Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-505/2023 16.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh DSMF PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edildiyi vaxtdan hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala regional filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edildiyi vaxtdan hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı cavabdeh orqanı dəqiqləşdirərək DSMF PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qeyd etmiş və müvafiq öhdəliyin həmin inzibati orqan üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-2409/2022 nömrəli qərardadı ilə iddia ərizəsinin dəyişdirilməsi barədə icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli inzibati işin şifahi məhkəmə baxışı iclasında iddiaçı növbəti dəfə tələbini dəqiqləşdirərək “pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edildiyi vaxtdan hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı, xx.xx.1955-ci ildə Zaqatala rayonunun Mazıx kəndində anadan olmuş, əmək fəaliyyətinə 1972-ci ildə başlamışdır. Belə ki, 1972-1974-cü illərdə “Şəfəq” kolxozunda kolxozçu kimi çalışmış, 05.1974-cü ildən 05.1976-cı ilədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, 1977-1979-cu illərdə Şəfəq kolxozunda kolxozçu, 1980-1982-ci, 1983-1985-ci, 1986-1990-cı illərdə Zaqatala əhəng sexində fəhlə işləmişdir. 1991-ci ilin yanvar ayından xx.xx.1992-ci ilə kimi keçmiş “Şəfəq” kolxozunda kolxozçu, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilə kimi başqa təşkilatda, 1994-cü ildə kolxozçu, 1995-ci ildə, həmçinin 1996-2000-ci illərdə keçmiş “Şəfəq" kolxozunda təftiş komissiyasının sədri vəzifəsində işləmişdir. Cavabdeh orqana pensiya hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etsə də, müraciətinə müsbət cavab ala bilməmişdir. Hesab edirəm ki, cavabdehin imtinası əsassızdır. Onun ümumilikdə əmək stajı 25 ildən artıqdır. Cavabdeh orqan imtinasında qeyd etmişdir ki, onun 1976-1979, 1983-1985 və 1991-2000-ci illərdə Şəfəq kolxozunda, habelə 1980-1982, 1986-1990-cı illərdə Zaqatala Əhəng sexinin maliyyə uçot sənədləri Zaqatala rayon Dövlət Arxivinə təhvil verilməyib. Həmin sənədlərin arxivə təhvil verilməməsi onun günahı deyil. Eyni zamanda Zaqatala rayon X4 Hissəsinin xx.xx.2022-ci il tarixli arayışında xx.xx.1997-ci il tarixdə Zaqatala rayonunun Mazıx kəndində yerləşən “Şəfəq” kolxozunun inzibati binasında yanğın hadisəsinin baş verdiyi qeyd olunmudur. Həmin səbəbdən müvafiq sənədlərin arxivə təhvil verilməməsi anlaşılandır. Onun əmək stajının tamlığı Zaqatala rayon Dövlət Arxivinin arayışı ilə də sübut olunur. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı ərizə ilə xx.xx.2022ci il tarixində inzibati orqana müraciət etmiş, lakin iddiaçıya xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubla yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunduğu bildirilmişdir. İmtinanın əsasları kimi iddiaçının təqdim etdiyi əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyi və iddiaçının ümumi sığorta stajının qanunla nəzərdə tutulan dövrdən (25 ildən) az olduğu qeyd edilmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçası, təhsil haqqqında diplomu və hərbi xidmət haqqında arayışının surətlərinə əsasən İddiaçı sığorta stajı (xx.xx.1974- cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu dövr və xx.xx.1976-cı il tarixindən xx.xx.1979-cu il tarixinədək əyani təhsil aldığı dövrdə nəzərə alınmaqla) 17 il 11 ay (mübahisələndirilməyən) təşkil edir. Bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki iddiaçının adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd edilmiş 1976-1979, 1983-1985, 1991-2000, 1980-1982 və 1986-1990-cı illərdə olan əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Beləki, fondun 3 saylı Şəki Zaqatala regional filialının arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş 1976-1979, 1983-1985, 1991-2000-ci illərdə “Şəfəq” kolxozunun və 1980-1982, 1986-1990-cı illərdə Zaqatala Əhəng sexinin maliyyə uçot sənədləri Zaqatala rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin dövrlərin araşdırılması və iddiaçının sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 120 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Zaqatala rayonu Mazıx kəndi keçmiş “Şəfəq” kolxozunun arxiv sənədləri Zaqatala rayon Dövlət arxivinə təhvil verilməmişdir. - SHXÇÜDX-nin Zaqatala rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 141 №-li arayışından görünür ki, iddiaçı 05.19xx-xx.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikası FHN Zaqatala rayon DYMH-nin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, həqiqətən xx.xx.1997-ci il tarixdə Zaqatala rayonu Mazıx kəndində yerləşən “Şəfəq” kolxozunun inzibati binasında yanğın hadisəsi baş vermişdir. - AT 009178 nömrəli diplomdan görünür ki, iddiaçı 1976-cı ildə X2 daxil olmuş və xx.xx.1979-cu ildə həmin texnikumu bitirmişdir. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur. - ИТ-İ ******* nömrəli əmək kitabçasında iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövr aşağıdakı kimi qeyd edilmişdir: xx.xx.1979 - xx.xx.1980, xx.xx.1980 - xx.xx.1991, xx.xx.1992 - xx.xx.1993. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzrlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyət etibarilə əsassızdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ qanunvericilikdə nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 64 il 6 ayda yaşda, yəni xx.xx.2020-ci il tarixdə yaranacaqdır (iddiaçı xx.xx.1955-ci ildə doğulub). İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır. İş materiallarında olan SHXÇÜDX-nin Zaqatala rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 141 №-li arayış, AT 009178 nömrəli diplom və ИТ-İ ******* nömrəli əmək kitabçası ilə iddiaçının ümumi sosial sığorta stajının 18 il 19 gün olması müəyyən edilir. İddiaçı xx.xx.1997-ci il tarixdə Zaqatala rayonu Mazıx kəndində yerləşən “Şəfəq” kolxozunun inzibati binasında yanğın hadisəsi baş verməsini bildirərək, həmin kolxozda işləməsinə dair Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 136 nömrəli arayışında qeyd edilmiş məlumatlara istinad edir. Sözügedən arayışda iddiaçının 1972- 1974, 01.1991-xx.xx.1992, 1994-1995, 1996-2000-ci illərdə Şəfəq” kolxozunda işləməsi barədə qeydlər olsa da, həmin kolxozda kişilər üçün müəyyən edilmiş əmək günü minimumu və iddiaçının yerinə yetirdiyi əmək günlərinin sayı dəqiq müəyyən edilmədiyindən qeyd edilən dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsi yolverilməzdir. Yəni, sözügedən arayış iddiaçının Zaqatala rayonu Mazıx kəndində yerləşən “Şəfəq” kolxozunda əmək fəaliyyətində olmasını göstərsə də, əmək stajının hesablanması üçün zəruri olan (faktiki işlədiyi müddət və minimumum adam günü norması) hər hansı məlumat əks olunmadığından iş üzrə mötəbər sübut qismində qəbul edilmir. Belə olan halda iddiaçının ümumi sosial sığorta stajı 25 ildən az olduğundan cavabdeh orqan, iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh DSMF PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edildiyi vaxtdan hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-505/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-505/2023
16.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver