Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-505/2022 23.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinə qarşı "xx.xx.1945-ci il tarixli 76 nömrəli qeydin düzəldilməsi və doğum tarixinin xx.xx.1952-ci il qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Gəncə şəhərində anadan olmuş və hazırda Mingəçevir şəhərində yaşayır. Onun doğulduğu vaxt soyadı Mədətova olmuşdur. X3 xx.xx.1945-ci ildə doğulması ilə əlaqədar Gəncə Şəhər Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1945-ci ildə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 75 nömrəli qeyd aparılmışdır. Həmin "Doğum aktı qeydi"ndə onun atası X8 50 yaşının, anası X5 35 yaşının olması, doğumu təsdiq edən sənəd kimi xx.xx.1945-ci il tarixli arayış göstərilmişdir. X9 1963/1964-cü tədris ilində Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin Xİ (on birinci) sinfində oxumuş və xx.xx.1964-cü il tarixli 59 nömrəli əmrə əsasən məktəbin Xİ sinfini bitirmişdir. Bundan sonra o, 1965/1966-cı tədris ilində Bakı Kooperativ Texnikumunun əyani təhsil forması üzrə mühasibat şöbəsinə (əmr № 185, xx.xx.1965-ci il) qəbul olunmuş, həmin Texnikumu bitirərək dövlət imtahan komissiyasının (əmr № 98, xx.xx.1967-ci il) qərarı ilə "Mühasibat" ixtisası üzrə tam kursu xx.xx.1967-ci ildə bitirmişdir. X9 xx.xx.1978-ci ildə X6 ilə nikaha daxil olmuş, İbrahimova soyadını qəbul etmiş və bununla əlaqədar Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1978-ci il tarixli 307 nömrəli "Nikahın bağlanması haqqında akt qeydi" tərtib edilmişdir. Həmin akt qeydində X3 doğum tarixi xx.xx.1952-ci il göstərilmişdir. İddiaçı adına xx.xx.2005-ci ildə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsində onun xx.xx.1952-ci ildə doğulduğu göstərilmişdir. İddiaçının atası X12 xx.xx.1966-cı ildə vəfat etmiş, bununla bağlı tərtib edilmiş xx.xx.1966-cı il tarixli 242 nömrəli ölüm haqqında akt qeydində mərhumun təvəllüdünün 1895-ci il olması göstərilmişdir. İddiaçının anası X10 xx.xx.1994-cü ildə vəfat etmiş, bununla bağlı tərtib edilmiş xx.xx.1994-cü il tarixli 336 nömrəli ölüm haqqında akt qeydində mərhumun yaşının 84 olması göstərilmişdir. İddiaçı cavabdeh Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.1952-ci ildə Gəncə şəhərində doğulduğunu, doğum tarixinin doğum haqqında şəhadətnaməsində səhvən xx.xx.1945-ci il kimi, qalan bütün sənədlərində isə xx.xx.1952-ci il kimi qeyd olunduğunu bildirmiş və xx.xx.1945-ci il tarixli 76 nömrəli qeydin düzəldilərək doğum tarixinin xx.xx.1952-ci il kimi qeyd olunmasını xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2021-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, doğum akt qeydində düzəlişin aparılması üçün məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1952-ci ildə Gəncə şəhərində anadan olmuş, lakin "Doğum haqqında şəhadətnamə"də onun doğum tarixi düzgün qeyd olunmamışdır. Ona aid bütün sənədlərdə doğum tarixi xx.xx.1959-cu il kimi qeyd olunmuşdur. Cavabdeh iddiaya qarşı xx.xx.2022-ci il tarixli yazılı münasibətində imtina məktubunun dəlillərinə istinad etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan xx.xx.1945-ci il tarixli 75 nömrəli "Doğum aktı qeydi"nin surətindən görünür ki, X9 xx.xx.1945-ci ildə doğulmuş, onun atası X8 50 yaşı, anası X5 35 yaşı vardır və doğumu təsdiq edən sənəd xx.xx.1945-ci il tarixli arayışdır. - İşdə olan Yevlax şəhəri S.Əliyev adına 1 nömrəli tam orta məktəbin xx.xx.2022ci il tarixli 649 nömrəli arayışından görünür ki, X9 1963/1964-cü tədris ilində Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin Xİ (on birinci) sinfində oxumuş və xx.xx.1964-cü il tarixli 59 nömrəli əmrə əsasən məktəbin Xİ sinfini bitirmişdir. - İşdə olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı "Azərittifaq"ın xx.xx.2022-ci il tarixli AAŞ-23/26 nömrəli arayışında göstərilmişdir ki, X9 1965/1966-cı tədris ilində Bakı Kooperativ Texnikumunun əyani təhsil forması üzrə mühasibat şöbəsinə (əmr № 185, xx.xx.1965-ci il) qəbul olunmuş, həmin Texnikumu bitirərək dövlət imtahan komissiyasının (əmr № 98, xx.xx.1967-ci il) qərarı ilə "Mühasibat" ixtisası üzrə tam kursu xx.xx.1967-ci ildə bitirmişdir. - İşdə olan xx.xx.1978-ci il tarixli 307 nömrəli "Nikahın bağlanması haqqında akt qeydi"nin surətindən görünür ki, X1 Mahir Hidayət oğlu ilə nikaha daxil olaraq İbrahimova soyadını qəbul etmişdir və X3 doğum tarixi xx.xx.1952-ci ildir. - İşdə olan, İddiaçı adına xx.xx.2005-ci ildə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1952-ci ildə doğulmuşdur. - İşdə olan xx.xx.1966-cı il tarixli 242 nömrəli "Ölüm haqqında akt qeydi"nin surətindən görünür ki, iddiaçının atası X12 xx.xx.1966-cı ildə vəfat etmişdir və mərhumun təvəllüdü 1895-ci ildir. - İşdə olan xx.xx.1994-cü il tarixli 336 nömrəli "Ölüm haqqında akt qeydi"nin surətindən görünür ki, iddiaçının anası X10 xx.xx.1994-cü ildə vəfat etmişdir və mərhumun yaşı 84-dür. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsində deyilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Müəyyən edildi ki, iddiaçının mübahisələndirdiyi xx.xx.1945-ci il tarixli "Doğum aktı qeydi"nin nömrəsi 75 olsa da, o, iddia ərizəsinə bunu 76 kimi qeyd etmişdir. Eyni zamanda, o, ərizələrində xx.xx.1952-ci ildə doğulduğunu və doğum aktı qeydində məhz bu tarixin yazılmalı olduğu bildirsə də, iddia ərizəsinin nəticəvi hissəsində bu tarixi xx.xx.1952-ci il kimi qeyd etmişdir. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığına, iddiaçının əsl tələbinin nədən ibarət olması tam aydın olduğuna və iddianın mümkünlüyünü istisna edən hal mövcud olmadığına görə iddianı mümkün hesab etdi. Lakin aşağıdakı hallara görə iddia əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar"ın 1-ci bəndində deyilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas Müddəaların 3-cü bəndində deyilir ki, vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər edilir. Sadalanan normalardan göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən sənədlər mövcud olduqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldilməli və ona dəyişikliklər edilməlidir. İşdən görünür ki, İddiaçı "Doğum aktı qeydi"ndə doğum tarixi xx.xx.1945-ci il, "Nikahın bağlanması haqqında akt qeydi"ndə və şəxsiyyət vəsiqəsində isə xx.xx.1952ci il kimi göstərilmişdir. İddiaçı hazırkı iddiasını əslində xx.xx.1952-ci ildə doğulması ilə əsaslandırır. Lakin müəyyən edildi ki, onun xx.xx.1952-ci ildə doğulmasını təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının şəxsiyyət vəsiqəsi və "Nikahın bağlanması haqqında akt qeydi" xronoloji ardıcıllığa görə doğumun qeydə alınmasından sonra tərtib edildiyindən həmin sənədlərdəki məlumatlar doğum aktı qeydinə daxil edilə bilməz. Əksinə, həm şəxsiyyət vəsiqəsi, həm də "Nikahın bağlanması haqqında akt qeydi" doğum aktı qeydindəki məlumatlar əsasında tərtib edilməlidir. Bundan başqa, işdə olan Yevlax şəhəri S.Əliyev adına 1 nömrəli tam orta məktəbin və Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı "Azərittifaq"ın arayışları ilə təsdiq olunur ki, iddiaçı xx.xx.1964-cü ildə orta məktəbin Xİ sinfini bitirmiş və xx.xx.1965-ci ildə Bakı Kooperativ Texnikumuna qəbul olunmuşdur. İddiaçının iddia etdiyi kimi xx.xx.1952-ci ildə doğulduğuna inansaq, sadə riyazi hesablama apardıqda onun 11 yaşında orta məktəbi bitirdiyi və hətta texnikuma qəbul olunduğu məlum olar. Bu isə ağlabatan deyil. Məhkəmənin xx.xx.2022-ci il və təkrarən xx.xx.2022-ci il tarixli məktubları ilə bu məsələ ilə bağlı məhkəməyə yazılı izah təqdim etməsi iddiaçıya təklif edilsə də, o, məktublara cavab verməmişdir. Bundan əlavə, iddiaçının valideynlərinin adına tərtib edilmiş "Ölüm haqqında akt qeyd"lərindən görünür ki, onun atasının təvəllüdü 1895-ci il olmuş, anası isə 1994-cü ildə 84 yaşında ölmüşdür. Deməli, iddiaçının anasının təvəllüdü 1910-cu il olmuşdur. İddiaçının adına olan xx.xx.1945-ci il tarixli 75 nömrəli "Doğum aktı qeydi"ndə onun doğulduğu vaxt atasının 50, anasının isə 35 yaşının olduğu göstərilmişdir. Hesabladıqda məlum olur ki, iddiaçının atasının 50 yaşı, anasının isə 35 yaşı məhz 1945-ci ildə olmuşdur. Deməli, iddiaçı özünün dediyi kimi, 1952-ci ildə deyil, məhz "Doğum aktı qeydi"ndə göstərildiyi kimi, 1945-ci ildə doğulmuşdur. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçının "Doğum aktı qeydi"ndə göstərilmiş doğum tarixi düzgündür və həmin məlumatın qeyri-düzgün olması barədə heç bir sübut yoxdur. Ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinə qarşı "xx.xx.1945-ci il tarixli 76 nömrəli qeydin düzəldilməsi və doğum tarixinin xx.xx.1952-ci il qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-505/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-505/2022
23.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver