torpaq sahəsinin elektron kadastr məlumat bazasında kənd təsərrüfatı təyinatlı örüş sahəsi kimi qeyd olunması məlum olmuşdur. Bildirilir ki, Oğuz rayonu Muxas bələdiyyəsindən iddiaçının icarəyə götürdüyü həmin 20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində 17.07.2019-cu il tarixində icarə hüququnun qeydiyyatının aparılması zamanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhv aradan qaldırılmışdır. Belə ki, torpaq sahəsinin planı və ölçüsü sənədində dəyişiklik edilərək torpaq sahəsinin məqsədli istifadə növü elektron kadastr məlumat bazasına və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 04.03.2010-cu il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə uyğun olaraq örüş sahəsi kimi qeyd edilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Cavabdehin etirazının dəlilləri: Cavabdeh orqan məhkəməyə ünvanladığı 03.03.2021-ci il tarixli, **********73 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, təqdim edilən, Ərazi İdarəsinin arxivində saxlanılan və elektron baza məlumatları araşdırılan zamanı məlum olmuşdur ki, Oğuz rayonunun Muxas bələdiyyəsi 20 ha bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınması barədə 16.03.2010-cu il tarixli ********** nömrəli qeydiyyat nömrəsi ilə qeydiyyat üçün tələb olunan sənədləri təqdim etməklə Ərazi idarəsinə müraciət etmişdir. Ərazi idarəsi tərəfindən Bələdiyyənin 20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılaraq bələdiyyəyə 16.03.2010-cu il tarixli **********71 nömrəli reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünü verilmişdir. Verilmiş torpaq sahəsinin planı və ölçüsündə torpaq sahəsinin məqsədli istifadə növü texniki səhv olaraq əkin göstərilmişdir. Belə ki, torpaq sahəsinin planı və ölçüsündə torpaq sahəsinin məqsədli istifadə növü texniki səhv olaraq əkin qeyd edilsə də, elektron baza (DVG) məlumatlarında heç bir dəyişiklik edilməyib və həmin torpaq sahəsi bazada kənd təsərrüfatı təyinatlı, uqodiyası örüş kimi qeyd edilmişdir. İddiaçı 2019-cu ildə Ərazi İdarəsinə Muxas bələdiyyəsindən icarəyə götürdüyü 20 ha torpaq sahəsinə icarə hüquqlarının dövlət qeydiyyatına alınması barədə müraciət etmişdir. Vətəndaşın 17.07.2019-cu il tarixli ********** qeydiyyat nömrəli müraciəti Ərazi İdarəsi tərəfindən icra olunaraq vətəndaşa **********71 nömrəli reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Yeni tərtib olunan torpaq sahəsinin planı və ölçüsündə torpaq sahəsinin sertifikatı tərtib olunub və torpaq sahəsinin təyinatı barədə məlumat nəzərdə tutulur. Ona görə də ərazi idarəsində mövcud olan elektron kadastr məlumatlarına əsasən icarəyə verilən torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı örüş uqodiyası olduğu müəyyənləşdirilərək torpaq sahəsinin sertifikatında örüş uqodiyasına aid olduğu qeyd edilmişdir. Həmçinin Ləğv edilmiş DT və XK-nin Oğuz rayon şöbəsi tərəfindən tərtib edilmiş A 254075 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin sertifikat hissəsində də həmin torpaq sahəsinin uqodiyasının örüş olduğu qeyd olunmuşdur. Qeyd olunan 20 ha torpaq sahəsinə dair mülkiyyət və icarə hüququna dair reyestrdən çıxarışlarda torpaq sahəsinin təyinatının dəyişdirilməsi barədə heç bir qeyd aparılmamışdır. Torpaq sahəsinin təyinatının dəyişdirilməsi Azərbaycan Respublikasının “Torpaq məcəlləsi” nin 9-cu maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinin vəsatəti əsasında aparılır və İddiaçı qeyd olunan məsələ ilə əlaqədar Muxas bələdiyyəsinə müraciət etməlidir. Bildirilir ki, torpaq sahəsinin məqsədli istifadə növü Ərazi İdarəsinin mütəxəssisinin müdaxiləsi əsasında yox, elektron baza məlumatlarına əsaslanaraq müəyyənləşdirilmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Eyni zamanda bildirilir ki, mübahisəli torpaq sahəsinin sahəsi 20 hektardır. Torpaq sahəsinin təyinatı kənd təsərrüfatı uqodiyası örüşdür. Torpaq sahəsinin mülkiyyətçisi Oğuz rayonun Muxas bələdiyyəsidir. İstifadəçisi İddiaçıdur. Torpaq sahəsi faktiki olaraq əkin kimi istifadə olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Oğuz rayon Muxas bələdiyyəsinin 25.12.2009-cu il tarixli 12 saylı iclasında bələdiyyə mülkiyyətinə aid 20 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsulları istehsal etmək üçün uzun müddətli icarəyə verilməsi barədə hərrac və ya açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması qərara alınmışdır. Bununla bağlı Oğuz RİH və DTXK Oğuz rayon şöbəsinin müvafiq rəyləri alınmışdır. A seriyalı 254075 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədində Muxas bələdiyyəsinin 25.12.2009-cu il tarixli 12 saylı qərarı ilə 200000 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı məqsədli torpaq sahəsinin hərraca çıxarılması üçün bələdiyyənin mülkiyyətinə verildiyi qeyd edilmişdir. A seriyalı 254075 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi X4 kitabında 04.03.2010-cu il tarixdə 006 nömrəli ilə uçota alınmışdır. Həmin sənəddə “torpaq sahəsinin qaiməsi (sertifikatı)” cədvəlində 20 ha torpaq sahəsi “örüş” kimi qeyd edilmişdir. Bundan sonra AA seriyalı 006966 nömrəli 16.03.2010-cu il tarixli “torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Həmin sənəddə torpaq sahəsinin bələdiyyə mülkiyyəti olması və uqodiyasının “əkin” olması qeyd edilmişdir. Torpaq sahəsinə dair həmçinin 16.03.2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarış tərtib edilmişdir. Muxas bələdiyyəsinin mülkiyyətində olan 20 ha torpaq sahəsi 21.05.2010-cu il tarixdə keçirilmiş açıq torpaq hərracının nəticələrinə uyğun olaraq 49 il müddətinə iddiaçının istifadəsinə verilmişdir. Bununla bağlı 27.05.2010-cu il tarixdə şəhadətnamə tərtib edilərək iddiaçıya verilmişdir. İş materiallarında olan 17.07.2019-cu il tarixli A seriyalı 401723 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədində 20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçının istifadəsinə verildiyi, mülkiyyətçisinin Muxas bələdiyyəsi olması qeyd edilmişdir. Həmçinin sənəddə “torpaq sahəsinin qaiməsi (sertifikatı) hissəsində cədvəldə 20 ha torpaq sahəsinin uqodiyasının “örüş” olması qeyd edilmişdir. Həmçinin 20 ha torpaq sahəsinin iddiaçının icarəsində olması ilə bağlı 17.07.2019-cu il tarixli çıxarış tərtib edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 28.04.2021-ci il tarixli, **********50 nömrəli məktubunda əlavə edilən mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, iddiaçının sənəd üzrə 20.0 ha olsa da faktiki istifadə etdiyi torpaq sahəsi 24.62 ha olmaqla sənəd üzrə olan cizgilərlə faktiki istifadə vəziyyətində konfiqurasiya fərqi vardır. Hal-hazırda torpaq sahəsi əkin kimi istifadə olunur. Faktiki istifadə olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları tərtib edilmiş sxem 1-də göstərilmişdir. İddiaçının sənəd üzrə olan torpaq sahəsi Oğuz rayonu Muxas kəndinin DWG faylına (özəlləşdirilmiş torpaqların kompleks yerquruluşu layihəsində) əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla 1.43 ha hissəsi ictimai tikili, 5.39 ha hissəsi qamışlıq, 7.46 ha hissəsi örüş və 5.72 ha hissəsi kolluq ərazisində yerləşir. Sənəd üzrə olan torpaq sahəsinin xəritə materiallarında yerləşmə sxemi sxem 2-də göstərilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. “X4ı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən X4ının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları.( 9-cu maddə). kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.(12-ci maddəsinin 2-ci bəndi). kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.(12-ci maddəsinin 3-cü bəndi). Bir neçə kateqoriyaya aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər mövcuddur. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Torpaq Məcəlləsinin 12-ci maddəsinin 4-cü hissəsinə görə kənd təsərrüfatı təyinatlı torpaqların digər kateqoriyaya keçirilməsinə müstəsna hallarda, yalnız müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir. Kənd təsərrüfatı təyinatlı torpaqlar digər kateqoriyaya keçirildikdə, bu barədə qəbul edilən qərarda bunun səbəbləri, zəruriliyi, müstəsnalığı ətraflı əsaslandırılmalıdır. Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 04.08.1999-cu il tarixli, 176 saylı sərəncamına əsasən, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanına uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi nəzərdə tutulub ki, bunun da məqsədlərindən biri torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir. Həmin Fərmanın 6.2-ci bəndinə müvafiq olaraq, “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı prosesinin təkmilləşdirilməsi, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların təyinatına uyğun istifadə edilməsi sahəsində işin təkmilləşdirilməsi məqsədləri daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Qanuna müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Hazırkı halda isə iddiaçının həm faktiki, həm də sənəd üzrə istifadəsində olan və faktiki olaraq “Torpaq sahəsinin kadastr göstəriciləri – Torpaq sahəsinin qaiməsi (sertifikatı) hissəsində “örüş” sözünün “əkin“sözü ilə əvəzlənərək düzəliş edilməsinə nail olmaq istədiyi torpaq sahəsinin təyinatı kənd təsərrüfatı, uqodiyası örüş olmaqla Muxas Bələdiyyəsinin mülkiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. İddiaçının müraciətinin təmin olunmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən verilmiş 17.07.2019-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair A № 401723 dövlət sənədində “Torpaq sahəsinin kadastr göstəriciləri – Torpaq sahəsinin qaiməsi (sertifikatı) hissəsində “örüş” sözünün “əkin“ sözü ilə əvəzlənərək düzəliş edilməsi, cavabdehin həmin səhvi nəticəsində ödədiyi dövlət rüsumu və çəkilən digər hüquqi yardım xərclərinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Məhkəmə xərci iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 503 manat 34 qəpik İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X3 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.“ Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar